Səadət
Zülfüqarlı: "Həmin anı nə
danışmaq, nə də yazmaqla təsvir edə bilərəm"
Artıq iki ildir ki,
xalqımızın 30 illik Qarabağ həsrəti sona
çatıb. 30 il vətən həsrətiylə
yaşayan qarabağlılar bu gün dərindən nəfəs
ala bilirlər. Ancaq təəssüf ki, azərbaycanlıların
vətən həsrəti bununla yekunlaşmır. Tarix boyu xalqımız zaman-zaman öz əzəli-əbədi
torpaqlarından qoparılıb, qaçqınlıq həyatı
yaşamağa məcbur buraxılıb.
Bu gün
borçalılılar, Qərbi və Cənubi azərbaycanlılar
var ki, köksləri altında özləri boyda vətən
dərdi gəzdirirlər. Bu
müsahibədə yolumuz tarixi Qars vilayətinin Şörəyel
mahalının Qaraçantakəndinədir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilən
Qaraçanta kəndi dəniz səviyyəsindən 1856 metr
hündürlükdə yerləşir.
Ulularımızın "Qaraçanta nəsli"nin adıyla Qaraçanta
çağırdığı kənd 1939-cu ildə
Əzizbəyov, mənfur qonşularımızın
soydaşlarımızı öz yurd-yuvalarından
qovmasından üç il sonra - 1991-ci ildə Areqnadem
adlandırılıb. Ad qoyublar qoymağına,
amma kəndin yarıdan çoxunu xarabazara çeviriblər.
Qaraçantalıların xatirəsində
isə o kənd həmişə olduğu kimidir; şən,
abad, mehriban sakinlərinin toyda-vayda əl-ələ verib sabaha
inamla addımladıqları qədim Türk yurdu... Xatirələrdəki
Qaraçantaya səyahətimizdə bələdçimiz
hazırda Gəncədə yaşayan esseist Səadət
Zülfüqarlıdır:
- Səadət xanım, bizi xəyalən
kəndinizə qonaq aparsanız, yolunuzu hardan salarsınız?
-
"Arpaçay"ın kənarından... Kəndimizin
cənubundan keçirdi "Arpaçay". Sahilində
dayanıb sellər aparan Saranı xatırlamaq,
Xançobanın eşqinin nakamlığına üzülmək
o qədər gözəl idi ki...
Bu gözəllikdən 34 ildir
ayrıyıq. Bu 34 ildə yüz dəfə
Saranı xatırlamışam, yüz dəfə
Xançobana üzülmüşəm, amma hisslər o hisslər
olmayıb. Məsələn, mən o vaxt
özümü həmişə Qərbi Azərbaycanın
Şörəyel mahalının Qaraçantakəndində
dünyaya gələn Ramazanova Səadət Məhəmməd
qızı kimi təqdim edirdim. Sözlərimdən
fəxr, qürur tökülürdü. İndi
də özümü belə təqdim edirəm, amma sözlərimdəki
qürurun kədərə büründüyünü hiss
etdikcə dizlərimi yerə atıb ağlamaq istəyirəm.
Adı dilimizi yandıran bir kəndə əlimizin
çatmamağı adamı dizə gətirir...
- Yurd yerlərimizin
dəfələrlə adları dəyişilsə də, o
yerin qədim, əzəli sakinlərinin yaddaşında həmişə
ilkin adıyla qalır. Sovet xəritələrində
Əzizbəyov olsa da, hələ sizin Qaraçanta
adını yaşatdığınız kimi...
- İnsan ilkinliyin əbədiliyində yaşayır. Dəyişən
nə olur-olsun, o ilkinlik həmişə haqlıdır.
Haqqın səsi kəsilməz! Rayonlaşdırma
siyasəti başlayanda yaşadığımız əraziləri
Amasiya rayonu elədilər. Amma elin
yaddaşındakı bölgü bu deyildi. El arasında
həmin rayonun ərazisi iki yerə bölünürdü:
Ağbaba və Şörəyel. Bizim kəndimiz
Şörəyel bölgəsində sayılırdı.
Əzizbəyov yazılırdı rəsmi sənədlərdə
kəndimizin adı, amma hamı özünü
Qaraçantalı deyə adlandırırdı.
- Kəndinizin hansı adətləri
üçün darıxırsınız?
-
Hamısı üçün... Xıdır Elləz
keçirirdik, qovurğa qovurur, kirkirədə
üyüdür, qovut hazırlayırdıq. İndi gəl,
müasir gənclərin birindən ya kirkirəni soruş, ya
qovutu, bilərlərmi?! Hədik bişirirdik
qışın oğlan çağında, indi yalnız
uşağın dişi çıxanda bişirirlər.
Hələ toylarımız... Qaraçantada
toylar hamımız üçün idi, indiki kimi "hər
evdən bir nəfər" üçün yox. Zurnanın səsi eşidildimi,
böyüklü-kiçikli hamı təzə
paltarını geyinər, zurna səsinə tərəf gedərdi.
Kəndin başı üstündə zurna səsi
pərvazlandıqca hamı bir nəfər kimi sevinir, qol qaldırıb
oynardı. Hələ o toyun
hazırlığında hamının qolunu
çırmalayıb bir işin altına çiynini verməsi.
İndi bu şeylər yoxdu. Bir tərəfdən də insanları
qınamıram, həyat özü sürətlənib.
Bir də... Axı zurna səsində bir
doğmalığa, istiliyə çağırış
vardı. İndi min səs
çıxır toylardan, zurna səsi eşidilməz olur
(köks ötürür).
- Nə yaman köks
ötürdünüz belə?
- Dədəmi
xatırladım... Rəhmətlik dədəm qəşəng
zurna çalan olub. Toyların
yaraşığıydı dədəm. Elin
şənlik səsiydi dədəmin zurnasının səsi.
İndi dədəmin məzarına da həsrət
qalmışıq...Məzarlıq kəndimizdən
çıxandan sonra sol tərəfdəydi. Bizdə başdaşıların, ya da sinə
daşlarının üzərinə şeir
yazırdılar. Yaxşı xatırlayıram o
şeirləri, kim qoşurdu bilmirəm,
amma dərin mənaları olardı. O məzarlıqda
başdaşında qoşa zurna həkk olunan məzar dədəmindi.
Gör neçə ildir, o məzar daşı gündüzlər
xəyalımda, gecələr yuxumdadır...
- Allah rəhmət etsin!
- Ölənlərinizə
rəhmət! Gəncliyinə
qaçqınlıq, müharibələr nəsib olan
Qaraçanta sakinlərindən biri kimi
uşaqlığımın beşiyi evimizə,
atalarımın uyuduğu kəndimizə neçə ildi
yalnız xəyallarda, yuxularda gedirəm. "Daşdərə"nin sağ və solunda olmaqla düz Kazım dərəsinə
qədər uzanırdı kəndimiz. Evimiz
"Yastı dağ"ın ətəyində olduğu
üçün bizdən yuxarı dağlar varıydı.
Həmən dağlarda keçib
uşaqlığımız. Hər daşından, hər
cığırından bir xatirə qalan dağlar... Hansını danışım?! Danışmaqla bitərmi ki?! Məktəbimiz
kəndin girəcəyində yerləşirdi. Əlini gözünün üstünə qoyub
baxdıqca, dağlar, dərələr uzanırdı. "Kazım dərə"sindən sonra
"Quru" və "Ömər dərəsi" gəlirdi.
Yemlikdən saqqız tutmaq üçün bu dərələrin
əhatəsində yerləşən zəmilərə gedərdik.
"Qırxoyuqlar" deyilən yerdə yemlik
bol olardı niyəsə, dadı da fərqliydi
"Qırxoyuqlar"ın yemliklərinin. Dağların qoynundakı kəndimizdə
yaz-payız yağarlı, yay çox gözəl, qış
sərt keçərdi. Damların
başına qədər yağan qardanmı deyim? Bizi eşiyə çıxmağa qoymayan çovğundanmı
deyim? Hələ eşikdə qar-boran olanda içəridə
odun sobasının üstündə kartof dilimləməyimiz...
Hansı xatirədən danışım ki?!
Hansı yurd həsrətinin ürəyimizdə
qaladığı ocağa su səpər ki?! Bir də daha çox "Ördəkli
yaylağı"nı xatırlayıram.
Bizdə adət idi, el yaylağa
çıxardı yayın ilk günlərində. Adını burda ördəklərin çox
olmasından götürən "Ördəkli
yaylağı"nda mən də olmuşam. O yaylaq
günlərini yaşadığım üçün
özümü xoşbəxt hiss edirəm.
- Kəndinizdən nə vaxt
çıxdınız?
- 1988-ci
ilin ən son günləri idi. Qarlı-boranlı
bir gündə çıxdıq evimizdən. Evimiz hündürdə
yerləşirdi. Dərəni keçib arxaya döndüm...
Evimizi tərk edirdim... Bu evdə doğulub
böyüsəm də, mən məcburən, zorla burdan
qoparılırdım. İllər
keçib, amma həmən anım hər "kəndimiz"
deyəndə göz önümdən film kimi keçir.
Onda dərk eləmirdim bəlkə də, amma indi qocaman bir təəssüf
sıxır ürəyimi... Mən bir daha
dönməmək üzrə evimizi arxamda buraxdım. Hərdən internetdə kəndimizi axtarıram.
Bir dəfə indiki halı çıxdı
qarşıma. Şəkli
böyüdüb hər guşəsinə baxdım. Bir
daha anladım ki, kəndimizi o vaxt olduğu kimi, daim eyni rəngdə
xatirəmdə saxlamalıyam... Çünki dərənin
qənşərində qoyub gəldiyim evimizi uçurublar, məhləmizdəki
bütün evlər sökülüb, futbol
meydançasının yerində yeni evlər tikiblər.
Yəqin, bulağımız da quruyub...Bu an
gözümün önündə evimizin maketini
canlandırıram. Dərəni keçməmiş
evimiz tam görsənir, evin önündə
bağımızda ağaclar bir-birinin budaqlarını
tumarlayır. Solda otağın
qabağında arı yeşiklərimiz düzülərdi.
Dərəni keçib üzü yuxarı sola
dönürəm, söyüd ağaclarının
xışıltısı və bulağımızdan axan
suyun səsinin müşayiəti ilə evə doğru
addımlayıram. Yarısı betonlu həyətimiz
elə də böyük deyil. Və sola
burulub nərdivanın yanında dayanıram. Evimizə
daxil ola bilmirəm. Çünki
sökülüb, yoxdu evimiz... Amma xatirələrimdə o ev də, o kənddə də, o bulaq da
olduğu kimi qalmalıdır! Mənim ayaq izimin
itdiyi cığırla qalxa bilməyəcəyim kəndimizi
başqa necə xatırlaya bilərəm axı?!
- İndi o kəndə
qayıtsanız, ilk işiniz nə olar?
- Ən birinci dədəmin məzarını ziyarət
edib, təmizləyib, düzəltdirmək. Adətən,
ziyarətçisi olmayan məzarlara "qərib məzar"
deyirlər. Amma düşünürəm
ki, dədəmin məzarı ziyarətçisiz qalsa da, qərib
deyil, doğma yurd yerindədir. Qaraçantanın
qəribi bu gün ora ayağı dəyməyən,
ünü yetməyən qaraçantalılardır.
Ordan da birbaşa "Arpaçay"a yollanmaq. Çayı keçib o
taydakı "Qazançı bulağı"nın
gur suyundan ovuclayıb başıma çəkmək...
"Göybulağ"a, qazlı su çıxan "Cermux
bulağı"nı görmək...
Evimizə getmək istəmirəm... İnternetdə
şəkillərdən görmək ayrı, gedib evimizin
sökülmüş halını canlı görsəm,
dözəmmərəm. Yaşadığım
qaçqınlıq dərdi sökülmüş evlə
üz-üzə dayanmağın yanında yalan olar. Mənim qaçqınlığım dərəni
keçəndən sonra dönüb evimizə
baxdığım o baxışla başlayıb. Bütün Qərbi azərbaycanlılar kimi bizə
də asan olmadı...Bu günə qədər də çətindir.
Evimizdən, doğma kəndimizdən ayrı
düşməyin həsrəti həmişə qaynar
bulaqdır gözlərimizdə. Ən
çətini bilirsinizmi nədir? Biz oraya
bir də qayıda bilmədik, məhrum edildik yurdumuzdan. Kənddən çıxdığım
günü heç vaxt unutmayacağam. Bu anı nə
danışmaqla, nə də yazmaqla olduğu kimi təsvir edə
bilərəm... Ömrə bədəl həsrətləri
necə olduğu kimi tanımaq olar ki?! Düzdür,
çətinliklərlə, zorluqlarla iç-içə də
olsa, bizə qucaq açan Azərbaycanımız vardı.
Amma insan öz doğulduğu yurdundan ayrı
düşürsə, ölənə qədər yenə də öz
obasını istər. Hər il mayın
9-da "Sınıx" yaylağından keçib lilpar
yığmağa gedirdik. Əslində, lilpar
sevmirdim, amma sırf o dağları, o yaylaları görmək,
oralarda gəzmək xatirinə gedirdim. İndi də
dağlar çəkir məni, hər fürsətdə
dağa qaçıram, uca bir yerdə durub dərələrə
baxıram, "Daşdərə"ni, "Ömər dərəsi"ni,
"Kazım dərəsi"ni,
uşaqlığımın, gəncliyimin keçdiyi
"Topqaya"nı xatırlayıram. Gözlərimi
aldadıram sanki... Amma daxilən dərk edirəm
ki, insan oğlu var olduqca nə istəyi bitən deyil, nə də
hərisliyi. Erməni cəlladlarının
qurbanı olan insanlarımız üçün, əsir olan
yurdlarımızın azad olması üçün, kaş,
nəsə edə biləydim. Evimiz olmasa
da, kəndimizin varlığını yaşatmaq borcumuzdur.
Gələcək nəsillərə
keçmişimiz barədə bütün məlumatların
çatdırılması üçün əlimizdən gələni
etməliyik. Mən yurdundan qaçqın
düşən bir xanım olaraq istərdim ki, bütün
torpaqlarımız əsl sahibinə qaytarılsın, bizim
yaşadıqlarımız bir daha təkrar olmasın. Bir də istərdim kimsə qaçqın
düşməsin. Çox ağrılıdır... Elə
ağrılıdır ki, ömürdə
buraxdığı izləri qara torpaq belə silə bilmir...
Şahanə
MÜŞFİQ
525-ci qəzet .-2022.- 15 iyul.- S.16.