"Cənnətə bilet"  tamaşası nümayiş olunub

 

Bakı Uşaq Gənclər Teatrı mövsümün bağlanış tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində nümayiş etdirib. Teatrdan verilən məlumata görə, "Cənnətə bilet"  tamaşasının müəllif rejissoru İlhamə Əhmədovadır.

Tamaşa torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunub.

Ailəsinin qürurla döyüşə  yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün  pul yığırlar.

Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc,  müharibədəki şəhid olan oğullarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.

Rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Huseynli, rollarda baba - Mehman Piriyev, nənə - Flora Hüseynova, şəhid - Qurban Əhmədov (ll Qarabağ müharibəsi iştirakçısı), gəlin - Gülnar Əlizadə, uşaqlar - Toğrul İsabəyli Əli Babayevdir.

Tamaşada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi  İbrahim Əliyev iştirak edib. Sonda şəhid anaları, qazilər tamaşanın yaradıcı heyətinə öz  təşəkkürlərini bildiriblər.

 

525-ci qəzet .- 2022.- 15 iyul.- S.10.