AMEA-da Ömər Faiq Nemanzadənin yubileyi keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ictimai xadim, publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, sessiyada Ömər Faiq Nemanzadənin ailə üzvləri, müxtəlif muzey və mətbuat orqanlarının üzvləri iştirak ediblər.

Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.

O bildirib ki, “Ömər Faiq Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biri olub. O, Azərbaycanda milli mətbuatın və ictimai fikrin inkişafında böyük xidmətləri olan mütəfəkkirdir: Onun publisistikası “Molla Nəsrəddin”də olduğu kimi satirik olmasa da, XX əsrin əvvəlləri Azərbaycan publisistikasının qiymətli səhifələrindən biridir. Ömər Faiq Nemanzadənin publisistikasında dövrün ən mühüm məsələləri həm publisist baxımdan bir vətəndaş kimi, həm də elmi baxımdan bir ziyalı kimi qoyulub, həll olunub”.

Sessiyada tarix elmləri doktoru, professor Solmaz Tohidi “Ömər Faiq Nemanzadə: Millətin gələcəyini işıqlı görmək inamı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova “Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq Nemanzadə publisistikasında şərhi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva “Molla Nəsrəddin” ədəbi məktəbi” adlı məruzələrlə çıxış ediblər.

Qonaqlardan professorlar Asif Hacılı, Sevda Süleymanova və tədqiqatçı Dilqəm Əhmədov da sessiyanın mövzusuna uyğun çıxış ediblər.

Sessiyada Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov çıxış edərək, böyük şəxsiyyətə verilən elmi dəyər üçün minnətdarlığını bildirib.

 

525-ci qəzet .- 2022.- 15 iyul.- S.9.