Dul qadının tənhalığı

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Ruhiyyə Həsəni bir qəribə məxluq kimi tanısa da, ürəyində yenə ona kiçik də olsa bir yer saxlayırdı, bütün qüsurlarına baxmayaraq, həm də özündən asılı olmayaraq bu oğlandan xoşu gəlirdi. Onun ən böyük qüsuru isə özündən razı olması, şəxsiyyətini şişirtməsi idi. Görünür, ailədə də belə tərbiyə görmüşdür, ya lovğa atasını, ya xudpəsənd anasını daim təqlid etməyə çalışırmış və bu uşaqlıq xəstəliyi sağalmadan yeniyetməliyinə, gəncliyinə keçmişdi. İş yeri də onu özünə tənqidi yanaşmağı öyrətmək əvəzinə, xahişə gələnlərin çoxluğu, bəzi adamların maddi problemlərdən çıxmaqda onlara kömək etməsi üçün malik olduğu imkanlar, onun bu qaydada formalaşmasında az rol oynamamışdır. Axı bəzən heç nəyə məhəl qoymadan iri məbləğdə kredit vermək barədə onun ardıcıl təkrar olunan təklifləri rəhbərliyi də narazı salırdı, aşkar olurdu ki, o, bu məsələdə ona ehtiyatlılıq xəbərdarlığı edən öz işçilərinin təkliflərinə də məhəl qoymur. O güman edirdi ki, başçılıq etdiyi xırda kollektiv olsa da, burada satqınlar da vardır. O şübhələnirdi ki, bu cavan işçilərdən onun yerinə göz dikənlər də yox deyildir və bunun həllini sürətləndirmək üçün onun barəsində rəhbərliyə neqativ materiallar ötürür, ayağının altını qazmağa çalışırlar. Ruhiyyə həm də onun yelbeyinliyini də hiss etmişdi, bir qərar vermək lazım gələndə özünə əziyyət vermək istəmirdi, ağlına çox güvəndiyindən əlüstü nəyisə etməyə tələsirdi, yeni problemin yaranacağı imkanını da nəzərə almaq istəmirdi.

Əgər bank şurasının prezidenti olmasaydı, yəqin ki, onu çoxdan tutduğu vəzifədən uzaqlaşdırardılar, yerinə perspektivli, lap elə türk bankından gələn o cavan oğlanı qoyardılar. Çünki o, həm biliyi, analitik düşüncə tərzinə yiyələnməsi, həm də müqayisə olunmayan zəhmətsevərliyi ilə bütün kollektiv arasında ad çıxarmışdı və hamı ona gələcəyin böyük bank lideri kimi baxırdı. Bu cavan oğlana isə belə hisslər yad idi, o, yalnız bilik imkanlarına uyğun gələn vəzifəni tutmaq və bunun hesabına yuxarı maaş almaq kimi olduqca sadə bir niyyətə malik idi. Həsən onun işgüzarlığına və analitik ağlına əvvəllər hörmətlə yanaşırdı, çünki şöbənin işinin xeyli hissəsini o, təkbaşına görürdü, lakin sonralar ondan şübhələnməyə başlamışdı ki, cavanlığına baxmayaraq, hiyləgərdir, öz ambisiyalarını gizlətməyi də bacarır. Bankdakı vəzifəlilər barədə onun tənqidi münasibətini öyrənmək üçün suallar verdikdə, bu az danışan, fikrini-zikrini işə verən, özünü bütünlüklə bankın uğurlu fəaliyyətinə nail olmağa aid olmayan söhbətlərdən yayınan qaydada cavab verirdi ki, o, diqqətini yalnız işə verir, işə aid olmayan məsələlərə baş qoşmur, özündən yuxarıdakılara da, öz iş yoldaşlarına da hörmətlə yanaşır. Həsən bilirdi və görürdü ki, bu halal oğlan riyakarlıq etmir, təbiətindəki ləyaqətləri lazımınca qiymətləndirə bilmədiyinə görə özünün karyera yüksəlişi barədə fikirləşmir, güman edir ki, əgər yaxşı məhsuldar işləyirsə, bankın göstəricilərinin yaxşılaşmasında onun azacıq əməyi, rolu varsa, bu, heç də qürrələnməyə əsas verməməlidir. Bank rəhbərliyindən kimsə necə də olsa, bunu mütləq sezəcəkdir və onu daha məsul vəzifəyə, ən başlıcası yüksək maaşlı vəzifəyə irəli çəkəcəkdir. Onu dişi şirə bənzətmək olardı, ovladığı antilopanı praydın başçısı erkək şir başda olmaqla hamı yeyirdi, zəhmətinin müqabilində o, yalnız başqaları kimi bircə dəfə qarnını doyuzdururdu. Əgər ovu yalnız özünə qalsaydı, o, bu leşlə azı bir həftə qidalanardı. Ancaq onun ovuna hətta kaftarlar, kaftar itləri də şərik çıxırdı. Onun qızmar istidə ov dalınca qaçıb, özünü taqətdən salması adi bir qiymətini də almırdı, elə təsəvvür yaranırdı ki, o, praydın qida tədarükçüsüdür.

Ruhiyyə Həsənin söhbətlərindən də bu cavan oğlan barədə müəyyən rəyə malik idi, ölkənin var-dövlət piramidası belə adamların zəhmətinin təşkil etdiyi bünövrə üzərində ucalır, ən azı kollektivin yaxşı yaşaması üçün o, özünün gərgin zehni əməyini sərf etsə də, onun zəhməti hesabına qazanılan böyük piroqun yalnız cüzi bir hissəsi ona çatırdı. Bu mənfəətin əldə edilməsində heç bir zəhməti, payı olmayanlar isə onun daha böyük hissəsini iştahla, ata malı kimi yeyib, rahatlıq tapırdılar.

Ruhiyyə, Həsəninin, onun paxıllığını çəkdiyi, yüksək iş keyfiyyətinə görə qısqanclıq etdiyi həmin oğlanla da tam kontrast təşkil etdiyini görürdü. Onlar elə bil ki, başqa-başqa planetlərdən gəlmişdilər, biri zəhmət, ağıl dünyasını təmsil edirdi, digəri isə zəhmətə qatlaşmadan öz mədəsinin doldurmağın qayğısını çəkirdi, Ruhiyyənin yadına bu iki adamı düzgün qiymətləndirmək üçün Lev Tolstoyun sözləri düşdü. O deyirdi ki, insan kəsirə bənzəyir, kəsirin surəti onun ləyaqətlərini, daxili aləmini göstərirsə, kəsirin məxrəci onun özünə necə qiymət verməsini, özü haqqındakı düşüncələrini əks etdirir. Kəsirin məxrəci böyüdükcə, kəsirin qiyməti sıfıra yaxınlaşır. Həsəndə kəsirin məxrəci olduqca böyük idi, sürət isə elə böyük rəqəm təşkil etmədiyi kimi, həm də konstant olaraq qalırdı.

Ruhiyyə belə düşüncələrə daldıqdan sonra özünün də qeyri-müəyyənliyini, saat kəfgiri kimi o tərəf-bu tərəfə gedişini və dərinə getdikcə bu hərəkətin amplitudasının belə böyüməsini də anlaya bilmirdi. O, özünü fiqurları qurban verib, yaxşı mövqe qazanmağa çalısan şahmatçıya bənzədirdi. Şahmatda, əlbəttə, kəmiyyəti keyfiyyətə qurban vermək əksər hallarda fayda verir, oyunu uduşa aparır. Həyatda bəs necədir, axı həyat şahmat oyunundan da mürəkkəbdir. Əgər şahmatda bir tərəflə mübarizə aparırsansa, rəqibi taxtanın əks tərəfində görürsənsə, həyatda belə rəqiblər çoxdur, onlar heç də sənin qarşında dayanmırlar, səni üzük qaşı kimi əhatə edirlər. Həyat iki düşmənin qabaq-qabağa vuruşduğu döyüş səhnəsindən tam fərqlidir, partizan döyüşü kimidir, zərbənin haradan gələcəyini bilmirsən. Həsən şahmat oynamağı bacarmasa da, həyatın gedişlərindən baş çıxarmağı, hər dəfə uduşa can atması alınmasa da, nəsə etməklə, öz mövqeyini qoruyub saxlamağı bacarırdı.

Bir sözlə, Həsən mürəkkəb adamdır, ona arxalanmaq da müəyyən riskə getmək xarakteri daşıyır. Digər tərəfdən, adamın xoşuna gəlməyi bacarır, çox asanlıqla özünə müəyyən ölçülərdə maraq və bəlkə də, vurğunluq yaradır.

Ruhiyyə özünü danlamağa başlayırdı ki, görünür, mən onun nöqsanlarına, hərtərəfli də olmasa, bələd olduğum halda ona vurulmuşam. Bu hisslər məni aldatmayacaqdır ki? Onunla ailə qurmaq nə qədər məqsədə uyğundur, axı ər-arvad münasibətləri heç də aşıqların deyişməsi, bir-biriylə söhbətdə özünü saxta filosof kimi qələmə verməsi deyildir. Mən onda, o isə məndə axtardığını, arzu etdiyini tapacaqdırmı? Bu bərabərlikdəki hədlər onun mahiyyətinə şübhə yaratmayacaqdır ki? Həsən bəlağətli danışmağı sevir, həyat isə dilin deyil, ağılın güclü olmasını tələb edir. İnsanlar da dövlətlər kimidir, həyatın bütün sahələrində böyük nailiyyətlərə sahib olmağın əksinə, reklama güc vermək, daim özünün o qədər də böyük olmayan iqtisadi və hərbi qüdrəti haqqında dəm vurmaq qarşılıqlı yarışda hökmən məğlubiyyətə aparır. Çin iqtisadi-sosial yüksəlişi ilə yanaşı, kosmosun tədqiqində də fəal iştirak etməsi ilə fərqlənir. Hindistan da inkişaf etsə də, Çinlə müqayisə edilə bilməz. Bəzən isə bu iki nəhəng, bir-biriylə tam yaxşı münasibətdə olmayan dövlət arasında istehzalı müqayisə də baş verir və deyirlər ki, hər iki ölkədəki odlara fikir verin. Çində od raket daşıyıcının arxasından çıxır, Hindistanda isə meyitlərin küçələrdə yandırıldığı saysız-hesabsız tonqallardan. İki ölkədəki odun görünüşündəki fərq adi baxış nəticəsi olsa da, həm də onların inkişafları arasındakı nəhəng uçurumdan xəbər verir.

İnsanın da həyat eşqi adlanan odu onun ehtirasında özünü büruzə verir. Çaxmaq daşının bir-birinə toxunmasından od əmələ gələn kimi, iki cinsin intim yaxınlığından bu odun sönməzliyinin əlaməti olan övlad əmələ gəlir və onun üzərinə nəsli davam etdirmək vəzifəsi düşür. O, irsi özündən sonrakı nəsillərə ötürəcək çox pilləli raketə bənzəyir. Mexaniki raket həyat yaratmasa da, canlı raket timsalındakı gənc adam valideynlərindən irs kimi götürdüyünü eyni qaydada dünyaya yeni uşaqlar gətirməklə bu zənciri davam etdirir, həm də bəşər nəslinin davamında özünəməxsus rol oynayır.

Ruhiyyə ərə getsə də, artıq doğmaq istəmirdi, Hamnetə ögey qardaş və bacı bəxş etmək, bəlkə də, oğlu üçün virus rolunu oynayacaqdı, hər vəchlə onu qəbul etməkdən yayınacaqdı. İkinci Hamnetin meydana gəlməsinə də ümidi yox idi, çünki o, qaynar sevginin bəhrəsi idi, Hüseynlə onun məhəbbəti nüvə-istilik reaksiyası təsiri bağışladığından, bu hərarətdən ən qiymətli metal saydığı oğlu yaranmışdı. Ona bənzəyəni yalnız klonlaşma yolu ilə əldə etmək olardı, buna həm icazə verilmir, həm də real Hamnetə rəqib olan birinin dünyaya gəlməsinə o, qətiyyən razı olmazdı. Oğlu böyüyüb evlənəndə, arvadını öz atası kimi vurğunluq qaydasında sevməlidir ki, onun da dünyaya gələcək oğlu peyvənd ağacın və münbit torpağın meyvəsi kimi iri və gözəl olsun, bütün nəslin sevincinə səbəb olsun.

Ərə getsə, yeni əri ondan uşaq doğmağı tələb edəcəkdir. Onun qanuni ər kimi bu təbii istəyinin ifadəsinə o, nə cavab verəcəkdir? Ərinin israrına baxmayaraq, bu məsələdə ona güzəştə getməyəcəkdir. Bəhanəsi də o olacaqdır ki, qoy biz cavanlığımızdan bir müddət həzz alaq, hamiləlik və uşağın doğulması qarşılıqlı cəhdlə yandırılan odu, tonqalı söndürməyə müyəssər olur, əvvəlki gur yanan ocaqdan yalnız onu yada salan kül qalır. Uşaq bir-birinə vurulmuş gənc ər-arvad üçün heç də mükafat, ya hədiyyə deyildir, bəlkə də, ehtirasın sönüb, əziyyətlə özünə yeni yol açmağa çalışan bir növbəti cəhdini andıracaqdır. Tonqal sönəndən sonra yenidən onu alovlandırmaq çətin məsələdir, hətta alovun dilləri yuxarı qalxsa da, əvvəlki effekti verməyəcəkdir.

Ruhiyyə bu düşüncələrinə gülürdü, hələ ərə getməmiş, ərinin irəli sürdüyü və ona ağır gələn əziyyətlərə qatlaşmağın dərdini çəkir. Həm də yadına saldı ki, artıq Həsənin şəxsində real iddiaçı meydana gəlmişdir. Özünü məzəmmət edirdi ki, gərək onu yaxına buraxmayaydı, dəvətini rədd edəydi.

Elə bu vaxt mobil telefonu zəng çaldı, o, cavab verəndə Həsənin səsini eşitdi, sevincək qaydada xəbər verdi ki, yunan musiqiçiləri Bakıya gəlibdir və "Crystal hall"da konsert verəcəkdir. Mən bugünə bilet götürmüşəm, çox istəyirəm ki, yunanların qəmli vokalından və buzukinin melodiyalarından birgə həzz alaq. Axşam saat 6-da sizi götürəcəm, bulvarda kofe içərik, açıq havada oturarıq və sonra konsertə gedərik. Onu da əlavə etdi ki, hər şeyi birnəfəsə ona görə deyirəm ki, siz mənə "yox" cavabı verməyəsiniz.

Ruhiyyə Həsənin hücumçu xarakterinə, əslində, aqressivliyinə məəttəl qalmışdı, ancaq ona etiraz edə bilmirdi, o, öz fikrini qısa müddətdə tanıtdığı qıza təlqin etməyi bacarırdı. Başqaları ona yaxınlaşmaq üçün götür-qoy edəndə, tərəddüdə boyun əyəndə, bu adam hücumla irəliləyir, heç nəyə məhəl qoymur, anlayır ki, qadına yalnız təzyiq göstərəndə bir şeyə nail ola bilirsən. Xahiş etdikdə, yalvaranda ancaq sərt imtina cavabı alırsan. Həsənə "yox" demək istəsə də, bəhanələr uydurmağa can atsa da, heç nə alınmadı. Özünü rəqsə dəvət edilən qız kimi aparmağı da bacarmadı, çünki telefon danışığında naz eləmək də alınmır. Ona görə də Həsənin bütün dediklərini qəbul etdi.

 

(Ardı var)

Telman ORUCOV

525-ci qəzet .- 2022.- 16 iyul.- S.22.