Bayat döyüşləri

 

Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlığının qurucusunun həyatından bəhs edən "Pənahəli xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romanın "Bayat döyüşləri" fəslini oxuculara təqdim edirik.

 

(Əvvəli ötən saylarımızda)

Pənahəli xanın döyüşə atılması

 

Pənahəli xan bu döyüşdə yalnız böyük və dərrakəli sərkərdələrin ağlına gələ bilən və həmişə də özünü doğruldan hərbi fəndlərdən birinə əl atdı. O, düşmənin on-on beş sıravi əsgərini öldürməkdənsə, bir qoşun başçısını aradan götürmək taktikasının daha əhəmiyyətli olduğunu yaxşı bilirdi. Adətən, savaş meydanında sərkərdənin həlak olması döyüşçülər arasında çaxnaşma salır və sonra da məğlubiyyətə gətirib-çıxarırdı. Ona görə də Pənahəli xan dərindən düşünülmüş bu taktiki gedişi seçdi və özünün də döyüşə atılmasını qərarlaşdırdı.

"Cürətli adamın işi uğurlu olar", - deyiblər. Pənahəli xanın cəsarəti, vaxtlı-vaxtında düzgün qərar verərək qətiyyətlə irəli atılması bu son döyüşün, ümumiyyətlə, müharibənin taleyini həll elədi. Çünki bu təcrübəli sərkərdə çox gözəl anlayırdı ki, döyüşdə fövtə verilən hər gün, hər saat, hər dəqiqə itirilmiş qələbəyə bərabərdir.

Döyüşə hazırlaşarkən Pənahəli xanı bu qorxulu hərəkətdən çəkindirmək üçün ona söz deməyə cürət eləyə bilən yaxın silahdaşlarından biri:

- Məgər ön xətdə vuruşmaq sərkərdənin işidir?! Sən axı adi bir əsgər deyilsən! Bu, sənin üçün təhlükəli deyilmi, həşəmətli xan?! - deyə canıyananlıqla onu yolundan döndərmək istədi.

Pənahəli xan isə onun suallarını belə cavablandırdı:

- Döyüş zamanı mən özümü həm də adi, sıravi əsgər hesab edirəm. Bir də ki vaxtı çatmış belə bir əhəmiyyətli anı boş yerə sərf etmək ağılsızlıqdır. Təhlükədən qorxan isə qələbə qazanmaz! - deyib, yubanmadan atına süvar oldu və onu müşayiət eləyən zirehli sinəbəndli, iti qılınc və uzun nizələrlə silahlanmış yüz nəfərlik dəstəsinin müşayiəti ilə çaparaq döyüş meydanına tələsdi.

Pənahəli xanda belə bir qayda vardı: döyüşə girməzdən qabaq üzünü göylərə tutub, Yaradandan kömək diləyir, ən çətin anlarda ümidini Allahın ona bəxş elədiyi lütfkarlığa bağlayırdı. Eyni zamanda vuran qolunun qüvvəsinə də güvənirdi. O, bu dəfə də göydəkinə dua elədi. Qızıl naxışlı döyüş təbərzinini qartal pəncəsi kimi möhkəm əlinə götürüb, qulaqbatırıcı bir nərə ilə "ya Əli!" - deyərək böyük sürətlə özünü düşmən ləşkərinə vurdu. Başçılarının ildırım gurultusu kimi səsi, coşqun çağırışla savaş meydanına atılması, öz sıravi döyüşçüləri ilə çiyin-çiyinə vuruşması, bir sözlə, şəxsi nümunəsi əsgərlərinin döyüş ruhunu, döyüş əzmini daha da artırdı, onları bir daha qələbəyə səslədi. Qarabağlılar həm strateji, həm də taktiki döyüşə girərək bayraqlarını qaldırıb, sərkərdələrinin ardınca yeni qüvvə ilə, böyük cəsarət və inamla savaşın ən qaynar nöqtələrinə atıldılar.

Döyüşlər yenidən qızışdı. Bir-birlərinin qanına susayan tərəflər arasında qızğın savaş gedirdi. Hər iki tərəf eyni iradə və şücaətlə vuruşurdu. Şəkililər inadla və çılğınlıqla müdafiə olunurdular. Bəzən də sürətlə irəliləyir, üstünlüyü ələ almağa çalışırdılar. Döyüş meydanında eşidilən dəmir cingiltiləri, at kişnərtisi, yaralıların qışqırtısı və sair dəhşətli vuruşma səsləri hər yanı başına götürmüşdü. Düşmən ara vermədən gah hücum edir, gah da müdafiəyə çəkilərək möhkəm bir divar kimi dayanıb, rəqiblərinin inadkar və güclü hücumlarının qabağını almağa çalışırdı.

Pənahəli xanın qarşısına çıxan düşmən əsgərləri onun havada cövlan eləyən ölümsaçan təbərzinindən aman tapa bilmirdilər. Onlar qalxanlarıyla özlərini qoruyur və eyni zamanda Pənahəli xana zərbələr vurmağa çalışırdılar. Lakin halqalı tor köynək - "Gülləbatmaz" öz sahibini düşmən zərbələrindən layiqincə qoruya bilirdi.

Qəflətən döyüş meydanında peyda olan bir düşmən əsgəri atını yel kimi səyirdərək Pənahəli xana yaxınlaşdı. Əlindəki iti uclu uzun nizəsini onun zirehli geyiminə keçirib, atdan yerə salmaq istədi. Lakin öz sərkərdələrini qorumaq üçün onu əhatəyə alan və bir an da olsun, gözdən qoymayan xanın mühafizəçilərindən biri düşmənin bu cəhdinin qarşısını ala bildi və cəld tərpənərək həmin döyüşçünü qabaqladı. Nizəsinin ucunu onun bədəninə sancaraq yəhərin üstündən aşırıb, yerə atdı... Elə bunun ardınca daha da yaxına gəlib-çıxan başqa bir düşmən döyüşçüsü nizə ilə Pənahəli xanı vurmaq istərkən o, zirək tərpənib, atının başını cəld yana döndərərək zərbədən yayına bildi. Nizə bir qədər aralıda yerə sancıldı. İstəyinə çata bilməyən qəzəbli döyüşçü indi də əyri qılıncını siyirib, yenidən Pənahəli xanın üstünə şığıdı. Təcrübəli sərkərdə bu yekəpər süvarinin endirdiyi zərbələri məharətlə dəf edərək müdafiəyə keçdi və qəfil manevrlə rəqibi ilə bərabərləşib, yanaşı çapmağa və ona ildırım sürətilə ölümcül zərbələr vurmağa başladı. Düşmən əsgəri qılıncını bir də hərləyəndə Pənahəli xan təbərzinlə elə bir qüvvə ilə vurdu ki, onun qılıncı ortadan iki yerə bölündü. Ardınca vurulan zərbə düşmənin dəbilqəsini parçaladı. Üçüncü zərbə isə onu al-qana qərq elədi və atını da yaraladı. Yaralı at ağrıdan şahə qalxıb, döyüşçünü yəhərdən ataraq naməlum səmtə götürüldü.

Elə bu zaman Pənahəli xan atını sürətlə birbaşa bayaqdan qaraladığı düşmən qoşun başçısının üstünə yönəltdi, ona qol-qanad açmağa imkan verməyib, yaxınlaşan kimi təbərzinini rəqibinin təpəsinə endirdi və sərkərdənin başı bu zərbədən yayına bilmədi, üzü aşağı yumalanmağa başladı. Öz başçılarının kəlləsinin yerdə dığırlandığını və başları üzərində dalğalanan bayraqlarının Qarabağ süvarilərinin atlarının ayaqları altında tapdandığını görəndə onlar dabanlarına tüpürüb, döyüş meydanından qaçmağa başladılar.

Pənahəli xan bu döyüşü də uğurla başa vurub, sağ-salamat əvvəlki mövqeyinə qayıtdı. Düzdür, itkiləri çox olsa da, düşmənin gözünü birdəfəlik qırdı. Onun bu şücaəti döyüş meydanında cərəyan eləyən hadisələrə böyük dəyişiklik gətirdi. Bu böyük sərkərdənin hərbi zəkası növbəti dəfə ortaya çıxdı. Bir daha aydın oldu ki, Pənahəli xan qərarı havayı çıxarmır, heç bir əmri boş yerə vermir, nəyi, nə vaxt, harda və necə edəcəyini çox gözəl bilir.

...Qərargahında oturub, cəbhə ilə əlaqəsini bir an da olsun, kəsməyən Pənahəli xan döyüşləri davam etdirmək üçün qoşun dəstələrinə xüsusi qasidlər göndərir və onlar da vaxtlı-vaxtında lazımi xəbərlər gətirir, xandan əmrlər, göstərişlər alırdılar. Növbəti dəfə Pənahəli xana məlumat verildi ki, sonuncu döyüşdə cəhənnəmə vasil elədiyi düşmən qoşun başçısı vaxtilə xəyanətkarlıqla onu tutub Nadir şaha vermək istəyən erməni Məlik Avak imiş.

... Döyüş meydanında dəhşətli və ətürpədici bir mənzərə hökm sürürdü. Yüzlərlə meyid və yaralı vardı. Dərələr, düzlər, meşələr qana bələnmiş qıpqırmızı cəsədlərlə örtülmüşdü. Tüfəng gülləsindən, top mərmisindən ölən kim, ucu biz nizələrdən, iti qılınc zərbələrindən, sərrast atılan zəhərli ox atəşlərindən canını can Yaradana tapşıran kim, yaralanıb, döyüş meydanından çıxa bilməyən kim... Kəsilib, yerə düşmüş qollar, gözləri bərələ qalmış başlar, yollarda üst-üstə yığılmış çılpaq, yanan insan meyidləri kiçik təpəciklər əmələ gətirmişdi. Nizə və oxlardan yaralananlar da az deyildi. Bəzi cəsədlər oxlu kirpiyə dönmüşdü. Dik qalxan insan ayaqlarının üstünə qarıldaşan qarğalar və dolaşalar qonmuşdu. Hər tərəfdə iylənmiş at, qatır, öküz leşləri, on-on beş metrdən bir üst-üstə yığılmış silah-sursat görünürdü. Yaralılardan kimisi qılıncına söykənib, ağzını geniş açaraq ağır-ağır, çətinliklə nəfəs alır, sanki kimdənsə imdad diləyirdi. Kiminin qılınc zərbəsindən parça-parça olmuş dəbilqəsinin altından üzünə qan şoralanır, kimisi də yerə yıxılıb, zarıldaya-zarıldaya can verirdi. Kəsik başların birinin sahibi hiss olunurdu ki, qəddi-qamətli bir gəncdir. O, yarıyumulu gözləri ilə çatma qaşları altından elə bil ki, harasa diqqətlə baxırdı. Döyüşçü sanki sözünü axıra qədər deyib qurtarmamışdı. Yaralanıb, öz qanına qəltan olan atlar isə ayağa qalxa bilmir, yerlərində çabalayırdılar. Bəziləri isə ayağı üzəngidə qalmış yarımcan döyüşçünü sürüyüb, büdrəyə-büdrəyə qaçır, döyüş meydanından çıxmağa çalışırdı.

Hücumlarını get-gedə şiddətləndirən qorxubilməz, dəliqanlı Qarabağ döyüşçüləri qalaqlanmış düşmən cəsədləri arasından özlərinə çətinliklə yol aça-aça irəliləyirdilər.

Şəki qoşunlarının geri çəkilməsi

Artıq ay yarıma yaxın idi ki, amansız döyüşlər səngimək bilmirdi, əksinə, get-gedə daha gərgin vəziyyət alırdı. Hər gün döyüş meydanlarında həm şəkililərdən, həm də qarabağlılardan yüzlərlə insan həlak olurdu.

Pənahəli xan nəyin bahasına olursa-olsun, yadelliləri Qarabağ torpağından tezliklə vurub-çıxarmağa tələsir, döyüşlərə son qoymağa çalışırdı. Ona görə də o, qoşun başçılarına bütün qüvvələrini bir yerə cəmləşdirib, qısamüddətli təlim keçirmələrini əmr elədi və bir neçə gündən sonra qərargahında xüsusi müşavirə çağırıb, hücum planını müzakirəyə qoydu.

...Sübh tezdən göyün üzündən təzə-təzə boylanan günəş öz sarımtıl şəfəqlərini yerin üzünə yaymaqda ikən hücum əmrini gözləyən Pənahəli xanın yenilməz, cəsur əsgərləri coşğun dənizin sarsıdıcı dalğaları kimi Qarqar düzünə yayıldılar. Sanki dağların zirvəsindən qıjıldayıb gələn gur bir sel kimi qarşılarına çıxanları yuyub, üzüaşağı aparmağa başladılar. Artıq bu selin, bu hücumun qarşısını ala biləcək bir maneə yox idi, çünki Pənahəli xan demək olar ki, bütün canlı qüvvəsini döyüş meydanına çıxarmışdı.

Qarabağ qoşunları çevik manevr edərək xüsusi bir taktika ilə döyüşə başladılar. Qabaqda gedən piyadalar qəflətən geri çəkilib, süvarilərə yol açdılar və onlar ildırımsürətli hücuma keçdilər. Qarabağlılar gah düşmənin üzərinə şığıyır, gah geri çəkilir, gah da qısa nizələri, parlaq, düz qılıncları, uzundəstə baltaları ilə onlara göz açmağa imkan vermirdilər.

Pənahəli xanı o qədər də güclü rəqib hesab eləməyən Şəki xanında hələ döyüşlərin başlandığı ilk günlərdən belə bir inam yaranmışdı ki, o, mütləq, özü də tezliklə qələbə çalacaq və qısa müddətdə bütün Qarabağa sahib olacaq. Bir ucdan da şimaldan həm hərbi, həm də maddi kömək alan və qalib gələcəyinə böyük ümidlər bəsləyən Hacı Çələbi xan döyüş meydanına yeni-yeni qüvvələr göndərirdi. O, elə bilirdi ki, hər iki cəhətdən Pənahəli xandan üstündür. Həm də bu il bərk quraqlıq olduğundan qarabağlıların tezliklə ərzaq qıtlığı ilə üzləşəcəyini və heyvan yemi sarıdan korluq çəkəcəyini də güman edirdi. Eyni zamanda yenicə formalaşan Qarabağ ordusunun hərbi taktika sarıdan onun qoşunlarından qat-qat üstün və güclü olduğunu da bilmirdi. Lakin hər şey Hacı Çələbi xanın fikirləşdiyinin əksinə idi. Yerli şəraitə beş barmağı kimi bələd olan, açıq çöldə, dağlıq yerlərdə vuruşmaq üçün nə qədər əsgər, silah, sursat və ərzaq lazım olduğunu bir sərkərdə gözüaçıqlığı ilə bilən Pənahəli xan, ilk növbədə, diqqətini həm hərbi, həm də maddiyyat sarıdan qoşunlarının təminatına yönəltmişdi. Üstəlik də, onun döyüşçülərinin sayı dəstə-dəstə gəlib vuruşmaq istəyən xalq qoşun hissələrinin hesabına gündən-günə artırdı.

Qarabağlılara əvvəlcə uğur gətirən bu son döyüşdə Pənahəli xanın qüvvə üstünlüyü açıq-aşkar görünürdü. Lakin birləşmiş qoşunların da döyüşçüləri quduz canavar kimi vuruşur, geri çəkilmək istəmirdilər. Ona görə də qələbə bayrağı gah onlara sarı, gah da qarşı tərəfə əsirdi.

Pənahəli xanın qoşunları düşməni üç tərəfdən mühasirəyə alaraq xanlığın şimal sərhədlərinə tərəf sıxışdırırdılar. Qarabağ süvariləri Şəki qoşunlarının mərkəz cinahına həmlə eləyib, arxa tərəfinə çıxdılar. Və güclü zərbə qüvvəsinə malik zirehli Qarabağ süvariləri birləşmiş qoşunların sağ və sol cinahlarını ciddi məğlubiyyətə uğratdılar, onlara böyük təlafat verdilər. Vəziyyət son dərəcə ağırlaşdı. Hacı Çələbi xan sağ cinahda qalan əsgərləri və ehtiyat hissələri ilə qarabağlıların hücumunun qarşısını almaq istədi. Lakin buna müvəffəq ola bilmədi, artıq gec idi. O, döyüşü daha davam etdirməyin mənasız olduğunu anlayıb, ordusunun əsir düşəcəyindən ehtiyatlanaraq "müqavimət ölümdür, təslim olmaq isə həyat" kəlamını xatırladı və taleyi ilə barışmağa məcbur oldu. Qarabağ süvarilərinin ildırımsürətli hücumları qarşısında aciz qalan və onun ölümcül zərbələrinə tab gətirə bilməyən Şəki xanı qoşununun yarıdan çoxunu Qarqar düzündə bada verəndən sonra tam məğlubiyyətdən yaxa qurtarmaq üçün müdafiə oluna-oluna ordunun başını sürətlə geri çəkməyə başladı.

Bayat epopeyasının son səhifəsi

Artıq döyüşlər Qarabağ və Şəki xanlıqlarının sərhədləri boyunca gedirdi. Qazandıqları qələbəni daha da möhkəmləndirmək üçün Pənahəli xanın süvariləri və pusquda duran atlı dəstələri uğurlarını genişləndirə-genişləndirə şimala doğru irəliləyirdilər. Onlar böyük sürətlə geri çəkilən birləşmiş qoşunların qalıqlarını Kür çayına qədər təqib elədilər. Düşmən əsgərlərinin əksəriyyəti yol boyu Qarabağ döyüşçülərinin iti qılıncına yem oldu, bəziləri isə bu qılınclardan qurtarmaq səadətinə qovuşdu, bir qismi isə sıxışdırılıb çaya töküldü.

Yayın əvvəlləri olduğundan aramsız yağan leysan yağışları Kürün suyunu xeyli artıraraq "dəliliyi"ni şiddətləndirmiş, çayın daha iti axmasına səbəb olmuşdu. Hətta üzərindəki sınıq-salxaq, çoxdanqalma taxta körpüləri də yerindən oynatmışdı. Bu keçidlər də sürətli axının təzyiqinə və ağır yüklərə davam gətirə bilmədi. Körpüdən keçənlər suya qərq oldular. Canlarını qurtarmaq üçün çoxları özünü Kürə atdı. Kimisi ponton körpülər vasitəsilə, kimisi qamışdan və qarğıdan kiçik sal düzəltməklə çayı birtəhər o biri sahilə keçib, özünü təhlükəsiz yerlərə - sıx ağaclı qalın meşələrə verdi.

Piyadaların dalınca süvarilər də atlarının başını Kürə sarı döndərdilər. Çayın dibindəki çala-çuxur yerlər onların o qədər də uzaq olmayan hündür, qamış basmış sahilə çıxmasına mane olurdu. Yalları uzun, boyunları yoğun, boyları gödək atlar isə çayın dayaz yerlərində dayanıb, iti axan suyu iyləyərək fınxırır, təhlükə hiss edirmişlər kimi, yerlərindən tərpənmirdilər. Onlar da sudan kənara necə çıxmağa yol axtarırdılar. Sürətli axının üzüaşağı qovduğu soyuq ləpələr çör-çöplə, yaşıl ağac budaqları ilə birlikdə suda boğulmuş insan və at cəsədlərini də aparırdı. Hay-həşir salıb, qışqırıq qoparan hay-küyçü qağayı dəstələri özlərinə yem tapmaq üçün dalğalar üzərində yırğalana-yırğalana gedən cəsədləri çay boyu müşayiət edirdilər. Coşub-daşan dəli Kür isə bu cansız canlıları daha uzaqlara apararaq Xəzər dənizinə tökür, köpək balıqlarına yem edirdi.

Əldə olunan uğurlar böyük olardı, lakin Pənahəli xan humanistlik göstərərək hücumu dayandırdı. Hərb üçün doğulan bu döyüşkən və pəhləvan cüssəli insan bəzən elə kövrək olurdu ki... Çünki onun zəkası və sərkərdəlik dühası kimi yumruq boyda olan ürəyi də böyük idi. Pənahəli xan günahları və günahkarları bağışlamağı bacarırdı. Bütün bunları bilən və döyüşlərin sonunun nəylə bitəcəyini çox gözəl anlayan Hacı Çələbi xan şirin və yağlı dilini işə salaraq ondan hücumu dayandırmağı xahiş elədi. Pənahəli xan sərkərdələrinə bildirdi ki, Şəki torpağına girməkdən vaz keçir və hər ehtimala qarşı, qoşunlarını Kür çayının sağ sahilindəki yüksəklikdə yerləşdirir.

Hacı Çələbi xanın etirafı

Qoşunlarının sağ qalan hissəsini döyüş meydanından tələm-tələsik geri çəkən Hacı Çələbi xan Şəkidə sərkərdələrinin iştirakı ilə təcili yığıncaq çağırdı. O, ordusunun Qarabağ torpağında qazandığı əvvəlki uğurlarının və sonrakı məğlubiyyətinin səbəblərini müzakirəyə çıxartdı. Döyüşlər təhlil olundu, birləşmiş qoşunların sərkərdələri danışdırıldı, xana hesabat verildi, cəzasını alan aldı, mükafatlandırılanlar da oldu. Yığıncaqda Hacı Çələbi xan öz səhvlərini səmimiyyətlə boynuna alaraq və məğlubiyyətlərini etiraf eləyərək dedi:

- Biz kiminsə fitnə-fəsadı ilə çox böyük yanlışlıqlara yol verib, bir neçə ay qabaq Qarabağ torpağına təcavüz elədik. Nə qazandıq?! Heç nə! Əksinə, biabırcasına məğlub olub, döyüş meydanından qaçdıq. Qalib gəlmək ümidilə çox böyük tələfat verdik, ən yaxşı, ən seçmə oğullarımızı itirdik. Minlərlə döyüşçümüzün meyidi Qarabağ düzlərində, meşələrində qaldı, cəsədlərini də götürə bilmədik, onları qurd-quşa yem elədik. Əgər Pənahəli xan hücumunu davam etdirsəydi, onda görən, bizim halımız necə olardı? Allah bilir! Biz isə özümüzü yekə-yekə məğlubedilməz hesab edirdik?! Bəs nə oldu?! Bu ad bizə yox, Pənahəli xana yaraşır, qarabağlılara yaraşır, çünki qəhrəman odur, qalib gələn qarabağlılardır.

Qarabağ xanı mənim qarşımda hələ də qorxulu bir düşmən kimi dayanıb. İndi bizim iki yolumuz var. Onlardan birini seçməliyik. Ya Pənahəli xanla həmişəlik barışmaz düşmən olmalıyıq, ya da barışıb, dostluq eləməliyik.

Bir də ki... O dövrün hadisələrini qələmə alan tarixçinin yazdığına görə, Hacı Çələbi xan məğlubiyyətini səmimiyyətlə boynuna alaraq peşmançılıq və məyusluqla demişdi: "Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi. Biz getdik, ona sikkə vurub, qayıtdıq. Pənahəli özünü xan elan eləmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq elədim".

Nə qədər mənalı, nə qədər təsirli, nə qədər ibrətamiz kəlamlardır. Hacı Çələbi xan bu sözləriylə bir tərəfdən öz gücsüzlüyünü və acizliyini ifadə eləmiş, digər tərəfdən də düşmənini yüksək qiymətləndirərək onu göylərə qaldırmış, başqalarının gözündə daha da ucaltmışdı. Zərb-məsələ çevrilən və az vaxtda hər yana yayılan bu kəlamlar həm də qonşu xanlara bir sifariş, bir xəbərdarlıq idi: Pənahəli xanla ehtiyatla davranın, onunla zarafat eləmək olmaz!

Kür qırağında zəfər bayramı

Müqəddəs torpağını öz qılıncının qüdrətilə çox güclü və qorxunc bir düşmənin cəngindən qurtaran Pənahəli xan Kür çayının sağ sahilində sanki yaşıl xalılar sərilmiş böyük bir çəmənlikdə təntənəli qalibiyyət şənliyi keçirtdi. Bu qeyri-adi uğuru və möhtəşəm qələbəni müjdəçilər bütün aləmə yaydılar. Elə burdanca Qarabağın kəndlərinə, el-obalarına, oymaqlarına muştuluq xəbərləri, qonşu və dost əyalətlərə fəthnamələr göndərildi.

Şənliyin başlanğıcını xəbər verən uzun dəri şeypurların xırıltılı, cır səsi eşidildi, təbillər gurladı, şadyanalıq nağaraları səsləndi. Minlərlə qarabağlı qələbə münasibətilə öz rəhbərlərini dönmədən alqışlayır, təbrik edir, yeni-yeni hərbi uğurlar diləyirdi.

Pənahəli xan bayram şənliyini açıq elan eləyib, üzünü əsgərlərinə tutaraq dedi:

- Mənim əziz qardaşlarım, həmvətənlərim, silahdaşlarım! Bütün qəlbimlə, bütün varlığımla sizə minnətdarlıq eləyir, təşəkkürümü bildirirəm! Biz vətənimizin, doğma torpağımızın müdafiəsinə qalxmışıq. Qarabağımızı qoruyuruq və şükür Allaha ki, bu müqəddəs vəzifəmizi kişi kimi də yerinə yetiririk. Düzdür, çox qanlar töküldü, xeyli itkilərimiz, şəhidlərimiz oldu. Müqəddəs Qarabağımızın yolunda öz canlarından keçən bütün igidlərimizə min rəhmət diləyir, qalanlarımıza cansağlığı arzulayıram! Biz şəhidlərimizin əllərindən düşmüş qılınclarını götürüb, mübarizəmizi davam etdirərək ağır və dəhşətli döyüşlərdə qələbə çaldıq... - Pənahəli xanın çöhrəsinə bəxtəvərlik ifadə eləyən bir təbəssüm qondu və üzünü yenidən döyüşçülərinə tutub, sözünə davam elədi: - Bu qələbə münasibətilə sizi, sizin ata-analarınızı, övladlarınızı, bütün Qarabağı təbrik eləyirəm! Məni alqışladığınıza görə də sizə təşəkkürümü bildirirəm! Lakin bu, təkcə mənim qələbəm yox, hamımızın qələbəsidir. Şəxsən mən heç bir şan-şöhrət istəmirəm. Bu, mənə qətiyyən lazım deyil. Biz ona görə əlimizə silah almamışıq ki, kiminsə üstünlüyünü təsdiq eləyək, kiməsə, nəyəsə şan-şöhrət qazandıraq, kimisə fərqləndirək. Biz ona görə mübarizə aparırıq ki, torpağımıza göz dikənlərin gözlərini vurub-çıxardaq. Biz ona görə vuruşuruq ki, düşmənlərimizin murdar ayaqlarını torpağımızdan kəsək... Və bir daha şükür Allaha ki, buna da nail olduq.

Kimsə yerindən qışqırdı:

- Bizim hörmətli, şöhrətli rəhbərimiz! Sizi bu yüksək mərtəbəyə Sizin qələbələriniz qaldırdı. Siz öz fərasətinizlə, öz igidliyinizlə, öz ləyaqətinizlə, qəlbinizin, ağlınızın fövqəladə keyfiyyəti ilə qələbə qazandınız! Siz bizim hamımızın arzusunu yerinə yetirdiniz!..

Yaşlı döyüşçünün bu sözləri elə şiddətli həyəcana, elə gurultulu alqışlara səbəb oldu ki, sanki yer titrədi, minlərlə adamın uğultulu səsi bir-birinə qarışdı.

Pənahəli xan sözünə davam elədi:

- Mənim sədaqətli, igid, mərd əsgərlərim, bu döyüşlərdə sizin çox böyük xidmətləriniz olub, qəhrəmanlıq, şücaət göstərmisiniz. Savaş meydanından geri çəkilmək nə olduğunu bilməmisiniz, həmişə irəli getmisiniz, qələbə çalmısınız. Ona görə də siz yüksək mükafatlara layiqsiniz. Bilirəm ki, bu şərəfli döyüşlər sizi bərk yorub. Ona görə də sizə üç gün istirahət etməyə icazə verirəm...

"Ümumqafqaz qəhrəmanı"

... Pənahəli xan seçdiyi düzgün taktika ilə Qarabağ xanlığının tarixinin gedişatını başqa istiqamətə yönəldən, onun taleyini həll eləyən bu döyüşü şanlı qələbə ilə başa çatdırdı, müzəffər və qalib bir sərkərdə kimi geri - paytaxtına qayıtdı.

Onun bu qələbəsi həm də sübut elədi ki, Qarabağ əsgəri şücaətlidir, bineyi-qədimdən döyüşkən, cəsur, qorxmaz, qəhrəman və iradəlidir. Bu döyüşdə yalnız qələbə ruhu ilə köklənən, torpaqlarını öz qanlarıyla suvarmağı şərəf bilən, bu yolda istənilən vaxt özünü fəda etməyə hazır olan qarabağlılar vətən, dövlət, xalq uğrunda ölümə getmək nümunəsi göstərdilər, torpaqlarına yönəldilən heç bir işğal və müdaxilənin cavabsız qalmayacağını düşmənə qətiyyətlə bildirdilər. Qarabağ cəngavərləri nəinki öz ərazilərini əldə saxlamağı bacardılar, həm də sübut elədilər ki, rəqiblərindən olduqca güclüdürlər. Öz həm siyasi, həm də strateji əhəmiyyəti ilə Qafqazda çox böyük bir hadisəyə çevrilən, mövqeyinə görə böyük qüvvələri əhatə eləyən Bayat döyüşü o taylı-bu taylı bütün hakimləri də heyrətdə qoydu.

Bu qələbə ilə Qarabağ xanlığı yenidən mövcudluq qazandı, özünün siyasi həyatının dönüş nöqtəsinə qədəm qoydu. Xanlığın keçmiş sərhədləri nəinki bərpa edildi, həm də nüfuzu, qüdrəti qaytarıldı, müstəqil bir dövlət kimi tarixinin yeni mərhələsinə daxil oldu, bu yurdun şan-şöhrətini bir daha çox-çox uzaqlara yaydı. Bayat qələbəsi Pənahəli xanın sonrakı zəfərləri üçün hərəkətverici səbəbə çevrildi, həlledici nəticələr verdi.

Pənahəli xanın həyat salnaməsinin ən böyük uğuruna, ən yaddaqalan səhifəsinə çevrilən bu qələbə həm də onun şəxsiyyətinin, xarakter bütövlüyünün, dövlətçilik təfəkkürünün, hərbi istedadının, döyüş məharətinin, təşkilatçılıq qabiliyyətinin, xanlığının əzəmətinin, gücünün parlaq ifadəsi idi. Bu hadisə eyni zamanda Pənahəli xanın hərb meydanında nəyə qadir olduğunu nümayiş etdirdi, həm də öz gücünə olan inamını qaytardı.

Əlamətdar hadisələrlə dolu 1748-ci ildən Pənahəli xanın ulduzu yenidən bərq vurmağa, parlamağa başladı. Bu il ona hərbi ad-san qazandırdı, siyasi düşüncəsini, sərkərdəlik məharətini bir daha üzə çıxartdı, hünərinin, zəkasının, qılıncının qüdrətinin, strateji dühasının parlaq təntənəsi ili oldu. Bu uğurlu il Qarabağın siyasi tarixini müəyyənləşdirən "ölüm" ili yox, "olum" ili oldu.

O öz ağlı və gücü sayəsində məğlubedilməzlik rəmzinə çevrildi, həyatını əfsanələşdirdi, "Ümumqafqaz qəhrəmanı" şöhrəti qazandı. Qırx dörd günlük Bayat döyüşlərində Pənahəli xan elə bir hünər göstərdi ki, sonralar adı igid bir sərkərdə kimi Qafqazın və İranın hərb tarixinin səhifələrini bəzədi. Bu döyüşlərin üstündən neçə-neçə illər, qərinələr, əsrlər keçsə də, onun dastana çevrilən şücaəti, əzmkarlığı hər yanda söylənilməyə, özündən çox-çox əvvəllər yaşamış tarixi, əfsanəvi şəxsiyyətlərin qəhrəmanlığı ilə müqayisə edilməyə başladı. Bu ölüm-dirim savaşı isə xanlığın siyasi həyatında ən mühüm mərhələ, bəlkə də, ən orijinal, ən unudulmaz hadisə kimi məşhurlaşdı, "Bayat döyüşü", "Bayat epopeyası" kimi dillərdə dastan oldu.

 

 Son

Vasif QULİYEV

525-ci qəzet .- 2022.- 16 iyul.- S.20-21.