Zamanın hüdudlarını aşan sənətkar
Görkəmli ədibimiz, Xalq yazıçısı Süleyman
Rəhimov Azərbaycan
epopeyasının yaranması
və inkişafında
xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. S.Rəhimov
barədə söz açarkən onu Azərbaycan nəsrinin
"uzaqvuran topu" adlandıran Xalq şairi Səməd Vurğun haqlı olaraq qeyd edirdi
ki, geniş müşahidə qabiliyyətinə,
zəngin təcrübəyə,
epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində
kənd həyatının
təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. O, realist bir yazıçı kimi kənddə gedən sinfi mübarizəni, azadlıq
mübarizəsini inandırıcı
şəkildə təsvir
edib. "Şamo",
"Ata və oğul",
"Aynalı" əsərlərində,
"Ötən günlər
dəftərindən" adlı
hekayələr kitabında
kəndin təsviri geniş şəkildə
qələmə alınıb.
"Şamo" əsərindəki Şehli
kəndinin təsvirində
varlılarla kasıblar
arasında ziddiyyət
aydın görünür.
Bu kənddə yaşayan
varlılar dəbdəbəli həyat
sürürlər, onlar
ehtiyacın nə olduğunu bilmədən yaşayırlar. Başqa bir tərəfdə
isə yoxsulların qaranlıq daxmaları öz varlığından
utanırmış kimi
dərələrin küncünə,
təpələrin yamacına
sığınıb. Bu yastı-yapalaq daxmalarda
yaşayan insanlar bir parça çörəyə möhtac
olurlar, onlar etiraz səslərini ucaltdıqda, söyülür,
döyülür, təhqir
edilirdilər. Bu baxımdan
müəllifin "Üzsüz
qonaq", "Muzdur əhvalatı", "Mozalan
kəndi", "Xoruzlu
dəsmal", "Su ərizəsi"
kimi hekayələri dəyərli nümunələrdir.
Uğrunda mübarizə aparılan yeni kəndin gözəl və firavan həyatı inqilabdan əvvəlki kənddən fərqləndiyi
kimi, onun insanları da hüquqsuz kəndlilərdən
fərqlənirlər. Onlar cəmiyyət
üçün insanların
rifahı naminə xeyirxah işlərlə məşğul olurlar.
Bu baxımdan ədibin "Yanan buludlar" adlı hekayə-oçerki xüsusilə
diqqəti cəlb edir. Hekayənin qəhrəmanı Nəbi
kişi inkişafı düzgün
başa düşən
bir surət kimi verilib. O istəyir ki, insanlar daha çox
işlərə qadir
olsun, məhsul bolluğu yaratmaq uğrunda mübarizənin
ön sırasında
getsinlər. Müasir kənd mövzusunda
yazılmış "Ağbulaq
dağlarında" romanında
yeni həyat, yeni ictimai münasibətlər
xüsusi yer tutur. Əsərin qəhrəmanı Şiraslan İkinci Dünya müharibəsi cəbhələrində həlak
olmuş atası kimi xeyirxah işlər
görmək, xalqa xidmət etmək arzusu ilə yaşayır. "Qardaş qəbri",
"Mehman", "Ana abidəsi"
və bu kimi başqa əsərlərində Süleyman
Rəhimov kənd həyatından sonsuz bir məhəbbətlə
söhbət açır.
Süleyman Rəhimovun xalq
həyatı ilə yaxından tanışlığı
və yaratdığı
obrazlar sözün həqiqi mənasında onun kənd həyatı ilə bağlılığından irəli
gəlir. Onun əsərlərində
xalq həyatını
dərindən, istedadla,
böyük yaradıcılıq
əzmi ilə qələmə aldığını
müşahidə edirik.
Süleyman Rəhimov öz
yaradıcılıq işini
həmişə geniş
ictimai fəaliyyətlə
əlaqələndirmiş, bir yazıçı və vətəndaş kimi xalqımızın və partiyamızın qarşıya qoyduğu vəzifələri, sədaqətlə
yerinə yetirmişdi.
O hesab edirdi ki, "yazıçı
harada, hansı şəraitdə olursa-olsun
onun ürəyi yaradıcı sənətkar
ürəyi olaraq çırpınmalıdır. Bu çırpıntı olaraq qalmamalı, ötüb keçməməlidir.
O, zəhmətlə, qələmlə,
kağızla birləşməli,
yüksək bədii
məhsulunu verməlidir!"
Görkəmli yazıçı sənətin
və sənətkarın
yaradıcısı olan
xalqı tanımaq, xalqın qüdrətini, ləyaqətini dərk etmək, ona arxalanmaq kimi keyfiyyətləri əsərlərində,
sadə insanların təsvirində uğurla göstərib. Müasir ədəbiyyatımızın
şöhrətlənməsində, müxtəlif millətlərdən
geniş oxucu kütləsi cəlb etməsində onun əsərlərinin təsiri
çox güclü olub. Xalqımızın
gözəl mənəvi
keyfiyyətlərini, qəhrəmanlıq
ənənələrini, igid
babaların ağ
günlər üçün
fədakarlığını söz sənətində
yaşatdığına, əbədiləşdirdiyinə
görə Süleyman
Rəhimov sevilərək
oxunan yazıçılardan
biri kimi daima ehtiramla xatırlanır.
Məhşur ədib E.Heminquey
həqiqi yazıçını
mənbəyi çox
dərinliklərdə olan
sərin sulu
kəhrizə bənzədir.
Əgər bu kəhriz
mənşəyini başı
qarlı uca dağların yeraltı laylarından alırsa, heç zaman bitib tükənmir, dayanmır, qurumur, daim axır, ana yurdun göllərinə,
çəmənlərinə, ucsuz-bucaqsız tarlalarına
gözəllik və bərəkət çiləyir.
Süleyman Rəhimov bitib
tükənməyən kəhriz
kimi milyonlarla insanların ürəklərinə
əsərləri vasitəsi
ilə sərin su çiləyir. Xalqımızın tarixinə
şərəfli və
ləyaqətli səhifələr
yazan qəhrəman Həcər və Nəbinin əfsanəvi igidliyindən danışan
"Qafqaz qartalı",
müasir dövrümüzün
mənəvi-əxlaqi keyfiyyətlərindən
bəhs edən "Qoşqar qızı",
C.Məmmədquluzadəyə həsr olunmuş "Uğundu" romanlarını
ədib məhz bu ali niyyətlə
yaratmışdı. Bu ilham bulağından məktəbdən, maarifdən
bəhs edən
"Ata və oğul",
hüquq işçilərinin
həyatından canlı
lövhələr yaradan
"Mehman" əsəri
onun səmərəli
yaradıcılıq axtarışlarının
nəticəsi idi.
Bu görkəmli realist sənətkarın əsərlərində
xalqın tərəqqisinə
maneçilik törədən
qüvvələr, mənfi
tiplər çox böyük ustalıqla qələmə alınmışdı.
Ədib bədii yaradıcılığa
başladığı ilk vaxtlardan
bu məsələyə
xüsusi əhəmiyyət
vermiş, qabaqcıl cəmiyyətdə mütərəqqi
qüvvələrin mənafeyinə
xidmət edənlərlə
daha çox maraqlanmışdı. Cəsarətlə demək olar ki, əsərdən-əsərə
onun müsbət qəhrəmanları qüvvətlənib,
canlılıq və gerçəklik kəsb edib.
İnsanlarımızın qəhrəmanlıqlarından, məhəbbətindən, dostluqlarından, vətənpərvərliklərindən bəhs edən ədib bu mövzularda "Mehman", "Medalyon", "Qardaş qəbri", "Torpağın səsi", "Gəlin qayası", "Güzgü göl", "Kəsilməyən kişnərti", "Məhtaban", "Bəhram və Zərəfşan" kimi mənalı, gözəl povestlər, həmçinin, "Pəri çınqılı", "Gülən balıq", "Gülsabah", "Su ərizəsi", "Minnətsiz çörək" kimi qiymətli hekayələr qələmə alıb. Heç də tam olmayan bu siyahıdan aydın görünür ki, yazıçının mövzu dairəsi son dərəcə geniş və rəngarəngdir. Xalqımızın tarixinin bir əsrdən artıq dövrünü əhatə edən Süleyman Rəhimov sözün həqiqi mənasında qüdrətli qələm sahibi, unudulmaz xarakterlər yaratmaq, xalq dilinə, ruhuna hakim olmaq, onun keçmişində işıqlı cəhətləri müasir baxışla süzgəcdən keçirib bugünün oxucusuna çatdırmaqda usta olan böyük sənətkardır. Öz yaradıcılıq üslubu və sənətkar qayəsi barədə ədib haqlı olaraq demişdi: "Mən hər dəfə əlimə qələm alanda elə bil silah götürüb səngərə girirəm. Ədəbiyyat ən böyük səngərdir. Əlbəttə, burada atəş açılmır, toplar, tanklar, təyyarələr vuruşmur, hisslər, fikirlər, düşüncələr vuruşur, dünya görüşləri çarpışır. Yazıçı öz əsərləri vasitəsi ilə oxucularının qəlbinin dərinliklərinə nüfuz edir. Onun öz sözləri ilə desək, həqiqi yazıçı bu mənada əlinə qələm alan gündən son nəfəsinə qədər səfərbər olmalıdır".
S.Rəhimov
Azərbaycan Sovet Yazıçılar İttifaqına
başçılıq edəndə də özünü
müsəlləh əsgər kimi səngərdə hiss
etmiş, qələmini - "süngüsünü"
döyüşlərdən şərəflə
çıxarmışdı.
Süleyman
Rəhimovun yaratdığı surətlərin çoxu onunla
bir cəmiyyətdə yaşayan, müxtəlif sahələrdə
fəaliyyət göstərən insanlardı. Yazıçının istedadını, sənətkarlığını
yüksək qiymətləndirən S.Vurğun
bu barədə yazırdı: "Süleyman nadir
simalardandır. O, çox cürətli
adamdır. Məhz buna görə də mən
ona bağlıyam. O, Azərbaycan ədəbiyyatının
ağır artilleriyasıdır. Hər hansı bir sözü istədiyi
şəkilə salmaq gücünə malikdir. Lakin onun qələmi nə qədər müti vəziyyətə düşsə də,
əsas bir məqsədə, surətin daxili aləmini, psixologiyasını, ictimai-siyasi baxışlarını açmağa xidmət edir.
Maraqlıdır ki, onun
yaratdığı yüzlərlə surət
danışıq tərzi, xarakteri, cəmiyyətdəki
yeri, mövqeyi ilə
seçilir, yadda
qalır. Yazıçı bu müxtəlif
xarakterli, müxtəlif səviyyəli
surətləri bacarıqla bir sırada
birləşdirir. Onun üslubunu
surətlərin sayından və xarakterindən asılı olaraq çox səsli musiqi alətinə bənzətmək olar. Bu kimi
məziyyətlər onu xalq
ruhunun incəliklərinə, adət-ənənəsinə,
dilinə bələd olan bir
sənətkar kimi tanımaq imkanı verir. Yazıçının
yaradıcılığında sağlam
və sərt realizm, xalq
müdrikliyi və yumoru
üzvi surətdə birləşir, eyni zamanda bu
birləşmədə xalq həyatının
və insanların münasibətlərindəki təsvirin həyatiliyi
dərin ictimai-tarixi ümumiləşdirmə
yolu ilə göstərilir. Həmçinin,
xalq arasındakı satirik
nağılların süjet və surətlərin
ədib tərəfindən məhəbbətlə işlənməsi
yazıçının üslubunda və
xarakterində öz əksini
tapır".
Süleyman Rəhimov əlli ildən artıq həvəs və məhəbbətlə, enerjisini əsirgəmədən yazıb-yaratmış, zəhməti sayəsində necə möcüzələrə qadir olduğunu yazdığı əsərləri vasitəsilə sübut etmişdi. O, özünü Azərbaycan xalqının və ədəbiyyatının "əli qələm tutan fəhləsi" adlandırır və bununla fəxr edirdi.
Sənətdə müasirlik geniş anlayışdır. Onu ancaq günün hadisələrindən yazmaq mənasında başa düşmək birtərəfli olardı. Müasirlik ruhu mövzudan daha artıq, müəllifin qələmə aldığı hadisələrə münasibətindən, mövqeyindən asılıdır. Yazıçı orijinal istedad, daima axtaran böyük sənətkardır. Ədib haqqında yazan tənqidçilər onun qüdrətli söz ustası olduğunu dəfələrlə qeyd etmişlər. Onun əsərləri haqqında yazmış müəlliflərin siyahısı çox genişdir. Bu sırada Məmməd Arif, Məmməd Cəfər, Cəfər Xəndan, Ağamusa Axundov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pənah Xəlilov, Musa Adilov kimi tanınmış alimlər vardır. Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Əli Vəliyev kimi görkəmli söz ustaları öz qələm yoldaşları haqqında yüksək fikirlər söyləmişlər. Sovet dövründə Y.Lebedinski, K.Simonov, K.Zelinski, Z.Kedrina, A.Adalis, G.Lomidze, N.Vorobeyeva, S.Xitarova və başqaları ədibin yaradıcılığı ilə yaxından maraqlanaraq əhəmiyyətli mülahizələr irəli sürüblər.
Xalq
yazıçısı Süleyman Rəhimov böyük
ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə ədəbi
yaradıcılıq işini ustalıqla əlaqələndirib,
Azərbaycan nəsrinin və pedaqoji fikrinin inkişafında
mühüm mərhələ təşkil edən zəngin
irs yaradıb. Qazandığı uğurlarla
heç zaman kifayətlənməyən
S.Rəhimov öz məqalələrinin
birində yazır: "Sənətkar üçün
daha mən zirvəyə
çatdım" demək ən qorxulu və
dəhşətli xəstəlikdir. Sənətkar
özünə qarşı daima tələbkar
olmalıdır".
Əsərlərində
tariximizi yaşadan, ədəbiyyatımızı zənginləşdirən
belə sənətkarlara ehtiyacımız çoxdur. Süleyman Rəhimovun
yaradıcılığından, onun mənalı
həyatından söz
açmaq, yarım əsrdən artıq
mürəkkəb bir dövrün
mübarizələrlə dolu səhifələrini
varaqlamaq deməkdir.
Əminik
ki, ədibin sevə-sevə qələmə
aldığı, miras qoyduğu əsərləri öz
müasirliyini qoruyacaq, qiymətini itirməyəcək, nəsillər
dəyişdikcə sevilərək oxunacaq.
Ədalət
RƏSULOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun əməkdaşı
525-ci qəzet .- 2022.- 16 iyul.- S.19.