Cümhuriyyət dövrü
Litva konsulu prezidentlərin diqqətində
Vintsas KREVE - 140
2022-ci il oktyabrın 19-da Litva dövlətinin Azərbaycan
Xalq Cümhuriyyətindəki ilk konsulu Vintsas Kreve-Mitskəviçyusun
anadan olmasının 140 ili tamam olur. Məqalənin
bu yubiley münasibəti ilə yazıldığını nəzərə
alsaq, əvvəlcə Vintsas Krevenin Azərbaycanda göstərdiyi
çoxşaxəli fəaliyyətlə bağlı müxtəsər
bilgilər təqdim etməyimiz, yəqin ki, başa
düşüləndir.
Vintsas
Kreve (1882-1954) XX əsr Litva ədəbiyyatının ən məşhur
klassik yazıçılarından biridir, eyni zamanda görkəmli
ədəbiyyatşünas və dilçi alim, ictimai-siyasi və
mədəni xadim kimi tanınıb. O, Kaunas və Vilnüs
universitetlərinin professoru (1922-1943), həm də Litva SSR EA-nın ilk prezidenti olub (1941). Kreve
onun ədəbi təxəllüsüdür, həqiqi
familiyası isə Mitskəviçyusdur.
Vintsas
Kreve, həmçinin, çoxəsrlik Litva-Azərbaycan ədəbi-mədəni
və ictimai-siyasi əlaqələri tarixinə yeni səhifələr
yazmış, xalqlarımız arasındakı münasibətlərin
inkişafına qiymətli töhfələr vermiş, Azərbaycan
mədəniyyəti qarşısında mühüm xidmətlər
göstərmiş şəxsiyyətlərdəndir.
Onun həyat və
yaradıcılığının, pedaqoji, elmi-mədəni,
ictimai-siyasi və diplomatik fəaliyyətinin 11 ilə
yaxın dövrü sıx şəkildə Azərbaycanla
bağlı olub. Belə ki, o, 1909-1920-ci
illərdə Bakı 1-ci realnı məktəbində rus dili
və ədəbiyyatı müəllimi işləyib. V.Kreve o zaman Bakıda Vikentiy İosifoviç
Mitskeviç kimi tanınıb.
V.Kreve həmin
illərdə Bakı 1-ci realnı məktəbində işləyən
böyük pedaqoq və ünlü yazıçı
Abdulla Şaiqlə dostluq və
yaradıcılıq əlaqələri saxlayıb, eyni zamanda
A.Şaiqin ədəbi görüş dairəsinin genişlənib
formalaşmasında, onun Avropa ədəbiyyatı xəzinəsini
öyrənməsində böyük əmək sərf edərək
mühüm rol oynayıb. Bunu A.Şaiqin
özü 1957-ci ildə V.Kreve haqqında yazdığı
xatirələrində minnətdarlıqla qeyd edib.
V.Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi
dünyagörüşlərinin formalaşması, ədəbi-estetik
və elmi-nəzəri baxışlarının rasional istiqamətdə
inkişaf etməsi və beləliklə də, Azərbaycan
türklərindən oluşan yüksək səviyyəli
ziyalı dəstəsinin yetişdirilməsi işinə
mühüm töhfələr verib. Onun yetişdirmələri
arasında sonralar Azərbaycanda yazıçı,
coğrafiyaçı alim, həkim, iqtisadçı, pedaqoq və
ictimai-mədəni xadimlər kimi tanınmış
Tağı Şahbazi Simurq, Ruhulla Axundov, Abdulla
Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski,
Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər
Axundov və çox sayda digər görkəmli ziyalılar
vardır.
V.Krevenin azərbaycanlı şagirdlərə xüsusi
hörməti və məhəbbəti olub. O, şagirdlərində
milli şüur və özünüdərketmənin
formalaşması, vətənpərvərlik hisslərinin
oyadılması, milli-mənəvi dəyərlərimizin - Azərbaycan
tarixi, dili və ədəbiyyatının öyrənilib təbliğ
olunması, maarif və mədəniyyətin
xəlqi ruhda tərəqqi tapması istiqamətində və
habelə azərbaycançılıqla bağlı bir
çox digər sahələrdə xeyirxah işlər
görüb, böyük xidmətlər göstərib.
V.Kreve Azərbaycanda
həm də mədəni xadim kimi fəaliyyət göstərib,
Bakının ictimai-mədəni həyatında yaxından
iştirak edib, 1911-ci ildə Bakı Xalq Universitetini
yaradanlardan biri olub və müxtəlif auditoriyalarda ədəbiyyat,
dil, tarix, fəlsəfə və din mövzularında
mühazirələr oxuyub, mütərəqqi ruhlu
çıxışlar edib.
V.Kreve
Bakının siyasi həyatında da yaxından iştirak edib
- 1917-ci ilin oktyabrında Bakı şəhər Dumasına
qlasnı (deputat) seçilib və həmin il
dekabrın 12-dən etibarən, bir müddət həm də
Dumanın katibi olaraq fəaliyyət göstərib. V.Krevenin 1921-ci ildə Kaunasda yazdığı tərcümeyi-halında
göstərilir ki, o, həmçinin 1917-1918-ci illərdə
Eserlər partiyası Bakı şəhər komitəsinin
"Znamya truda" qəzetini redaktə edib.
Şərq fəlsəfəsi, eləcə də Azərbaycan
xalq ədəbiyyatı və mədəniyyəti V.Krevenin ədəbi,
elmi və publisistik yaradıcılığına
güclü təsir göstərib. Ədibin məşhur
"Şərq hekayətləri" adlı kitabı onun
bütün yaradıcılığının ideya-fəlsəfi
açarı hesab olunur. "Şərq hekayətləri"
kitabına Baltik xalqları ədəbiyyatı tarixində ilk
dəfə olaraq İslam, Buddizm, Zərdüşt və Yəhudi
dinləri mövzusunda yazılmış beş dini-fəlsəfi
əsər - "Pratyekabudda", "Kralın ən
yaxşı şərabını saxladığı
qab", "Azəristan ölkəsi",
"Çarpışan qüvvələr" və
"Qadın" adlı hekayətlər (nağıllar)
daxildir. Göstərilən əsərlər
Litva ədəbiyyatına əvəzsiz incilər, bənzərsiz
surətlər, yeni bədii təsvir və ifadə vasitələri,
əsrarəngsiz təşbeh və metaforalar silsiləsi,
lirik-fəlsəfi duyğular dünyası və xüsusi bir
Şərq zənginliyi gətirib.
Bu dəyərləndirmələri
yazıçının Azərbaycan mövzusunda
yaratdığı "Azəristan ölkəsi",
"Qartal haqqında nəğmə",
"Çarpışan qüvvələr" və
"Bolşeviklər" adlı əsərlər barədə
də demək mümkündür.
Bununla yanaşı, V.Kreve "Azəristan ölkəsi"
əsərində ermənilərin tipik antihumanist
obrazını yaradıb. O, həmçinin, bu əsərində
Qurandan bir sıra ayələri ilk dəfə Litva ədəbiyyatına
gətirərək onların mənasını
açıqlayan Avropa yazıçısı kimi
çıxış edir.
1918-ci ildə
Litva və Azərbaycan öz müstəqilliyini bəyan
etdikdən sonra, V.Kreve fəaliyyətini əsasən Litva-Azərbaycan
dövlətlərarası münasibətlərinin təşəkkül
tapmasına yönəldib, Litvanın Bakıdakı
Konsulluğunun təsis olunmasında iştirak edib və
1919-cu ilin martında Litva dövlətinin Cümhuriyyətdəki
konsulu təyin olunub. V.Krevenin 1919-1920-ci illərdə
Bakıda göstərdiyi diplomatik fəaliyyət, həmçinin,
Paris Sülh Konfransında dövlətlərimizin müstəqilliyinin
de-facto tanınması baxımından tarixi əhəmiyyət
daşıyır.
İndi isə keçək əsas mətləbə. Azərbaycan-Litva dövlətlərarası
münasibətləri müstəvisində 2006-2022-ci illərdə
Bakıda və Vilnüsdə rəsmi dövlət səfərləri
çərçivəsində baş tutmuş zirvə
görüşlərində aparılan danışıqlar
zamanı, ikitərəfli tərəfdaşlıq əlaqələrimizə
yeni stimul vermək və qarşılıqlı etimadı
gücləndirmək məqsədilə, xalqlarımız
arasındakı qədim mədəni əlaqələrdən,
həmçinin, Vintsas Krevenin çoxvektorlu fəaliyyətinin
Azərbaycanla bağlı ədəbi, mədəni,
ictimai-siyasi və diplomatik irsindən dəfələrlə
etibarlı körpü kimi istifadə olunub.
Bununla
bağlı vacib məqamlar Litva Prezidenti Valdas Adamkusun Azərbaycana
(iyun 2006), Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya
(sentyabr 2007), həmçinin, Litva Prezidenti Gitanas Nausedanın
Azərbaycana (may 2022) rəsmi səfərləri zamanı
onların şərəfinə verilmiş rəsmi ziyafətlərdə
etdikləri çıxışlarında və bu səfərlərin
yekunlarına dair mətbuat üçün bəyanatlarında
paradiqmatik şəkildə əks olunub. Bu
müddəanı əks etdirən konkret örnəklərə
müraciət edək.
2006-cı
il iyunun 8-də Litva Prezidenti Valdas Adamkusun
Azərbaycana ilk rəsmi səfəri zamanı onun şərəfinə
Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban
Əliyevanın adından verilən rəsmi ziyafətdə
söylədiyi nitqdə sözügedən tarixi və
ictimai-siyasi məqamlar bu cür ehtiva olunub:
"Zati-Aliləri cənab Prezident İlham Əliyev!
Sizin
valehedici və ecaskar dost ölkənizdə xoş bir
ünsiyyət şəraitində qonaq olduğumuz
üçün, mən və Litva nümayəndə heyətinin
üzvləri böyük məmnunluq hissləri
keçiririk. Bütün nümayəndə
heyətinə göstərilən qonaqpərvərliyə və
diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür
edirəm.
Cənab
Prezident, biz bu gün Bakıda yalnız ticarət, xarici siyasət
və təhlükəsizlik sahəsindəki əlaqələrimizə
yeni təkan vermək üçün
görüşmürük. Belə ki, bizim
görüşümüzün gündəliyində, həmçinin,
Baltik və Qafqaz dövlətlərinin regional əməkdaşlığının
genişləndirilməsi, Avropa Birliyi ilə Azərbaycan
arasında siyasi, iqtisadi və enerji sahəsində tərəfdaşlıq
münasibətləri, Qafqazın həyatını
tutqunlaşdıran münaqişələrin sülh yolu ilə
həlli yollarının axtarışı kimi mühüm məsələlər
durur.
Xüsusilə vacibdir ki, bugünkü dialoqumuzun əsasında
bizi bir-birimizə bağlayan qarşılıqlı etimad və
rəğbət hissləri ilə yanaşı, Litva və
Qafqaz xalqlarının qədim tarixi əlaqələri də
durur. Biz hələ 1918-ci ildə, - müstəqil
dövlətlərimiz yaradılan dövrdə, bir-birimizə
ciddi şəkildə maraq göstərmiş və hətta
diplomatik münasibətlər qurmaq üçün
çalışmışıq.
Hələ XX əsrin əvvəllərində, - o zaman
burada yaşamış və neft sənayesində
çalışmış, habelə poçt xidmətində,
orduda qulluqda olmuş çoxlu litvalı Azərbaycanın
ictimai həyatında fəal iştirak etmişlər.
Litva ədəbiyyatının
klassiki, yazıçı Vintsas Kreve-Mitskəviçyus o
dövrdə Bakı universitetinin ilk professorlarından biri
olmuş, Bakı litvalıları cəmiyyətinin sədri
kimi müstəqil Azərbaycan Respublikasının
quruculuğu işlərində fəal
çalışmış və Litvanın Cümhuriyyətdəki
ilk konsulu olmuşdur."
Litva prezidenti Valdas Adamkus onun şərəfinə verilən
rəsmi ziyafətdə nitq söyləyən zaman.
Bakı,
Yaxtklubun ziyafət zalı, 8 iyun 2006-cı il.
Vintsas
Krevenin Azərbaycandakı ictimai-mədəni, elmi və
diplomatik fəaliyyətindən və Cümhuriyyət
quruculuğundakı işlərindən qaynaqlanan mədəniyyət
diplomatiyası faktorundan Azərbaycan-Litva münasibətlərini
daha da istiləşdirmək üçün istifadə edilməsinin
gözəl nümunəsi olaraq Prezident İlham Əliyevin
2007-ci il sentyabrın 13-də Litvaya ilk rəsmi səfəri
zamanı onun şərəfinə Litva Prezidenti Valdas Adamkusun
və xanımı Alma Adamkienenin adından verilən rəsmi
ziyafətdə etdiyi nitqindən bəzi fikirləri səciyyəvi
misal kimi təqdim etmək istərdik:
"...Litva
və Azərbaycan xalqları arasındakı əlaqələr
sabit və genişdir. Ötən əsrin əvvəllərində
Bakıda yaşayan litvalılar Azərbaycanın ictimai həyatında
fəal rol oynamışlar. Litva ədəbiyyatının
klassiki, Azərbaycanda dərc olunmuş əsərlərin
müəllifi Vintsas Kreve-Mitskəviçyus o dövrdə
Bakı universitetinin professoru olmuş, Azərbaycan Xalq
Cümhuriyyətinin quruculuğu işlərində fəal
çalışmış və Litvanın Azərbaycandakı
ilk konsulu işləmişdir. Həmin dövrdə
xalqlarımız arasında ədəbi-mədəni əlaqələr
də genişlənmişdir. Azərbaycan
xalqının məşhur qəhrəmanlıq dastanı
"Kitabi-Dədə Qorqud", dahi Azərbaycan şairi
Nizaminin və digər görkəmli simaların əsərləri
Litva dilinə, görkəmli Litva ədiblərinin əsərləri
isə Azərbaycan dilinə tərcümə
edilmişdir".
Azərbaycan prezidenti İlham Əliyev onun şərəfinə
verilən rəsmi ziyafətdə nitq söyləyən zaman.
Vilnüs,
Prezident sarayı, 13 sentyabr 2007-ci il.
Hər iki ölkənin dövlət
başçısının nitqlərinin dinlənildiyi bu tədbirdə
o zaman bilavasitə iştirak etdiyim üçün Azərbaycan
Prezidentinin çıxışının
yaratdığı müsbət reaksiyanı yaxşı
xatırlayıram. Onda Prezident İlham Əliyevin çağdaş Azərbaycan-Litva
dövlətlərarası münasibətlərini yeni məzmun
və keyfiyyət səviyyəsinə qaldırmaq məsələsinə
xalqlarımızın qədim ədəbi və mədəni
əlaqələrinə, dövlətlərarası
münasibətlərimizin 1918-1920-ci illərdə Cümhuriyyət
dövründə qoyulan təməlinə istinadən
yanaşması, həm də bu əlaqələrin o
taleyüklü dövründə ictimai-siyasi, diplomatik və
mədəni sahələrdə əldə edilmiş ortaq dəyərləri
ön plana çəkməsi, Litva dövlətinin rəhbərliyində,
ölkənin siyasi və mədəni elitasında çox
müsbət rezonans yaratmışdı.
Daha sonra
Prezident Valdas Adamkusun Vilnüsdə bu rəsmi ziyafətdə
söylədiyi nitqində də dövlətlərarası
münasibətlərimizdə qədim Litva-Azərbaycan mədəni
əlaqələrinin, həmçinin, Vintsas Krevenin Azərbaycan
mövzulu əsərlərinin mühüm əhəmiyyət
kəsb etməsi ilə bağlı səslənən məqamlar
aşağıda təqdim olunan parçada öz ifadəsini
obrazlı şəkildə tapıb:
"Zati-Aliləri cənab Prezident İlham Əliyev!
Mən xanımım Alma ilə birlikdə Sizi ölkəmizdə
qəbul edib, xalqlarımızın dostluğu naminə
qapını üzünüzə daha geniş aça
bildiyimiz üçün çox məmnunuq. Yüz ildən
artıq tarixi kökləri olan və bu gün yeni əlaqə
formaları, təzə təşəbbüslər sayəsində
daha da möhkəmlənən bu dostluğu mən olduqca
yüksək qiymətləndirirəm.
Cənab
Prezident!
Sizin bu səfəriniz tarixi səfərdir. Azərbaycanın
dövlət başçısının Litvaya bu ilk rəsmi
səfəri dinamik surətdə inkişaf edən yaxın tərəfdaşlıq
əlaqələrimizin genişlənməsinə,
şübhəsiz ki, yeni təkan verəcəkdir.
2006-cı ildə Azərbaycana rəsmi səfərimi və
2007-ci ilin iyun ayında GUAM ölkələrinin Bakıda
keçirilmiş zirvə görüşündə
iştirakımı böyük məmnuniyyətlə
xatırlayıram. Əldə etdiyiniz iqtisadi uğurlar,
xalqınızın zəhmətkeşliyi, ölkənizin mədəniyyəti
və təbiətin gözəlliyi onda məni məftun etdi.
Mən füsunkar ölkənizə valeh olmuş ilk
litvalı deyiləm. Litva ədəbiyyatının klassiki və Bakı
Universitetinin müəllimi Vintsas Kreve-Mitskəviçyus təxminən
100 il bundan əvvəl yazdığı "Azəristan
ölkəsi" adlı əsərində ölkənizin
gözəlliyini tərənnüm etmiş, litvalıları
xalqınızın mədəniyyəti, mifologiyası və
əfsanələri ilə tanış etmişdir. Yazıçı Vintsas Kreve-Mitskəviçyus bu
gözəl əsəri yazan dövrdə bir çox
litvalılar müstəqil Azərbaycan Cümhuriyyətinin
quruculuq işlərində və ölkənizin ictimai-siyasi həyatında
yaxından iştirak edirdilər".
2007-ci ilin oktyabr
ayında Litva ictimaiyyəti Vintsas Krevenin anadan olmasının
125 illiyinə həsr olunmuş yubiley tədbirlərini
keçirməyə hazırlaşırdı. Həmin ilin sentyabrında Prezident İlham Əliyev
müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri
tarixində ilk dəfə olaraq Litvaya rəsmi səfərə
gəldi. Litva Azərbaycanlıları Cəmiyyəti
və Litva Elmlər Akademiyası bu xoş fürsətdən
istifadə edərək, V.Krevenin xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi
ilə bağlı öncədən təşəbbüslə
çıxış etdilər və Litva Prezidenti Valdas
Adamkusa müvafiq müraciət ünvanladılar. Müraciətdə təklif və xahiş olunurdu
ki, Litva Prezidenti Azərbaycan Prezidenti ilə səfər
çərçivəsində aparılacaq
danışıqlarda bu məsələni də gündəmə
gətirsin. Həqiqətən, dövlət
başçıları danışıqlarda diqqət mərkəzində
duran digər mətləblərlə yanaşı bu məsələni
də müzakirə etdilər və nəticədə bu barədə
ümumi razılığa gəldilər.
2007-ci il sentyabrın 14-də Palanqa şəhərindəki
"Palanqa" hotelində Prezidentlər Valdas Adamkus və
İlham Əliyev Azərbaycan dövlət
başçısının Litvaya rəsmi səfərinin
yekunlarına dair mətbuat üçün bəyanatlarla
çıxış etdilər. Əhəmiyyətli
haldır ki, Prezidentlər danışıqlar zamanı qəbul
olunmuş digər vacib qərarlarla yanaşı, həmçinin,
Vintsas Krevenin xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi
ilə bağlı əldə olunmuş ilkin razılıq
barədə açıqlamalar verdilər.
Litva
Prezidenti Valdas Adamkus bəyanatında həmin
razılığı bu cür açıqladı:
"Cənab
Prezident!
Mən bildirmək istəyirəm ki, bizim klassik
yazıçımız, cəmiyyətinizin görkəmli
xadimi olmuş Vintsas Kreve-Mitskəviçyusun anadan
olmasının 125-ci ildönümü münasibətilə
Bakı şəhərində xatirə lövhəsinin
açılmasına verdiyiniz razılığa görə
Sizə olduqca minnətdaram. Bu, bizim nəinki siyasi
və beynəlxalq sahələrdə əlaqələrimizi,
həm də xalqlarımız arasında mədəni sahədə
münasibətlərimizi möhkəmləndirəcəkdir.
Mən, gələcək əməkdaşlığımız
üçün çox geniş perspektivlər açan bu səfərinizə
görə Sizə bir daha öz təşəkkürümü
bildirirəm".
Azərbaycan
Prezidenti İlham Əliyev isə bəyanatında
sözügedən razılaşmanı belə şərh
etdi:
"Biz mədəniyyət işçilərindən
ibarət nümayəndə heyətlərinin mübadiləsi
barədə razılığa gəldik. Bu, bizim əməkdaşlığı
daha da zənginləşdirəcək. Əlbəttə
ki, xalqlarımız mövcud olan qarşılıqlı
irsimizi qorumalıdır.
Bugünkü razılaşmaya uyğun olaraq, Litvanın
tanınmış dövlət xadimi Vintsas Kreve-Mitskəviçyusun
anadan olmasının 125-ci ildönümü münasibətilə
Bakı şəhərində vaxtilə onun
yaşadığı binaya xatirə lövhəsi
vurulacaqdır.
Bu, ölkələrimiz arasında səmimiliyə və
tarixi münasibətlərimizə dəlalət edən
işarədir".
Azərbaycan
prezidenti İlham Əliyev və Litva prezidenti Valdas Adamkus mətbuata
bəyanatlarla çıxış edən zaman. Palanqa şəhəri,
14 sentyabr 2007-ci il.
2022-ci il mayın 17-də Litva Prezidenti Gitanas Nauseda Azərbaycana
rəsmi səfərə gəldi. Litvanın dövlət
başçısı və Azərbaycan Prezidenti İlham
Əliyev Bakıda həm ikitərəfli əlaqələr
formatında, həm də Avropa İttifaqının Şərq
Tərəfdaşlığı proqramının çoxtərəfli
əməkdaşlıq ölçüsü çərçivəsində konstruktiv danışıqlar
apardılar. Danışıqlar zamanı Cənubi Qafqazda
İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət,
Aİ-nın Şərq Tərəfdaşlığı
platforması kontekstində Aİ ilə Azərbaycan
arasında əlaqələr, o cümlədən, yeni
sazişin imzalanması üzrə danışıqların
yekunlaşdırılması perspektivləri, daha fəal əməkdaşlıq
və strateji enerji tərəfdaşlığı məsələləri,
həmçinin, iqtisadiyyat, ticarət, nəqliyyat, kənd təsərrüfatı,
təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın
bir çox vacib aspektləri geniş şəkildə
müzakirə olundu.
Ölkə başçıları həm təkbətək
görüşlərdə, həm də göstərilən
məsələlərlə bağlı geniş tərkibdə
aparılan müzakirələr zamanı məmnuniyyətlə
ölkələrimiz arasındakı güclü siyasi əlaqələri,
ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin
həllinə kömək edən siyasi dialoqu
vurğuladılar.
Heç
də təsadüfi deyildir ki, sözügedən siyasi dialoqa
dəlalət edən və səfər çərçivəsində
xüsusilə diqqət çəkən tədbirlərdən
biri də vaxtilə Vintsas Krevenin dərs dediyi binada - indiki Azərbaycan
Dövlət İqtisad Universitetində V.Kreve adına
auditoriyanın və onun xatirə barelyefinin
açılış mərasimi oldu. Bununla yanaşı,
V.Krevenin Bakıdakı fəaliyyəti və onun 28 aprel işğalından sonra
Litva konsulluğunun adından sənəd düzəltmə
yolu ilə ölümdən xilas etdiyi minlərlə insan
haqqında Prezident G.Nausedanın verdiyi bilgiləri də bu səfərin
vacib siyasi məqamlarından biri kimi dəyərləndirmək
istərdik. Bu bilgilər Litva dövlət
başçısının Azərbaycana rəsmi səfərinin
yekunlarına dair Azərbaycan və Litva Prezidentlərinin 18
may 2022-ci ildə mətbuata bəyanatlarla
çıxışı zamanı Prezident Gitanas Nausedanın
verdiyi bəyanatdan aşağıda təqdim olunan
parçada yer alıb:
"Zati-Aliləri Prezident İlham Əliyev!
Nümayəndə heyətimlə birgə Azərbaycana
səfərə gəlmək çox xoşdur.
Təhsil sahəsi üzrə nümayəndə
heyəti də Azərbaycana gəlib. Litva universitetlərinin
rektorları ali təhsil sahəsində əməkdaşlığı
gücləndirmək istəyirlər. Əsas məqsəd
Azərbaycan universitetləri ilə birgə ikili diplom - təhsil
proqramlarının qurulmasıdır.
Bu kontekstdə demək istəyirəm ki, həyat
yoldaşım Diana indi Azərbaycan Dövlət İqtisad
Universitetində auditoriyanın açılış mərasimindədir. Auditoriya
litvalı yazıçı Vintsas Kreve-Mitskəviçyusun
adını daşıyır. Vintsas Kreve
görkəmli və müstəsna bir şəxsiyyət idi.
O, yüz il öncə, 1919-1920-ci illərdə
müstəqil Azərbaycan Respublikasında Litva konsulu kimi
çalışmışdır. Konsul V.Kreve
Litva Respublikasının vətəndaşlığı sənədlərini
vermək yolu ilə minlərlə insanı bolşeviklərin
qırmızı terrorundan xilas etmişdir.
Cənab
Prezident, bizi Bakıda səmimi qarşıladığınıza
görə təşəkkür edirəm və Sizi
Vilnüsə səfərə dəvət edirəm".
Litva
prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfəri
çərçivəsində Prezident İlham Əliyevlə
görüş zamanı. Bakı, 18 may 2022-ci il.
Düşünürük
ki, V.Krevenin fəaliyyətinin Bakı dövrü ilə
bağlı Prezidentlərin çıxışlarından
yuxarıda təqdim olunan parçalarda yer almış
istinadlar və dəyərləndirmələr, həmçinin,
mədəniyyət siyasətimizi litvalıların
dünyagörüşünə və düşüncə
tərzinə uyğun şəkildə həyata keçirmək
üçün olduqca münbit bir zəmin yaradır və
geniş imkanlar açır.
İkitərəfli beynəlxalq münasibətləri
ortaq təmas nöqtələrinə söykənərək
inkişaf etdirmək işində xalqlar arasındakı qədim
mədəni əlaqələr müstəsna rol oynayır. Çünki
bu əlaqələr, ilk növbədə hər iki xalqın
tarix və mədəniyyətinin ayrılmaz tərkib hissəsidir.
Mədəniyyətlərarası
əlaqələrdə və dövlətlərarası
münasibətlərdə isə yüksək səviyyəli
anlaşmalar əldə etmək üçün xalqların
bir-birinin tarixi və mədəniyyəti ilə yaxından tanış olması faktoru getdikcə aktual
mahiyyət kəsb edir. Bu mənada beynəlxalq
ictimai əlaqələri ictimai diplomatiyanın (və ya xalq
diplomatiyasının) bir forması saymaq olar. İctimai diplomatiya, əsasən iki yönümdə
- kommunikativ və mədəniyyət diplomatiyası siyasəti
istiqamətlərində həyata keçirilir ki, onun məqsədlərindən
biri ölkələr və xalqlar arasında bilavasitə təmas
nöqtələrini tapıb ölkənin siyasəti və dəyərləri
haqqında daha çox bilgilər verməkdir.
Digər tərəfdənsə ictimai diplomatiya güvənli,
faydalı və dayanıqlı beynəlxalq əlaqələrin
inkişafına xidmət edən daşıyıcı seqment
olaraq, həm də ölkələrin bir-biri ilə konstruktiv
və məhsuldar əlaqələr qurmaq səyləri ilə
uzlaşır.
İctimai diplomatiya ilə mədəniyyət diplomatiyası
arasında çox sayda oxşar məqamların olduğunu nəzərə
alaraq, mədəni irsimizi Baltik ölkələrində yaymaq
işinə mədəniyyət siyasəti prizmasından
qısaca nəzər salmaq, Vintsas Kreveni və Azərbaycan mədəniyyətini
bir-birinə bağlayan çoxşaxəli tellər əsasında
müxtəsər şərhlər verərək bu barədə
bəzi fikirləri bildirmək istərdik.
Litva mədəniyyətində
2002-ci, 2007-ci, 2012-ci, 2017-ci və 2022-ci illər Vintsas Krevenin
yubiley illəri kimi qeyd olundu. Göstərilən illərdə
V.Krevenin anadan olmasının 120, 125, 130, 135 və 140 illik
yubileyləri münasibətilə Litva Azərbaycanlıları
Cəmiyyətinin təşkilatçılığı ilə
keçirilmiş silsilə tədbirləri, həm də Azərbaycan
mədəniyyət siyasətinin bu ölkədə
reallaşdırılması və mədəni irsimizin
yayımlanmasının kreativ üsullarından biri kimi səciyyələndirmək
olardı.
V.Krevenin 125 illik yubiley axşamında iştirak etmiş
Litva və Latviya azərbaycanlıları diasporunun təmsilçiləri
Azərbaycanın Litvadakı səfiri Naira Şahtaxtinskaya ilə
birlikdə.
Vilnüs, 30 noyabr 2007-ci il.
Cəmiyyət
sözügedən yubiley tədbirlərini "Litva-Azərbaycan
mədəniyyətlərarası dialoqu" layihəsi
çərçivəsində LR Seyminin Konstitusiya
zalında, Kaunasdakı Litva yazıçıları muzeyində,
V.Krevenin Vilnüsdəki mənzil muzeyində, həmçinin,
yazıçının Subartonis kəndindəki ev-muzeyində,
Litva paytaxtındakı Milli İcmalar Evində, Mərkəzi
zabitlər evində, Varena rayonu kitabxanasında, V.Kreve
adına Merkine qəsəbə gimnaziyasında, Varena rayonu
"Merkio kratas" qəzetinin redaksiyasında keçirib.
Bununla yanaşı, Cəmiyyətin təşəbbüsü
ilə "Vilnüs-Bakı: mədəniyyət
körpüləri" mövzusunda beynəlxalq elmi
konfranslar, musiqili-ədəbi axşamlar, dəyirmi masalar təşkil
olunub, kitab sərgiləri və nadir tarixi sənədlərdən
ibarət ekspozisiyalar sərgilənib.
V.Krevenin 120 illik yubileyinə həsr olunmuş tədbirdən
görüntülər. Vilnüs, 29 noyabr 2002-ci il.
Göstərilən
tədbirlər Litva parlamentinin Elm, təhsil və mədəniyyət
komitəsi, Litva Elmlər Akademiyası, LR Mədəniyyət
Nazirliyi, LR Elm və Təhsil Nazirliyi, Litva ədəbiyyatı
və folkloru institutu, Litva Yazıçılar
İttifaqı, Litva Respublikası Hökuməti yanında
Milli azlıqlar və mühacirət departamenti, Vilnüs
şəhər bələdiyyəsi, Varena rayonu bələdiyyəsi,
YUNESKO-nun Litva Milli Komissiyası, habelə digər ictimai-mədəni
qurumlarla və QHT təşkilatları ilə birgə
gerçəkləşdirilib.
V.Krevenin 120 illik yubileyinə həsr olunmuş tədbirdən
görüntülər. Vilnüs, 29 noyabr 2002-ci il.
Tədbirlər
zamanı Azərbaycanın memarlıq abidələri,
İçərişəhər, atəşgahlar və Novruz
ənənələri, Qafqaz Albaniyasının kilsə və
monastırları, İslam məbədləri, milli geyimlər,
yeməklər və musiqi alətləri, xalq musiqisi və rəqsləri,
ədəbiyyat və incəsənət inciləri barədə
süjetlər, Qarabağ tarixinə aid slaydlar, həmçinin,
ölkəmizin rəngarəng təbiət təsvirlərindən
ibarət video görüntülər nümayiş etdirildi.
Muğam musiqisinin müşayiəti ilə,
tanınmış Litva teatr aktyorları və bədii qiraət
ustaları Tomas Vayseta (1933-2018), Dalya Mixelyaviçyute, Virginiya
Koxanskite və Yuozas Şalkauskasın ifasında Nizami, Xaqani,
Mirzə Şəfi Vazeh, Hüseyn Cavid, Səməd
Vurğun, Abdulla Şaiq, Rəsul Rza və Bəxtiyar Vahabzadənin
yaradıcılığından Litva dilinə tərcümə
olunmuş nümunələr səsləndi, V.Krevenin Azərbaycan
mövzulu əsərlərindən parçalar oxundu.
V. Krevenin
120 illik yubileyinə həsr olunmuş tədbirdən
görüntülər. Vilnüs, 29 noyabr 2002-ci il.
V.Krevenin 125 illik yubileyinə həsr olunmuş tədbirdən
görüntülər. Vilnüs, 30 noyabr 2007-ci il.
Bununla bərabər,
həmin tədbirlərdə 1917-1920-ci illərdə Azərbaycanda
getmiş coşqun ictimai-siyasi proseslər,
bolşevik-daşnak hərbi qüvvələri tərəfindən
azərbaycanlılara qarşı törədilən qətliamlar
(1918-ci il mart-aprel soyqırımı, Şamaxı, Quba
qırğınları və s.), Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması və onun Baltik dövlətləri ilə
siyasi əlaqələri, 28 aprel çevrilişi və Azərbaycanın
bolşevik Rusiyası tərəfindən işğal edilməsi
barədə litvalı politoloq və tarixçilərin
çıxışları dinlənildi. İctimaiyyətə
bu hadisələrə aid arxiv sənədlərindən, mətbuat
materiallarından, foto görüntülərdən və
tarixi kitablardan ibarət sənədli ekspozisiyalar təqdim
olundu. Tədbirlər zamanı, həmçinin,
V.Krevenin yaradıcılığında yer almış tarixi,
ədəbi və ictima-siyasi faktlardan istifadə olunmaqla Ermənistan-Azərbaycan,
Qarabağ münaqişəsinin qaynaqları və səbəbləri
barədə bilgilər verildi. Özü
də, bu məlumat və şərhlərin mühüm bir
qismi V.Krevenin "Azəristan ölkəsi" əsəri və
"Bolşeviklər" sənədli oçerki, həmçinin,
onun epistolyar irsi əsasında təqdim olundu.
V.Krevenin 125 illik yubileyinə həsr olunmuş tədbirdən
görüntülər. Vilnüs, 30 noyabr 2007-ci il.
Sözügedən tədbirlərə Litva Elmlər Akademiyasının akademikləri, Litva ədəbiyyatı və folkloru institutunun alimləri, Litva Yazıçılar İttifaqının rəhbərləri, Litva EA Tarix institunun elmi əməkdaşları, Vilnüs Universitetinin professorları, habelə digər elmi, pedaqoji, dini və mədəni qurumların nümayəndələri, LR Xarici işlər və Mədəniyyət nazirliklərinin rəsmiləri, millət vəkilləri, Azərbaycan, Rusiya, Macarıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova dövlətlərinin Litvada akkreditə olunmuş diplomatları, media nümayəndələri, Litva milli azlıqları icmalarının, həmçinin, digər ictimai təşkilatların təmsilçiləri qatılmışdılar. Tədbirlərdə orijinal məruzələr edildi, maraqlı diskussiyalar aparıldı və bütün bunlar ölkə mediası tərəfindən geniş işıqlandırıldı. Mətbuatda 30-dan artıq məqalə, reportaj, müsahibə və icmallar dərc edildi. Tədbirlər barədə 2002-2013-cü illərdə ümumi baxış müddəti 75 dəqiqə olan 5 qısametrajlı sənədli film yaradıldı və Litva milli televiziyasının efirində nümayiş etdirildi.
V.Krevenin
130 illik yubileyinə həsr olunmuş “Vilnüs – Bakı: mədəniyyət
körpüləri” mövzulu beynəlxalq elmi konfransdan
görüntü. Litva Respublikası Seyminin Konstitusiya
zalı. 26 oktyabr 2012-ci il.
Qeyd
olunanlara istinadən belə nəticəyə gəlmək
olar ki, V.Krevenin fəaliyyətinin Bakı dövrü, onun
burada gördüyü əhəmiyyətli işlər və
xalqımızın qədim tarixindən, folklorundan, fəlsəfəsindən
və dini dəyərlərindən yararlanaraq
yaratdığı gözəl əsərlər, Azərbaycan
və Litva arasında salınan möhtəşəm bir
körpü kimi bu gün də xalqlarımız
arasındakı qarşılıqlı anlaşma ənənələrinin
zənginləşməsinə və yeni tarixi şəraitdə
inkişaf edən Azərbaycan-Litva ictimai-siyasi və mədəni
münasibətlərinin optimallaşdırılmasına xidmət
edir, hər iki müstəqil xalqın bir-birinə daha da
yaxınlaşmasına öz səmərəli təsirini
göstərir...
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri, Litva Respublikası Hökuməti yanında Milli
İcmalar Şurasının üzvü
m.gamzajevas@gmail.com
525-ci qəzet .- 2022.- 16 iyul.-
S.16-18.