Rəşad Cabarov: "Rəssamlıq
hər zaman aktualdır"
Müsahibimiz bu günlərdə 45
illik yubileyini qeyd edən Əməkdar rəssam, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Təsviri sənət" kafedrasının
müdiri Rəşad Cabarovdur. Onunla rəssamlığa gələn
yolundan, təsviri sənət sahəsinin hazırkı vəziyyətindən,
pedaqoji fəaliyyətindən danışdıq:
- Rəşad müəllim,
yubileyiniz münasibətiylə sizi təbrik edirik. Ad günlərinə münasibətiniz necədir?
- Təbrikiniz
və diqqətinizçün təşəkkür edirəm.
Ad günlərinə münasibətim hamı
kimi yaxşıdır. Ancaq öz ad
günlərimi xüsusi təmtəraqla keçirməyi
xoşlamıram. Həmişə ailəmlə
birgə öz aramızda qeyd etmişik. Çox
sağolsun bu il universitet rəhbərliyi
diqqət göstərdi və yubileyimlə bağlı tədbir
keçirdi. Ona görə də bu ad
günüm yadda qalan oldu.
- Bəli, bu yubileyinizdə sizin həyat
və yaradıcılığınız haqqında çəkilmiş
sənədli film nümayiş olundu. Filmdən
razı qaldınız? Sizcə, sizi tam
ifadə edə bilib?
- Filmin
rejissoru Ataxan Əliyev çox savadlı, bacarıqlı tələbə
idi. Bu il məzun oldu. O, 10-12 dəqiqənin
içində, fikrimcə, obrazı aça bilmişdi. Filmə baxanlar da təsdiq etdilər və hətta
dedilər ki, biz səni bu filmlə daha yaxşı
tanıdıq. Bu da müəllifin
uğurudur, məncə.
- Filmdə
belə bir nüans var ki, deyirsiz, uşaq vaxtı ilk çəkdiyiniz
rəsmlərdən biri velosiped olub.
- Bəli,
uşaq vaxtı nəsə istəyəndə onu çəkirdim.
Ən böyük arzularımdan biri də
velosipedimin olması idi. Ona görə onu
çəkmişdim. Çəkdiklərimi
də həmişə harasa yapışdırardım. Atam da bunu görüb mənə velosiped
almışdı. Bu, mənimçün ən
böyük və ən gözəl sürpriz idi.
- Arzularınızı ilk dəfə
vərəqə köçürməyiniz velosipeddən
başlayıb. Bəs sonra hansı
arzularınızı kətan üzərinə
köçürdünüz?
-
Böyüdükcə, şəkil çəkmək həyat
tərzimə çevrildikcə arzuları elə də fikirləşməmişəm.
Artıq öz düşüncələrimi,
ürəyimdə olanları işləmişəm. Əvvəllər xalq olaraq hamımızın ortaq
dərdi Qarabağ idi. Doğrudur, bu
mövzuda işləmək çətindir, amma mənim bu
haqda əsərlərim var. Xüsusən, zəfərimizdən
sonra xarıbülbülü işlədim, universitetdə sərgidə
də nümayiş olundu. Amma
xarıbülbülü öz baxışımla, necə
görürəmsə, o cür işlədim, şablon
olmadı. Hər zaman
torpaqlarımızın geri qayıtması arzumuz idi. Şükür ki, bu arzumuza yetdik və onu kətan
üzərində əks etdirdim. Amma indi bu
sualınız mənə yeni bir ideya verdi.
Bəlkə də hansısa arzumu işləyə
bilərəm yenidən. Fikirləşəcəm
bu haqda (gülür).
-
Yaradıcılığınızın əsas mövzusunu nə
təşkil edir?
-
Düzü, mən əsərə başlayarkən öncədən
düşünmürəm, eskiz çəkib onu işləmirəm.
Doğrudur, gün ərzində hansısa fikirlərin
olur, amma o ki emalatxanaya girdin və işə başladın,
bir də görürsən ki, fikirlərindən əsər-əlamət
qalmayıb, tamam başqa bir şey işləmisən. Bir fikirlə başlayıb, başqa bir əsəri
tamamlamağım çox olub. Mövzunu
düşünüb onu işləmək mənimçün
özünü çərçivəyə salmaq deməkdir.
Mən də o çərçivəni sevmirəm.
Boyalarla axtarış edirəm. Ola bilər ki, düşüncələrimi, hisslərimi
sadəcə rənglərlə, predmetsiz ifa edərəm.
Ona görə də konkret mövzum yoxdur.
- Sizinçün rəng nədir?
- Rəng
həyatdır. 2019-cu ildə "Həyatın
rəngləri" adlı sərgim də olmuşdu. Rəngsiz
həyat ola bilməz. Mənimçün
bu həyatın özü elə rəngdən ibarətdir.
Elə sənətçilər var ki, yalnız
ağ-qarayla işləyirlər. Məsələn,
qrafika sahəsində ağ və qarayla
bütün düşüncələrini çatdıra
bilirlər. Mənsə, rəngarəngliyi sevirəm.
Ola bilir ki, bir müddət göy, başqa bir
müddət yaşıl və sair kimi rənglərlə
davam edə bilərəm.
- Daxili dünyanız hansı rəngdədir?
-
Yaşıl və bənövşəyi... Çünki
bu rənglər mənə rahatlıq gətirir və
düşünürəm ki, bu rənglərlə ətrafa
da, tamaşaçıya da rahatlıq, pozitiv enerji ötürə
bilirəm. Qarayla da pozitivlik ötürmək
olar, amma baxır mövzu nədir.
- Yaşınızı nəzərə
alsaq, fikrimcə, sizin bu sənətə gəlişiniz Azərbaycanda
rəssamlığın o qədər də aktual
olmadığı bir dövrə təsadüf edib. Belə bir zamanda bu sənətlə məşğul
olmaq nə dərəcədə çətin və ya
asandır?
- Məncə,
rəssamlıq hər zaman aktualdır. Bu
universitetdə işləyən mən və rəssam dostlarım
həmişə çalışırıq ənənəni
qoruyaq. Təkcə rəssamlıq deyil,
incəsənət özü daim aktualdır. Sadəcə elə dövrlər olur ki, çətin
olur. Bəzən zaman gəlir ki, şərait
yaranır, işlərin yaxşı gedir, bəzən isə
əksinə. Məsələn, Sovet
dövründə vəziyyət nisbətən başqa
cür idi. Alıcılar çox idi.
Dövlət özü də rəsmlər
alırdı. İndi də var bu ənənə,
amma azalıb. İndi qalereyalar var, rəssamlar
öz işlərini təqdim edə bilirlər. Ümumən isə passivlik var, doğrudur. Pandemiyadan sonra isə tamamilə passivlik yaranıb.
Əvvəllər xarici turistlər də olar, əsərlər
alardılar. İndi yoxdur. Lakin bütün bunlar sənəti atmaq
üçün səbəb deyil. Hər
halda biz sənətçilər özümüz
çalışmalıyıq ki, sənətimizi yaşada və
təqdim edə bilək. Gərək bu sənəti
maddiyyata çevirməyək.
- Bu bir az da fanatiklik
deyilmi?
- Bəli,
sənət naminə fanat olmaq lazımdır. Fanat
olmayanda "xalturaya" çevrilir. Ona
görə də gərək sənətini sevib onunla
yaşayasan, aktual olsa da, olmasa da. Gərək
ki, sənətini yaşadıb özün
aktuallaşdırasan və tamaşaçıya
çatdırasan.
- Siz həm
də tələbəyə çatdırırsız bu sənəti.
- Bəli,
tələbələrlə işləmək də çətindir.
Artıq 6 ildir pedaqoji fəaliyyətdəyəm.
Düzdür, elə geniş stajım olmasa da,
deyilənə görə, öhdəsindən gələ
bilirəm az-çox.
Çalışıram ki, ənənələri
qoruyum, akademik bazanı tələbələrə mənimsədim
ki, təməli mükəmməl olsun. Rəssam olmaq
istəyən insan ilk növbədə bu sənətin əlifbasını
bilməlidir. Son kursda və ya magistraturada
baxırıq ki, hansı tələbə akademik bazanı tam
mənimsəyibsə, onlarla artıq çərçivələri
qırıb yaradıcı yanaşmaya başlayırıq.
Bu da hər tələbəylə olmur. Yaxşı tələbə də var, zəif tələbə
də var. Hər birinə fərdi yanaşmaq lazımdır.
Bu da təbii ki, çətin və məsuliyyətlidir.
- Yaxşı rəssam olmaq
üçün nə lazımdır?
-
Yaxşı, düzgün, təmiz ürək
olmalıdır. Çünki sənət
özü sevgidən yaranır. Necə
ki, sevgi xəyanəti sevmir, eləcə də sənət.
Gərək ürəyi təmiz və
dürüst olasan. Rəssam yüksək
hissə, emosiyaya malik olmalı və bunu çatdıra bilməlidir.
Rəssam olmaq üçün məktəb
keçmək vacibdir. "Mən belə
görürəm, belə istəyirəm" demək olmur.
Gördüyünü də savadlı
çatdırmağı bacarmalısan.
- Sənətdə xəyanət nədir?
- Bayaq da
dediyim kimi, "xaltura" məsələsi (gülür). Əgər maddiyyatı düşündünsə,
onda "xaltura"ya gəlib çıxacaqsan. Bu da artıq sənətinə xəyanət etmək
deməkdir. Biri var ki,
düşündüklərini kətan üzərinə
köçürürsən, biri də var, çəkə-çəkə
düşünürsən ki, necə edim, bunu
tamaşaçıya sevdirim, alıcısı olsun bu əsərin.
Bunu düşündünsə, demək, sən
onun əsirinə çevrildin. Artıq bu, sənin
düşündüyün, hiss etdiyin deyil, tələbə
uyğun çəkdiyindir. Bütün bunlar da
sənətə xəyanət deməkdir. Doğrudur, rəssamlıq sənəti bahalı sənətdir.
Materiallar, ləvazimatlar bahadır. Rəssamdan böyük maliyyə tələb edir
ki, yaradıcılığını inkişaf etdirə
bilsin. Amma bu, bütün dövrlərdə,
bütün dünyada belə olub. Rəssama
həmişə dəstək, təkan lazımdır. Bəzən rəssamlar olub ki, böyük istedada malik
olublar, amma şəraitsizlik, pulsuzluq üzündən davam edə
bilməyiblər. Elə insan var ki, bu
cür maddi sıxıntılara dözür və bu yolu
axıracan gedir, eləsi də var ki, dözmür, çəkilir
kənara. Mən şükür edirəm
ki, hələlik balansı saxlamışam. İnşallah ki, heç vaxt sənətimə xəyanət
etmərəm.
- Bu sənətdə kumiriniz kim olub?
- Mən
savadlı, sənətdə sözünü demiş
bütün rəssamları bəyənirəm. Səttar Bəhlulzadənin isə bu mənada yeri mənimçün
ayrıdır. Çünki onunla
bağlı xüsusi xatirəm var. Yadımdadır ki, mən
uşaq olanda anam Səttar Bəhlulzadənin bukletini alıb gətirmişdi.
Orda onun müxtəlif əsərləri
vardı. Uşaq idim, elə də
başım çıxmırdı, amma tez-tez vərəqləyib
əsərlərinə baxırdım. Səttar
Bəhlulzadə mənzərə ustası olub. Onun çəkdiyi hansısa rayonumuzun mənzərəsinə
baxıb deyirdim mən də ora gedəcəm, mən də
çəkəcəm və sair. O kitabın sanki mənim
bu sənəti sevməyimdə xüsusi rolu oldu, həyat
yolumu müəyyənləşdirdi. Səttar
Bəhlulzadə də ilk tanıdığım rəssamlardan
biri oldu. Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə,
Nurhüseyn Mahmudov kimi rəssamlar müəllimim olub və
onlardan ilham almışam. Eləcə də
dünya rəssamları var ki, hamısı mənimçün
ilham mənbəyidir. Amma təbii ki, son nəticədə
özün öz izini qoymalısan.
- Bəs Rəşad Cabarov öz əsərləriylə
bu gün kimlərəsə örnək ola
bilirmi?
- Onu
artıq mən yox, başqaları deyə bilər. Ancaq bəzən tələbələrimin işlərində
görürəm belə bir şeyi. Biz tələbələrlə
akademik tərəfdən çalışırıq. Onda əsərlərin bir-birinə oxşaması
olur. Yaradıcı tərəfdən isə
çalışanda bəzən görürəm ki, nədəsə
mənə oxşatmağa çalışırlar. Bu da normaldır. Çünki
öz yollarını tapana qədər hər kəs
başqalarının iziylə gedir. Tələbələrim
də öz izlərini, öz yollarını tapacaqlar.
- Sənətşünaslar
hazırda Azərbaycanda rəssamlıq məktəbinin
yoxluğundan gileylənirlər. Buna münasibətiniz
necədir?
-Yox, bu fikirlə razı deyiləm.
Rəssamlıq məktəbi yoxdur demək doğru
olmazdı. Məsələn, mən bakalavrda ADMİU-da,
magistraturada isə Rəssamlıq Akademiyasında oxumuşam.
Müəllimim Böyükağa Mirzəzadə olub.
Böyükağa müəllim hazırda Azərbaycanda
tanınmış rəssamların 80 faizinə dərs deyib.
Onların arasında Xalq rəssamları da var. Mən
də fəxr edirəm ki, onun tələbəsiyəm. Əgər
o, bizə dərs deyir, bu məktəbi bizə
ötürürsə, biz də öyrəndiklərimizi tələbələrimizə
ötürürüksə, necə məktəbin
yoxluğundan danışa bilərik? Məsələn,
sizə fakültəmizin arxivindəki rəsm əsərlərini
göstərə bilərəm. Orada bizim 2019-2020-ci illərdə
tələbələrimizin çəkdiyi əsərlər
toplanıb. O rəsmlər tələbələrimizin ənənəyə
vaqifliyini göstərir. Bunlar akademik bazaya tam mənasıyla malik
tələbələrin bütün sərgilərdə
ürəklə çıxaracağımız əl işləridir.
Elə bunlar bizdə məktəbin olduğunu göstərir.
Məncə, məktəb itmir, əksinə, bundan sonra da
yaxşı olacaq. Əgər ənənəi qoruyub saxlaya
bilsək.
- Ənənə
çoxmu vacibdir?
- Bəli,
mü
tləq
şəkildə baza olmalıdır. Müəllif
çəkdiyi əsərdə öz düşüncələrindən,
hisslərindən bəhrələnsə də, hansısa ənənəyə,
akademik bazaya əsaslanmalıdır. Təməl olmasa, rəssam
rəngi də düz vura bilməz.
- Rəssam üçün natura,
poza nümayişçisi vacibdir. Bu sahədə vəziyyət
necədir?
- Bəli,
bizə dərs prosesində də natura çox lazım olur. Amma
təəssüf ki, onu tapmaq çətindir. Hər kəs
buna müsbət yanaşmır. Ona görə də məsələn,
iki fiqurlu, üç fiqurlu çəkməli
olduqlarımızı bir fiqurlu çəkirik. Ümid edirəm
ki, gələcəkdə bu istiqamətdə də işlər
düzələr.
- Hazırda hansı əsərlər
üzərində işləyirsiniz?
- Abşeron mövzusunda əsərlərə başlamışam. Həmçinin, bu yaxında rəssamlarla birgə Şuşada olmuşduq. İstəyirəm "Şuşa İli"nə ithafən əsərlər işləyim. Fikrimdə, iki əsər var. Biri Cıdır düzü, digəri isə Şuşanın abidələri ilə bağlıdır. Onları da işləyəndən sonra yəqin ki, Şuşa muzeyinə təqdim edəcəm.
Şahanə
MÜŞFİQ
525-ci qəzet .- 2022.- 16 iyul.- S.14.