Əlvida, "Bulaq dədə"!
Yazıçı-publisist İntiqam
Mehdizadənin xatirəsinə...
Bilirəm, səsimə səs verməyəcəksiz. Amma yenə
deyirəm, "Salam, İntiqam müəllim! 40 gündür ki, dünyanızı dəyişmisiniz.
Sevinclə kədərin bir-birini əvəzlədiyi,
keşməkeşli yollarında başınızı daim dik
tutub gəzdiyiniz dünyanı tərk edib, haqqın dərgahına
qovuşmusunuz. Bir daha "525-ci qəzet"in
səhifələrində bir-birindən maraqlı, duyğusal
yazılarınızı oxumayacaq, efirdən verilişlərinizi,
müsahibələrinizi, redaksiyada duzlu-məzəli
zarafatlarınızı eşitməyəcəyik. Sizdən qalan o qədər xoş xatirə,
maraqlı söz-söhbət var ki, yəqin ki, bir ömrə
yetməz. Amma lent yazılarınız,
kitablarınız, məqalələriniz yetər ki,
ömürlüyünüzü vərəqləyək, ən
yadda qalan səhifələri sizi lap yaxından tanımayanlar
üçün təqdim edək".
lll
...1945-ci
ildə İsmayıllı rayonunda dünyaya göz
açmışdı İntiqam müəllim. Ailənin yeganə övladı idi. Amma sevənləri o qədər çox idi ki, ona tək
övlad demək olmazdı. Özü isə həmişə
üç xanım həmkarına bacı dedi. Onlara qarşı qardaş missiyasını həmişə
sədaqətlə, şəfqətlə yerinə yetirdi.
Yeri düşəndə jurnalist bacılarının
qələmindən, fədakarlığından
danışdı. Bu gün o bacılar -
Gülbəniz Hüseynova, Zərifə Ağahüseyn
qızı və bəndəniz qardaş itkisindən
qovrula-qovrula danışırıq.
Ailənin tək övladının üzərinə elə
erkən yaşlarından atasızlıq yükü
düşmüşdü. Orta məktəbi bitirib
əksər yaşıdları kimi Bakıya üz tutdu.
Həmin il tale üzünə gülmədi.
2-ci imtahandan kəsildi. Elə
cavanlığından təbiətində romantika vardı.
Sonralar özünün çox məşhur "Karvanın
sarvanı" kitabında yazacaqdı:
Vurulmuşam
neft çilənən daşların
Üstündəki
gur işıqlı yurda mən
Başım
üstə qanad çalan quşların
Eşidirəm
nəğməsini burda mən...
“Elə ki dərslər başladı, daha gedəsi yerim
qalmadı, qara günlərim gəldi, nə gəldi. Bakıda oxuyan
dostlarımdan yana burnumun ucu göynəyir,
özümə yer tapammırdım. Boş-bekar
dayanmayacaqdım ki, işləmək lazımdı. Bəs harda?
Bakıya üz tutdum - havasıyla keçmiş məktəb
yoldaşlarımın nəfəs aldığı
paytaxtımıza. Birgə nəğmələrin doğulduğu, radio ilə Azərbaycana
yayıldığı şəhərə. O nəğmələrin
birində adı çəkilən Neft daşlarında işə
düzəldim.
Rayonumuzdan gələn qohum-qonşulardan eşidirdim ki,
anam dənizdə işləməyimdən nigarandır. Eşidirdim
ki, indiyə qədər hava haqqında məlumatlara o qədər
də qulaq asmayan anam indi bu haqda bir xəbər eşidən
kimi tez radionun səsini artırır. Əgər
diktor Abşeronda güclü külək əsəcəyini
deyirsə, anamın da qəlbində soyuq küləklər əsir,
o gecə səhərə kimi yata bilmir, yarı canı
qalır yanımda".
"...Balam
çox həssas, əsəbi, çox d
a
duyğuludur. Onu bu sayaq dünyaya gətirməyimə
peşmanam. Heç bilmirəm, məndən
sonra onun günü necə olacaq?" - anası
Xanbacı xanım isə belə söyləyirdi.
İşləyə-işləyə sevimli radiosundan,
bir də kitablarından ayrılmadı İntiqam Mehdizadə. Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdi.
"Karvan
sarvanı"ndan sətirlər:
"Beləcə, 1971-ci ilə gəlib yetişdik. Bu arada "Azərbaycan
gəncləri" qəzetində işə düzəldim.
Baş redaktorumuz Qəşəm Aslanov ilə
aramızda yaxşı münasibət vardı. Rəhmətlik mənim yazılarımın bir
vergülünə belə toxunmadan qəzetə verirdi”.
1973-cü ildən isə İntiqam müəllim
özünə müqəddəs məbəd bildiyi Azərbaycan
Radiosunda işləməyə başladı. O günləri belə
xatırlayırdı: "Elə bil dünən idi.
1973-cü ilin martı və məni Azərbaycan
Radiosuna, müdiri olduğum "İncəsənət və
Radio teatrı" şöbəsinə redaktor vəzifəsinə
götürüblər. Başçılıq etdiyim
şöbədə Gülşən Salmanova, Rafiq Səməndər,
Çingiz Kərimov, "Ədəbi-dram"ın o biri
şöbələrində Məmməd Oruc, Dilsuz, Famil...
Hamısı da istedadlı, yeni söz deməkdən yana sinov gedən, savadı, səriştəsiylə
çoxlarından seçilən şöbəyə
hamı həsəd aparır. Baş redaktor Nailə
Muradxanlı əməkdaşlarıyla öyünür. Azərbaycan Radiosunun
efirini bəzəyən bir-birindən maraqlı, dinləyici
zövqünü oxşayan verilişlər məhz bu
redaksiyanın adı ilə bağlıdır".
Çox
keçmədi İntiqam Mehdizadə istedadlı
yazıçı, sonralar ədəbi dünyamıza
"Yaşıl obaların toyu", "Səs",
"Ceviz qurdu", "Dəyirman", "Köç"
kimi gözəl əsərlər bəxş etmiş
Mövlud Süleymanlı ilə birlikdə "Bulaq"
verilişinin araya-ərsəyə gəlməsində əməyi
keçən Vaqif Əlixanlının karvanına
qoşuldu. İntiqam müəllim
gənclik dostu, həmkarı Vaqif Əlixanlıya
ünvanladığı yazısında bunları söyləyəcəkdi:
"Radioda işlədiyim ilk aylar idi. Artıq bir
neçə verilişin redaktorluğunu mənə həvalə
eləmişdin. Günlərin bir
günü də "Nə durmusan, qatılsana "Bulaq dədə"nin
karvanına. Şirvanlısansa, gərək
sözçün heç kimin cibinə girməyəsən"
- dedin. 1973-cü
ilin yayı idi, o verilişin də şan-şöhrətinin
zirvədə olan dəmləri. Mövluddan rüsxət
alıb qatıldım o "karvana", qoşdum, qoşdum...
1991-ci ilin payızınacan, üst-üstə düz 18
il".
Bəli, o zamanlar "Bulaq" mətnlərində
radiomuz üçün əfsanəvi sayıla biləcək
xalq danışıq dilinə gen-bol rəvac verirdi İntiqam
müəllim.
Dilimizin daha dərin qatlarından söz incilərini
tapıb üzə çıxarmaq üçün eldən-elə,
obadan-obaya yolunu salırdı.
Sazın-sözün şöhrətini özünə
qaytarmaq üçün həmkarları ilə birgə
sözün əsl mənasında mücadilə edirdi.
Nəhayət,
keçən əsrin 90-cı illəri... Qələminə,
şəxsiyyətinə dəyər verərək İntiqam
Mehdizadəni Radionun "Gənclik" redaksiyasına baş
redaktor təyin etdilər. O, redaksiyanı dövrün tələblərinə
uyğun olaraq yenidən qurdu. Müstəqillik
ab-havalı verilişlər açdı. "Dan yeri", "Gənc
diplomat", "Mövqe", "Axtarış",
"Duyğu", "Nur seli" (saymaqla tükənməz)
- onun təxəyyülünün məhsulu olan
uzunömürlü verilişlər oldu. Sözümüzün
bu yerində tanınmışların İntiqam Mehdizadə
haqda dediklərini xatırlatmaq istəyirəm.
"İntiqamın
ən əsas keyfiyyətlərindən biri də istedadlı adam olmasıdır. Söhbət
onun təkcə yazıçı, jurnalist kimi istedadından
getmir. O, bir fərd, bir insan kimi istedadlıdır. Mənim İntiqam haqqında ilk ağlıma gələnlər
bunlardır".
Ramiz
Rövşən - şair.
Yeri gəlmişkən, Ramiz Rövşən İntiqam
müəllimin gənclik dostlarındandır. Elə dostunun
şeirlərinin ilk təbliğatçılarından biri də
İntiqam Mehdizadə olub.
"İntiqam müəllim qələminə olduqca
sadiq idi. Qələmi ilə baş-başa qaldığı
vaxtlarda bu dilsiz, ağılsız əşyanın onun
nazı ilə oynadığının, yorulmaq bilmədən
elə hey sağa-sola yortmağının əvəzini
sahibinə nə sayaq qaytardığının tez-tez
şahidi olurduq. Məhsulu
isə ertəsi gün redaksiyada hamımız dadırdıq:
maraqlı, duyğulu yazılar..."
Zərifə
Ağahüseyn qızı jurnalist
"İntiqam
müəllim kişi kimi adam idi. Mərd,
milli, qeyrətli, dostluqda sədaqətli..."
Yazıçı-publisist
Qorxmaz Şıxəliyev
İntiqam Mehdizadə Respublika Mətbuat Fondunun "Dan
ulduzu" mükafatına, Azərbaycan Jurnalistlər Birliyinin
Həsən bəy Zərdabi və "Qızıl qələm"
mükafatlarına layiq görülmüşdü.
Ən böyük mükafatı isə
oxucu məhəbbəti, dinləyici rəğbəti idi.
Bu isə "Həm anamdır, həm qızım"
dediyi Leylanın atasına məktubundan sətirlərdir. Göz
yaşları içində bizə də oxumuşdu rəhmətlik.
"Əzizim canım, mənim könül
naxışım, qəlbimin sultanı ATAM! Sənə
olan minnətdarlıq ürəyimdə əbədi bir hissə
çevrilib, heç zaman məni tərk etməyəcək. Öncə var
olduğun üçün sənə minnətdaram. Sən məni qoruyan mələyim, dayağım, əsl
dostumsan. Baxmayaraq ki, artıq
böyümüşəm, ancaq sənin gücün,
müdrikliyin, ziyan və sevgin mənə hər zaman
lazımdır, bundan sonra gərəyim olacaq. Uşaqlıq da keçdi, gənclik də
ötüşdü, ancaq sənə və anama olan
ehtiyacım keçmədi ki, keçmədi.
Ətrafdakılar mənim qərarlarımı, tərbiyəmi,
ləyaqətimi, həyata baxışımı tərifləyəndə
bunun səndən yana gəldiyini etiraf edirəm.
Sənin sayəndə bu həyata ayrı
gözdə baxıram ki, bunu da hər kəs anlamaz. Bu dözümü, iradəni, həyatın hər
çətinliyinə baxmayaraq, mətin olub qərar verməyi
mənə öyrətdiyinə görə sənə minnətdaram.
Albert Eynşteynin qızına yazdığı məktubundakı
bir fikrə əsaslanıb mənə yazmısan: "Sənin
üçün səssiz-səmirsiz döyünən ürəyimin
içindəkiləri sənə deyə bilmədiyim
üçün peşmanam, qızım". Yəqin
bu sözləri mənə də şamil eləyirsən. Amma yanılırsan,
atam mənim, mən sənin susub demədiklərini də duya
bilən birisiyəm. Axı məni sən
yetişdirmisən, necə duymaya bilərəm? Məgər sevgini etiraf eləməyə söz
lazımdır? Elə olsaydı, mən hər
gün gözəl bildiyimiz saysız-qədərsiz sözlərdən
usanmadan söyləyib səni necə sevdiyimi izhar edərdim.
Lakin gördüm sənə olan sevgilərimi
sözlə bildirməkdənsə, sussam yaxşıdır.
Ancaq 75 yaşının tamamında daha susa
bilmədim, dilimin kilidi açıldı. Səndən
bütün varlığımla tələb etdiyim tək bir
istəyim var ki, o da öz sağlamlığının
qayğısına qalmağındır. Çünki mən
bu dünyada sən yaşayacağın qədər
yaşayacam. Bu dünyada məni
yaşadan, tək güvəndiyim sənin
varlığındır. Bağışla məni, başım tacı, canım
atam, böyüdükcə qocaltdım səni. Öpüb bağrıma basıram səni. Və sonda insanlığın, saflığın,
ziyan, dağ vüqarın qarşısında baş əyirəm. Başın hər
zaman zirvələrdə olsun. Əmin ol ki, sənin
başını əyilməyə qoymayacaq övladların
var! 75 illiyini
candildən alqışlayır və əmr edirəm - ən
azı 100 il yaşayacağına mənə söz ver!"
"Karvanın sarvanı" kitabını
İntiqam müəllim belə bitirib: "Sonluq əvəzinə
6 cümlə: "Bu karvanın səfəri boyu elə hey
düşünürdüm. "Görən mənzil
başına gecikmirik ki?"
İndi sənə üz tuturam, oxucum, könül mülkünə gəlib yetişdikmi? Bilmirəm cavabın nə olacaq? Mənsə hələ yollardayam...
O mülkə
aparan yollarda
Amma
yorulmuşam daha..."
Bu sətirləri
yazandan sonra, "yorulmuşam" deyəndən sonra
"Duyğular" silsiləsini yazdı, yenə efirlərdən
səsi gəldi, son vaxtlar isə sevimli "Bulağ"ına qayıtdı... Amma fələk
yeni-yeni "Bulaq"ların yaranmasına, yeni kitabını
ərsəyə gətirməsinə imkan vermədi.
"Ölüm sevinməsin qoy..." - Nə etmək olar,
onunla təsəlli tapırıq ki, ocağınızı
Müşfiq kimi layiqli oğlunuz sönməyə qoymayacaq,
İntiqam müəllim! Kim bilir, sevimli həyat yoldaşınız
Züleyxanın adını daşıyan nəvəniz,
Mehdiyevlər nəslinin davamçısı oğul nəvəniz
Orxan günlərin bir günü sizin yarımçıq
qalmış kitabınızı tamamlayacaq.
Biz,
İntiqamsevərlər - sizin həmkarlarınız, yetirmələrinizsə
ürəkdən deyirik: "Biz sizi heç vaxt
unutmayacağıq, dəyərli İntiqam müəllim!"
Ruhunuz şad olsun!
Aybəniz Məmmədəliyeva Azərbaycan
Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı,
Həsən bəy Zərdabi mükafatı laureatı
525-ci qəzet .- 2022.- 16 iyul.- S.14.