Nəsillərin bəhrələndiyi
elm ümmanı
Xəlil
Yusifli! Bu ad ölkəmizdə tələbə adını
qazanaraq ali məktəblərin filologiya fakültəsinə
daxil olan hər bir Azərbaycan gəncinin yaddaşında
silinməz izlər buraxdığı kimi (bu mənada Gəncə
Dövlət Universitetinin tələbləri daha
şanslıdırlar, çünki Xəlil müəllimdən
canlı Ustad dərsi alırlar), Azərbaycan humanitar elminin,
xüsusən Azərbaycan ədəbiyyatının qədim
və orta əsrlər dövrünün tədqiqi ilə məşğul
olan bir çox alimin də istinad etdiyi, bəhrələndiyi
mütəfəkkir alimlərdən biridir. X.Yusifli
Azərbaycan ədəbi-mədəni mühitinə
bütün ruhu, varlığı ilə bağlanan və ona
şərəflə xidmət edən bir insandır. O,
zəngin zəkası, məntiqi mühakimə qabiliyyəti
ilə elm aləminə gəldiyi ilk anlardan müəllimləri
olmuş Həmid Araslı, Mirzağa Quluzadə və
başqa onlarla alimin nəzər-diqqətini cəlb
etmişdi. Məhz belə korifeylərin, klassiklərin
ətrafında yetişən Xəlil Yusiflidən auditoriyada
ölkəmizin gəncləri təkcə elmin sirlərini
deyil, həm də xeyirxahlığı,
prinsipiallığı, düzlüyü, saflığı
öyrənirlər. Elmi
yaradıcılığının əsas tədqiqat obyekti
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi
olan Xəlil müəllim apardığı sanballı tədqiqatlara
görə də hazırda yaşayan ən nüfuzlu
nizamişünas alimlərdən biridir. Sistemli tədqiqat
işinə "Nizaminin lirikası" ilə başlayıb
"Şərqdə intibah və Nizami Gəncəvi"
mövzusunda doktorluq müdafiə edən Xəlil Yusiflinin
araşdırmalarında Nizami Gəncəvi
yaradıcılığının elə bir sahəsi yoxdur
ki, bu və ya digər şəkildə ondan bəhs edilməsin.
Məhz bunun nəticəsidir ki, Gəncə
deyiləndə Nizami Gəncəvi xatırlandığı
kimi, Xəlil Yusifli deyəndə də Nizami Gəncəvini
xatırlamamaq mümkün deyil. Xüsusilə həm
yazdığı monoqrafiyalarda, həm də iştirak etdiyi
yerli və beynəlxalq konfranslarda dahi şairimizin milli mənsubiyyəti
ilə bağlı söylədiyi elmi və əsaslandırılmış
dəlilləri, əlbəttə ki, nizamişünaslıq
sahəsində gördüyü işlərin hələ bir
qismidir. Qeyd etdiyimi məsələ ilə
bağlı sadəcə bir fakta müraciət etmək istəyirəm.
Alim 11.04.2013-cü il tarixində
"Ədəbiyyat qəzeti"ndə dərc edilmiş
"Nizaminin etnik mənsubiyyəti: həqiqət və
uydurmalar" məqaləsində yazır: "Nizaminin etnik mənsubluğu
onun əsərlərindən gün kimi aydındır. Özünü dünyanın və bütün
insanlığın şairi hesab edən bu dahi insan, fövqəlalim
və sənətkar yeri düşdükcə hansı etnosa
mənsub olduğunu bildirməkdən də çəkinmir.
Onun Azərbaycan türkcəsində
yazılmış əsərləri gəlib bizə
çatmasa da, biz bu qənaətdəyik ki, bu bənzərsiz
şair doğma türkcədə də əsərlər
yazmışdır. Onun əsasən farsca
yazması dövrün, zamanın tələbi idi. Sarayların tələbi idi. Nizaminin
türklüyünü danan, onun bir fars olduğunu iddia edənlərin
yanlış, xəstə müddəalarını rədd
edir və belə düşünürük ki, uydurma
üsullarla Nizaminin türklüyü haqqındakı həqiqəti
danmaq mümkünsüzdür".
Qayğıkeş alimin Azərbaycan
nizamişünaslığının inkişafındakı
xidmətləri birmənalı olaraq misilsizdir. Bu mənada ölkə
Prezidentinin latın qrafikalı nəşrlərlə
bağlı 2004-cü ildə imzaladığı Sərəncamda
Nizami Gəncəvinin yeddi kitabının nəşrə
hazırlanmasının Xəlil Yusifliyə həvalə edilməsi
bunun bariz nümunəsidir.
Alimin
ömür yoluna qısa nəzər yetirək: Xəlil Həmid
oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli
(keçmiş Əlibayramlı kəndi) kəndində kəndli
ailəsində anadan olub. Atası Həmid
Ömər oğlu Yusifov 1943-cü cü ildə İkinci
Dünya müharibəsində xəbərsiz itkin
düşmüş, o, qardaşı Ömər və
bacısı Mələklə birlikdə anası Tükəzban
Həsən qızının himayəsində
böyümüşdü.
1945-1955-ci illərdə Aslanbəyli kənd orta məktəbində
oxuyub təhsil alıb, 1955-ci ildə Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə daxil olub və
1960-cı ildə həmin universiteti bitirib.
1961-ci ildən
Nizami adına Ədəbiyyat və Dil
İnstitutunda laborant kimi əmək fəaliyyətinə
başlayır. 1962-1965-ci illərdə həmin
institutun Qədim və orta əsrlər ədəbiyyatı
şöbəsinin aspirantı olur, sonra həmin institutun Qədim
və orta əsrlər ədəbiyyatı şöbəsində
əmək fəaliyyətini davam etdirir. 1967-ci ildə
"Nizaminin lirikası" mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək elmlər namizədi
elmi dərəcəsi alır. 1969-cu ildə
müsabiqə yolu ilə Kirovabad Dövlət Pedaqoji
İnstitutunda (İndiki Gəncə Dövlət Universiteti)
baş müəllim vəzifəsini tutur. Həmin vaxtdan indiyə qədər indiki Gəncə
Dövlət Universitetində Dünya və Azərbaycan ədəbiyyatı
tarixindən dərs deməkdədir. 1987-ci ildə "Nizami Gəncəvi
və Şərq İntibahı" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib, 1989-cu ildə professor elmi
adı alıb.
Xəlil Yusiflinin özünün də qeyd etdiyi kimi,
elmi yaradıcılığının ən məhsuldar
dövrü 2012-ci ildən AMEA-nın Gəncə Bölməsinin
nəzdində yaradılan Nizami Gəncəvi Mərkəzinin
rəhbəri olduğu dövrdən başlanıb. Həmin vaxt Prezidentin Sərəncamına
əsasən, Gəncədə Nizami adının əbədiləşdirilməsi,
Nizami Gəncəvi ilə bağlı tədqiqatların
şairin doğma şəhərində daha da intensivləşdirilməsi
məqsədilə fəaliyyətə başlayan mərkəzlərdən
biri də Nizami Gəncəvi Mərkəzi oldu. Və əlbəttə ki, Mərkəz sözün
əsl mənasında Nizami irsi ilə bütövləşən
bir alimə həvalə edilməli idi. Hər zaman Gəncə
ilə, xüsusən Nizami Gəncəvi ilə bağlı
istənilən fəaliyyəti alqışlayan, dəstəkləyən
AMEA Gəncə Bölməsinin sədri akademik Fuad
Əliyevin məsləhəti ilə Xəlil Yusifli Nizami Gəncəvi
Mərkəzinin direktoru təyin edilir. Bütün
bunlarla yanaşı, bu gün də Xəlil müəllimin fəaliyyəti
Elmlər Akademiyası rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilir, məxsusi olaraq
Akademiyanın vitse-prezidenti akademik İsa Həbibbəylinin
daim diqqət mərkəzində olur. Xəlil
müəllimin rəhbərliyi altında Mərkəzdə
Nizami Gəncəvi ilə bağlı müxtəlif istiqamətli
tədqiqatlar davam edir. Onun buradakı fəaliyyəti dövründə
"Nizami Gəncəvi: Sələflər, Xələflər",
"Renessans və Nizami Gəncəvi" (rus dilində) və
başqa monoqrafiyaları nəşr edilib.
Qısa
bioqrafik məlumatlardan da göründüyü kimi, Xəlil
Yusifli əmək fəaliyyətinə Bakı şəhərində
başlasa da, ömrünün çox hissəsini Gəncə
ilə bağladı, akademik Rafael Hüseynovun təbirincə
desək, Gəncə elm mühitinə sanbal qazandıran alim
oldu. Bəlkə də onu Gəncəyə gətirən
elə Nizami ruhu, Nizami eşqi olub. Bütün
hallarda, əlbəttə ki, qazanan Gəncə elmi-ictimaiyyəti,
Gəncə elmi mühitidir. Çünki
Xəlil müəllim kimi elm fədaisinin müasiri olmaq,
onunla eyni şəhərdə yaşamaq birmənalı olaraq
elmin astanasında olmaq deməkdir.
Ömrü boyu Nizami Gəncəvinin həyat və
yaradıcılığının tədqiqi ilə məşğul
olan, bu sahədə 10-a yaxın kitabın ("Nizaminin
lirikası", "Şərqdə İntibah və Nizami Gəncəvi",
"Nizami Gəncəvi: Sələflər və Xələflər"
və b.) və 200-ə yaxın elmi məqalənin müəllifi
Xəlil Yusifli, bütövlükdə Qədim və orta əsrlər
Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından
biridir. O,
"Məhsəti Gəncəvi" (Bakı,
Yazıçı, 1984.) adlı monoqrafiyanın, "Qədim
və orta əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyinin
(Ə.Səfərli ilə 1982, 1998, 2004), "Dünya ədəbiyyatı
tarixi (Antik dövr) (Bakı, Azərnəşr, 1999) dərsliklərinin
müəllifidir.
Klassik ədəbiyyatın
bir çox nümunələrinin tərcüməsi və tərtibi
sahəsində də xeyli iş görüb. M.Əvhədinin
"Cəmşidin camı" (Q.Beqdeli ilə, Bakı, Azərnəşr,
1970; Tehran, 1986; Bakı, 2004), Arif Ərdəbilinin "Fərhadnamə"
(Bakı, 2007), Məhsətinin "Rübailər",
Nizaminin "Sirlər xəzinəsi" (Gəncə, 2008),
"Xosrov və Şirin" (Bakı, Adiloğlu, 2011) və
bir sıra başqaları da bu qəbildəndir.
O, ilk dəfə
Həqirinin "Leyli və Məcnun" poemasını tərtib
edərək geniş ön sözlə nəşr etdirib. 2007-ci ildə Yusifli Xəlil Həmid oğlu Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə
ön söz və çevirmələrlə birlikdə hər
biri 400 səhifə həcmində olan daha yeddi kitab tərtib
edərək nəşr etdirib. Qazi Bürhanəddinin,
Vidadinin, Vaqifin, Seyyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin
əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin
genişliyindən xəbər verir.
O,
klassik Azərbaycan ədəbiyyatının bir çox
nümunələrini mənzum şəkildə tərcümə
edərək nəşrinə nail olmuşdur. Bu tərcümələrin
bir qismi "Hikmət xəzinəsi" adlı müntəxəbatda
(Bakı, 1992) və başqa kitablarda, bir qismi isə ayrıca
kitablar şəklində nəşr olunub. Bundan əlavə,
"Avey, hey" (Gəncə, 2005) və "Hanı o
günlər, hanı?" (Bakı, 2007) adlı şeirlər
kitabları nəşr olunub. Bu kitablarda olan şeirlər daha
çox əruz vəznində yazılıb.
Xəlil
Yusiflinin həm nizamişünaslıq fəaliyyəti, həm
də Azərbaycan ədəbiyyatının, təhsilinin
inkişafındakı xidmətləri müxtəlif dövrlərdə
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində
uzunmüddətli səmərəli fəaliyyətinə
görə Xəlil Həmid oğlu Yusiflini 2009-cu ildə
"Əməkdar elm xadimi" fəxri adına layiq
görüb, 2015-ci ildə isə "Şöhrət"
ordeni ilə təltif edib.
Biz də
istəkli Xəlil müəllimi təbrik edir, ona hələ
uzun illər davam edəcək sağlam, gümrah, əli qələmli,
bəhrəli ömür arzulayırıq!
Əlimuxtar
MUXTAROV, AMEA Gəncə Bölməsinin böyük elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2022.- 19 iyul.- S.15.