Yuqoslaviyaya - indiki üç
ölkəyə səyahət
Rayon komsomol komitəsinin birinci katibi işlədiyim
dövrdə Mərkəzi Komitə yanındakı Sovet Gəncləri
Komitəsi xarici ölkələrə səfərlər təşkil
edirdi. Nədənsə sosialist ölkələrinə
getməyə həvəsim, demək olar ki, yox idi.
Kapitalist ölkələrinə isə az
sayda adamlar gedirdi və bu arealda inhisar komsomol Mərkəzi
Komitəsinin işçilərinin əlində idi. Belə yazılmamış bir qanun var idi ki, guya
onlar hamıdan savadlı və ağıllıdırlar,
ölkəni onlar daha yaxşı təmsil etməyi bacararlar.
Əyalət adamlarına isə yuxarıdan
aşağı baxırdılar, regionlar sıravi əsgərlərin
yaşadığı kazarma hesab olunurdu. Çox
nadir hallarda rayonlardan irəli çəkilənlər ancaq təlimatçı
vəzifəsi ilə kifayətlənməli olur, həmin pillədə
isə "saqqallı uşaqlara"çevrilirdilər.
Yuqoslaviya sosialist ölkəsi adlansa da, əslində,
kommunist cəbhəsinə daxil edilmirdi. SSRİ-nin
başçılıq etdiyi blokdan hələ Stalinin
dövründə uzaqlaşmış, Yuqoslaviya Kommunist
İttifaqına "təftişçi"
yarlığı yapışdırılmışdı.
Ölkə rəhbəri İosip Broz Tito
müstəqil siyasət yeritməyə
çalışır, daha çox Qərbə meyl göstərirdi.
Ona görə də bu ölkəyə səfər
mənim üçün maraqlı gəlirdi.
Moskvadan səfər
edən komsomol fəallarından ibarət bütöv qatar Macarıstan ərazisindən keçməklə
Belqrada gəlib çatdı. Biz tanış
olmayan yeni bir aləmə düşmüşdük. Küçələrdə Qərb ölkələrində
istehsal edilən gözəl minik maşınları
şütüyürdü, hərdən bir gözə dəyən
"Qaz-21" Volqa maşını antilopa sürüsünə
qatılmış kərgədan təsiri
bağışlayırdı. Ölkədə
qeyri-adi bolluq, həm də çox ucuzluq mövcud idi, bu əhalinin
sosial vəziyyətinin bizimkindən xeyli yüksək
olduğunu göstərirdi.
Belqradla tanışlığımız başladı,
şəhər o qədər böyük olmasa da, abad idi,
baş meydanını "Slaviya" adlı göydələn
otel binası bəzəyirdi. Biz Kalamaqdana getdik, bu
söz türk dilindən götürülmüş "Qala
meydanı" demək idi. Balkanlar,
xüsusən Serbiya 1385-ci ildəki Kosovo
döyüşündəki ağır məğlubiyyətdən
sonra Osmanlının itaəti altına
düşmüşdü. Serb millətçisi
Osmanlı sultanı I Muradı qətlə yetirmiş,
taxt-taca onun oğlu Bəyazid yiyələnmişdi. Serblər tabeliyində olduqları imperiyadan qisas
almaq üçün qətl hərəkətinə sonralar
da yol vermişdilər. Gənc serb fanatiki Qavrilo Printsip 1914-cü ilin iyununda
Avstriya-Macarıstan imperiyasının şahzadəsi, imperator
taxt-tacına namizəd olan Frants Ferdinandı və onun
arvadını güllə atəşi ilə qətlə
yetirmişdi. Bu hadisə iki ay sonra Birinci
Dünya müharibəsinin başlanması üçün səbəb
olmasa da, onun üçün bəhanə rolunu
oynamışdı.
Serb dilində xeyli türk sözlərinə rast gəlmək
mümkündür, onlar şirniyyat hazırlamaqda da türklərin
təcrübəsindən geniş istifadə edirlər. Əhalidə
tarixin acı xatirəsinə baxmayaraq, türklərə
qarşı düşmənçilik, hansısa bir qəzəb
hiss olunmurdu. Kalemeqdandan Sava
çayının mənzərəsi və şəhərin
yeni ictimai mərkəzi çox gözəl
görünür. Qalanın divarı
üstündə əlində balta olan serbin heykəli
ucalır. Meydandakı muzeydə Yuqoslaviya
Azadlıq Ordusunun alman nasistlərinə qarşı qəhrəman
mübarizəsi geniş nümayiş etdirilir. Muzeyin divarından asılmış xəritədə
1941-ci ilin dekabrında almanlar Moskvanın 27 km-liyində
olduğu vaxt partizanların ölkə ərazisinin xeyli hissəsinin
alman işğaçılarından azad etdiyi göstərilirdi.
Bu dağlıq ölkənin hər
qarışı igid partizanların qanı ilə
suvarılmışdır. Şəhər
əhalisi paytaxtı azad etmiş Sovet əsgərlərinin
xatirəsini də əziz tuturlar. Böyük
küçələrdən biri paytaxtı azad etmiş
ordunun komandanı Marşal F.İ.Tolbuxinin adını
daşıyır. Şəhərdəki
həlak olmuş Sovet əsgərlərinin qəbirləri səliqə-sahmandan,
xilaskara bəslənən insanlıq hisslərindən xəbər
verir. Burada tankist Mişa adlandırılan
döyüşçünün qəbri belqradlıların
xüsusi ehtiram simvoluna çevrilmişdir.
Belqrad hündürlükdə yerləşir, olduqca
yaxşı havası vardır, çünki şəhəri
qərbdən Avala dağı, şərqdən isə
Fruskaqora əhatə edir. Bu dağlarda adamın
ciyərləri təmiz oksigenlə dolur, sinə dolusu nəfəs
almaq istəyirsən. Avala dağında mənzərəni
Yuqoslaviyanı təşkil edən altı respublikanın təcəssümü
kimi yan-yana dayanmış qadın heykəlləri bəzəyir.
Burada həm də Yuqoslaviyanın azad
olunmasının növbəti ildönümü təntənəsində
iştirak etməyə gəlmiş və təyyarənin
dağa çırpılmasına görə həlak
olmuş Sovet İttifaqı Marşalı S.S.Biryuzovun
başçılıq etdiyi nümayəndə heyətinin
xatirəsi şərəfinə olduqca təsirli memorial
yaradılmışdır. Yol qəzaya
düşmüş təyyarənin korpusunu təsvir edir,
onun qanadları da eyni qaydada əks olunmuşdur. Avala "maneə", "sığınacaq"
deməkdir. Dağ Sovet veteran hərbçilərinin
taleyində oynadığı rola görə hər iki mənanı
doğruldur, həm uçub yerə enmələrinə
ölümcül qaydada mane olmuş, həm də
ömürlərində onlara sonuncu
sığınacağı vermişdi. Fruskoqorada isə
adamların istirahəti üçün ağac gövdələrindən
stol və oturacaqlar düzəldilmişdir,
meşədə dincəlməyə gəlmiş adamlar
üçün yaxşı şərait mövcuddur. Mart ayında belə, yaz havası hiss olunurdu, lakin səhərlər
Belqradın havasını daş kömür
sobalarının qazı korlayırdı.
Yuqoslaviyada
tanış olduğumuz ser
blər,
xorvatlar və slovenlər SSRİ-yə, onun xalqına olduqca
yaxşı hisslər bəsləyirdilər. Belqrad
küçələrində bizim Sovet İttifaqından
olduğumuzu bildikdə, israrla restorana dəvət edirdilər
ki, bir qədəh vinyak içək. Xorvatiyada
isə restoranda yeyib-içən qoca kişilər bizim
Mixaylonun vətənindən - Azərbaycandan olduğumuzu
eşitdikdə, bizi qonaq etməyə
çalışdılar. Bizə isə ev
sahibləri - balıqçılıq kooperativinin rəhbərliyi
kəndin gözəl restoranında bolluğu ilə seçilən
ziyafət düzəltmişdi. Biz kənd
qocalarının dəvətindən imtina edə bilmədik.
Belqradda bizi təəccübləndirən
kinoteatrların rahatlığı oldu. Burada
kresloların məxmər örtüyü adamın dincəlməsinə
şərait yaradırdı, bizdə isə əvvəllər
Bakı kinoteatrlarında oturacaqlar taxtadan olmaqla narahatlıq təsiri
bağışlayırdı. Həm də
kino zalına palto, ya plaşla girməyə icazə verilmir,
teatrlarda olan kimi soyunub onu qarderoba təhvil verirsən. Sonralar Avropanın başqa şəhərlərində,
Moskva və Leninqradda mən bu qaydaya rast gəlməmişdim.
Digər xoşagələn bir cəhət isə
belqradlıların uşaqların dəcəlliyinə
qarşı tolerantlığı idi. Qaraçı
uşaqlar tramvayın buksir dəmirinin üstündə
oturur, sürətlə gedən tramvaydan tullanıb
düşürdülər. Onlara heç
kəs acıqlanmırdı. Yaponiya səfirliyinin
pəncərəsindən isə biz maraqla bonsaya - karlik
kriptomeriya ağacına tamaşa etdik.
Bir neçə gün Belqradda qaldıqdan sonra biz
avtobusla Lyublyanaya - Sloveniyanın paytaxtına yola
düşdük. Bildirdilər ki, məsafə 600 km-dir, bu, bizi qorxutdu,
çünki öz ölkəmizdə bu məsafədə
yolu qət etmək heç də asan məsələ deyildi,
əslində ölkə daxilində bir istiqamətdə belə
uzaq yolumuz da yox idi. Çünki bizdə yollar
bərbad vəziyyətdə idi. Lakin bu
yol transavropa yolunun bir hissəsi idi, materikin şimalından cənubuna,
oradan isə Asiyaya - Türkiyə ərazisinə keçirdi.
Aqata Kristinin macəralarını təsvir etdiyi Orient (Şərq)
ekspress qatarı Belqraddan və Yuqoslaviya ərazisindən
keçdiyi kimi, biz Sovet gəncləri də iki respublika
torpaqlarını adlayıb üçüncüsünə,
lap İtaliya sərhədinə gəlib
çıxmışdıq.
Həm də yol boyu Belqradın özünü gəzəndə
olduğu kimi, qu quşununkuna bənzər boynu ona xüsusi
gözəllik verən bələdçi qız
avtobusdakıları rus mahnılarını oxumağa sövq
edirdi, özü bu şərqiləri əzbər bilir,
ustalıqla ifa edirdi. Biz azərbaycanlılar isə bu sahədə
onlarla ayaqlaşa bilmədiyimizi göstərirdik, bəzən
mızıldanırdıqsa, bundan da heç nə
alınmırdı, açıq gözə şarpan
kompleksimiz bizi özümüzə real qiymət verməyə
məcbur edirdi.
Səfərə getdiyimizdən bir az əvvəl respublika komsomolunun qurultayının başa çatmasının səhəri günü partiya Mərkəzi Komitəsinin bürosu şəhər və rayon komitəsinin katiblərini qəbul etdi. Mənə tapşırıq verilmişdi ki, görüşdə çıxış edim, bundan imtina etmişdim, çünki bir gün əvvəl qurultayda tənqidi çıxış etmiş, Kənd Tikinti Nazirliyini rayondakı bir məktəb binasının inşasını 10 il ərzində başa çatdırmadığına görə ittiham etmişdim. Qurultayın sonunda Ümumittifaq komsomolu Mərkəzi Komitəsinin katibi kimi onun işində iştirak edən Ə.X.Vəzirov mənim çıxışımın ruhunu bəyəndiyini qeyd etməklə yanaşı, şikayətlənməyimi əsassız sayaraq, "komsomolun özü məktəb binasını tikib başa çatdırmalıdır" dedi. Büro üzvləri ilə görüşdə üçüncü mənə söz verdilər. Mən qurultayda tənqid olunmağımla razılaşmadığımı dedikdə, MK-nın birinci katibi V.Y.Axundov mənim tənqidimin haqlı olduğunu bildirdi. Vəzirov istədi ki, mikrofonla nəsə desin, lakin Axundov ona imkan vermədi.
Sonra Vəli Yusifoğlu yekun nitqində bir çox məsələlərə toxundu və süfrə mədəniyyətimizdən danışdı. O dedi ki, bu yaxınlarda Tbilisidə rəsmi tədbirdə iştirak etdikdən sonra, ziyafətin də qonağı olmuşdu. Gürcülər bütün məclis boyu xorla, özüdə polifonik qaydada oxuyurdular. Qayıdanda Qazaxda oldum, təklif etdim ki, bəlkə, biz də süfrə arxasında oxuyaq. Biri təklif etdi ki, mən "Koroğlu" operasından baş qəhrəmanın ariyasını oxuya bilərəm. Buna bənzər, o qədər də uyğun olmayan təkliflər eşidildi. Biz yaxşı ənənələri yaşatmağa da çalışmalıyıq, niyə bizim musiqiyə diqqətimizi yalnız qulaqların inhisarı ilə yekunlaşdırmalıyıq. Biz məclislərdə oxumağı, özü də birgə oxumağı tətbiq etsək, musiqimizin populyarlığının yüksəlməsinə nail ola bilərik. Təəssüf ki, respublika rəhbərinin bu məsələdəki nəsihəti öz real tətbiqini tapmadı, biz məclislərdə yenə əvvəlki tək izafi yeməyi və içməyi şənliyin başlıca əlaməti hesab etməkdən uzaqlaşa bilmirik.
Ona görə də Yuqoslaviyadakı səfər boyu Avropada da yayılan rus mahnılarını oxuya bilmədiyimizə görə öz natamamlıq kompleksimizi gizlədə bilmirdik. Axı avtobusda, ya süfrə arxasında biliyi göstərmək tələb olunmur, məclisə şənlik vermək qabiliyyəti önə çəkilir. Bu məsələdə isə biz geridə qalmaqda davam edirik. Şamaxı rayon partiya komitəsinin birinci katibi Feyruz Mustafayev danışırdı ki, Gürcüstan SSR-nin 60 illiyi təntənələrində iştirak etməyə Heydər Əliyev məni də aparmışdı, çünki bu vaxt artıq o, Sosialist Əməyi Qəhrəmanı idi. Eduard Şevardnadze böyük ziyafət təşkil etmişdi, bir-iki sağlıqdan sonra gürcülər oxumağa başladılar. Məclis yeyib-içməkdən çox filarmoniya zalını xatırladırdı. Heydər Əliyev Feyruz müəllimə müraciət edib deyib ki, biz belə sakit dayanmaqla biabır oluruq, sənin səsin var, bir şey oxu. O, "Ay qara qız" mahnısını avazla oxumağa başlayanda, gürcülər susdular və axırda ona əl çaldılar. Heydər Əliyev raykom katibinə razılıq edibmiş ki, bizi vəziyyətdən çıxara bildin. Amma həmin mahnının ruhu gürcü şərqilərinə heç cür uyğun gələ bilməzdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet 2022.- 19 iyul.- S.13.