"İgidlərin sözü"ndən "Əsrlərin sədası"na

 

BU İL VAQİF POEZİYA GÜNLƏRİNDƏ ŞUŞAYA ÇOX YARAŞAN İKİ MÖHTƏŞƏM KOMPOZİSİYA TƏQDİM OLUNDU

 

Bu günlərdə mədəniyyət paytaxtımız Şuşada böyük poeziya, sənət bayramı keçirildi. 40 illik tarixə malik Vaqif Poeziya Günləri böyük qələbəmizdən sonra ikinci dəfə idi ki, Şuşamızda təkcə Azərbaycan deyil, Türk dünyası dünya ictimaiyyətinin diqqətini cəlb etməyi bacardı. Ötən il zəfərdən sonra ilk dəfə keçirilən Vaqif Poeziya Günləri, həmçinin, dahi şair, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin bərpadan sonrakı açılışı ilə yadda qalmışdı. Təəssüf ki, həmin dövrdə ölkəmizdə dünyada mövcud olan pandemiya şərtlərinə uyğun olaraq tədbirə ədəbi mühitdən sənət aləmindən çox sayda iştirakçı qatıla bilməmişdi.

Lakin sevindirici haldır ki, o günlər geridə qaldı bu il iyulun 14-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə açılışı baş tutan Vaqif Poeziya Günləri daha möhtəşəm daha böyük heyətlə keçirildi. Ötən ildən fərqli olaraq bu il müəyyən səbəblərdən bu möhtəşəm sənət bayramında iştirak edə bilməsəm , öncə oradakı həmkarlarımın sosial şəbəkə paylaşımlarından, sonra isə tam olaraq televiziya nümayişindən tədbiri izləyə bildim. Məncə, builki Poeziya Günləri ən çox iki möhtəşəm hadisə ilə yadda qaldı. Birincisi, açılış mərasimində "İgidlərin sözü" kompozisiyası ilə 11 Vətən müharibəsində iştirak etmiş, qələmi silaha dəyişərək Qarabağımızın Şuşamızın azadlığında canını, qanını əsirgəməyən şairlərimizin çıxışı idi. Əlbəttə, hər kəsdən öncə onların o torpaqlara getmək, silahla azad etdikləri yurdda bu dəfə qələmlə, sözlə var olmaq haqları danılmazdır. Buna görə bu il təşkilatçılar müşahidə etdiyim qədəriylə şair qazilərimizə haqları olan yüksək dəyəri verərək bu poeziya bayramını məhz onların iştirakı üzərində qurmuşdu.

Poeziya Günlərini yaddaqalan edən ikinci hadisə isə ilk gün açılış mərasimindən sonra Cıdır düzündə təqdim olunan "Əsrlərin sədası" adlı konsert-tamaşa idi. Bu konsert-tamaşa özünün o özəlliyiylə fərqlənirdi ki, başdan-başa şeirlər musiqilər üzərində qurulmuşdu.

Tamaşada öncə şəninə Poeziya Günləri keçirilən, mədəniyyət paytaxtımızda məqbərəsi əzəmətlə var olan şairimiz Molla Pənah Vaqif (Vüsal Murtuzəliyev) səhnəyə çıxaraq özünün məşhur "Durnalar" şeirindən bir parçanı səsləndirir. Oxuyanlara sirr deyil ki, Vaqifin bu şeiri nəhayətsiz həsrətdən, özləmdən xəbər verir. Bu həsrətin davamı kimi Əməkdar artist Fərqanə Qasımova sözügedən şeir əsasında yazılmış mahnını ifa edir. Tamaşanın bu cür başlaması Şuşanın, Qarabağın 30 illik həsrətinə bir göndərmədir, sanki. Vaqif əzəli-əbədi sakinlərindən qoparılmış o torpaqların diliylə durnalara müraciət edir həsrətin sona yetməsini diləyir.

Onun intizarı öncə ən yaxın dostu Molla Vəli Vidadinin (Kərəm Hadızadə) gəlişiylə bir az azalır. Vidadi özünün "Durnalar" şeiriylə səhnəyə çıxır. Sonra Vaqiflə Vidadinin məşhur "Ağlarsan" rədifli deyişməsindən parça ifa olunur. Vaqif bununla öz doğma yurduna - Şuşaya təşrif buyurmuş Vidadini, onun fonunda isə bu gün Vaqif Poeziya Günlərində iştirak edən ziyalılarımızı, incəsənət nümayəndələrimizi salamlayır. Sonra Vaqif bir arzusunu dilə gətirir. O deyir: "Kaş ki, bir məclis qura biləydik. Əsrlərin o tayından şairlərimiz cənnət Şuşamıza təşrif buyuraydılar". Vidadi isə cavabında deyir: "İnanıram ki, onların ruhları indi burda bizimlədir". Bəli, bu, təkcə iki şairin söhbəti deyil, Şuşasına qovuşan bir xalqın arzusudur.

Davamında müğənni Çinarə Məlikzadə dahi Nizami Gəncəvinin sözlərinə yazılmış "Gəlmiş idi" mahnısını ifa edir. Mahnının sədaları altında Vaqifin arzusu, bütün azərbaycanlıların röyası çin olur: əsrlərin o tayından böyük şairlərimiz səhnəyə çıxırlar. Bundan sonra konsert-tamaşa özünün əsas hissəsinə keçid edir. Növbəylə bütün şairlərimiz öz şeirlərini ifa edirlər.

"Əsrlərin sədası" adlı konsert-tamaşada dahi Füzuli (Əməkdar artist Elşən Rüstəmov), Xəqani (Anar Seyfullayev), Xurşidbanu Natəvan (Sevinc Əziz), İmadəddin Nəsimi (Nicat Əli), Məhsəti Gəncəvi (Əməkdar artist Gülzar Qurbanova), Mir Möhsün Nəvvab (Anar Səfiyev), Molla Pənah Vaqif (Vüsal Murtuzəliyev), Molla Vəli Vidadi (Kərəm Hadızadə), Nizami Gəncəvi (Əməkdar artist Murad Məmmədov), Şah İsmayıl Xətai (Sənan Kazımov), Qasım bəy Zakir (Əbülfəz İsgəndərov) kimi görkəmli Azərbaycanın ədiblərinin obrazları canlandırılmışdı.

Musiqili tamaşada Xalq artistləri Gülyanaq Gülyaz Məmmədovalar, Samir Cəfərov, Əməkdar artistlər Fərqanə Qasımova, Qoçaq Əsgərov, Nuriyyə Hüseynova, Anar Şuşalı, Ramil Qasımov, Şəhriyar İmanov, Elnur Mikayılov, müğənni Çinarə Məlikzadə, xanəndələr Sərxan Bünyadzadə, Səbinə Ərəbli Kamilə Nəbiyeva, "Mirvari" rəqs ansamblı (bədii rəhbər Əməkdar artist Nailə Məmmədzadə) öz heyrətamiz çıxışları ilə bir daha Azərbaycanın, Qarabağın necə zəngin, əsarərəngiz musiqi, sənət mədəniyyətinə malik olduğunu sübut etdilər.

"Əsrlərin sədası" adlı konsert-tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov hər obrazı, hər çıxışçını ifaların ardıcıllığını zərgər dəqiqliyiylə seçərək şeir musiqilərdən ibarət vahid sujetə malik, olduqca dinamik maraqlı tamaşa ərsəyə gətirməyi bacardı. Bu, həm onun təkcə söz, obraz duyumunun deyil, musiqi duyumunun, zəngin ədəbiyyat, tarix bilgilərinin araşdırmalarının məhsulu idi. Etiraf edək ki, böyük yaradıcılığa malik müxtəlif dövrlərdə yaşamış şairlərimizin ifa edəcəkləri qəzəlləri seçmək, onları bir səhnədə görüşdürüb, həmsöhbət etmək, bunu edərkən inandırıcılığını itirməmək rejissordan yüksək peşəkarlıq bilik tələb edir. Bu baxımdan da Nicat Kazımovu alqışlamağa təbrik etməyə dəyər.

Poeziya bayramında iştirak edən AYB-nin sədr müavini, şair-publisist Rəşad Məcid Şuşa təəssüratıyla yanaşı, "Əsrlərin sədası" konsert-tamaşasını çox yüksək dəyərləndirdiyini xüsusi vurğuladı. Söhbət əsnasında şair əsl Şuşaya, Vaqif Poeziya Günlərinə layiq kompozisiya hazırladıqları üçün bütün təşkilatçılara, rejissora, aktyor, müğənni heyətinə, rəqqas musiqiçilərə öz təşəkkürünü bildirdiyini dedi.

Konsert-tamaşanın sonluğu isə bir ayrı möhtəşəmliyə malik idi. Əvvəldə durnalara həsrət intizarla müraciət edən tənha Vaqif indi soydaşlarının arasında çox xoşbəxt qayğısız görünürdü. O, bütün auditoriyaya müraciət edərək "xoş gəldiz" deyir. Lakin bu "xoş gəldiz" ifadəsində özünün "birdən gedərlər" təlaşını gizləyə bilmir:

 

Çün gəlibsiz, kərəm edin, dəxi bizdən getmin,

Görməsəm gər sizi bir , ölərəm mən, getmin,

Dolanım başınıza, haqqı sevərsən, getmin,

Gedər olsaz yenə bir gün qayıdın, gen getmin,

Qoymuyun Vaqifi çox da nigaran, xoş gəldiz.

 

Bəli, Vaqif o yurdun, o torpaqların diliylə bizə - azərbaycanlılara müraciət edərək, 30 illik həsrətin təkrarlanmamasını təvəqqe edir. Ancaq əlbəttə, artıq bu torpaqlarda əzəmətli, öz ədalətini öz qolunun gücünə bərpa etmiş bir xalq var. Onun təkrar eyni acıları çəkməyə və çəkdirməyə niyyəti yoxdur. Qarabağ əbədiyyən Azərbaycandır!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet .- 2022.- 19 iyul.- S.8.