"Qaranquş"un xoş müjdələri
Yazın əvvəlləri idi. Bir gün Üzeyir Hacıbəylinin ev-muzeyinə
bəstəkarın xalası
nəvəsi, Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi
Nərminə xanım
Əliverdizadə zəng
etdi. O, şagirdi Zərrin Şükürün
muzeydə çıxışı
üçün muzey
rəhbərliyindən icazə
istəyirdi.
Müəyyənləşdirdiyimiz gün onlar muzeyə gəldilər. Biz kiçik
Zərrinlə tanış olduq. Məlum oldu ki, o, 2009-cu ildə Bakı şəhərində anadan
olub. Zərrin Şükür Bakı
Musiqi Akademiyasının
nəzdində orta ixtisas musiqi məktəb-studiyanın və
Türk Dünyası
Bakı Atatürk Liseyinin 7-ci sinfində təhsil alır. Müəllimi kiçik Zərrinin
uğurlarından söhbət
açdıqca doğrusu,
bu yeniyetmə musiqiçinin bacarığına
heyran qaldıq. Öyrəndik ki, Zərrin 2016-cı ildə
gənc klassik musiqi ifaçılarının
İslam Dünyası
V Beynəlxalq müsabiqəsində
ən kiçik iştirakçı diplomu,
2017-ci ildə Bakıda
"Üzeyir Hacıbəylinin
milli lad sistemi gənc musiqiçilərin
tədris repertuarında"
adlı II Respublika festivalında diplom ilə təltif edilib.
Bunlardan başqa, Zərrin yenə 2017-ci ildə Bakıda keçirilən
"World Harmony" klassik və
folklor musiqisi üzrə I Beynəlxalq Müsabiqədə laureat
olub.
İstedadlı musiqiçinin uğurları
bununla bitmir. O, 2018-ci ildə
Türkiyənin İstanbul
şəhərində keçirilən
Uluslararası Musiqi Festivalının fortepiano üzrə
yarışmasında II dərəcəli
laureat adına
layiq görülüb.
Zərrin, həmçinin, 2019-cu ildə Azərbaycan Təhsil Nazirliyinin dəstəyi və Bakı Media Mərkəzinin
təşkilatçılığı ilə keçirilən
"Simurq" musiqi festivalı müsabiqəsinin
I dərəcəli laureatı
diplomu ilə təltif edilib.
Zərrin Şükürün öz
müəllimi Nərminə
Əliverdizadə ilə
birlikdə milli ladda bir işləməsi
və iki bəstəsi 2017-ci ildə
Moskvanın Elmi Nəşrlər jurnalında
dərc edilib.
Nərminə müəllimənin ən
istedadlı şagirdlərindən
olan Zərrin pianoçu kimi bir çox xarici ölkələrin
professor və müəllimlərindən
mütəmadi olaraq ustad dərsləri alıb və hal-hazırda da almaqda davam edir.
Muzeyimizdə keçirilən tədbirdə
Nərminə xanım
Əliverdizadə öz
şagirdi ilə qürur duyduğunu və onun gələcəkdə
daha böyük uğurlara imza atacağına inandığını
söylədi.
Sonra isə gənc Zərrin royal arxasına keçərək
öz bəstələrindən
nümunələr səsləndirdi. O, Üzeyir
Hacıbəylinin "Leyli
və Məcnun" operasının yaranması
və onun premyerası haqqında ingilis dilində çıxış etdi.
Bu çıxış əsasında videoçarx
hazırlandı. Videoçarxın hazırlanmasında məqsəd
Üzeyir Hacıbəyli
irsini xarici dinləyicilərə daha
çox tanıtdırmaq
idi. Zərrin öz çıxışında
bu təbliğat işində kiçik də olsa əməyi
olduğundan qürur duyduğunu vurğuladı.
Məlum oldu ki, muzeydə
çəkilmiş videoçarx
18 sentyabr - Milli Musiqi Günündə gənc pianoçunun öz "Ztempo" adlı yutub kanalında yayımlanacaq.
Çıxışından sonra bu istedadlı şagird öz müəllimi Nərminə
xanım Əliverdizadəyə
bütün uğurlarına
görə dərin təşəkkürünü bildirdi və müəlliminin onun üçün çəkdiyi
zəhməti heç
zaman itirməyəcəyinə
söz verdi.
Tədbirin sonunda Üzeyir
Hacıbəylinin ev-muzeyinin
direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov qonaqlara tədbirdə iştirak etdiklərinə
görə təşəkkürünü
bildirdi. O, belə istedadlı, zəhmətsevər
azərbaycanlı gənclərin
daha da çox
olmasını arzuladı.
Sonda iştirakçılar Üzeyir
bəyin muzeydəki büstünün önünə
gül dəstələri
düzdülər və
xatirə foto-şəkilləri
çəkdirdilər.
Bu günlərdə
isə 100-dən artıq
yaşı olan Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının
böyük zalında
Zərrin Şükürün
müəllifi olduğu
"Qaranquş" adlı
fortepiano pyesləri albomunun
"Mədəniyyətin Təbliği
və Sosial Təşəbbüslər İctimai
Birliyi"nin informasiya
dəstəyi ilə təqdimat-konserti keçirildi.
Kiçik Zərrin bu fortepiano pyesləri albomunu Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının 100, Orta
ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileyinə ithaf edib. Zərrin, həmçinin,
Bakı Musiqi Akademiyasının dosenti Arzu Məmmədovadan bəstəkarlıq dərsləri
alır və "Qaranquş" onun albom şəklində ilk
işidir. Bu, məktəb-studiyanın fəaliyyəti
dövründə ilk dəfə
rast gəlinən əlamətdar hadisədir.
Belə ki, Zərrin 12 yaşında müəllif
hüququ almış,
öz əsərini geniş dinləyici auditoriyasına təqdim edən və müəllif konserti keçirən ilk şagirddir.
Albomda yer alan bütün
pyeslər "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikası qanununa uyğun olaraq qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Əqli
Mülkiyyət Agentliyi
tərəfindən müstəsna
hal kimi müəlliflik hüquqlarının
sahibi Zərrin Şükür qeyd edilib.
Yeri gəlmişkən qeyd edək ki, Zərrinin
gənc bəstəkar
kimi ilk uğuru 18 oktyabr 2021-ci il tarixində Nyu-Yorkda fəaliyyət göstərən
"Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti"nin
təşkilatçılığı, Amerika-Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla iş üzrə Dövlət Komitəsi, Mədəniyyət
Nazirliyi və Azərbaycanın ABŞ-dakı
Səfirliyinin dəstəyi
ilə keçirilən
"Hacıbəyli Beynəlxalq
Bəstəkarlıq Müsabiqəsi"ndə
olmuşdur. Bu müsabiqədə o, "Ən
gənc bəstəkar"
nominasiyasına layiq görülüb.
Bakı
Musiqi Akademiyasının
böyük zalında
keçirilən Təqdimat-konsertdə
"Qaranquş" albomuna
daxil olan əsərlər müəllifin
özü ilə yanaşı, beynəlxalq
və respublika müsabiqələri laureatları,
Orta İxtisas musiqi məktəb-studiyasının
şagirdləri və
professional pianoçu-pedaqoqlar - beynəlxalq müsabiqələr laureatları
Fəqan Həsənli
və Nuranə Zeynalova tərəfindən
ifa edildi.
Danılmaz faktdır ki, xüsusi istedada malik olan Zərrinin
kiçik yaşlarından
böyük uğurlar
qazanmasının səbəblərindən
biri də professor Tərlan Seyidovun rəhbərliyi ilə Məktəb-studiyanın peşəkar,
nüfuzlu müəllimlərindən
dərs almasıdır. Bu
da Zərrinin fitri
istedadını üzə çıxaran təhsil
aldığı Məktəb-studiyanın müəllim kollektivinin tədris metodikasının beynəlxalq standartlara uyğun, innovativ şəkildə daha
öndə olmasının bariz nümunəsidir.
Bu günlərdə aldığımız daha bir sevindirici xəbər Zərrin Şükürün İtaliyanın Roma şəhərində keçirilən "SONJA PAHOR" adına XIII Avropa fortepiano müsabiqəsində olduqca uğurlu iştirakıdır. Müsabiqənin təşkilat komitəsinin rəsmi açıqlamasında bildirilir ki, Zərrin Şükür öz kateqoriyasında ən yüksək bal (91/100) toplamışdır. Qeyd etməliyik ki, Zərrin nüfuzlu pianoçu-pedaqoqların münsif olduğu müsabiqədə iştirak edən ilk azərbaycanlı pianoçudur.
İncəsənətin
mürəkkəb və keşməkeşli yollarında biz
kiçik Zərrinə daha böyük uğurlar
arzulayırıq.
Gülnarə Ələsgərova
Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər
şöbəsinin müdiri
525-ci qəzet .- 2022.- 16 iyul.- S.12.