Atamın dostları və
"dostları"
İsfəndiyar VAHABZADƏ
(Oğlum Bəxtiyara)
Əgər atan güclü şəxsiyyətdirsə və
əgər sən də onun kimi güclü şəxsiyyət
olmaq istəyirsənsə, birinci növbədə
çalış atanın təsirindən çıxasan;
bunu bacarmasan, ömür boyu atanın kölgəsində
qalacaqsan.
Y.Sezar
- Ay
oğul, faciə onda deyil ki, mənə heç kim zəng etmir, faciə ondadır ki, mənim
özümüm zəng etməyə adamım yoxdur.
(Atamın
mənimlə olan söhbətlərindən)
- Ay
oğul, elə bil, dünya boşalıb, heç kim qalmayıb.
- Yox, ay
ata, dünya boşalmayıb, sən dolmusan.
(Atamla
olan başqa bir söhbətlərdən
Əlbəttə, "dostları" haqqında yox,
dostları haqqında yazacağam. Çünki
"dostları" haqqında nəsə yazsam, buna nə qələm,
nə də dəftər çatdırmaq olar. Çünki "dostları" dostlarından
çox olub. Niyəsini aşağıda
izah edəcəyəm. Həm də
"dostlar" və dostlar hamıda var və hamının
da olub. Bu dünyanın lap əvvəlindən
olub, ən sonuna qədər də olacaq. Çünki
bu dünyada nə "dostlarsız", nə də
dostlarsız keçinmək, yaşamaq mümkündü.
"Dostlar"
həyatı, xəbisliyi, qibtəni, həsədi və
paxıllığı başa salmaqdan, həyatı öyrətməkdən,
bir sözlə, kimin kim olduğunu bildirməkdən
ötrü lazımdır. Bu, həyatın ən
vacib bir məktəbidir, universitetidir. Və
bu "universiteti", bu təhsil ocağını biz
ömrü boyu oxuyuruq, amma başa çatdırıb, diplom
ala bilmirik, təhsilimiz yarımçıq qalır, yarı
yolda qırılır. Ömrü boyu
özlərini müəllim sayan "dostların"
mühazirələrinə qulaq asırıq, amma heç nə
başa düşmürük. Çünki
dərs vəsaiti yoxdur. Dərs vəsaiti
isə elə vaxtaşırı "dostlar" və
dostlarla görüşməkdir, dərdləşməkdir.
Axırda, o da lap axırda bir məsələni
anlayıb başa düşürük ki, insan
"dostluqda" çox səmimi, dostluqda isə qeyri-səmimidir.
lll
Əgər yaşasaydı, bu günlərdə düz
97 yaşı olacaqdı. Amma nə yaxşı
ki, bu günə qədər qalmadı, bu günləri
görmədi, vaxtında dünyasını dəyişdi.
Özü demişkən, "Vaxtında bu
dünyadan üzüsulu getmək, ən böyük mədəniyyətdir.
Amma heyif ki, bu mədəniyyət insanın
özündən asılı deyil və həm də nə
yaxşı ki, bu, insanlardan asılı deyil. Onda hamı mədəniyyətsiz olardı, mədəniyyət
göstərmək heç kimin yadına da düşməzdi.
Nəinki yada düşmək, heç
ağlına belə gətirməzdi".
Yaxşı ki, bu günlərə qədər
qalmadı. Çünki onun yaşadığı dünya
bugünkü dünyadan çox fərqli idi. Onun gördüyü "dostlar" və dostlar da
çox dəyişmişdi. Düz 83 il
5 ay 27 gün yaşadı. Ömür yolu bitdi.
Ömür yolu qurtardı. "Səninki
bura qədərmiş, bundan o yana gedə bilməzsən.
Yolunun qarşısına bir şlaqbaum
qoyuldu". Vəssalam.
Əgər
o dünyadan bu dünyaya baxmaq, heç olmasa 1 dəqiqəliyə
də olsun, bu dünyanı gözucu seyr etmək
mümkün olsaydı, yəqin baxıb, başını
bulayaraq deyərdi: "Nə yaxşı ki, bu dünyadan
vaxtında getmişəm. Bu dünya heç
yaşanılası yer deyil. Bu nə
dünyadır? Heç zəhmət
çəkib, yaşamağına belə dəyməz".
"Dünya duracaq yer deyil ey can səfər eylə"
(İ.Nəsimi).
"Bu dünyada ən çətin məsələ elə
yaşamaqdır" (A.Eynşteyn).
"Dünyada
xoşbəxtlik bir andır, bəlkə, ondan da az, bu bir andan ötrü heç
yaşamağına dəyməz" (A.Şopenhauer).
"Əgər bu dünya pis, bu dünyada yaşamaq
çətin olsaydı, onda biz ölümdən
qorxmazdıq.
Demək həyat yaxşıdır ki, qoyub getmək
istəmirik" (Q.C.Bayron).
"Bəla ondadır ki, bütün insanlar bu
dünyaya xoşbəxtlik dalıyca gəlirlər. Hamı bu
dünyada xoşbəxt, bəxtiyar olmaq istəyir"
(F.Nitşe).
"Dünyada
ən xoşbəxt adam olardım, xoşbəxtlik
dalıyca sürünməsəydim" (B.Vahabzadə).
"İnsanın ən pis və ən yaxşı
günlərində "dostlar" və dostlar onun yanında
olurlar. O zaman
düşmən heç yada da düşmür. Çünki belə günlərdə, düşmən
sənin öz içində olur" (Z.Freyd).
Belə misalları istənilən qədər
artırmaq olar. Çünki hər gün
özümüz də bilmədən onlarla mənasız
olaylarla üzləşir, dərhal da həmin olaylara uyğun
misallar uydururuq.
Həə...
Amma bilmirəm, bu dünyada yaşadığı zaman Bəxtiyar
bəxtiyar ola bildi, ya yox? Çətin
sualdır, dəyə bilmərəm. Məncə... hm... pis yaşamadı. Yolu hamar olmamışdı. Kələ-kötür,
enişli-yoxuşlu yolları çox olmuşdu. Mənəvi cəhətdən həm döyülən
vaxtları olmuşdu, həm də söyülən
vaxtları. Amma heç vaxt heç kimi
cavabsız qoymamışdı. Heç
bir vaxt heç kimin qabağından
qaçmamışdı. Həmişə
də yazdıqlarının, dediklərinin, bir sözlə,
bildiklərinin bəlasına düşərdi. Amma ömrü boyu nə dediklərini dandı, nə
yazdıqlarını, nə də bildiklərini. Başı bəlalar çəksə də, öz
hikkəsini də hər yerdə yeritmişdi. Hər halda pis günlərində də,
yaxşı günlərində də dilində həmişə
"şükür" kəlməsi olmuşdu.
Dünyada ən zəhləsi getdiyi, ən nifrət etdiyi
iş hər hansı bir vəzifə olub. Ömründə
heç bir vəzifəsi-filanı olmamışdı.
Yox... Əgər buna vəzifə demək
mümkünsə. Cəmisi bircə dəfə
olmuşdu. O da, professor Abbas Zamanovun və
bir də professor Əkbər Ağayevin, hər iki rəhmətliklərin
təkidi ilə işlədiyi kafedranın müdiri
olmuşdu. Cəmisi bir semestr. Özü dediyi kimi, anadan əmdiyi süd burnundan gəlmişdi.
Bir semestrdən sonra dedi ki, Abbas yox, Əkbər yox, lap belə
dədəm də qəbirdən durub gəlsə, heç
bir vəzifəyə-filana gedib eləyən deyiləm. Mən
başa düşə bilmirəm, bu camaat bu vəzifə
deyilən şeyə niyə belə can atır? Heyif deyil azadlıq, sərbəstlik, heç kimə
tabe olmamaq və heç kimin də sənə tabe
olmasını görməmək. Və bu
bir semestrdə nə kafedra iclasları keçirdi, nə də
dərs saatlarını bölə bildi. Aləmi
bir-birinə qarışdırmışdı. "Mən
vəzifə adamı deyiləm" - dedi. Ərizə
yazdı və kafedra müdirliyindən çıxdı.
Heç Milli Məclisin iclaslarında da iştirak
etmirdi. O, şair doğulmuşdu - qatı millətçi
şair kimi. Qatı millətçi şair kimi
də yaşadı. Elə qatı millətçi
şair kimi də dünyasını dəyişdi. Heç kimdən asılı olmadı.
Həmişə də zarafatla deyərdi ki,
"balalarımın çörəyi boğazımdan
keçən günü, Allah mənim ömrümü tamam
eləsin".
- Ay ata,
axı niyə belə deyirsən?
- Mənim
öz çörəyim özümə bəsdir.
- Bəs
onda bizi nəyə görə baxıb, böyütmüsən,
əlimizi çörəyə çatdırmısan?
- Öz
ailənizi heç kimidən asılı olmadan,
özünüzü saxlamaq üçün.
Bu illər ərzində qarşısına heç bir
məqsəd-filan qoymasa da, "nəyəsə nail olum"
deyə düşünməsə də,
başqalarının öz qarşılarına qoyduqları
bütün məqsədlərin hamısı gəlib bir-bir
ona çatdı, onu tapdı, onunku oldu. Amma o, özü nail
olduqlarının heç birinə can atmadı da. Ad-san,
şan-şöhrət, məşhurlaşmaq, həmişə,
lap belə ağlı kəsəndən, qibləgah
sandığı, müqəddəs torpaq bildiyi, Türk
dünyasının sevimlisinə çevrilmək,
özünə həmişə müəllim
saydığı Türk dünyasının ən
ulularından da ulu olan Mehmet Akif Ərsoyla adının
qoşa deyilməsi, yanaşı çəkilməsi, onun
heç bir vaxt məqsədi-filanı olmamışdı. Heç qarşısına belə bir fikir də
qoymamışdı. Amma ki, oldu. Ona
görə ki, ən çətin vaxtlarında belə,
heç nədən qorxmaması, çəkinməməsi,
tüpürməli sifətlərə lazım olan vaxt
tüpürməsi, təhqir olunmalı adamları vaxtında
təhqir etməsi, yıxılan adamlara vaxtında arxa
olması, yıxılan ağaclara nəinki balta çalmaq, hətta
o ağaclara dirək olması, dəstək olması,
sözünü heç vaxt heç nədən çəkinmədən
şax üzə deməsi onun sözünü keçərli
etmişdi, onu hökmlü etmişdi. Və elə
buna görə də, yuxarıda bir-bir sadaladıqlarım
onun belə xasiyyətli olmasına görə gəlib onu
tapmışdı, onunku olmuşdu. Və güman etmirəm
ki, bu gün bizlərdən Bəxtiyar qədər Türk
dünyasında, Türk ədəbiyyatında sevilən,
dediklərindən, yazdıqlarından misallar gətirilən
ikinci bir yazar yaxın 20-30 il müddətində
olsun. Hər halda öz sağlığında Türkiyədə
öz adına küçə, məktəb,
litsey, bir neçə Akademiya, təhsil ocaqları, xiyabanlar və
s... və s... olsun. Amma Bəxtiyarda oldu. Hələ olacaq da. Çox
olacaq. Başqa-başqa yerlərdə, qərib-qərib
ölkələrdə, yad-yad məmləkətlərdə.
Hətta bu ad, bu soyad, Türk dünyasına həmişə
nifrət edən Serbiyaya da gedib çıxdı. Belqradda Azərbaycan səfirliyinə paralel bir
küçəyə adı qoyuldu. Türk
dünyasına həmişə düşmən gözü
ilə baxan Rumıniyaya qədər uzandı. Cənubi Koreyanın Universitetlərin birində
Türkşünaslıq kafedrasının birinə adı
verildi. Nə bilim daha nələr, nələr
və nələr oldu. Amma ki, oldu. Özü isə bunların bəzilərini
eşitdi. Uzaqdan-uzağa eşitdi. Jurnallardan oxudu. Bəzilərini də
heç eşitmədi də, oxumadı da. Çünki xəbəri olmadı. Eşitdiklərinin isə heç birini gedib görə
bilmədi. Qocalmışdı, evdən
çölə çıxmırdı, çıxa
bilmirdi, yorulmuşam, çox yorulmuşam deyirdi. Dünya mənə yox, mən dünyaya yük
olmuşam. Və elə bütün bunlara
görə də, həm dostlar qazandı, həm də
"dostlar" qazandı. Əlbəttə,
"dostlar"ı dostlarından qat-qat çox oldu.
Bunu ona deyəndə:
- Ay
oğul, hərənin xasiyyəti bir cür olur. Hamı ilə aranı kəsmək olmaz ki. Hamı ilə aranı kəsmək həyatı
maraqsız edir. Elə həyatı mənalı
edən də, maraqlı edən də, səninlə dostluq edən
"dostlarındır". İnan ki, belə
"dostlar"sız yaşamaq mümkün deyil. Bir də yadında saxla, həmişə düz
danışan adamla heç vaxt yaxından dostluq eləmə,
ona sirrini vermə. Çünki həmişə düz
adamla dostluq etmək həyatı mənasız edir,
çünki nəyin düz və nəyin yalan olduğunu
insanın özündən başqa heç kim
dəqiq bilmir. Həm də, həmişə düz
danışan o adam, vaxt gələr
düz danışmaq xətrinə, başqa birisinin
yanında da düz danışar, sənin sirrini açar, sənin
sözünü deyər.
Tam əminliklə isə deyə bilərəm ki,
düşməni yox idi, kimsə onu özünə
düşmən saya bilərdi, onu sevməyə bilərdi. Bu, həmən
o adamın öz işidir. O isə belə cılız
məsələlərə əhəmiyyət verməzdi.
Çünki mübahisə etdiyi adamlarla, mübahisə
zamanı yüz faiz haqlı olduğunu bildiyi təqdirdə, əgər
buna tam əmin idirsə, o zaman axıra qədər mübahisə
edib, dili ilə həmin adamı və yaxud da adamları
sancıb, dalayıb, sözünü tam deyib, necə deyərlər,
dilinin acısını boşaldıb, indi dəqiq deyə
bilmərəm, qarşısındakını bəlkə də,
təhqir edib, lap belə söyüb, kinini soyudub sakitləşərdi.
Sonra isə, heç 5 dəqiqə keçməmiş həmin
o adamın və yaxud adamların ona sakitcə baxıb
gülümsədiklərini görüb, uşaq kimi
baxışlarını həmin o adamdan və ya adamlardan
qaçırar, daha sonra isə:
- Əəə...
Sən Allah bağışla məni. Bir az əsəbləşdim. Əşşi,
sən mənə fikir vermə. Sözdür
də deyirəm. Bilmirsən ki, mənim
ağzımın qıyığı yoxdur - deyərdi.
Daha sonra isə, həmin adamların
könlünü almağa çalışardı. Amma o adamların, hətta mübahisə zamanı
haqlı olsalar belə, "müdrikcəsinə" atamla
razılaşmaları, hiyləgər bir təmkinlə yeri
oldu-olmadı onu təsdiqləmələri, "bəli-bəli,
tamamilə düz deyirsən, biz səhv etmişik" deyib,
onun vasitəsilə son dərəcə ustalıqla öz
işlərini aşırmaları, kimlərəsə zəng
etdirmələri, istəklərinə nail olmaları, sonra isə
xəbiscəsinə onun üzünə baxıb
gülümsəmələrini isə mən
görürdüm. Hər şeyi başa
düşürdüm. Başa
düşürdüm ki, bütün bunlar hamısı
sünidir. Başa düşürdüm ki, bütün
bunlar dost deyillər, "dost"lardır. Və
başa düşürdüm ki, onlar məqam gözləyirlər.
Öz olmayan və atama çatmayan güclərini
göstərməkdən ötrü fürsət gözləyirlər.
Bütün bunlar isə ən adi, ən adidən
də adi bir həyat epizodlarından biri idi. Bu adi bir hal idi. Amma dəhşət
deyildi. Ən dəhşətlisi isə o
idi ki, onlar başa düşüb görürdülər ki,
mən bütün bunları görürəm, bilirəm və
başa düşürəm. Hətta
mübahisə zamanı, haqlı olduqları vaxt belə, atama
mənasız yerə güzəşt etmələrini
anlayıram. Bəzən bunu çəkinmədən
üzlərinə də deyirdim. Elə ona görə də
atamın o "dostları"nın məndən
zəhlələri gedirdi, elə mənim də onlardan zəndeyi-zəhləm
gedirdi. Və sonralar, o, "dostlar"ın bəzilərinin
gözlədiyi məqamlar gəlib mənə çatdı.
Çünki atam artıq bu dünyada yox idi.
Mən elə belə də bilirdim. Amma bunu da bacarmadılar. Çünki
artıq çox gec idi. Onlar bütün
bu illər ərzində məqam gözləyə-gözləyə
qocalmış və zəifləmişdilər. Mən isə onların mənə sərf etdiyi
vaxtlarda öz üzərimdə
çalışırdım.
lll
Atam övladları içində bir oğul kimi məndən
narazı idi.
Hər bir işimdən narahat idi. Elə bu dünyadan da məndən nigaran getdi.
- Ay ata,
axı, məndən niyə narazısan? Axı, mən neyləmişəm
ki... Sənin hansı sözündən
çıxmışam ki? İndi mən nə iş
görüm ki, sən məndən razı qalasan?
Başını
bulayıb deyərdi:
- Axı,
mən əvvəlcədən nə bilim ki, sən nə
iş tutacaqsan, nə iş görəcəksən
ki, onun da qarşısını vaxtında alım. Sənin
heç mənimlə məsləhətləşən
vaxtın olub ki?.. Sən
öz bildiyini heç dədənə də verən deyilsən
heç vaxt. Həmişə bir işi eləyəndən
sonra məni qoyursan fakt qarşısında. Nə bilim, indi komsomol işi, partiya işi, sovet
orqanı, Ali partiya məktəbində təhsil almaq,
bir-birindən murdar və iyrənc işlər. Sən belə kimə oxşamısan, mən bilmirəm.
Ətraf da elə bilir ki, mən kimlərəsə
ağız açıb səni belə-belə işlərə
düzəldirəm. Guya ki, mən kimlərdənsə
sənə görə, nəsə xahiş edirəm.
- Ay ata,
düşünən qoy elə də düşünsün. Biz ki, bilirik bu belə deyil.
- Axı
ortada mənim adım var. Mənim tənqid etdiklərimə,
lağa qoyub söydüklərimə oğlum xidmət edir. Axı, mən ki bilirəm, sən hansı bir əqidənin
adamısan. Sənin əqidən
başqadır. Ürəyin bir söz deyir, əməlin
başqa bir iş görür, dilin isə bunların tam əksini
danışır, səni tanımaq olmur. Mən antisovet,
disident bir adam, oğlum isə belə.
- Yox, belə-belə
yerlərdə işləmək, get-gedə yuxarı qalxmaq,
pillə-pillə yuxarı dırmanmaq məndən çox sənə
və sizin kimilərə lazımdır ki, özümə
bir mənsəb tutum. Bu alçaq sovet rejimindən
səni və sizin kimi düşünənləri qoruyum.
Canı-dildən bu sovet quruluşunu qoruyan o
kiçik-kiçik məmurlardan, yuxarı qalxmaq
üçün bütün nəslini satmağa hazır olan
o parazitlərdən sizi qoruyum. Hətta bəzilərini
qorumuşam da, amma üzlərinə deməmişəm.
Mən bu cürük ağacın içində
özümə bir yer tutmalıyam ki, sonradan bu ağacı
içindən yeyim. Ağacı qurd
içindən yeyən kimi.
- Bəs
Əfqanıstana niyə getdin? Sənin
Əfqanıstanda nə işin var idi?
Güldüm:
- Elə
bu işin ən əsası da Əfqanıstan idi. Dilim uzun olsun deyə, özümü hər yerdə
sənsiz müdafiə edə bilim, qoruya bilim deyə
getmişdim.
-
Özü də aspiranturanı yarımçıq qoyub
getmişdin.
- Nə
olsun ki? Qayıdıb müdafiə etdim ki...
- Amma əvəzində
elmi karyeran filan qədər gecikdi, ləngidi.
- Yox. Ay
ata, lap vaxtında müdafiə etmişəm, gecikib-zad etməmişəm.
36 yaşında elmlər doktoru adı hər
adama verilmir. Bir-birinin ardıyca həm
namizədlik, həm də doktorluq dissertasiyalarını
yazmaq, müdafiə etmək kiçik məsələ deyil.
Hə... Düzdür, razıyam, bir qədər
gecikdim, çünki sənin o "dostlar"ın mənə
mane olmaq istəyirdilər. Sadəcə
olaraq, bacarmadılar. Və həm də elə
düşünənlər var idi ki, guya bu işdə sən
mənə kömək etmisən. Biz isə
bilirik, bu, belə deyil.
Doğrudur, ən gözləmədiyim adamlar belə
elmi müdafiəmə mane olmaq istəyirdilər. Elə biri
atamın ən yaxın "dostu". Atam
bunu sonralar, lap sonralar bildi. Amma bu "dostlar"
heç nəyə nail ola bilmədilər.
Əvvəla, bu mövzuda ilk dəfə idi ki,
doktorluq müdafiəsi edilirdi. İkincisi,
həmin adamlarla atamın bütün haqqı-salamını
kəsib onları məhkəməyə verməyə
hazırlaşırdım. Onlar isə
bundan xəbər tutub ehtiyatlanmağa
başlamışdılar. Çünki məndən
bunu gözləmirdilər. Çünki dəfələrlə
atamla birgə evlərində olub, evimizdə olub, çörək
kəsmişdik. Üçüncüsü,
mən əfqan idim. Bu da sovet
dövründə ən böyük imtiyazlardan
sayılırdı.
- Ay
oğul, nə olsun ki getdin? Yüz cürə də
xəstəliklə qayıtdın. Baş
ağrısı, yuxusuzluq, ayağın da ki belə.
- Nə
olsun ki, ay ata, kişinin başına iş gələr.
- Axı,
ay oğul, bu kişinin başına həddən artıq
çox işlər gəlir.
Açıb-ağartmaq istəmədiyim, bir çox məsələlərə
görə də məni danlayardı. Bəzən
elə məsələlərə görə məni
danlayırdı ki, eyni səhvlərdən vaxtı ilə
özü də etmişdi. Və hər
ikimizin səhvləri eyni ilə üst-üstə
düşürdü. Sadəcə olaraq onun
keçmiş zamanda etdiyi səhvlər mənim indiki
zamandakı səhvlərimə uyğun gəlirdi... Hm.... Nə uyğun? Lap elə eyni idi,
təkrarı idi. Fərq onda idi ki, o,
vaxtı ilə etdiyi səhvlərinin gələcək zaman nəticələrindən
danışa bilirdi, mən isə yox. Çünki
səhvlərimin gələcək zamanı hələ gəlib
çatmamışdı. Həm də, mən
tam əmin deyildim ki, indiki zaman etdiklərim gələcəkdə
səhvlə nəticələnəcək. Çünki mənim gələcək zamanım hələ
yol gəlirdi, hələ irəlidə idi, mənə
çatmamışdı (Həm də, mən bunu səhv
saymıram). O, isə bunu görürdü.
lll
Amma atamın mənə qarşı olan bu
narazılığı, məncə, əslində belə
deyildi. O,
üzdə narazı idi. Daxilində isə....
yox. Yenə də, heç nə deyə
bilmərəm. Amma hər halda... Məncə... Yenə
də məncə... Bu barədə bir qədər
sonra. Hə.... Hətta bir dəfə
açıb-ağartmaq istəmədiyim bir iş etmişdim.
Yox... Bir dəfə yox, belə məsələlərdən
lap bəlkə də, ən azı 10 dəfə etmişdim.
Atam bundan hardansa xəbər tutub dərhal məni
evinə çağırdı. O ki var danladı. Bütün dilinin zəhərini üstümə
tökdü. Mən də dilimi dinc
qoymadım. Dedi dedim, dedi dedim, sonra heç
yaşını nəzərə almadan, üstümə gəldiyini
görüb, çevrilib qapıdan çıxdım, evə
gəldim. Sonra... Məni yanına çağırıb bir kəlmə:
-
Oğul, çox da mənə fikir vermə. Düz
eləmisən. Hərçənd ki, mən heç istəmərəm
sən belə olasan... Amma lap düz eləmisən. Qabağından yeməmisən. Elə
mən də sənin yerinə olsaydım, belə edərdim.
Elə bəlkə, səndən də
artığını edərdim. Amma
başa düş, mən sənin belə olmağını
qətiyyən istəməzdim. Sən eynən
mənim kimi çılğınsan. Amma
indi çılğınlıq zamanı deyil, belə olma, elə
buna görə də səndən narazıyam, elə buna da
görə səndən narahatam. Evinə
bir saat gec gedən kimi nigaran oluram. Oğul,
məni özündən nigaran qoyma. Sən
böyük həyat məktəbi keçmisən. Müharibənin (Əfqanıstan) odundan, alovundan
keçmisən. Ölüm-itim də
görmüsən, güllə də. Özü
də, mənə qulaq asmadan getmişdin. Sən
oradan qayıdana kimi, mən əlimi Qurandan çəkmirdim.
Oğul, sən oradan qayıtmaya da bilərdin.
Doğrudan da, həyat sənin üçün
bu qədər əhəmiyyətsizdir, bu qədər mənasızdır?
İran İnqilabı, Əfqanıstan müharibəsi... Hmm... Başını hara gəldi
soxursan.
- Yox, ay
ata, həyat mənim üçün çox əhəmiyyətlidir,
lap çox. Əlbəttə, bu bir riskdir,
çox böyük riskdir. İnqilabda da
oldum, müharibədə də. Sonralar sən
və sənin "dostların" elə düşünməsinlər
ki, sənə arxayın olub edirəm. Yox.
Hamının yanında dilim uzun olsun,
özümü sənsiz də qorumaq üçün edirəm.
Hətta sənin kölgəndən
çıxmaq üçün, bir vaxtlar soyadımı da dəyişmişdim.
Doğrudur, əlbəttə, çox axmaq bir iş
tutmuşdum. Amma bütün sənədlərimi
dəyişmək üçün bir ilə yaxın vaxt sərf
etmişdim. Nədi-nədi,
özümü təsdiq etmək istəyirdim.
lll
Yenə deyə bilmərəm, atam bu dünyadan məndən
narazı getdi, yoxsa yox. Bəlkə, mənə olan o
böyük ümidlərini doğrulda bilməmişdim.
Çünki ikilikdə olanda deyərdi ki,
oğul, bütün ümidlərim sənədir.
Söhbətinsə hansı böyük ümidlərdən
getdiyini mən bilmirdim. Bu sözləri mənə tez-tez deyərdi.
...Biz
gec-gec görüşərdik. Bakıda işlədiyim
zamanlar çox vaxt həftələrlə xarici ölkələrdə
ezamiyyətdə olurdum. Daha sonra isə illərlə
xarici ölkələrdə diplomatik xidmətlərdə
olurdum. Həmişə dediyim kimi,
Bakıya çox gec-gec gəlirdim. Aradan bir neçə
il də ötdü. Eyni
söz yenə təkrarlandı.
- Ay ata,
keçən dəfələrdə də bunları
demişdin. Söhbət hansı ümiddən
və hansı ümidlərdən gedir, axı, mən
hansı ümidləri doğrultmamışam?
- ... Həə...
onu sonra bilərsən.
Amma atamın dediyi kimi, nəyi sonralar bilərsəni
indiyə kimi bilmirəm.
Bir
haşiyə: Səhv etmirəmsə, 1988-ci ilin payızı
idi. O zamanlar Mərkəzi Komitədən Ermənistandan
qovulan bütün azərbaycanlıları gəldikləri
qatarla da geri qaytarmaq əmri verilmişdi. Mən
də o zaman şəhər partiya komitəsində məsul vəzifədə
işləyirdim. Əmr gələn kimi,
bütün rayon partiya komitələrində mənim
tabeliyimdə işləyən həmkarlarıma göstəriş
verib vağzala yollandıq. Bütün
vağzal rus əsgərləri ilə dolu idi. Heç kimi içəri buraxmırdılar. Vəsiqələri göstərib içəri
daxil olduq. Qatar yenicə gəlmişdi.
Vağzalda ağız deyəni qulaq
eşitmirdi. Rus əsgərləri amiranə
surətdə Ermənistandan canlarını götürüb
qaçan azərbaycanlılarla olduqca kobud rəftar edirdilər
(Bu barədə "525-ci qəzet"də
yazmışdım). Sözüm bir rus əsgəri
ilə çəp düşdü. Heç
özüm də bilmədən əsgərə necə əl
qaldırıb vurdumsa, dəmir relslərin üstünə
yıxıldı. İkincisini isə, elə
bərk vurdum ki, başı qatarın qapısına dəydi.
Aman... Bütün əsgərlər üstümə
tökülüşdülər. Təpik,
yumruq, avtomatın qundağı, əlqərəz, məni
çırpdığı qədər çırpdılar,
döyə bildikləri qədər döydülər. Doğrudur, arada bir macal tapan kimi başımı
qaldırıb mən də nəsə edirdim. Amma onlar çox, mən isə tək idim. Mənimlə gələnlərin çoxu məni
qoyub qaçmışdılar. Məni
döyən əsgərlər məni sürüyə-sürüyə
aparıb vağzalda yerləşən hərbi komendaturaya gətirdilər.
Məni öldürə də bilərdilər, buna ixtiyarları
da çatırdı. Çünki göstəriş
belə idi. 5-10 dəqiqə söhbətdən
sonra "Yuxarıdan nəsə zəng oldu". Nə danışıb, nə
danışmadılarsa, məni daha da nifrətlə süzməyə
başladılar. Mən də altdan-altdan
baxıb görürdüm ki, mənə əvvəlkindən
də artıq nifrət edirlər. Amma
"yuxarıdan onlara nə deyib, nə deməyiblərsə"
indi daha mənə əl qaldırmağa cəsarətləri
çatmırdı, bir qədər yumşalmışlar.
...Məlum
oldu ki, mənimlə vağzala gələnlərdən biri vəziyyətin
ciddiliyini görüb, dərhal qaçıb harasa zəng
edib, məlumat verib. Məsələdən Azərbaycanda o
dövrdəki MK-də II katib işləyən Polyaniçko
xəbər tutub, bərk əsəbləşib, dərhal aləmi
qatıb bir-birinə:
- Siz kimə
əl qaldırmısız? Əfqanıstan
müharibəsi iştirakçısına. Orden-medallı ehtiyat zabitinə.
Məsələ
bir az da böyüdü. Hər şey ola bilərdi. Mən vurduğum
yerə sərdiyim ikinci əsgərin çənəsi
sınmışdı deyəsən. Daha
sonra yenə də hardansa zəng etdilər. Ordan da nə dedilər, nə demədilərsə,
məni döyən əsgərlər günahı bir-birlərinin
boynuna atmağa başladılar, təlaşa
düşdülər. Bizim təhlükəsizlik
komitəsindən bir nəfər zabit də gəlmişdi.
Uzun sözün qısası, məni gətirdikləri
maşına əyləşdirib Allah-Allahla evə gətirdilər.
Hətta bizim təhlükəsizlik komitəsindən
gələn zabit də mənimlə birlikdə evə gəldi.
Atam dəliyə dönmüşdü.
Üz-gözümə baxıb
qışqıra-qışqıra deyirdi:
- Əə...
rusun biri mənim öz vətənimdə
mənim oğluma əl qaldırsın, biz də heç nə
eləmədən onların üzünə baxaq?
Məni
maşınla evə gətirən o DTK əməkdaşı:
- Bəxtiyar
müəllim, siz heç narahat olmayın. Sizin
oğlunuz onları daha çox döyüb.
- Əə...
Mənim oğlum döyə bilər. Onun buna ixtiyarı var və çatır. Çünki bura onun öz Vətənidir. Bəs onlar kimdir?
Birdən
nə düşündüsə:
- Əə...
Sən də dur rədd ol burdan. Sənin yanında azərbaycanlını
döyürlər, sən də gözlərini döyürsən.
- Axı,
birinci sizin oğlunuz başladı.
- Rədd
ol burdan.
Sonra
üzünü mənə tutaraq:
- Ay sənə
qurban olum, birdən səni öldürərdilər, onda mən
nə edərdim?
-
Heç nə... Canın qurtardı mənim əlimdən.
- ...Oğul belə olma. Bir az xasiyyətini
dəyiş, çox özünə arxayın olma, dəyiş.
Bu hadisədən atamın ən yaxın dostu və
"sirri xuda" adlandırdığı Xudu Məmmədov
xəbər tutdu. Biz qonşu idik. O, 10-cu mərtəbədə
yaşayırdı, mən də 6-cı mərtəbədə.
Bizə gəldi. Son dərəcə
mülayim, həlim xasiyyətli, həmişə az danışan, amma sözü konkret deyən
Xudu müəllim atamın məni danladığını
görüb:
- Bəxtiyar,
əgər sənin oğlun Əfqanıstanda ruslarla birləşib
əfqanlara qarşı döyüşübsə, bəs niyə
öz vətənində özünkülərlə birləşib
rusu döyməsin? Lap yaxşı eyləyib.
Düzdür mən dalaşqan adam deyiləm.
Həm də, artıq o yaşım yoxdu. Amma yəqin ki, mən də belə edərdim.
Atamın başqa bir "dostu", o da, bizə gəldi. Adını qəsdən
çəkmirəm. Çünki
demişdim axı, dostlarından yazacağam,
"dostlarından" yox.
- Yox, Xudu
sən düz demirsən, belə olmaz. İsfəndiyar
atasını pis vəziyyətdə qoyub. İndi atası onu bu vəziyyətdən
çıxartmalıdır.
- İsfəndiyar, artıq özü-özünü bu
vəziyyətdən çıxarıb. Onun vaxtilə
qan bahasına və heç kimə lazım olmayan bir-iki dənə
dəmir-dümürü indi onun dadına çatıb.
Həm də, bu məsələ Bəxtiyar
girişən məsələ deyil və sənə məsləhət
görərdim, gedib bu məsləhəti öz oğluna verəsən.
Ağacdan yerə düşən alma,
öz kökündən uzağa düşmür (Bu hadisədən
bir həftə, 10 gün sonra, Xudu müəllim
dünyasını dəyişdi. Allah rəhmət
eləsin. Bu, ona çox pis təsir
etmişdi).
lll
Əvvəlki fikirlərimə qayıdıram. Yenə bu
söhbətlərin üstündən bir xeyli vaxt
ötdü. Atamın mənə olan
ümidləri barəsində. Nə bilim, deyəsən,
10-15 il, bəlkə, daha çox vaxt
ötmüşdü. Dünyasını dəyişməmişdən
ilyarım əvvəl, bir məsələ ilə
bağlı Bakıya gəlmişdim. Axşam
vaxtı idi. Balkonda oturub çay
içirdik. Səhv etmirəmsə, iyul
ayı idi. Elə ordan-burdan
danışırdıq. Qəfildən dedi ki:
- Nə qədər
yaşayacağımı bilmirəm. Yadındadır,
illər boyu həmişə sənə deyirdim ki, dəyiş,
belə olma. Çünki mənim nələr
çəkdiyimi sən özün də görürdün.
Amma indi isə deyirəm, oğul, elə belə
də qal, dəyişmə, olduğun kimi ol,
qaldığın kimi qal. Məndən
sonra deməsinlər ki, vaxtilə atası sağ idi,
atasına görə şax, ayaq üstə dura bilirdi. İndi isə atası yoxdur deyə dəyişib.
Elə məndən sonra da əyilmə. Elə belə də qal. Mən
adi bir kişinin - Mahmud kişinin oğlu olmuşam. Atama arxayın olmadan öz sözümü həmişə
də demişəm. Sən isə Bəxtiyarn
oğlusan. Heç bir vaxt da mən olmaq
istəməyən mən olmusan. Uzun illər
bundan əvvəl hikkəndən gedib soyadını dəyişdirmişdin
ki, mən də özümə görə bir mənəm.
Yadında qalsın, mən olmaq çətindir.
İstəmirdim ki, mənəvi cəhətdən
döyülməyini-söyülməyimi görüm. Ona görə də, deyirdim ki, dəyiş.
Yooxx... Gördüm bunlar sənə təsir
etmir. Onda gördüm ki, bu
qorxmazlığın, bu əyilməzliyin məndən sənə
keçmədir. Oğul, dəyişmə,
elə mən olaraq da qal. İndi maşaallah, elmlər
doktorusan, professorsan, indi kim nə deyir, qoy
desin. Mənə görəmi olmusan, ya
özünəmi görə olmusan, indi fərqi yoxdur. Biz ki bilirik, əslində bu necədir. Bilən
bilir ki, dissertasiya müdafiəni bir neçə il ləngitdilər. Elə məni də
dissertasiya müdafiəmə bir az
qalmış hər yerdən qovmuşdular. Bu iş elə sənin
də başına gəldi. Dilinin bəlasına
keçdin. Bilən bilir ki, mən işə
qarışmadan özün buna çatdın. Min şükür. Nə isə... Hər kim, kimə görəsə nəyəsə
nail olur. Xarici bir ölkənin akademikisən,
orada ki məni tanıyan yoxdur. Özü
də fəxri üvzü yox, seçilmə yolu ilə
akademik seçildin. Əhsən. Bir
neçə xarici ölkə universitetlərinin professorusan,
doktorusan. Əla. Səfir
rütbən də var, min şükür. Mən çox istərdim ki, bizim Mehmet Fuad
Köprülümüz sən olasan. İndi
neyləyək, alınmadı. Hm... hərçənd
ki, mən bundan narazı olsam da, bilirəm ki, işin bərkə
düşəndə, dadına həmişə çatacaq
"müharibə iştirakçısısan"
sözü var. Mən ki, sənin yerinə gedib
döyüşməmişəm. Elə bunlar səni
möhkəm, şax saxlayır. Məndən sonra sənə
çox hücumlar olacaq, çünki həyatda heç nəyə
nail olmayan uğursuzlar, indi səndən bir az
cavan, bir az yaşlı üstünə hürəcəklər.
Çünki sənin uğurlarında həmişə
məni görüblər. Sənə dil
uzadacaqlar. Belələri çoxdur. Sən güclüsən. Bunların
cavabını mən bu dünyada oldum, ya olmadım, vermisən
və verməlisən. Ürəkli ol.
Sənə qibtə çoxdur. Məndən sonra da, elə belə də qalsan, yenə
də deyəcəklər ki, əə, bu ürəkdən
niyə onda var, bizlərdə yoxdur, bu niyə belə ürəklidir,
bu kimə belə arxalanır? Oğul, həmişə
Allaha arxalan. O zaman mən bu dünyada olmayanda...
- Ay ata, bəsdir
də sən Allah
- Yox, mən
olanı deyirəm.
- Hə...
Özün bacarıqlı oğlansan. Özünə çatacaq qədər pulun olacaq.
Harın adam da deyilsən, heç vaxt
olmamısan. Möhkəm ol, heç kimin də
qabağından qaçma.
Yenə də bilmirəm. Atam məndən
narahat dünyasını dəyişdi, yoxsa yox.
lll
Çox uzatdım. Mövzudan yayındım. Axı, dostlarından yazacaqdım. Dostları çox idi. Dostlarsız
qala bilmirdi. Amma "dostlarsız" da
mümkün deyildi. Zəngləşirdilər,
görüşürdülər. Artıq
hamı get-gedə azalırdı. Həm
dostları, həm də "dostları". Nəslinin "yarpaq tökümü"
başlamışdı. Özü də,
çoxdan başlamışdı. Gözəl
və unudulmaz aktyorumuz Həsənağa Salayev, böyük
alimlərimizdən (sözün əsl mənasında) Məmməd
Cəfər Cəfərov, Əziz Mirəhmədov, Mirəli
Seyidov, özünə həmişə qardaş bildiyi Xudu Məmmədov.
Bunlar artıq dünyada yox idilər. Sonra ikinci nəsil dostları. Gözəl
şairimiz, başdan-ayağa qədər istedad
dağarcığı olan Şahmar Əkbərzadə, atama
hər bir işdə arxa olan, o dövr Bakının ən
sayılan, ən hörmətli, hamı ilə əlaqə
yarada bilən, sənətinə görə mühəndis
olan Azər Ağayev. Atamın ən yaxın
dostları idilər.
lll
Bizlərdə belə bir misal var, deyir, torpağı
sanı yaşayasan. Əlbəttə, bu, mümkün deyil.
Çünki bir ovuc torpaqda ən azı bir milyondan artıq qum dənəsi, qum zərrəci yerləşə
bilər. Amma ki, mən bu sözləri, bu arzumu, atamın lap ən
yaxın bir dostu, indi olmasın, axıra qədər atamın
yanında olan, atamı tək qoymayan, təpədən-dırnağa
qədər yumorlu və eyni qədər təpədən-dırnağa
qədər ciddi bir adam olan
tanınmış hüququşünas, vəkil İkram
Abdullayevi deyirəm. İkram Abdullayev atamın həqiqi,
təmənnasız dostu idi. Aralarında
yaş fərqi çox idi. Ən azı
20-22 yaş atam ondan böyük idi. Mənimlə
isə onun arasında 7-8 yaş fərq var idi. Mən ondan kiçiyəm. Elə
məni də çaşdıran budur ki, indi bilmirəm ona
İkram müəllim deyim, ya İkram əmi. Həm də, axı İkram müəllim
ağsaqqallıq edib mənim toyumda, evimizin ən yaxın
adamı kimi tamadalıq edib (Bu, o vaxtın tamadalarından idi.
Toy da həmin dövrün toylarından idi.
İndikilərdən yox). Atamla
da tanışlığı çox qəribə olub. Amma nə zamandan dostluq ediblər, onu deyə bilmərəm.
Bircə onu bilirəm ki, mən elə göz
açandan İkram müəllimi atamgildə
görmüşəm.
Hə... Bir vaxtlar, səhv etmirəmsə, İkram müəllim
Ağdamda müstəntiq işləyirdi. Bir
nəfər də atama deyir ki, bəs ay Bəxtiyar, burda sənin
bir həmyerlin işləyir, sənin poeziyanı, sənin
yaradıcılığını, şeirlərini əzbərdən
bilir. Tək sənin yox e... Mirzə Cəlili, Sabiri,
Cavidi, elə gözəl bilir ki... Bir sözlə, bu adam ədəbiyyat dəlisidir... Atam da deyir ki,
ə, dünyasında ola bilməz. Sən nə danışırsan? Şəkili olasan, özü də ədəbiyyat
vurğunu olasan? Bu, ömründə
mümkün olan deyil. İnana bilmərəm.
Şəkilinin ki qızıldır, alverdir,
ticarətdir, konkretlikdir. Atam tanış
olarkən eyni sözləri İkram müəllimə də
deyir. Şəkili ola-ola, sən hara, poeziya hara,
ədəbiyyat hara, kitab hara? İkram
müəllim də, söz altda qalan oğlanlardan deyildir.
Özünə məxsus yumorla:
- Niyə
bəs Şəkidən şeir yazan çıxır, amma
şeir oxuyan çıxmır?
Gülüşürlər.
Atam deyir
ki... Hə... Hazırcavablığından
bildim ki, sən əsl şəkilisən, indi inandım.
İkram müəllim hər hansı bir hadisəni, hətta
mən deyərdim olmuş bir əhvalatı, özünəməxsus
elə bir yumorla, elə bir tərzdə danışır ki, əvvəlcə
adama çatmır. Elə ki adama çatır, qəşş
edib, gülməmək mümkün deyil. İkram
müəllimin isə dodağı belə qaçmır.
Atam həmişə deyərdi ki, Allah İkrama
hər şeyi verib, heç nəyi ondan əsirgəməyib.
Həm məclislər yaraşığı, həm
içki mədəniyyəti, həm mübahisə mədəniyyəti,
həm ədəb-ərkan mədəniyyəti, həm
başqa şeylər, həm də gözəl ailə
başçısı. İkram müəllim
səhərdən-axşama qədər, indi olmasın,
atamın yanında olardı. Bəzən
gecə ikiyə qədər. Zarafatla da deyərdi
ki, elə mənə də bir yer salın burada qalım.
lll
- Hə,
yaxşı mən daha gedim. Səhər tezdən
gedirəm filan rayona, iki gün qalıb qayıdıram.
İndi bilmirəm, məhkəmə işidir, cinayət
işidir, nə bilim nədir. Səhər atam duran kimi ilk
sözü anama bu olardı:
- İkram qayıtdı?
- Yox, ay Bəxtiyar,
İkramın işi var, gücü var, dünən dedi
axı, Gəncəyə gedib qayıdıram.
Atam
çox hövsələsiz adam idi.
İki-üç
saat keçməmiş:
- İkrama zəng elə, gör bəlkə,
qayıdıb?
-
Yaxşı deyil axı, özü dünən dedi ki, vacib
işi var.
Atam
dözməyib ona zəng edərdi:
- Ay
İkram, sən indi hardasan?
- Hmm.
Yaxınlıqda, elə siz tərəfdəyəm.
- Lap əla...
Dur gəl bizə. Sənsiz
darıxıram.
- Baş
üstə, gəlirəm sizə.
Əlbəttə, İkram müəllim düz demirdi. O, artıq gedəcəyi
yolu yarı etmişdi. Bilirdi ki, atam
darıxır, xəstəlik onu bezdirir, hər saat, hər dəqiqə
onun üçün zülm idi. Saatlar
bitmir, günlər uzanır. İkram dərhal
maşını çevirib Bakıya tərəf
sürür. Sözsüz ki, Bakıya belə
tez çatmaq mümkün deyil. İkram
müəllim isə var gücü ilə maşını
sürür. Yenə bir saat ötdü.
- Ay
İkram, nə oldu? Harda qaldın?
- Ay, Bəxtiyar,
düz ağzoovuzun içindəyəm, liftə girirəm,
çatıram sizə.
Əlqərəz. İkram müəllim bizə
çatır.
Qapını anam açır. İkram
müəllimin nigarançılıqla,
pıçıltı ilə ilk sözü bu olur:
- Bəxtiyara
nə olub?
-
Heç, ay İkram, elə-belə birdən səni görmək
istəyib.
Sonra anam
pıçıltı ilə:
- Vallah,
bu kişi səni işdən-gücdən
qoyur, çörəkdən qoyur.
- Nə iş, nə güc, nə rayonlar? Mən Gəncəyə gedəcəkdim. Gəncə heç yerə qaçıb eləmir.
Gəncə öz yerindədir.
Anam
danışırdı ki, birdən İkramın gözləri
doldu, çənəsi əsdi, qəhərini boğaraq:
- Gəncə
heç yerə qaçmır, Gəncə heç yerə
getmir. Gəncə öz yerindədir. Gedən
Bəxtiyardır. Bəxtiyar gedə bilər.
Onu saxlamalıyıq ki, getməsin.
Sonra İkram atamın otağına daxil olur. Heç elə
bil, 5 dəqiqə bundan əvvəl doluxsunub, qəhərlənən
İkram deyil. Gülə-gülə:
- Baaay, ay
Bəxtiyar, nə yaxşı səni gördüm. Darıxmışdım. Elə
sən bayaq zəng edəndə özüm sənin nömrəni
yığmaq istəyirdim. Gör ürəyimiz
necə düzdür e. Elə sizə gəlmək istəyirdim.
Bəli, axşama qədər, gecəyə qədər,
duzlu, məzəli, yumorlu, bəlkə də, hər
görüşləri, deyib-danışmaqları atamın
ömrünü uzadırdı. Elə məsələlər
də var ki, atam onu yalnız İkram müəllimlə
müzakirə edə bilərdi.
Tez-tez mən
özüm işlədiyim xarici
ölkələrdən zəng edirdim. Biləndə ki, İkram müəllim bizdədir, sakitləşirdim, bilirdim ki, atamın vəziyyəti yaxşıdı.
lll
İndi atam yoxdur bu dünyada. Gəncə, Yevlax, Ağcabədi və
digər-digər bölgələr, min şükürlər
ki, öz yerindədir.
İkram müəllim yenə də həmişəki
kimi işdə-gücdədir. Həmişə
işdə-gücdə olsun. Bölgələr
durur, o durur. İkram müəllimi daha zəng
edib yoldan geri çağıran yoxdur. Bəlkə
də, ürəyindən keçir ki, onu narahat eləsinlər.
Hərdən mən zəng edirəm.
- İkram müəllim hardasız, niyə
görüşmürük?
- İndicə qapıdan çıxmışam, hələ
Bakıdan çıxmamışam, gedirəm filan rayona. Əəə.
Gəlim səni də götürüm, bir yerdə gedək,
yolda bir dərdləşərik.
Yox, İkram müəllim
o adamla ki, siz vaxtı ilə dərdləşirdiniz, mən o
adamı əvəz edə bilmərəm. O adamın
yerini tuta bilmərəm. Qoy o adam həmişə
nəzərinizdə elə də qalsın. O adamı əvəz
edə bilməyəcəyimsə, niyə gəlim? O adamdan
eşitmək istədiklərinizi məndən eşidə
bilməyəcəksiniz. Nəzərinizdən
düşə bilərəm. Çünki O, o idi. Mən isə...
Hə...
atamın dostları, "dostları" çox idi, lap
çox idi.
525-ci qəzet .- 2022.- 16 iyul.-
S.20-22.