Mənalı ömrün səhifələri

 

Azərbaycan mətbuatı və folklorşünaslıq elminin inkişafına dəyərli töhfələr vermiş Sənubər Kərimovanın mənalı ömür yolu, zəngin ictimai-elmi fəaliyyəti, Azərbaycan qadını və anasına məxsus kristal əxlaqi keyfiyyətləri onun sağlam ailə və mühit tərbiyəsi ilə bağlı olduğu kimi, nəsil şəcərəsinin mənbəyində duran, o cümlədən Azərbaycan xalqının etnogenizinin formalaşmasında mühüm rol oynamış qədim Kəngərli tayfasının əsrlərin arxasından süzülüb gələn mənəvi mirasla da müəyyənləşib.

Sənubər xanım 1935-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1954-cü ildə orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdu.

1959-cu ildə universiteti bitirərək təyinatla Naxçıvana göndərilmiş, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Sovetinin və Naxçıvan MSSR Nazirlər Sovetinin orqanı olan "Şərq qapısı" qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, redaktor müavini və baş redaktor vəzifələrində çalışdı.

Hələ tələbəlik çağlarından öz yazıları ilə respublika mətbuatında tanınmış imzaya çevrilən S.Kərimova 1959-cu ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunur.

O, 1978-ci ildə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyası   Rəhbər Partiya və Sovet Kadrlarının İxtisasını artırma İnstitutunda öz nəzəri biliyini və peşə ustalığını daha da təkmilləşdirdikdən sonra 1980-ci ildən etibarən "Şərq qapısı" qəzetinin bazasında yaradılan böyük formatda, gündəlik, rus və Azərbaycan dillərində nəşr edilən "Sovet Naxçıvanı" - "Sovetskaya Naxiçevan" qəzetlərinin baş redaktoru olur.

S.Kərimova bir jurnalist kimi "Şərq qapısı", "Sovet Naxçıvanı" - "Sovetskaya Naxiçevan" qəzetlərindəki fəaliyyəti dövründə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidən yadigar qalmış "jurnalist qələminə" həmişə sadiq olmuş, inandığı siyasi, milli, mənəvi dəyərlərin keşiyində sədaqətlə durub.

Sənubər Kərimova "Şərq qapısı", "Sovet Naxçıvanı" - "Sovetskaya Naxiçevan" qəzetlərinə başçılıq etdiyi 1975-1985-ci illərdə qəzet daha yüksək səviyyəli mətbuat orqanı kimi çap olunub. Bu mərhələdə qəzetin ideya-siyasi xətti ilə yanaşı, ədəbi pupbisistik səviyyəsi daha da yüksəlib.

Sənubər xanım öz fəaliyyəti dövründə zəhmətkeşlərin təsərrüfat və mədəni quruculuq vəzifələrinin yerinə yetirilməsinə səfərbər edilməsinə, o cümlədən jurnalistləri və qəzetlərin fəallarını daha ilhamla çalışmağa, xalqın təşəbbüsü ilə yaradılan nailiyyətləri coşğun ilhamla təbliğ etməyə çağırırdı.

S.Kərimovanın bir jurnalist kimi fəaliyyətinə nəzər saldıqda aydın olur ki, o, öz yaradıcı fəaliyyətində bütün qəzet janrlarına müraciət edib. Akademik İsa Həbibbəyli yazır ki, həmin dövrdə (1975-1985) "Şərq qapısı"nda dərc edilən oçerklər Azərbaycan mətbuatında oçerk janrının ən yaxşı örnəkləri kimi qiymətləndirilməyə layiqdir. S.Kərimovanın Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş naxçıvanlı qadınlar haqqında yazdığı silsilə oçerklər də bu qəbildəndir. Bütün dövrlər üçün aktual olan bu yazılarda sülhə çağırış öz əksini tapmışdı: "Sayıq olun, insanlar, sayıq olun! Sayıq olun ki, ailələri yurdsuz-yuvasız, anaları oğulsuz, körpələri yetim qoyan qanlı müharibələr bir daha təkrar olunmasın!"

S.Kərimova 1985-ci ildə Naxçıvan MSSR Sosial Təminat naziri, həmin nazirlik ləğv olunduqdan sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin birinci müavini vəzifəsini daşımışdı.

Xüsusi olaraq vurğulanmalıdır ki, S.Kərimovanın ömrünü mənalandıran jurnalistlik onun bütün yaradıcı ömrünün qayəsini, ruhunu təşkil edir. O, jurnalistlik fəaliyyəti dövründə xalqla, zəhmətkeş insanlarla, sinəsi xalq müdrikliyi ilə dolu nənələr və babalarla mənəvi ünsiyyət sayəsində mənsub olduğu xalqın mənəviyyat dünyasına, bədii söz yaradıcılığına dərindən bələd olub. Bunu onun hazırkı folklorşünaslıq fəaliyyətində aydın şəkildə görmək olur. Əslində, öz yaradıcı fəaliyyətində xəlqi dəyərlərə söykənən jurnalist də elə folklorşünasdır: hər ikisi xalqın düşüncə aləminə xitab edərək, ondan çıxış edir. S.Kərimova hələ jurnalistlik fəaliyyəti dövründə sinəsi mənəvi söz inciləri ilə dolu olan atalar sözləri, məsəllər, əfsanələr, rəvayətlər, nəğmələr, bayatılar, inanclar ilə coşub-daşan nənələrlə, babalarla görüşlərində bu mənəvi xəzinə ilə təmasda olmuş, onda həmin mənəvi incilərin toplanmasına və tədqiqinə böyük maraq yaranmışdı. Təsadüfi deyil ki, o, "Şərq qapısı"nın redaktoru işləyərkən qəzetin hər həftənin şənbə günü çıxan nömrəsinin bir səhifəsi xalq yaradıcılığına həsr olunmuşdu. Bununla da folklora olan coşğun maraq və sevgi S.Kərimovanın həyatında yeni bir səhifə - folklorşünaslıq səhifəsi açır.

O, 2000-ci ilin dekabr ayından AMEA-nın əməkdaşıdır. Hazırda Folklor İnstitutunun Dədə Qorqud şöbəsində böyük elmi işçi vəzifəsini daşıyır. İnstitutun elmi orqanı olan "Dədə Qorqud" toplusunun ilk nömrəsinin ərsəyə gəlməsində (2001 ¹1) əməkdar jurnalist kimi yaxından iştirak etmişdir. İyirmi bir ildir ki, onun adı məsul yaradıcı işçi kimi topluda qeyd olunur.

S.Kərimova milli mənəvi dəyərlərimizin, folklorumuzun tədqiqi, qorunması, bəşəriləşdirilməsi, gələcək nəsillərə çatdırılması üçün ciddi səy göstərir. Onun "Nəsillərə əmanət" kitabı da məhz bu məqsədlə qələmə alınmışdı. Həmin seriyadan ikinci kitab da nəşrə hazırdır.

Sənubər xanımın Folklor İnstitutundakı elmi fəaliyyətinin məzmun və mündəricəsi onun həyat və əqidə yolunun əsas məğzini özündə əks etdirir. Əmək fəaliyyəti dövründə xalqın tarixi taleyi ilə bağlı məsul vəzifələrdə çalışdığı kimi, Folklor İnstitutundakı fəaliyyəti də folklorşünaslıq tarixinin aktual məsələlərinə həsr olunub.

O, dövri mətbuatda, o cümlədən XIX əsrin sonu və XX əsrin əvvəllərində Tiflisdə nəşr edilən Azərbaycan folklorunun toplanması və nəşr edilməsi sahəsində təqdirəlayiq işlər görüb. "Sbornik materialov dlə opisaniə mestnostey i plemen Kavkaza" ("SMOMPK") - "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nda ("QƏXTMT"), həmin dövrdə Azərbaycanda ərəb əlifbası ilə nəşr edilən "Şəlalə", "Dəbistan", "Məktəb" və digər məcmuələrdə dərc edilən, habelə Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyovun, görkəmli cümhuriyyətci şair Əhməd Cavadın arxivlərindən özünün əldə etdiyi çox qiymətli folklor nümunələrimizi ərəb qrafikasından (əski əlifbadan) müasir Azərbaycan əlifbasına transliterasiya edərək Azərbaycan folklorunun milli mətn korpusunun və folklorşünaslıq elminin zənginləşdirilməsi istiqamətində samballı işlər görüb.

S.Kərimova ictimai vəzifələr də daşımışdır. Azərbaycan Jurnalistlər İttifaqı Naxçıvan təşkilatının katibi (1975-1985) olmuş, Respublika Jurnalistlərinin V qurultayında Azərbaycan Jurnalistlər İttifaqının katibi seçilmiş, SSRİ jurnalistlərinin IV qurultayının nümayəndəsi olmuşdu.

1975-1990-cı illərdə Naxçıvan MSSR Qadınlar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmiş, Sovet Qadınları Komitəsinin plenum üzvü seçilmişdi. S.Kərimova sovet imperiyası dağıldıqdan sonra da muxtar respublikada qadın hərəkatına rəhbərlik etmiş, Müstəqil Azərbaycan Qadınlarının birinci qurultayının nümayəndəsi olmuşdu.

Sənubər xanım Qadınlar Cəmiyyətinin sədri olarkən muxtar republika qadınlarından ibarət heyətlə dəfələrlə Türkiyə və İranda beynəlxalq tədbirlərdə iştirak edib. O, həmin tədbirlərdə öz rəsmi vəzifəsini icra etməklə yanaşı, səfər müddətlərində Təbrizdə, Urmiyada və Ərzurumda yığcam folklor məclisləri keçirilməsinə də nail olub. Belə məclislərdən birində "Sarı gəlin" xalq mahnısının Ərzurum variantını tapmış, sonralar bu barədə "Dədə Qorqud" elmi-ədəbi toplusunda və "Kaspi" qəzetində çox dəyərli məqalə ilə çıxış etmişdi. Yazı Azərbaycan ictimaiyyəti tərəfindən maraqla qarşılanmış, qəzetlər, saytlar bu mətni dəfələrlə tirajlamışlar.

S.Kərimova onuncu və on birinci çağrış Naxçıvan MSSR Ali Sovetinə  deputat seçilib. O, mətbuatda fəal səmərəli işinə görə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1970), "Rəşadətli əməyə görə Lenin yubiley medalı"na, "Şərq qapısı" qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi münasibətilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1971), "Azərbaycan qadını" jurnalının 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1974) layiq görülüb.

Zəhmətkeşlərin təssərrüfat və mədəniyyət quruculuğu vəzifələrinin yerinə yetirilməsinə onların səfərbər edilməsi sahəsində səmərəli işinə görə və birinci nömrəsinin çapdan çıxmasının 60 illiyi ilə əlaqədar olaraq "Sovet Naxçıvanı" - "Sovetskaya Naxiçevan" qəzeti Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuş, qəzetin redaktoru S.Kərimovaya Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (jurnalisti) (1981) fəxri adı verilmişdi. S. Kərimova uzun illər vicdanlı əməyinə görə SSRİ Ali Soveti Rəyasət Heyəti adından "Əmək veteranı" medalı ilə təltif olunub (1984).

85 yaşı tamam olmuş S. Kərimovanın 61 illik fasiləsiz əmək stajının 26 ili "Şərq qapısı" və "Sovet Naxçıvanı" - "Sovetskaya Naxiçevan" qəzetlərini, 21 ili isə AMEA-nı əhatə edir.

S.Kərimovanın Azərbaycan mətbuatı və folklorşünaslıq elminə verdiyi töhfələr Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və o, AMEA Rəyasət Heyətinin Humanitar Elmlər Bölməsinin fəxri fərmanı ilə təltif olunub.

S.Kərimovanın xidmətləri nəzərə alınaraq onun haqqında məlumat və şəkli 2002 və 2005-ci illərdə nəşr edilmiş Naxçıvan ensiklopediyalarına salınıb, nəşr edilməkdə olan yeni Azərbaycan Ensiklopediyasına təqdim olunub.

Uşaqlıq illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edən Sənubər xanım həyatın acı məhrumiyyətlərinin hər bir üzünü görüb, Azərbaycan insanının ağır mənəvi-maddi sınaqlara necə sinə gərməsinin canlı şahidi olub. Məhz bu həyat məktəbi ona sonralar bütün həyatı boyu inandığı milli-mənəvi, əxlaqi-ictimai dəyərlər yolunda inamla addımlamağa, qarşıya çıxan maneələrə vaxtilə babalardan, nənələrdən aldığı mənəvi iradi irsin sayəsində mətanətlə sinə gərməyə imkan verib.

Sənubər xanıma cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

 

Seyfəddin RZASOY

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet  2022.- 20 iyul.- S.19.