Gülşad Baxşıyeva:
"Kinoda hələ sözümü deməmişəm"
Müsahibimiz Əməkdar artist, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin "Dram teatrı və kino aktyoru"
kafedrasının müdiri, professor
Gülşad Baxşıyevadır. Onunla aktyorluq sənəti,
teatr və kinonun vəziyyəti, pedaqoji fəaliyyəti və
sair haqqında həmsöhbət olduq.
- Gülşad xanım, yayın isti
günlərində, tələbələrinizi də yola
saldığınız bu dövrdə özünüzü
necə hiss edirsiniz?
- Bu
cür sual çox verirlər: yayla necəsən, istiylə
necəsən, küləklə necəsən? Şəkiylə
əlaqəm çoxdur. Mənim həyatımın
və sənətimin ən gözəl günləri orda
keçib. İndiyə kimi də
ordakı insanlarla ünsiyyətim davam edir. Mənimçün istirahət anlayışım
da Şəkiyə getməkdir. Bir gün
orda olanda yağış neçə müddət
yağdı, heç dayanmadı. Mən də
öz-özümə dedim ki, buna bax,
yağış heç ara vermir. Yanımda olan
şəkili xanım qayıtdı ki, yer Onun, göy Onun,
Özü bilər neyləyər. Bu
cümləni özümçün təhlil etdim və heyrətə
gəldim. Həqiqətən də yer
Allahın, göy Allahın, elədiyi hər şeydə bir
hikmət var. Ona görə də havanın mənimçün
heç bir fərqi yoxdur, Allahın verdiyi hər günə,
hər havaya şükür. Tələbələrə
qalanda isə, istəyir minlərlə tədbirlər
keçirilsin, qonaqlar gəlsin, getsin, universitetdə tələbə
yoxdursa, orda həyat da yoxdur. İndi mən
gəlib işimin başında durmuşam, burda oturmuşam,
amma mənimçün həyat yoxdur, çünki tələbə
yoxdur. Tələbə mənim
temparitmimdir, havamdır, suyumdur, hər şeyimdir. Mən onlara nəsə öyrətməyə
çalışarkən aldığım enerjini bircə nəvələrimdən
alıram, başqa heç nədən.
- Gülşad Baxşıyevanı,
adətən, sərt, tələbkar müəllim və aktrisa
kimi xarakterizə edirlər. Bəs siz
özünüzü bir insan kimi necə xarakterizə
edirsiniz?
- Bəli,
özüm haqqında bu sözləri eşitmişəm. Hətta 1-ci kurs tələbəsi 4-cü kurs tələbəsinə
deyib "siz ona necə dözürsünüz?" Tələbə
universitetə gələndə 1 il məni
qəbul etmir. Qəddar yox, amma qanun adamıyam,
istər evdə, küçədə, istər universitetdə
nizam-intizamı çox sevirəm. Əgər
mən nəyisə tələb edirəmsə, əlbəttə
ki, tələbəyə görə edirəm. Əgər
tələbə oturuş-duruşunu,
danışığını, geyimini bilmirsə,
böyük-kiçik saymırsa, onunla bir il
çox çətin olur. Sonra
yavaş-yavaş tələbə anlayanda ki, pedaqoq səndən
nə istəyir, onda hər şey yoluna düşür.
Mən pedaqoqun təkcə girib auditoriyada dərs
deyib çıxmasını qəbul etmirəm. Pedaqoq-tələbə komandası olmalıdır.
Mənim bir şüarım var, həmişə ilk dəfə
sinifə girəndə deyirəm: "Bura niyə gəlmisiz,
necə gəlmisiz, məni maraqlandırmır. Gəlmisiz,
demək, girmisiz qaba, olmusuz içməli. Dörd ildə mən nə deyəcəm, onu da etməlisiniz".
Ancaq bu, o demək deyil ki, mən onların istəklərinə,
arzularına, fantaziyalarına sədd çəkirəm, əsla
belə şey ola bilməz. Sadəcə
bu, o deməkdir ki, mən burda heç kimə
özbaşına hərəkət etməyə icazə verməyəcəm.
Mənim yola getmədiyim, dil tapmadığım tələbə
olmayıb, ola da bilməz. Qrupumda
90 faizdən çox tələbə yaxşı oxuyan,
nizam-intizama riayət edən, nümunəvi uşaqlardır.
Onlara şəxsiyyət və insan kimi
yanaşıram. Əsas odur tələbələrim,
məzunlarım bunu bilir və dəyərləndirirlər.
Buna görə işləməyə də dəyər,
yaşamağa da.
- Deyirlər, aktyorluq həm də sənətə
fanatlıqdır. Siz necə
düşünürsüz bu haqda?
- Əslinə baxanda, bəli, elədir. Deyirlər ki,
aktyorda az-maz nəsə çatışmazlıq
olmalıdır. Biz özümüz də
olub ki, qışın ortasında nazik paltarda bumbuz səhnədə
oynamışıq. Sonra fikirləşirəm ki, bunu
ağıllı adam eləməz. Bu da fanatlıqdır. Fanat olmasa,
sənət alınmayacaq. Hərdən mənə
deyirlər ki, fanatsansa, niyə sənəti atdın? Yox, mən sənəti atmamışam ki. Mən sənətimi tələbələrimdə
davam etdirirəm. Fanat olmasaydım, başqa yerlərdən
o qədər iş təklifləri alıram ki, gedərdim də.
Amma getmirəm. Mən bu
universitetdə oxumuşam, sonra burda işləməyə
başlamışam, püxtələşmişəm. Burda mənim sənətimin davamçıları
oxuyur. Bura mənim doğma məkanımdır.
Başqa sahədə özümü heç
vaxt görməmişəm. Sənət
fanatizm tələb edir, yoxdursa, çıxıb getməlisən.
- Səhnə, ekran üçün
darıxırsınız?
- Hər
bir aktyora elə gəlir ki, o, əsas obrazını hələ
oynamayıb. Mən də bunu etiraf edirəm, səhnədə
yox, amma kinoda hələ sözümü deməmişəm.
Çox filmlərdə çəkilmişəm,
amma hələ elə bir ssenari yazılmayıb ki, mən o
roldan, əsərdən ləzzət alım,
sözümü deyə bilim. Azərbaycanın
bir problemi də odur ki, qadın obrazı üzərindən
bir film çəkilmir. Bizdə film
üçün aktyor, aktrisa yetişdirmək anlamı yoxdur.
Rejissorlar özləri üçün film
çəkirlər ki, onu görsünlər. Daha düşünmür ki, sənin aktrisan
yaxşı oynamayandan sonra sən necə görünəcəksən?
Başıma da gəlib. Çox
yaxşı oynadığım halda rejissor mənim hissəmi
qayçılayıb, kəsib və ortada heç nə
qalmayıb. Niyə? Çünki
mən tərəf müqabilimdən yaxşı
oynamışam, onu kölgədə qoymuşam. Məhz bu səbəbdən çox
haqsızlıqlarla üzləşmişəm. Darıxmaq deyəndə, əlbəttə, istəyərdim,
amma onlar istəmədilər. Nə Akademik Milli Dram
Teatrı, nə Gənc Tamaşaçılar Teatrı, nə
də Gənclər Teatrı... Məni səhnədə
görmək istəmədilər. Teatrşünaslarla
bunu dəfələrlə danışmışam və niyə
sualını vermişəm. Deyiblər
ki, çünki sən onlardan güclü idin, onları
kölgədə qoyurdun. Amma mənim
teatrda çox möhtəşəm rollarım da olub. Təəssüf ki, lentdə qalmayıb, arxivə
keçməyib. Tək burda deyil, çox
yerdə yaradıcılığımın üstündən
xətt çəkməyə çalışıblar, məni
görməzdən gəliblər. 10 il Şəki
Dövlət Dram Teatrında aparıcı aktrisa olmuş,
tamaşalarda əsas rolları canlandırmış,
festivallarda iştirak etmişəm. Hər zaman
da fəaliyyətim dəyərləndirilib, mükafatlara layiq
görülüb. Moskvanın, Almaniyanın,
Macarıstanın və başqa əcnəbi
teatrşünaslar öz məqalələrində ifamı
xüsusi qeyd ediblər. Lakin Sovet dövründə
Şəki Teatrı haqqında çap olunan ensiklopediyada rol
aldığım tamaşalardan, getdiyim festivallardan
danışılsa da, həmin dövrün aktyor heyəti arasında
adım qeyd olunmayıb. Bu cür
nüanslarla hər yerdə rastlaşıram. Hardasa sənət dəyərləndirilməyə,
mükafatlandırılmağa gələndə sanki mənim
adım qəsdən çıxarılır, üstündən
xətt çəkilir. Çəkildiyim
filmin titrində adım qeyd olunmayıb. Səbəbini
bilmirəm, amma düzü, çox maraqlıdır. Mənə layiq olanı sanki qisas almaqdan ötrü
məndən qat-qat aşağı səviyyəli olan
başqasına veriblər. Bu, təkcə
mənə qarşı belə deyil. Müşahidələrim
göstərib ki, hər zaman yaxşılara mane olmağa
çalışıblar. Nə
yaxşı ki, paxıl və şöhrətpərəst
deyiləm. Bu
məqamlarda bu sənəti ata da bilərdim, gedə də bilərdim.
Amma getmədim. Çünki
sənətimi sevirəm. Nə aktrisa kimi,
nə pedaqoq kimi özümü kimsədən
aşağı bilmirəm. Getmək dala
çəkilmək deməkdir, qeyri-peşəkarlara meydan
sulamaq üçün yer verməkdir.
- "Bəxt
üzüyü"ndə üzüyü itirib,
yaradıcılıq uğurları tapdınız. Bəs həyatda nəyi itirib, nə
tapmısınız?
-
Çox qəribədir, 52 ildir sənətdəyəm, təkcə
"Bəxt üzüyü"nün adı hallanır. Çünki o, ekrandır, təbliğat
maşınıdır. Amma mənim "Bəxt
üzüyü"ndən də qat-qat güclü
tamaşalarım, obrazlarım olub. Onlara da
dəyər verənlər olub. Əcnəbi
teatrşünaslar bu tamaşalara baxıb, xoş fikirlərini
bildiriblər. Fikirləşirəm ki, niyə
"Bəxt üzüyü" mənə həvalə
olundu? O qadın üzüyünü yox, bəxtini
itirib. Hərdən deyirlər ki, Gülşad
öz həyatını oynayıb orda. Yox,
qətiyyən belə deyil, absurd söhbətdir. Mən Sara deyiləm. Sarada
mütilik var, Gülşadda isə yoxdur. Gülşad
bir anın içində hər şeyi vurub dağıda bilər.
İtirib tapdıqlarıma qalanda, onsuz da hər
insan nəyisə itirməlidir ki, nəyisə tapsın.
Bəxtimdən çox razıyam. Bəxtimi itirdiyimi düşünmürəm.
Ailə həyatım alınmayıb, bəli,
amma övladlarımdan razıyam. Bu da mənim
tərbiyəmin, zəhmətimin bəhrəsidir. Hər şeyi itirə-itirə gəlirik. İtirdiklərimiz qazandıqlarımızdan
çox olur. Çoxları deyir sənin həyatın
başqa cür ola bilərdi. Yox. Bu, elə mənim həyatımdır.
Yaltaqlıq, paxıllıq mənlik deyil. Mən yalnız Allahın qarşısında
baş əyirəm. Nə yaxşı ki,
şan-şöhrət düşkünü deyiləm, əlimdəkiylə
qane olan adamam. Amma mənliyimi də güdən
insanam. Kimsəyə icazə vermərəm
üstümdə ağalıq etsin. Hətta
həyatım qədər sevdiyim insana icazə vermədim, nəticədə
ailəm dağıldı. Eşq, sevgi
hamısı cəfəngiyyatdır. Həyatın
ən böyük mükafatı övlad, sənətin
mükafatı isə tamaşaçı sevgisidir. İkisini də qazanmışam.
- Aktyor olmaq üçün insana ilk
növbədə nə lazımdır?
- Əfsus ki, indi aktyorcuqlar çoxalıb. Aktyorun sənəti
axsayırsa, tələbəylə işi də axsayacaq.
İlk növbədə fitri-istedad
olmalıdır. İstedadı olmayan adamla
işləmək pedaqoqa da, rejissora da çətindir. Ondan əlavə, əməksevərlik, səbr və
mədəniyyət olmalıdır. İstedadlı
insan zəhmət çəkməsə, peşəkarlaşa
bilməz. Daim öz üzərində hər
tərəfli işləməlisən. Etməsən
olacaqsan adi.
- Bu sənətdə ənənə
və ənənəyə sadiqlik nə qədər önəmlidir?
- Bu dəqiqə
çətin bir prosesə düşmüşük, ha ki
yenilik tələb edirlər. Özü də
bunu deyənlər elə adamlardır ki, onlar sənətkar
deyillər. Teatrda yenilik axtarılar, amma təhsil
ocağında, universitetdə onu axtarmaq olmaz. Bura məktəbdir, əlifbanı bilmədən necə
yenilik yaradacaqsan? Yenilik onsuz da var, sadəcə
bunu biz görürük, başqaları görmək istəmirlər.
Bizdən əvvəlkilərdə sənət
deyəndə pafos nəzərdə tutulurdu. Amma bizdə artıq pafoslu danışıqdan
uzaqlaşıldı, nə qədər yeniliklər gəldi.
İndi də teatrlarımızda
yenilikçilik davam edir. Xüsusən, Gənc
Tamaşaçılar Teatrında çox müşahidə
etmişəm fərqli rejissorların işlərində.
Tədrisdə isə məsələ
başqadır. Onda da yeniliklər gətirmişik,
amma ölçü daxilində. Bəyəm
Gülşad Baxşıyeva Mehdi Məmmədovdan
aldığı dərsi tədris edir? Qətiyyən.
Biz də oxuyur, öyrənir, müşahidə
edir, tətbiq edirik. Bizdə çox
proqres gedib. Niyə heç kim mənim
gətirdiyim reformanı görmək istəmir? Müəllimlər, peşəkarlar bunu
görürlər. Bizim kafedramız hər
zaman yeniliyə açıqdır.
- Seriallarımıza münasibətiniz
necədir? İzləyirsiniz?
- Hərdən
açıb baxıram, qışqırıq, hay-küy, bəsitlik
çoxdur. Fikirləşirəm zaman keçdikcə
imkan yaxşılaşar, maddiyyat düzələr və
seriallar da dəyişər. Qadınların
makiyajlarını bəyənmirəm, real həyata uyğun
deyil. Cılız, loru danışıq hakimdir, efirdə ədəbi
dil itib. Bu da ən böyük problemdir. Ləhcəylə danışmaq
olmaz. Oyun tərzini, danışığı, səhnə mədəniyyətini
qorumaq lazımdır. Bəzən öz tələbələrimi
görəndə izləyirəm, onların oyunlarına
baxıram, fikrimi bildirirəm. Yaxşı işlər də
gedir, görməzdən gələ bilmərik. Amma əksərinə
baxmıram. Çünki "serial çəkim" xatirinə
çəkilib. Sənətə, aktyora münasibət dəyişməlidir.
Rejissor aktyoru sevmir. Bu da ekrandan görünür.
- Tələbələrinizə
icazə verirsiz seriala, filmə çəkilməyə?
- İlk kurslarda qətiyyən. Son kurslarda isə müəyyən şərtlərlə icazə verirəm. Teatrlara düşmək çətindir. Ən çoxu teatrda iş tapanda icazə verirəm getməklərinə, amma dərs saatlarını buraxmamaq şərtiylə. Filmlər, serialları da seçirəm, məsləhətdirsə, çəkilə bilərlər. 1-2-ci kurslarda tələbə hələ aktyor kimdir, rol nədir bilmir, o necə çəkiləcək? Əgər getsə, elə olduğu yerdə də qalacaq, inkişaf edə bilməcəyək. Tələbəmə deyirəm öyrən, sonra get. Əgər çəkilən idisə, teatrda işləyirdisə, niyə gəlirdi burda təhsil almağa? Əvvəlcə dərs, sonra təcrübə.
Şahanə
MÜŞFİQ
525-ci qəzet .- 2022.- 20 iyul.- S.18.