Şirin bir xatirətək...

 

Dilimizdə işlədilən adam insan sözlərinin hər ikisi ərəb dilindən götürülüb. Qədim türklərdə həmin məfhum kişi sözü ilə ifadə olunub. Zaman keçdikcə bu söz mənasını dəyişərək, indiki anlamını daşıyıb. Neçə əsrlərdir ki, xalqımız tərəfindən dünyanın əşrəfi sayılan bir varlığı adam yaxud insan adlandırılır. Ancaq bəşər övladını digər canlılardan fərqləndirmək üçün istifadə olunan bu sözlər heç eyni mənanı vermir. Hər şeydən öncə, ona görə ki, hər hansı adama insan demək çətindir. Əslində, yüksək mənəvi keyfiyyətlərə, ali məqamlara ucalan kəsləri əsl insan kimi dəyərləndirmək mümkündür. Şübhəsiz ki, bu gün tez-tez istifadə etdiyimiz "insan adamdır" ifadəsi məhz bununla əlaqədardır.

Bu mənada, insan adını daşıyan hər kəs dünyanın ən xoşbəxtidir. Çünki mənalı ömür sahibi olan həqiqi insan xeyirxah əməlləri ilə həyatı gözəlləşdirməyi bacarır. Necə deyirlər, onlar özləri rahat yaşayır, başqalarına da yaşamağı öyrədirlər. Həyatda olmadıqda belə, onları nəsillərə örnək sayırlar, nümunə göstərirlər.

Yaxından tanıdığım, şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyərli ziyalı Raisə Əsgərova da belə insanlardandır.

Raisə İdris qızı Əsgərova (İsmayılova) 1952-ci ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Orta təhsilini müvəffəqiyyətlə başa vuran gənc qız həmin il Azərbaycan Dövlət Universitetinə daxil ola bilməsə , 1970-ci ildə uğurla imtahan verərək, Azərbaycan Politexnik İnstitutu İnşaat fakültəsinin tikintinin iqtisadiyyatı təşkili şöbəsinə qəbul olunub.

1975-ci ildə ali təhsilini bitirib, mühəndis-iqtisadçı ixtisasına yiyələnən Raisə təyinatla "Azərdövlətlayihə" İnstitutuna göndərilib. Bir müddət burada çalışan bacarıqlı mütəxəssis 1976-cı ilin avqustunda ailə vəziyyəti ilə əlaqədar doğma Ağcabədiyə qayıdıb. O, 1977-ci ildən rayonda fəaliyyət göstərən 114 saylı texniki peşə məktəbində əmək fəaliyyətini davam etdirib. Taleyini birdəfəlik sözügedən təhsil müəssisəsi ilə bağlayan bacarıqlı pedaqoq uzun illər rayonda müxtəlif peşələr üzrə kadrların hazırlanmasında yaxından iştirak edib. R. Əsgərova 2018-ci ilə qədər həmin təhsil ocağında çalışıb. Həmin il o, təqaüdə çıxaraq, sevimli kollektivdən ayrılıb.

Raisə xanım texniki peşə məktəbində işlədiyi müddətdə müəllim şagird kollektivinin sevimlisinə çevrilib, dərin hörmət nüfuz sahibi olub. Tanınmış ziyalı öz səmimi mehriban rəftarı, xeyirxahlığı, alicənablığı, təşkilatçılıq bacarığı sayəsində rayon sakinlərinin böyük rəğbətini qazanıb. O, sovetlər dönəmində, müstəqillik illərində rayonda keçirilən bütün ictimai-siyasi tədbirlərdə xüsusi fəallığı ilə seçilib. Göstərdiyi xidmətlərə görə dəfələrlə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.

Raisə müəllimə hər kəsə nəsib olmayan təmiz qəlbi, xoş rəftarı, ləyaqəti ilə fərqlənən qadınlarımızdan sayılıb. O, uşağa da, böyüyə qayğı ilə yanaşıb, heç kimin xətrinə dəyməməyə çalışıb, ürək sındırmağı insan üçün ən böyük qəbahət hesab edib.

Raisə Əsgərova hər şeydən öncə, qayğıkeş, fədakar həyat yoldaşı, ana kimi tanınıb. Tale onu özü kimi yüksək mədəniyyətə, davranışa malik, əqidəli, xeyirxah bir insan olan Ələkbər Əsgərov kimi bir insanla birləşdirib. Ələkbər müəllim Ağcabədidə, onun hüdudlarından kənarda sayılıb-seçilən mühəndislərdən, rəhbər kadrlardan hesab olunur.

Hər iki gözəl insanın nümunəvi ailəsində 3 oğlan uşağı doğulub, boya-başa çatıb, layiqli vətəndaş kimi  yetişib, tərbiyə olunub. İlkin, Nəsimi, Azər hazırda ali təhsilli mütəxəssis kimi müxtəlif sahələrdə əzmlə çalışır, valideynlərinin adlarını daim uca tuturlar.

Gözəl insan, səriştəli pedaqoq, ziyalı, qayğıkeş ana Raisə Əsgərova 5 dekabr 2020-ci ildə çox sevdiyi həyatdan, ömür-gün yoldaşından, övladlarından ayrılıb, haqq-dünyasına qovuşub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun parlaq qələbəsi sayəsində torpaqlarımızın erməni işğalından azad olunması çox sevindirmişdi Raisə xanımı. Lakin əcəl imkan vermədi.

Onun ölümü ailə üzvləri ilə yanaşı, bütün yaxınlarını, doğmalarını, qonşularını, rəfiqələrini çox təəssüfləndirib, dərin kədərinə səbəb olub.

Həyat yoldaşı Ələkbər müəllim Raisə xanımın ölümünə inanmır, yoxluğu ilə barışmaq istəmir. Nənələrinin harasa getməsi ilə inandırdığı nəvələrinin əlindən tutub, 46 illik birgə ömrün şirin anlarının həsrəti ilə Raisə xanımın yolunu gözləyir. O, yalnız böyük Səməd Vurğunun bu sözləri ilə təskinlik tapır:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada

 

El qədrini canından daha artıq bilənlər,

 

Şirin bir xatirətək qalacaqdır dünyada,

 

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet .- 2022.- 20 iyul.- S.17.