Bir Şuşalıq - min dünyalıq təntənə

 

"Sən də şuşalısan?"

 

Bir gün gecənin bir aləmində məni silkələyib yuxudan oyatsalar ki, qalx, Parisə uçacaq ilk təyyarə ilə səyahət üçün yola düşürsən, təəccüblənmərəm. Müxtəlif versiyalar ağlıma gələr, fikirləşərəm, yəqin, filankəsin, bəhmənkəsin təşəbbüsüdür. Sonra yenidən başımı yastığa atıb mürgü döyərəm. Yəni, bunun reallaşacağına daha çox gümanım var idi, nəinki "Şuşaya gedirik!" cümləsini eşitməyə. Bir gün mənə zəng gələndə ki, Nigar Həsənzadə sizi "Vaqif Poeziya Günləri"nə dəvət edir, Vaqifin məqbərəsi önündə şeir deyəcəksiniz, elə tutuldum, desəydilər, dərviş Parisi partladıb, yenə o dərəcədə təəccüblənməzdim... Xəyallarımın şəhərində qələmim hesabına iştirakımdan böyük fəxarət  ola bilərdimi?! Həmin müjdəli günün səhərisi "525-ci qəzet"in baş redaktor müavini Yusif Rzayevdən gələn zəngin, ustadın özünəməxsus eyhamlı sualının arxasından da mənim üçün eyni sevinc boylanırdı: "Nadir, nə var, nə yox?.." Dedim, Yusif müəllim, mən də Şuşaya gedəcəm!

Şuşalı gileylər... Şuşa üçün də gileylənməyəsən, bəs nə üçün gileylənəsən?! Bəzi dostlarımızın, qələm adamlarının ərkyana incikliyi başadüşüləndir və "Məni niyə Şuşaya aparmadılar?" cümləsini deməyə hamının haqqı çatır. Üç il əvvəl belə bir giley eşitmişdiniz? Mərhum şairimiz Akif Səmədin işğal dövründə yazdığı "Evimə gedə bilirəm, Şuşaya gedə bilmirəm" gileyi, qəzəbi, kədəri nə qədər ürəkdağlayan idisə, bugünlərdə səsləndirilən narazılıqlar bir o qədər sevindiricidi... Amma etik çərçivədən kənar fikirlərə şahidlik elədikcə məyusluq hissi adamı ağuşuna alır. Neyləməli, olsun, Aşıq Ələsgər demiş, "Xoş xətt ilə xub yazıbsan yazını, haqq desən, eylərəm qəbul sözünü..." Nahaq danışanlar da bir gün Şuşaya gedəcək və o müqəddəs torpaq hər kəsi islah edəcək...

Şuşaya ikinci səfərim idi. Birinci dəfə ötən ilin dekabr ayının sonlarında jurnalist həmkarlarla Şuşaya ayaq basmışdım. Mirhacib Məcid və digər yaxın ünsiyyətdə olduğum bəzi insanlarla birlikdə idim. Hətta Valeh Arifoğlu kamerasını işə saldı, Mirhacibin 1988-ci ildə, hələ ağlı kəsmədiyi vaxtda Cıdır düzündə çəkilən fotosunu 33 il sonra həmin yerdə yenilədik. Qayıdandan "Mənim adım Şuşadır" adlı yığcam reportaj qələmə aldım. Fəqət bu dəfə ürəyim doludur, əziz oxucu! Çünki ədəbiyyat adamları - şair və yazıçılarla birlikdə doğma yurdda qonaq oldum. Gənc qələm dostlarım - Fərid Hüseyn, Ruslan Dostəli, Emin Piri, Ramil Əhməd, Ulucay Akif, Səddam Laçın, El Roman, Vətən uğrunda döyüşən şair qardaşlarımız, digər poeziya nümayəndələri, habelə, qocaman qələm sahibləri, vaxtilə Şuşada olan, indi 30 illik həsrətin bağrına daş bağlayan ədiblərin söz libasında, şair ruhunun timsalında bu ecazkar məmləkət daha da möhtəşəm görünürdü...

Şuşaya daxil olanda burulan yolları arxada qoyduqca bir qədim nəğmə qulağıma doldu. Sözləri Xalq şairi Nəbi Xəzrinin, musiqi xanım-xatın bəstəkarımız Ağabacı Rzayevanın olan "Şuşanın yolları" mahnısı Həqiqət Rzayevanın səsində yaddaşımın əziz yerindən baş qaldırdı:

 

Sevirəm çeşməli, sulu dağları,

Vüqarlı dağları, ulu dağları.

Döysə də qar, yağış, dolu dağları

Dolanıb aparır dağlara yollar,

Baxçalara yollar, bağlara yollar...

 

Mahnının, ən azı, Şuşa qədər ecazı var... Üç bənddən ibarət olan bu mahnıda Şuşa ismi yoxdur. Amma oxunanlardan bəlli olur ki, mahnıda Şuşadan bəhs olunur, bir növ, sözlə etüd... Mahnının müxtəlif hissələrindəki bu misralar Şuşanı nişan verir: "Hər yanda bir məclis qurulub gedir...", "Burdan Vaqif ötmüş, Vidadi keçmiş..."

Yollar bizi mənzil başına çatdırdı. Xeyli gəzib-dolaşıb, dincələndən sonra söhbətlərin ardı-arası kəsilmədi. Bu vədələrdə həmişəki kimi dinc dayanmayıb gün batandan sonra "Qarabağ" otelinə sarı yol aldım. "Xarıbülbül" oteli ilə "Qarabağ" oteli arasında piyada 6-7 dəqiqəlik məsafə var. Divarlara şəhidlərimizin, qazilərin, müxtəlif rayonların adı həkk olunmuşdu. Sabirabad yazılan divarın yanında dayandım. Sabirabadlıların timsalında bütün şəhidlərin ruhuna dua oxudum. Sinif yoldaşım şəhid İlqar Bürcəliyevin ay bənizi gəlib dayandı nəmli gözlərimin qabağında... Elə yana-yana ah çəkdim ki, içim özümü yandırdı, çölüm... bilmirəm kimi...

Həmin an Şuşa sevincimin sinonimini kəşf elədim... Mən Sabirabadda Kür qırağında o baş-bu baş gəzəndə də belə xoşbəxt və kədərli oluram. İki hissi eyni anda yaşaya bilirəm. Şuşada da o hissləri keçirirdim. Gecənin bir aləmi "Qarabağ" otelindən geri qayıdanda gənc polis nəfəri ilə ayaqüstü həmsöhbət oldum. Dedi, sən də şuşalısan? Dedim, indi bu dəqiqə hamı şuşalıdı, hə, mən də şuşalıyam... Çünki mənim Sabirabadımın, Şəkimin, Ağsumun, Qazaxımın adı var bu küçələrdə. Ona görə də, bütün azərbaycanlıların haqqı çatır desin ki, mən də şuşalıyam. Bütün azərbaycanlıların haqqı çatır desin ki, mən də Şuşaya getmək istəyirəm!

"Sənsən fikri-zikri,  sözü Vaqifin..."

Peşəkar telejurnalist Leyla Quliyevanın aparıcılığı ilə başlayan "Vaqif Poeziya Günləri" xanım moderatorun səlis, aydın diksiyası, gözəl üslubu ilə bəzəndi.

Xalq yazıçısı Anarın çıxışındakı təbiət-varlıq paralelləri bir daha torpağın səsini qulağımıza pıçıldadı, bizim sevincimizi bu yerlərə əta elədi: "Bu füsunkar təbiətin qoynuna bizi Vaqifin işığı çağırıb. Təbiət də canlı varlıqdır. Ağaclar çiçək açır, payızda yarpaqlar solur, tökülüb xəzəl olur. Amma ağac ölmür, ağac yenidən dirilir və yeni baharda torpağın gücü ilə Günəşə boylanaraq dirçəlir. Əgər təbiət canlı varlıqdısa, sevinc də duyur, həsrət də duyur və 30 il Şuşanın dağları, meşələri, bulaqları muğam həsrəti ilə, doğma dildə şeir nisgili ilə yaşayıb. Xoşbəxtlikdən, bu nisgil sona yetdi. Bu gün Cıdır düzü Azərbaycanın ən möhtəşəm konsert salonudur. Bu gün Vaqif məqbərəsinin önü Azərbaycanın ən yüksək şeir kürsüsüdür..."

Anar müəllim Molla Pənah Vaqifin həyatı və yaradıcılığı barədə də söhbət açdı, "Görmədim" müxəmməsindən iki bəndi dilə gətirdi, "Sevdiyim, ləblərin yaquta bənzər" misrası ilə başlayan qoşmasından dörd bənd dedi. Bunu həm də qocaman yazıçımızın yaddaş məşqi adlandırmaq olardı. Cavanından tutmuş yaşlısına qədər hamı Vaqif poeziyası ilə yanaşı, Xalq yazıçısı Anarın iti yaddaşını alqışladı.

Ağlıma gəlməzdi ki, Xalq yazıçısı Çingiz Abdullayevin çıxışına nə vaxtsa kövrələm... Rusiya telekanalındakı alovlu çıxışı məni necə riqqətə gətirmişdisə, Vaqifin məqbərəsi önündəki çıxışı bir o qədər həzin notlara köklədi: "Yazıçılar bu həsrətin sonunu gözləmirdilər, yazıçılar öz qələmi, sözü, fikri ilə bu günü hazırlayırdılar. On bir yazıçı Qarabağ uğrunda öz övladını itirib. Xalq yazıçısı Sabir Əhmədli, Xalq şairi Xəlil Rza Ulutürk və digərləri..." Həmin on bir yazıçının "Vaqif Poeziya Günləri"ndə yad olunmağı Çingiz Abdullayevin və onun timsalında hamımızın vəfa borcu idi. Sabir Əhmədlinin, Xəlil Rza Ulutürkün adı həmin gün o qədər insanın qarşısında müqəddəs torpaqda dilə gətirildi. Buna görə Çingiz Abdullayevə minnətdar olmaq lazımdır...

Tədbirə Əməkdar artist Şəhriyar İmanov, kamança ifaçısı Elnur Mikayılov, VII "Muğam" müsabiqəsinin iştirakçısı Həzrət Əzizli də öz ifaları ilə rəng qatdılar. Şəhriyar İmanovun ifasında onun ürəyinin döyüntülərini hiss edə bilirsən. O öz ifası ilə dünyanın bir çox yerində Azərbaycan musiqisini təbliğ edən layiqli, fəxr olunası sənətkarlardandır. Həmçinin, Elnur Mikayılovun ürəyəyatan, peşəkar çalğısı insanın könlünü oxşayır. Təkcə solo ifada deyil, müşayiətdə də ustalıq nümayiş etdirir. Həzrət isə yaşının az olmasına baxmayaraq alqışlara layiq çıxış edir. Xüsusən, "Muğam" müsabiqəsində ona verilən tribunanın gənc ifaçının həyatında əsas mərhələ olduğunu düşünürəm və bu barədə sözügedən layihənin əhəmiyyətini yüksək qiymətləndirirəm. "Vaqif Poeziya Günləri"ndə "Sarı bülbül" mahnısını və "Qarabağ şikəstəsi"ni yüksək şövqlə ifa etdilər.

Vətən müharibəsində iştirak etmiş şairlərin - Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov və Səbuhi Qurbanovun "İgidlərin sözü" layihəsi çərçivəsində səsləndirdikləri şeirləri maraqla qarşılandı. Onların əsgər geyimində şeir səsləndirmələri Qazi Bürhanəddin, Şah İsmayıl Xətai kimi qələmlə qılıncı birləşdirib ərənlik edən ulularımızı xatırlatdı. Elə onlar həmin ulularımızın layiqli varisləridir. Orta-yaşlı nəsil şair və yazıçılarımızın tədbirdən sonra qazi şairlərə yaxınlaşmaları, onlarla şeirlər barədə fikirlərini bölüşmələri, şəkil çəkdirmələri xoş mənzərə yaratmışdı.

Sonra Xalq şairi Vahid Əziz, şairlər Baba Vəziroğlu, Firuzə Məmmədli, Rəşad Məcid, Səlim Babullaoğlu, Nigar Həsənzadə, Sayman Aruz, Arif Buzovnalı, Qəşəm Nəcəfzadə, Xəyal Rza qələmə aldıqları şeirləri səsləndirdilər, ürək sözlərini bölüşdülər.

"Dərədə möcüzə, dağda möcüzə..."

Vaqifin məqbərəsi önündəki tədbirdən sonra hamılıqla Cıdır düzünə yollandıq. Şəkil çəkdirən kim, mahnı oxuyan kim, ötən illərin xatirələrindən bəhs edən kim, bir sözlə, əsl bayram ab-havası yaranmışdı. Konsert səhnəsi qurulmuş, stullar düzülmüşdü. Səhnənin dekorasiyasında Qarabağ xalçalarının görüntülərindən istifadə olunmuşdu. Xalçaların naxışlarına baxırsan, dönüb Cıdır düzündəki çəmənzara tamaşa eləyirsən, başa düşürsən ki, qarabağlı ana-nənələrimiz hanada saplarla təbiəti toxuyublar, hörüblər, ilmələri bu gözəlliklərdən rəng alıb.

Cıdır düzündə "Əsrlərin sədası" adlı möhtəşəm bədii-musiqili kompozisiya izlədik. Əməkdar artist, aktyor və rejissor Nicat Kazımovun quruluş verdiyi bu kompozisiya bir neçə aspektdən təqdirəlayiqdir. Kompozisiyada Nizami, Xaqani, Məshəti, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Natəvan, Zakir, Nəvvab kimi klassiklərimizin obrazları canlandırılmışdı. Məkan və zaman anlayışlarının sərhədlərini aşan rejissor bu tərtibatda Aərbaycan ədəbiyyatının müxtəlif dövrlərinin yenilikçi, xüsusi mərhələ təşkil edən nəfəslərini sintez etmişdi. Kompozisiyada dövrlərarası keçidlərin ab-havası hiss olunurdu.

Digər tərəfdən aktyor və aktrisalar - Murad Məmmədov, Anar Seyfullayev, Elşən Rüstəmov, Nicat Əli, Sənan Kazımov, Gülzar Qurbanova, Sevinc Əziz, Əbülfəz İsgəndərov, Anar Səfiyev, Kərəm Hadızadə, Vüsal Murtuzəliyevin qiraəti diqqət cəlb edirdi. Onlar əruzun tələblərinə dəqiq riayət edir, mizanlarda ləngimirdilər. Bir sözlə, heç bir boşluq hiss olunmadı.

Əməkdar artist Nailə Məmmədzadənin bədii rəhbəri olduğu "Mirvari" rəqs ansamblının üzvlərinin plastikası, ümumiyyətlə, performansı hamını heyran qoydu.

Kompozisiyanın ilk musiqi nömrəsi Fərqanə Qasımovanın ifasında, Vaqifin sözlərinə bəstələnmiş "Durnalar" mahnısı oldu. Çinarə Məlikzadənin ifasında Nizaminin "Gecə xəlvətcə bizə sevgili yar gəlmişdi..." mətlə beytli qəzəlini dinlədik, qəzəl "Aşiqəm" xalq mahnısının melodiyasına uyğunlaşdırılmışdı. Samir Cəfərov Bülbülün, Üzeyir bəyin diyarında "Sevgili canan" əsərini ifa etdi, hamımız bu möhtəşəmliyin xumarına məst olduq. Sərxan Bünyadzadənin Nizaminin sözlərinə bəstələnmiş romansını, düzü, ilk dəfədi eşidirdim. Cəfər Xəndanın tərcüməsi möhtəşəm imiş. Nuriyyə Hüseynova "Füzuli" kantatası ilə Cahangir Cahangirovun böyüklüyünü bir daha yada saldı. Səhnəmizin xanım ulduzlarından Səbinə Ərəbli isə Məshətinin məsnəvilərinə bəstələnmiş "Bu dünya" mahnısını ifa etdi, Şövkət Ələkbərovanı, şuşalı sənətkar Zöhrə Abdullayevanı xatırlatdı. Qoçaq Əsgərov Nəsiminin "İstəmə" rədifli qəzəlinə yazılmış musiqini melodiyanın xarakterinə uyğun olaraq elə dərvişanə də ifa etdi. Anar Şuşalı Füzulinin sözlərinə yazılmış "Vətənimdir" romansına yeni nəfəs verdi. Ramil Qasımov Əşrəf Abbasovun Vaqifin sözlərinə bəstələdiyi daha bir nadir mahnını - "Heyran olmuşam"ı ifa etdi. Kamilə Nəbiyeva iki şuşalının - Vasif Adıgözəlov və Natəvanın əsərini - "Qərənfil"i ifa etdi. Gülyanaq Məmmədov Natəvanın növbəti fəryadını - "Neyçün gəlməz" mahnısını oxudu. Gülyaz Məmmədovanın oxuduğu "Güllü qafiyə" kompozisiyanın sonuncu və finala layiq çıxışı oldu.

Cıdır düzündə "Əsrlərin sədası" izlədikdən sonra Rəşad Məcidin 1981-ci ildə Şuşada yazdığı şeirin ilk misrası xəyalımda dolaşdı: "Dərədə möcüzə, dağda möcüzə..."

"Şuşa adlı körpə dünyaya gəldi..."

"Vaqif Poeziya Günləri"nin ikinci günündə, "Söz" layihəsinin təqdimatında gənc şairlər - Səddam Laçın, Firdovsi Rəsul, Rüstəm Hacıyev, Ulucay Akif, Ramil Əhməd, El Roman, Fərid Hüseyn, Tahirə Məmmədova, Ruslan Dostəli qələmə aldıqları poetik nümunələri səsləndirdilər.

Sevinirdim ki, həmin gənclərin arasında mən də var idim. İkinci Qarabağ müharibəsində şəhid olmuş kapitan Elçin Ağayevin üzünü görə bilmədiyi qız övladına Şuşa adını vermişdilər. Həmin Şuşa adlı körpəyə həsr etdiyim şeir, həmin şeiri "Vaqif Poeziya Günləri"ndə Molla Pənah Vaqifin məqbərəsi önündə səsləndirməyim ömrümün sonunacan yadımdan çıxmaz və bu xoşbxətliyə səbəb olan hər kəsə özümü mənəvi olaraq borclu hesab edirəm:

 

Kağızdan təyyarə düzəldən Şuşa

Üfüqə uçurdu ümidlərini.

Silahlar yoluna sipər olmasa,

Bombalar cahanı yaralamasa,

Kağız təyyarələr uçacaq sonsuz...

Bütün arzuların ilkin müjdəsi,

Qüdsi yurdumuzun pak nişanəsi

Şuşa adlı körpə dünyaya gəldi -

Günəş dan yerindən şəfəq saçanda...

 

"Vaqif Poeziya Günləri"ndə doğma "525-ci qəzet"i unutmaq olmazdı. Mütəmadi olaraq baş tutan tədbirlərdən qəzet, sayt üçün şəkillər çəkib redaksiyaya yollayırdım. İstədim, "Vaqif Poeziya Günləri"ndə iştirak edən bəzi ədiblərimizin ürək sözlərini sizinlə bölüşüm:

Xalq şairi Vahid Əziz: "İkinci dəfədir ki, "Vaqif Poeziya Günləri"ndə iştirak edirəm. Ən böyük uğur odur ki, Şuşa bizimdir, Azərbaycan ordusu, xalqı Şuşanı geri qaytardı. Xalqımız Şuşanı ziyarətgah kimi qəbul edib. Bundan böyük qürur yoxdu. Mötəbər Prezidentimiz "Vaqif Poeziya Günləri"ni həm də ona görə bərpa etdi ki, hər kəs Şuşanı görə bilsin".

Tənqidçi və tərcüməçi İntiqam Qasımzadə: "Hər şey çox gözəldi. Tədbirləri çox bəyəndim, xüsusən, qazilərin çıxışlarını. Xalq şairimiz Vahid Əzizin etirafı çox yerində idi. O dedi ki, qazi şairlərin çıxışlarından sonra bizim şeir deməyimiz çox çətin olacaq. Daha sonra bədii-musiqili kompozisiya da xoş təəssürat bağışladı, möhtəşəm idi".

Şair Rəşad Məcid: “ Şuşadan gələn kimi Hikmət Sabiroğluya zəng elədim, təəssüratlarımı bölüşdüm; Şuşadan, təmir olunmuş "Qarabağ" otelindən , Güllü bağdan, Balıqlı hovuzdan, İsa bulağından, xanəndə Mürsəl kişidən danışdıq. Şuşa barədə Hikmətin söhbətlərini dinləmək bir başqa aləmdir, sevimli məkana sığal çəkmək kimidir onun danışığı.

Güllü bağdan danışanda Xan Şuşinskini xatırladı. Deyir, Xan əmi Güllü bağda Mədəniyyət evi tərəfdən birinci oturacaqda oturardı həmişə. Şuşalılar bunu yaxşı bilirdi, ona görə də Xan əmi dünyasını dəyişəndən sonra da o yerdə heç kim oturmazdı!.. Əgər orada kimsə otururdusa , o dəqiqə bilinirdi ki, şuşalı deyil, nabələd adamdır, bu ənənədən xəbəri yoxdur.

Şonra şair, xanəndə dostum Şamil Əhmədova zəng elədim, İsa bulağından, xanəndə Mürsəl kişidən danışdıq; Mürsəl kişinin xasiyyətindən, qazanılan pulu necə ədalətli bölməsindən, oxuduğu köhnə mahnılardan söhbət açdı, Mürsəl kişinin şəkillərini yolladı mənə.

Təəssüratlarım hədsiz zəngindir; nəyəsə çevriləcək - yazıyamı, şeirlərəmi, bilmirəm. Tək bildiyim odur ki, Şuşanın tərtəmiz havasından, İsa bulağının dupduru, səpsərin suyundan doymadım...”

Yazıçı Elçin Hüseynbəyli: "Nə qədər ki Şuşada Azərbaycan bayrağı dalğalanır, Azərbaycanın qüruru, mənəviyyatı, ruhu öz yerində olacaq. Şuşa işğal olunandan sonra Azərbaycanda mənəvi çatışmazlıqlar var idi. Şuşanın qayıdışı bütün problemlərin açarıdır. Mən Şuşa küçələrində gəzdikcə düşməndən 30 illik intiqamımı alıram".

Dramaturq Əli Əmirli: "Hər dəfə Şuşaya gəlib təntənəli məclisləri görəndə işğal dövründəki Şuşa - düşmənlərin buradakı məzhəkələri yadıma düşür. Müqayisə edirəm, biz öz Vətənimizə gəlmişik, onların Vətəni deyildi və onlar özlərinə layiq məclislər qururdular. Bizim bütün tədbirlərimiz Şuşaya hörmətlə bağlıdır. "Vaqif Poeziya Günləri"nin açılışı, sonrakı bədii-musiqili kompozisiya çox əla idi. İzlədik və ürəyimiz fərəhləndi. Dünyaya görk olur ki, onlar burda nə ilə məşğul idilər, biz nə ilə məşğuluq. Bütün bunlara şahidlik etmək böyük xoşbəxtlikdi".

Şair Zakir Fəxri: "Burda olmağım mənə yuxu kimi gəlir. Bu ucalığı bizə bəxş edənlərə Allah ucalıq bəxş eləsin. 1987-ci ildə Yusif Səmədoğlu, Məmməd İsmayıl, mən, Rəşad Məcid gəlmişdik "Vaqif Poeziya Günləri"nə, burdan da Turşsuya getmişdik. Sonra məlum hadisələr başladı... Şuşa mənim üçün ağır yerdi. Çünki mənim şəhid qardaşım Kamil buranı qoruyub. Hələ də inana bilmirəm ki, Şuşadayam. Evlə danışıram, yuxulayıram, ayılıram, elə bilirəm evdəyəm, sonra görürəm ki, yox, Şuşadayam. Amma bunun arxasında mütləq ədəbiyyat olmalıdı. Hər şeyi yaşadan ədəbiyyatdı".

Şair Baba Vəziroğlu: "Mən söz adamı olsam da, Şuşa ilə bağlı təəssüratları ifadə eləmək çox çətindi. Təəssüratlar rəngarəngdir, dünyada min rəng varsa, hamısı burada var. Mən 1982-ci ildə "Vaqif Poeziya Günləri"nin açılışında da iştirak etmişəm. Keçən il də Şuşada oldum. Artıq üçüncü dəfədir. Kaş Ulu Öndər sağ olaydı, azad Şuşanı görəydi. Möcüzələr ancaq nağıllarda olur. Həyatda isə, möcüzələri real insanlar yaradırlar. Bu möcüzəni bizə bəxş edən Ali Baş Komandandır. Ona görə də bu gün ona həsr etdiyim şeirimi oxudum.

Şair İbrahim İlyaslı: "Keçən il "Vaqif Poeziya Günləri"ndə Şahanə Müşfiq məndən təəssüratlarımı soruşanda dedim ki, Şahanə, Şuşada təəssürat olmur, heyrət olur, mən heyrət içindəyəm. Bu gün də mən heyrət içindəyəm. Şuşa bir ömür insanları heyrətləndirə biləcək ruhani məkandır. Şuşa ilə bağlı zəif şeir yazmaq günahdır. Şuşaya məhəbbət də Şuşaya layiq olmalıdır. Mənə yazdılar ki, Şuşada nə var, nə yox? Təkcə bu cavabı verdim: Şuşada Şuşa var!"

Şuşanın şəninə deyilən sözlər bu möhtəşəmliyin yanında sönük qalsa da, sidqi ürəkdən söylənilir. Hələ neçə-neçə "Vaqif Poeziya Günləri"ndə görüşənədək!

 

Nadir Yalçın

525-ci qəzet .- 2022.- 20 iyul.- S.14-15.