Qələmsiz yazılanlar
status-esseləri
Şuşaya
getmək...
Şuşaya
getmək həm də tarixə və keçmişə səyahətdir.
Dahi
şəxsiyyətlərin ayağı dəyən, ruhu
dolaşan müqəddəs məkanları ziyarətdir
Mədəniyyət
paytaxtında, musiqi-muğam beşiyində ən gözəl
hisslərlə ibadətdir.
Tərtəmiz
havasından, səpsərin bulağından qopub ürəyə
yayılan hərarətdir.
Qəhrəman
ordumuzla, müqəddəs şəhidlərimizlə, igid
qazilərimizlə, Müzəffər Ali Baş
Komandanımızla qürur və fəxarətdir.
lll
Şuşanı
ilk dəfə görən insanları müşahidə etmək,
keçirdiyi hissləri anlamağa çalışmaq tamam
başqa bir duyğudur. İnsanın qəfil
rastlaşdığı ilahi gözəlliyə
reaksiyası onun daxili zənginliyinin güzgüsüdür.
Amma Şuşa təkcə gördüyümüz
məkan deyil ki...
İllər
boyu tarixiylə, yazılarla, şeirlərlə
yaddaşımıza və ruhumuza işləmiş,
qanımıza hopmuş müqəddəs məkandır.
Gördüyümüzdən daha dərin, daha sehrli.
On
beş yaşımda Şuşanın, Cıdır
düzünün sehrindən ilhamlanıb "Cıdır
düzü" adlı şeir yazmışdım, bu müqəddəs
məkanı mədh etmiş, "tarixin möcüzə sərgisi"
adlandırmışdım...
1992-ci ilin 8 mayı həyatımın ən ağır günü idi. Üç gün sol qolumu hiss etməmişdim onda, həyatın bitdiyini düşünmüşdüm.
Şuşaya
vurulmağımdan üzü bəri, sonra da işğal illərində
Şuşa haqqında xoş söz deyən hər kəs
gözümün işığına, əzizimə
çevrilmişdi.
Anarın,
Toğrul Nərimanbəyovun, Polad Bülbüloğlunun, Fərhad
Bədəlbəylinin Şuşa haqqında sözlərini hər
fürsətdə yada salmış, hər uyğun tədbirdə
xatırlatmışdım.
İşğal illərində Cıdır düzü, İsa bulağı haqqında yazılara ironiya edən üsyankar gənc yazarlardan birinin, jurnalist heyəti tərkibində Şuşaya gedib, Cıdır düzünü görüb geri qayıdandan sonrakı etirafı yadımdadır. O, bu mövzuda ironiya etdiyi adamların hamısından üzr istəmiş, Şuşanın, Cıdır düzünün ilahi gözəlliyindən, ovsunundan heyrətə gəldiyini bildirmişdi.
Son
iki ildə isə Şuşanın ünvanına deyilən ən
gözəl, dillər əzbərinə çevrilən
sözlərin müəllifi heç şübhəsiz, Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevdir. Cənab Prezident
Vətən savaşımızın başlanmasından bir həftə
sonra, 2020-ci il oktyabrın 4-də Cəbrayılın
işğaldan azad olunmasıyla bağlı xalqa müraciətində
ilk dəfə Şuşanı Müqəddəs Şəhərimiz
adlandırdı. Sonrakı günlərdə - həm
müharibə vaxtı, həm Zəfər günü,
həm də Şuşaya etdiyi hər səfərində bu mövzuda
ən gözəl sözləri söylədi:
"Şuşasız
bizim işimiz yarımçıq olar!"
"Əziz
Şuşa, sən azadsan!
Əziz
Şuşa, biz qayıtmışıq!
Əziz
Şuşa biz səni dirçəldəcəyik!"
"Sözün
düzü, adam heç Şuşadan getmək istəmir..."
2021-ci
il mayın 12-də Xarıbülbül festivalının
açılışında cənab Prezident bu festivalın
şəhidlərimizin xatirəsinə həsr olunduğunu
vurğuladı, "Şuşanın
azadlığını qəhrəman əsgərlərimizə
borcluyuq" dedi və yenə Şuşa haqda ən təsirli
sözlərindən birini söylədi: "Dünyanın
çox gözəl şəhərlərində olmuşam,
amma Şuşaya bənzər şəhər görməmişəm..."
40
ildir Şuşanı ilahi məkan bilən, 30 ildən sonra
Şuşada olmağın səadətini yaşayan bir insan
üçün bu sözləri eşitməyin nəticəsi
sevinc göz yaşlarına qərq olmaqdır.
Həmin günün səhəri, 30 ildən sonra yenidən Şuşada olmağın səadəti içində, cənab Prezidentin sözlərinin təsirilə, 42 ilin ardından bu dəfə "Şuşa" şeirini yazdım. Əməkdar artist Xumar Qədimova bu şeirə əzəmətli musiqi bəstələdi...
Min
şəhər adı var dillərdə əzbər,
Adların
ən üstün adıdır Şuşa.
Musiqi
notudur cüt hecasıyla
Dilimin
şəhdidir, dadıdır Şuşa.
Ciyərdə
nəfəsdir, damarda qandır,
Ruha qanad verən sirli məkandır,
Biri
beş edəndir, güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
Qoynuna
hər gələn yüz xəyal eylər,
Uzaqda
qalanlar qeylü-qal eylər.
Birini coşdurar, birin lal eylər,
Tilsimdir, ovsundur, cadudur Şuşa.
İndi növbəti Vaqif Poeziya
Günlərinə yola düşərkən ötən əsrin
80-ci illərində, Şuşada Vaqifin məqbərəsi
önündə keçirilən, tamaşaçısı
olduğum tədbirləri, orada deyilən şeirləri,
İsa bulağındakı məclisləri, indi dünyada
olmayan tanınmış şairlərimizi bir
daha xatırladım.
Bu
gün də Şuşaya səfər edən şairlərin
içərisində uzun həsrətdən sonra
Şuşaya gedənlər və Şuşanı ilk dəfə
görənlər var. Ən maraqlısı onların hissləridir...
Əvvəldəki
fikrimə qayıdıram: mənim aləmimdə, insanın
kimliyini, necəliyini onun həm də bu müqəddəs,
ilahi məkanımıza münasibəti müəyyən
edir.
Hamıya
Şuşanı görmək, Şuşa sehrinə
düşmək arzusuyla...
13.07.2022
lll
Gəldik
Şuşaya, gördük Anar müəllim oturub Qarabağ
otelinin qarşısında Vaqif Poeziya Günlərinə gələn
yazıçı-şairləri gözləyir.
Bunu
2 il əvvəl yazsam, nağıla bənzəyərdi...
lll
Şuşadan
gələn kimi Hikmət Sabiroğluya zəng elədim, təəssüratlarımı
bölüşdüm; Şuşadan, təmir olunmuş
"Qarabağ" otelindən, Güllü bağdan,
Balıqlı hovuzdan, İsa bulağından, xanəndə
Mürsəl kişidən danışdıq. Şuşa
barədə Hikmətin söhbətlərini dinləmək
bir başqa aləmdir, sevimli məkana sığal çəkmək
kimidir onun
danışığı.
Güllü
bağdan danışanda Xan Şuşinskini xatırladı. Deyir, Xan əmi Güllü
bağda Mədəniyyət evi tərəfdən birinci
oturacaqda oturardı həmişə. Şuşalılar bunu
yaxşı bilirdi, ona görə də Xan əmi
dünyasını dəyişəndən sonra da o yerdə
heç kim oturmazdı!.. Əgər orada kimsə
otururdusa, o dəqiqə bilinirdi ki, şuşalı deyil, nabələd
adamdır, bu ənənədən xəbəri
yoxdur.
Sonra
şair, xanəndə dostum Şamil Əhmədova zəng elədim,
İsa bulağından, xanəndə Mürsəl kişidən
danışdıq; Mürsəl kişinin xasiyyətindən,
qazanılan pulu necə ədalətli bölməsindən,
oxuduğu köhnə mahnılardan söhbət
açdı, Mürsəl kişinin şəkillərini
yolladı mənə.
Təəssüratlarım
hədsiz zəngindir; nəyəsə çevriləcək -
yazıyamı, şeirlərəmi, bilmirəm. Tək bildiyim odur ki,
Şuşanın tərtəmiz havasından, İsa
bulağının dupduru, səpsərin suyundan doymadım...
lll
2014-cü
ildə Vaqif Bəhmənliylə Təbrizə, ustad Şəhriyarın
xatirəsinə həsr olunmuş tədbirə getmişdik. Həm
də Bakı-Təbriz təyyarəsiylə. 4 gün Təbrizi
gəzdik, insanlarla söhbət etdik.
Qayıdandan
sonra tez-tez yuxudan oyananda özümü Təbrizdə hiss
edirdim. Uzun müddət bu hisslər məni tərk etmədi.
İndi
2 gecə Şuşada qalmaq, 2 səhər gözünü
Şuşada açmaq, 2 gün ard-arda İsa bulağına
getmək, suyundan içmək, doğma insanlarla birgə Vaqif
Poeziya Günlərinin tədbirlərinə qatılmaq yuxu
kimi gəlir və əminəm ki, bu hisslər uzun illər
yaşayacaq...
lll
Mənə
də bu gün Ramazan bayramı münasibətilə bir
neçə təbrik gəlib...
lll
Media acdır - bəd xəbər acı...
lll
Akademik
İsa Həbibbəylinin dəvəti ilə Xalq
yazıçısı Anar, Xalq rəssamı Fərhad Xəlilov
və Xalq artisti Fərhad Bədəlbəyli ilə birlikdə
2 gün Naxçıvanda olduq, Naxçıvanın tarixi məkanlarını,
gözəl təbiət mənzərələrini seyr elədik,
Batabata qalxdıq, Zorbulağın suyundan içdik.
Şərur rayonunun Danyeri kəndində akademik İsa Həbibbəylinin anası Qəndab xanıma baş çəkdik, cansağlığı arzuladıq. Yaşı 90-ı keçən Qəndab xanım aydın düşüncəsi, iti yaddaşı ilə bizi təəccübləndirdi.
İsa
müəllimin dədə-baba yurdundakı meyvələrin -
növbənöv əriklərin, alçaların, armud və
gilənarın tamı damağımızda qaldı. Əbədi
yaddaşlarda qalacaq gözəl təəssüratlar
yaşadıq.
lll
İlon Mask Roma Papası ilə görüşüb.
Xeyir
ola, görəsən, nə planlaşdırırlar yenə?
lll
Sifarişli taksi qiymətlərinin qədrini bilin. Pisləməyin. Sonra bu da
olmayacaq.
lll
Kitab
naminə kitab buraxmaq dəb düşüb. Məmurlar
dərcinə dəstək olduqları kitabları əllərinə
alıb şəkil çəkdirirlər. Nə olsun ki, bu
kitabları açıb oxuyan yoxdur?
Yaxşı,
bəs birdən kimsə bir ağıllı adam oxumaq istədi...
lll
"Qarabağ"ın
rəhbərliyini, oyunçularını, bütün
azarkeşlərini təbrik edirəm.
Qarabağ sevincimizdir.
Şərhçi də "Qarabağ"a
layiqdir.
Rəşad Məcid
Azərbaycan Yazıçılar
Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet .-2022.- 20 iyul.- S.11.