Şuşaya vurğunluq...
İnsan
övladı hər zaman evinə, yuvasına
bağlılığı ilə fərqlənir. Hara gedirsən get, nə qədər gözəl ölkələr,
şəhərlər görürsən gör, qəlbinin
bir guşəsində öz evin, doğma yuvan
üçün darıxır, oraya can atırsan.
Çünki ev doğmalıqdır, ev
hüzurdur, ev özünü güvəndə hiss etdiyin tək
məkandır. Amma mübaliğəsiz, tam səmimi deyə
bilərəm, Şuşa yeganə şəhərdir
ki, orada heç vaxt evim üçün qəribsəmir,
darıxmır, qayıtmaq haqqında qətiyyən
düşünmürəm. Çünki Şuşa
elə ev deməkdir. Bu, düz 50 il əvvəl,
hələ körpə uşaqkən də, yeniyetməlik, gənclik
dövründə də belə idi və bu gün də belədir.
Nə qədər qalsam da, bu şəhərin
heç nəyindən - nə havasından, nə suyundan, nə
küləyindən, nə gündüzündən, nə
sehrli nağıllar aləmini xatırladan ulduzlu gecələrindən
doyuram.
Otuz illik ayrılıqdan sonra artıq ikinci səfərim
idi bütün varlığı ilə içimə
hopmuş, yaddaşımdakı ən işıqlı, ən
xoşbəxt xatirələrin ünvanı olan bu doğma
şəhərə.
Şuşaya çatanda artıq hava qaralırdı. Uzun və
yorucu yoldan sonra oteldə qeydiyyatdan keçib nömrəyə
qalxdım. İlk işim eyvana
çıxıb o yüksəklikdən möhtəşəm
şəhərimə tamaşa etmək oldu. Şuşaya qaranlıq çökürdü.
Bu mənzərəni təsvir etmək
üçün hansı sözdən yapışdımsa,
sönük və gücsüz göründü. Qarşımda uşaqlığımın ən
sevimli məkanı - Güllü bağ dayanırdı.
Uşaq vaxtı mənə elə gəlirdi ki,
dünyada bu bağdan böyük bağ yoxdur. İçində rəngbərəng balıqlar
olan iki çarhovuzun ətrafında rəngbərəng qəribə
güllər, çiçəklər olardı. Qəribədir, bir vaxt mənim üçün
ucsuz-bucaqsız görünən o bağın əslində,
nə qədər kiçik olduğunun fərqinə indi
vardım. Ancaq bura Şuşa idi və
Şuşada hər şey, hər yer elə onun
doğurduğu təkrarsız təəssüratlar kimi sonsuz
və nəhayətsizdir. İndi sularında
ulduzlar sayrışan, fəvvarələri ilə yorğun
ruhumun küçələrinə su çiləyən bu
kiçik park ecazkar işıqları ilə məni
salamlayırdı.
Aşağı, otelin həyətinə
düşdüm. Şam yeməyindən sonra hamı Güllü
bağın həyətində idi - gəzib-dolaşan kim, masaların ətrafında oturub söhbət
edən kim. Hamını birləşdirən ortaq bir məqam
vardı: Şuşaya vurğunluq...
Həmin gecə də, sonrakı gecə də otelin həyətindəki
masaların hər biri ayrı-ayrılıqda bir şeir məclisi
idi. Demək olar, bütün masalarda şeirlər
oxunurdu. Hamının ürəyi dolu idi və
poeziya bu sehrli gecədə at oynadırdı. Qaranlıq
olsa da, Bakıdan mənimlə gələn rəfiqələrimlə
bir az aşağı, Xan qızı
bulağına tərəf düşdük. Onlara
Şuşanı gəzdirməkdən, hər
qarışına bələd olduğum bu yerləri vəsf
etməkdən o qədər zövq alırdım ki,
küçənin o müdhiş qaranlığı belə
mənə işıqlı gündüz kimi
görünürdü.
Gecənin sehrinə elə vurulmuşdum ki, qətiyyən
yatmaq barədə düşünmürdüm. Bir yandan hələ
qarşıda daha bir günümüzün olduğunun
sevincini yaşayarkən, digər tərəfdən bu günlərin
tez ötüb keçəcəyi qorxusuyla gecənin bitməsini
heç istəmir, anasının ətəyindən
sallaşan körpə kimi gecənin ətəyindən bərk-bərk
yapışıb hər vəchlə getməyinə əngəl
olmağa çalışırdım. Qızıl
saçlı şıltaq ilham pərisi bu hisslərimi
oğurlayıb şeirə çevirərək məni
özümə qaytardı:
Bu gecəni
Şuşadan çalmaq istəyirəm mən,
Yuxular bu
gecəlik qoy tərk eləsin məni,
Otuz ili özümlə gətirib bu gecəyə
caladım,
aşayıram
bu gecə hər gecəni.
Allahım,
qoy uzansın bu gecə, heç bitməsin,
Oturum
sübhə qədər xatirələrimlə mən
Uşaqlığın
kölgəsi əriməsin, itməsin,
Qoy danışım onlara necə
böyüdüyümdən.
Deyim ki,
bu yerləri yuxularda görərdim,
Tez-tez yox, hərdən-birdən, ayda-ildə bir dəfə.
Elə
bil, yuxularda nəyisə itirərdim,
Elə hey axtarardım, baxardım hər tərəfə.
Özüm də bilmirdim ki, burada nəyim qalıb?
Bəlkə, rəngli darağım, güllü
köynəyim qalıb?
Bu
gün, burda, bu gecə, anladım ki, deyəsən,
Uşaqlığımmış
demə, o vaxtdan düşüb itən...
Biz nə qədər
istəməsək də, təbiətin öz qanunları
var; gecələr bitər, doğan Günəş yeni bir səhəri
önümüzə sərər.
Səhəri gün dopdolu, tədbirlərlə zəngin
olmalı idi.
Ona görə də öncə boş vaxtdan
istifadə edib Şuşanın gözü sayılan İsa
bulağına yollandıq. Hər
daşını, döngəsini əzbər bildiyim
küçələrlə dünyanın ən dadlı suyu
axan İsa bulağına sanki ən əziz adamla
görüşə gedirmiş kimi həyəcanla gedirdim.
Yoldakı bir məqam əhvalımızı
bir qədər korlasa da, bunun müvəqqəti olduğuna
içimizdəki inam kədərli notlara köklənməyə
izn vermədi.
Otuz il əvvəl qoyub getdiyim bulaq eyni qaydada
lal-dinməz axmağında idi. Bal kimi
bumbuz suyu, yamyaşıl meşəsi, sehrli sükutu ilə
İsa bulağı bir möhtəşəmlik abidəsiydi
ki, durmuşdu. Başımı qaldırıb o
zümrüd rəngli meşəyə tamaşa edərkən
beynimdən bir fikir keçdi. Düşündüm
ki, bu ağaclar otuz ildir eşitdikləri o mənfur, o yad səslərdən
yorulduqları üçün indi doğma səsləri duyub
sevinir və xoşbəxt-xoşbəxt bizlərə
gülümsəyir. Bulağın suyu çirkab dolu
qabın içinə axdıqca o qabdakı suyu
paklaşdırdığı, çirkabı axıdıb
yox etdiyi kimi, doğma səslər, tanış dil, məhrəm
sözlər də bu meşənin yaddaşından o qara
günləri, o yad səsləri tamamilə silib aparacaq,
onların hafizəsində yeni, tərtəmiz bir səhifə
açacaq. Bu düşüncələrin xoş təsirindən
ayılanda necə susadığımın fərqinə
vardım və uşaqlıqda olduğu kimi, ağzımı
dirəyib bu bal kimi sudan o ki var içdim. Sonra bu möcüzəvi bulaqdan bir şüşə
su doldurub geri qayıtdıq.
Hər zaman olduğu kimi, yaşadığım xoşbəxtliyin
böyüklüyü yenə hisslərimi dondurmuşdu. Elə bu
durğun, keyimiş duyğularla Vaqifin məqbərəsi
önündə keçirilən ilk tədbirə yol
aldım. Hava isti olsa da, Şuşa
havası olduğu hiss olunurdu. Şeirlər,
çıxışlar bir-birini əvəz etdikcə
yavaş-yavaş donmuş hisslərimin əridiyini hiss edirdim.
Qazi şairlər öz şeirlərini
oxumağa başlayanda buzlar əriyərək damlalara
çevrilmişdi. Otuz ilin həsrəti,
ağrısı, kədəri bu kövrək misralara
qoşulub ürəyimdən gözlərimə yol
almış, durmadan axıb süzülməkdə idi...
Sonra günün daha möhtəşəm bir tədbirinin
keçiriləcəyi məkana - Cıdır düzünə
getdik. Batmaqda olan Günəş var gücü ilə ətrafı
qızılı rəngə boyamışdı. Sərin
küləyin saçlarımda gəzişən nəfəsini
hiss etməkdən zövq ala-ala bir anda özümü
daşın üstündə oturub qayaları seyr edərkən
yaxaladım. Təəssüratlar o qədər
zəngin idi ki, bir insan vücudunun onları daşımaq
üçün necə cılız olduğunun fərqinə
vardım. Bilmirdim ki, bu qədər böyük
xoşbəxtliyi özümlə necə gətirim. Bir
ürək bütün bu duyğuları gəzdirmək
üçün həddindən artıq kiçik idi...
Cıdır düzündə keçirilən
günün ikinci tədbiri, ədəbi-bədii gecə
axşamın ecazkar sehrinə qarışaraq əsl
möcüzə yaratmaqda idi. Artıq Nizami, Füzuli, Vaqif
şeirləri Üzeyir musiqisi ilə sevişir, Nəsiminin
üsyankar dərvişi Xətainin köhlənini
qaçırıb çapır, Natəvanın qərənfili
Vasif nəğməsinin həzin notlarında çiçəkləyirdi.
Bir anda ruhumun Mövlana səmazəndlərinə qoşulub
Cıdır düzünün səmalarına yüksəldiyini
hiss etdim. O qədər xəfifləmişdim ki, külək
məni qabağına qatıb göyün ənginliklərinə
qovurdu. Gözlərimdən axan damlalar artıq
dağ çayına çevrilmişdi. Onları
heç cür dayandıra bilmirdim. Ruhum, bədənim,
bütün varlığım bu çayın sularında
yuyunub paklanır, bütün dərdlərdən, qüssələrdən
arınırdı. Hamı məndən
niyə ağladığımı soruşurdu. Cavab berə bilmirdim. Çünki
özüm də bunun səbəbini bilmirdim. Bircə onu bilirdim ki, çox xoşbəxt idim və
bu göz yaşları doğurdan da əsl sevinc, sevgi göz
yaşları idi. Hər yerdən
üstümə xoşbəxtlik ələnirdi. Mən Şuşa səmalarında yenicə
doğulmuş, dünyadan xəbərsiz qayğısız
bir körpə idim...
Günəş
sabah yeni nağıllarla qayıtmaq
üçün dağların arxasına, biz isə gecəni
son anına qədər doya-doya yaşamaq üçün
otelə qayıtdıq...
İçim-içimə sığmırdı. Təəssüratlarımı
bir yerə necə cəmləşdirəcəyimi,
hansını hara qoyacağımı bilmirdim. Hamı avtobuslara minib geri qayıtsa da, biz piyada
dönməyə qərar verdik. Bəs necə,
ayaqlarımın yaddaşına həkk olunan o xoş təması
bir daha duymaq, o daş küçələrlə,
enişli-yoxuşlu yollarla gəzmək səadətindən
özümü məhrum edə bilməzdim axı.
Yolboyu yan-yana düzülən yarıuçuq, qədim
evlər göz-göz pəncərələri,
sınıq-sökük divarları ilə sanki öz qorxulu
nağıllarını bizə danışmaq istəyirdilər. Ətrafda
qatı sükut hökm sürsə də, bu sükutun
içindən o evlərin otuz illik faciələri, dəhşət
və qorxuları, əzab və işgəncələri
duyulur, eyni zamanda, bugünkü sevinc və xoşbəxtlikləri
həzin bir nəğmə kimi aydın eşidilirdi. Onların hekayələrini dinləyə-dinləyə
gəlib otelə çatanda artıq gecə
düşmüşdü və bu, Şuşadakı son gecəmiz
idi. Keçirdiyim hissləri izah etməyə
yəqin ki, ehtiyac yoxdur. Bu gecəni də sübhə
kimi oyaq qalmaq, Şuşa səfərimin
ömrünü bir gecəlik uzatmaq istəyilə bir şeir
daha dünyaya gəldi:
Bu gecə
son gecədir, çatdı ayrılıq dəmi,
Vaxtmı tələsik ötdü, yoxsa təqsir məndəmi?
Cibimə
də sığmırsan, aparım səni evə
Necə ayrılım axı mən səndən sevə-sevə?
Dünən
necə xoşbəxtdim: hələ bu günüm vardı,
Dünənki
xoşbəxtliyi bu gün gəlib apardı,
Qəlbimi burda qoyum, yoxsa səni aparım?
İçimdəki ağrını hansı əllə
qoparım?
Yenəmi xatirələr harayıma
çatacaq?
Məni
məndən qoparıb qucağına atacaq?
Hansı
çiçəkdən alım küləyinin qoxusun,
Hansı
quşa deyim ki, səninki tək oxusun?
Ay da
batıbdı çoxdan, gecə də bitmək üzrə
Gecə
yaman yorulub, yıxılıb yatmaq üzrə.
Necə
başını qatım, yuxusu qaçsın onun?
Ona
açılan sabah xoşbəxtliyimin
sonu...
Ertəsi
gün biz - tədbir iştirakçıları Vaqifin məqbərəsi
önündə şeirlər oxuduq, çıxışlar
etdik; hər kəs özünün Şuşaya sevgi
etiraflarını söylədi.
...Şuşadan ürəkdolusu xoşbəxtlik
duyğuları ilə ayrıldım.
Şahrun Süleymanlı
525-ci qəzet .-
2022.- 20 iyul.- S.10.