Xurşidbanu Natəvan: incə
ruhlu şair və fədakar xeyriyyəçi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ xanlığının sonuncu varisi sayılan, zərif təbiətli, incə ruhlu şair, xalqa məhəbbət ruhunu xeyriyyəçilik fəaliyyəti ilə uzlaşdırmış, Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün əvəzolunmaz işlər görmüş Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin keçirilməsi ilə bağlı 14 mart 2022-ci ildə Sərəncam imzalayıb.
Xurşidbanu Natəvan Şərq aləmində ilk
qadın şairədir ki, 1960-cı ildə Bakıda heykəli,
1982-ci ildə isə Ulu öndər Heydər Əliyevin təşəbbüsü
və qayğısı sayəsində Şuşada
büstü ucaldılıb.
Zəmanəsinin qabaqcıl ziyalısı,
maarifçisi sayılan Xurşidbanu Natəvan XIX əsrdə
nəinki Qarabağda və ya Azərbaycanda, onun hüdudlarından
kənarda da sadə və səmimi lirik şeirləri ilə
pedaqoji fikrin inkişafı tarixini zənginləşdirib, həmçinin,
bir-birindən gözəl rəsm və qiymətli sənət
nümunələri ilə, xeyriyyəçi işləri ilə
özünə ölməz abidə ucaldıb. Onun şeirlərindəki
forma sadəliyi mənanın gözəlliyini qüvvətləndirir.
Bu gözəllikdən də şeirin yalnız
forması deyil, həmçinin, ideya məzmununa aid olan
ümumi xüsusiyyət öz əksini tapmış olur.
Xurşidbanu Natəvanın şeirlərinə
hopan bu gözəllik xalq pedaqogikasından, islami dəyər
və prinsiplərindən, Nizami, Füzuli, Vaqif və digər
klassik poeziya nümunələrindən gəlmişdir desək,
heç də yanılmarıq. Xurşidbanu
Natəvan bu kimi böyük korifeylərin incə lirik
şeirləri ilə öz bədii zövqünü təkmilləşdirmişdi.
Həyatı, insanların daxili aləmini, fəaliyyət
və mübarizəsinin bütün mürəkkəbliyi ilə
düzgün, dolğun əks etdirən realist
yaradıcılıq şəxsiyyətin psixologiyası
üçün zəngin mənbədir. Bu baxımdan
Xurşidbanu Natəvanın yaradıcılığı
xüsusilə əhəmiyyətlidir. Əlbəttə,
belə bir fikir səhv olardı ki, sənətkar psixologiyanı,
onun əsas müddəalarını öyrənmiş və
onları yeri gəldikcə öz
yaradıcılığında tətbiq etmişdi. Pedaqoji-psixoloji bilik şairin insanları dərindən
və dəqiq müşahidə edib topladığı
faktları təfəkkür süzgəcindən keçirməklə,
ümumiləşdirmələr vasitəsilə unudulmaz
xarakterlər yaratmasına müsbət təsir göstərsə
də, heç vaxt yaradıcılıq istedadını əvəz
edə bilməz. Xurşidbanu Natəvanın
zəngin irsini bu cəhətdən öyrəndikdə orada
ciddi elmi əhəmiyyətə malik material tapırıq.
Bu böyük şairimizi, həm də
sözün geniş mənasında, psixoloq adlandırmaq
üçün əsas verir.
El arasında "Xan qızı", sarayda isə
"Dürrü yekta" (tək inci) kimi tanınan
Xurşidbanu Natəvan "islam carçıları"
sayılan klerikallar və ya yalançı din
adamlarının təsir imkanlarına məhəl qoymayaraq
aşiqanə hisslərdə ictimai məna daşıyan
şeirlər yazmış, rəsm çəkmiş və
musiqidən həzz almışdı. Naqis baxışlara
baxmayaraq "Məclisi-üns" adlı şeir məclisində
öz şeirlərini, qəzəllərini uca səslə,
avazla oxumuşdu.
Şuri-eşqin
başıma axırı sövda gətirir,
Bu müşəxxəsdi ki, eşq aşiqə
qovğa gətirir.
...Gül
üzün görmək əgər mümkün olaydı bir
dəm,
Hər zaman görmək onu nuri-mücəlla gətirir.
...Sidqi-qəlb
ilə nisar etmiş idin can nəqdin,
Natəvan, müjdə bu gün, qətlinə fərma
gətirir.
Yaxud:
Hicran ilə
kim, dəməni-qəm dəstrəsimdir,
Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.
...Görmək
üzünü qayəti-hər fikrü xəyalım,
Öpmək ayağın mayeyi-şövqü həvəsimdir.
Xurşidə
yetər başım əgər, çakərin olsam,
Bu
rütbə ilə aləm əra fəxr bəsimdir...
Tanınmış tədqiqatçı Bəylər Məmmədovun
sözləri ilə desək, Xurşidbanu Natəvan bu kimi qəzəllər
yazarkən "o zamankı şəraitdə qadının
öz məhəbbətini izhar etməsinin necə
qarşılanacağını yaxşı bilirdi". "Desəm
öldürərlər, deməsəm ölləm" aforizm
görüşündən baxsaq, əgər "zəmanəsinin
möhnətü məlalından sinədağlı lalə"
olmuş Natəvan üçün, yazmaq nə qədər
çətin idisə, yazmamaq da bir o qədər
qeyri-mümkün idi. Qeyd etdiyimiz kimi
dilinin sadəliyi, qəzəllərinin orijinallığı
ilə öz müasirlərindən fərqlənən Natəvanın
hər bir şeiri Qarabağ, Şirvan, Bakı, Şəki,
Naxçıvan (Ordubad) şairlərinin qəlbini dilləndirmiş,
onların məhəbbət tellərini ehtizasa gətirmişdi.
Xurşidbanu Natəvanın poetik misralar və ya söhbət
arasında dediyi hikmətli kəlamlar, müdrik sözlər
vardır ki, bunlardan bəziləri bu gün də xalq
arasında aforizm kimi səslənməkdədir. Oğlu Mehdiqulu xan məzuniyyətə
Şuşaya gələrkən, anası boynuna sarılıb,
qədd-qamətini oxşayaraq kontrastlı ifadələrlə
oğlunu aşağıdakı kimi vəsf etmişdi:
Fəda o qamətinə kim, qəza nə
xoş çəkmiş,
Qədər
büküb belimi, eyləyib kəman, ölürəm!
Məzuniyyəti
bitdiyi zaman Şuşadan qayıdanda isə:
Nə
böylə vəslin olaydı, nə öylə hicranın
- demişdi.
Xurşidbanu
Natəvanın şeirlərindəki dərin məna, təravət,
üslub aydınlığı və səmimilik o qədər
güclüdür ki, şeirləri el arasında əldən-ələ
ötürülərək yayılmış, toy şənliklərində,
məclislərdə xanəndələr onun qəzəllərini
oxumuş, həmçinin, şeir və qəzəllərinə
çoxlu nəzirələr yazılmışdı.
Nə mən
olaydım, İlahi, nə də bu aləm olaydı!
Nə də
bu aləm ara dil müqəyyədi-qəm
olaydı!
Həmçinin,
Varımdı
sinəmdə dərdü qəmi-nəhan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan,
ölürəm.
-
misrası ilə başlanan qəzəllərə müraciətləri
bizə onu deməyə əsas verir ki, bu əsərlərdən
görkəmli pedaqoq-alim Hüseyn Cavid və həmçinin,
pedaqoq-alim, musiqişünas Üzeyir Hacıbəyov da
çox təsirlənmişlər.
Burada bir haşiyə də çıxaraq qeyd edək
ki, Üzeyir Hacıbəyov 1896-cı ildə Qori
Seminariyasında təhsil almağa gedərkən Xan
qızından xeyir-dua almağa gəlmiş, Xan qızı
da müqəddəs Quran kitabından ayələr oxuyaraq
Üzeyir bəyə xeyir-dua vermişdi. Bu da onu deməyə
əsas verir ki, Üzeyir Hacıbəyov sonralar Xurşidbanu
Natəvanın yaradıcılığına dərindən
bələd olub. Xalq rəssamı Mikayıl Abdullayevin
"Xeyir-dua" adlı gözəl sənət əsərinin
repreduksiyası bu gün də Üzeyir Hacıbəyovun ev muzeyində qorunub saxlanılmaqdadır.
Xurşidbanu Natəvanın xeyriyyəçilik işlərindən
"Tərcüman", "Qafqaz", "Kaspi" kimi qəzetlər
də geniş bəhs etmişlər. Hələ 1856-cı
ildə "Qafqaz" qəzeti 44-cü nömrəsində
Xurşidbanu Natəvanın anası Bədircahan Bəyimin
xeyriyyəçi bir qadın olmasından yazır. Oxuyuruq ki, Bədircahan Bəyim Şamaxıda
açılan "Müqəddəs Nina" qız məktəbinə
1.000 manat ianə verib. Bu da ümumilikdə
bu ailənin mədəni həyatdakı maarifçi xidmətindən
xəbər verir.
1897-ci
ilin 42-44-cü nömrələrində "Tərcüman"
qəzeti Xurşidbanu Natəvanın şəxsiyyəti və
xidmətləri ilə bağlı geniş bəhs
etmişdi: "Xurşidbanu xanım xan zamanında doğulub
Rusiya zamanında yaşamış bir vücud idi. İki
zamanın ara yerində qalmış
xanım əhvalə görə bir tərz məişət
qurub etiqadad və adati-milliyəsini mühafizə etməklə
bərabər zəmani-cədidin iqtizasına görə hərəkət
edərdi... Müsəlmanların maarifinə dəxi həmiyyəti
və müavinəti az deyil idi. Qarabağın rus və milli məktəblərinə
və şagirdlərə ianəsi çox idi". Krımda çıxan "Tərcüman" qəzetinin
yazdıqlarından məlum olur ki, "elmü mərifət
sahibəsi" Xurşidbanu Natəvan müasir mədəniyyətə
yiyələnmiş, zəmanəsinin
dünyagörüşlü qabaqcıl adamları ilə bir
sırada getmişdi. Bir daha
göründüyü kimi, Natəvan təkcə incə təbli
şeirləri ilə deyil, həm də dövrünün
qabaqcıl meylləri ilə bağlı olması, maarifpərvərliyi,
xeyirxahlığı, səxavətliyi, açıq
qapısı və qüvvətli nüfuzu sayəsində
şöhrət qazanıb. 1872-ci ildə
altı kilometrlik məsafədən Şuşaya ilk su kəməri
çəkdirib. Həmin su kəməri
indi də "Xan qızı bulağı" adlanır.
O, Araz çayından Ağcabədiyə qədər su
arxı, Bakıdan Şıx kəndinə yol da çəkdirib.
Xurşidbanu
Natəvan onlarla gəncin mədəni şəhərlərdə
təhsilini davam etdirməsinə maddi yardım göstərməklə
yanaşı, Qarabağın bir çox tanınmış bəy
və şairlərinin də o cümlədən Qasım Bəy
Zakirin, Molla İbrahim Qarabağinin, Mirzə Ələsgər
Növrəsin və digərlərinin maddi ehtiyac
keçirdiyi vaxtlarda onlara kömək əlini uzatmış,
maddi yardım göstərmişdi.
Xurşidbanu Natəvanın milli mövqeyi, incə
lirizmlə zəngin yaradıcılığı, xeyriyyəçiliyi
sağlığında və ölümündən sonra da qədirbilən
xalqımız, xüsusən görkəmli tənqidçi,
şair, mütəfəkkir, musiqiçi, rəssam,
ictimai-siyasi xadimlərimiz tərəfindən dəfələrlə
qiymətləndirilib və minnətdarlıqla
vurğulanıb.
Kamal CAMALOV Pedaqogika elmləri
doktoru, Əməkdar müəllim
525-ci qəzet .-2022.- 21 iyul.- S.13.