Qələbə naminə can qurban verən qəhrəman
"Torpaq əgər uğrunda ölən varsa,
Vətəndir" - deyib əcdadımız. Bu mənada
Azərbaycanı "bəxti
gətirən" torpaqlardan
adlandıra bilərikmi?! Yüzillər
boyu bu torpaqlar
uğrunda axmayan qan, fəda olmayan can qalmadı. Coğrafi mövqeyimi, təbii sərvətlərimi, yeraltı,
yerüstü varımı
qonşu adıyla marığa yatmış
düşmənlərimizi cəlb etdi, bilmirəm, amma bu ölkənin başı üzərindən
qara buludlar, torpağından yad əllər heç əskik olmadı. Elə hey
sahib olmağa, talamağa,
əbədi-əzəli yurdumuzu
əlimizdən almağa
çalışdılar. Onlar bu inadkar və
arsız istəklərindən
əl çəkmədikcə
Azərbaycan xalqı öz vətənlərinə
daha güclü, daha qüvvətli qollarla sarıldı.
Bir qarış torpağını da düşmənə verməmək
üçün çabaladı,
canını, qanını
verdi. Lakin
təəssüf ki, bəzən bacardı, bəzənsə...
1990-cı
illərin əvvəllərində
70 illik əsarətdən
sonra yenicə müstəqilliyinə qovuşmuş
xalq silkinib oyanmağa çalışırdı
ki, ondan qat-qat güclü əllərin köməyiylə
əsrlər boyu suyumuzu içib, çörəyimizi yeyən,
süfrəmizdə ən
başda oturan qonşularımız erməni
xainləri baş qaldırıb, torpaq iddiasına düşdülər.
Təbii
ki, belə bir vəziyyətdə qələbə çətin,
hətta mümkünsüz
idi. Amma onda belə
məğrur Azərbaycan
övladları təslimiyyəti
qəbul etmədi, son
nəfəslərinə qədər
döyüşdülər. 4-5 illik çabadan
sonra ən gözəl guşələrimizdən
biri olan Qarabağ ermənilər tərəfindən işğal
edildi. Düz 30 il torpaqlarımızın
20 faizi düşmən
tapdağında əsarətdə
qaldı. Bir milyondan çox
məcburi köçkünümüz
öz vətənlərində
vətənsizlik dərdi
yaşadı.
Nəhayət, 2020-ci ilin 27 sentyabr günü bütün bu əzabların, utancın sonu oldu. Xalqımız bu ədalətsiz
gərdişə "dur!"
deyərək öz ədalətini özü
bərpa etmək qərarına gəldi.
Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyilə Şanlı
Ordumuz Vətən Müharibəsinə başladı.
Ermənilərin 4-5 ilə zəbt
etdikləri torpaqlarımızı
qəhrəman ordumuz cəmi 44 günə geri qaytardı, xalqımıza böyük
Qarabağ zəfərini
qazandırdı.
Bu qələbədə çox
böyük payı olan, təkcə 44 gün deyil, uzun illər vətənə sədaqətlə
xidmət edərək,
arzusunda olduğu şəhidlik məqamına
ucalan igidlərimizdən
biri də mayor Emin Süleymanovdur. 43 yaşında xalqına qələbəni bəxş
edərək gözlərini
dünyaya əbədi
yuman qəhrəman
zabitimizin vətən
sevgisi təkcə müharibəylə məhdudlaşmırdı.
O, ta uşaqlığından
gözünü vətənə
xidmət edən, torpağı candan, qandan əziz bilən bir atanın ailəsində açmışdı. I Qarabağ müharibəsində
o, atası polis mayoru Bəhmən Süleymanovun
və qardaşının
vətəni qorumaq üçün necə irəli atıldıqlarını,
canlarını necə
heçə sayaraq vuruşduqlarını öz
gözləriylə görmüş,
uşaq yaddaşının
bir küncünə həkk etmişdi. Onun mayası bu sevgiylə, bu ucalıqla yoğrulmuşdu.
Belə bir ailənin oğlu əlbəttə, şəhadətlə
ucaldacaqdı adını,
soyadını...
Bu gün qəhrəman
şəhidimizin 45 yaşı
tamam olur. Onsuz gələn
bu yubileyini təkcə ailəsi deyil, böyük bir xalq qeyd
edir.
Emin Süleymanov
21 iyul 1977-ci ildə İmişli rayonunda doğulub. 1983-1992-ci illərdə
Namiq Şirinov adına 5 saylı
orta məktəbin rus bölməsində,
1992-1995-ci illərdə Cəmşid
Naxçıvanski adına
hərbi liseydə orta təhsilini bitirib. 1995-1999-cu illərdə
Bakı Ali Birləşmiş
Komandanlıq Məktəbində
(indiki Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi
Məktəbi) ali təhsil alaraq artilleriyaçı ixtisasına
yiyələnib.
E.Süleymanov 1999-cu ildə ali hərbi məktəbdən məzun
olduqdan sonra Gəncə şəhərində
yerləşən N saylı
hərbi hissədə
"leytenant" rütbəsində
hərbi vəzifəsinə
başlayır. Həyat yoldaşı
Məhsəti xanım
deyir ki, eyni ad-soyadlı kursant yoldaşıyla təyinat yerləri açıqlananda Emin səhvən elə bilir ki, Bakıya
düşüb. Bu, ona çox pis təsir edir. Çünki onun hərbçi
kimi məqsədi paytaxtda qalmaq deyil, cəbhə bölgəsində xidmət
etmək idi. Sonradan isə öyrənir ki, təyinatı Bakıya verilən kursant o yox, adaşı imiş.
O, aldığı hərb təhsilini və döyüş taktikalarını
peşəkarcasına mənimsəyərək
artilleriyaçı olur.
Ordu sıralarında xidmət
etməyə başlayan
gündən Emin yalnız ön cəbhədə xidmətini
yerinə yetirib.
10 ilə yaxın
ən çətin xidmət yerlərindən
biri hesab olunan Murovda xidmət edib. Cavanlığının ən gözəl
illəri Murov dağlarında keçən,
mayor rütbəsinə qədər
ucalan Emin divizion komandiri olub.
2016-cı
il Aprel
döyüşlərinin də
iştirakçısı olub
Emin. O və tabeliyindəki topçu əsgərləri düşmənə
qan uddurublar. Məhz bu cür
nümunəvi zabit olduğuna görə E.Süleymanov xidməti dövründə "Azərbaycan
Silahlı Qüvvələrinin
10 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə"
3-cü dərəcəli medalı,
"Azərbaycan Silahlı
Qüvvələrinin 90 illiyi"
yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli
medalı, "Azərbaycan
Silahlı Qüvvələrinin
95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə"
1-ci dərəcəli medalı,
"Azərbaycan Ordusunun
100 illiyi" yubiley medalı və fəxri fərmanlarla təltif edilib.
Lakin Aprel döyüşləri
Qarabağ həsrətiylə,
qələbə əzmiylə
yaşayan bir zabit üçün az idi, çox az idi.
O, bütün torpaqlarımızı
azad etmək, bu qələbəni öz əlləriylə xalqına bəxş etmək arzusunda idi. Ona görə də
böyük müharibənin
başlayacağı günü
səbrsizliklə gözləyirdi.
Uzun illərdir orduda xidmət edən zabit kimi o günün
tezliklə gələcəyini
bilirmiş Emin. Ordudakı hazırlıq məhz bunun xəbərçisi imiş. Amma nə ailəsinə, nə də yaxınlarına bu haqda bir kəlmə
də demir. Onsuz da işindən danışmağı sevməzdi
cənab mayor. Ona görə
də bu susqunluğu kimsədə
şübhə oyatmır.
Nəhayət, Eminin və
Azərbaycan xalqının
taleyinə böyük
zəfər yazan Vətən müharibəsi
başlayır. Azərbaycan
Ordusunun mayoru olan Emin Süleymanov
2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan
Vətən müharibəsində
artilleriyaçı olaraq
iştirak edir.
Bu dəfə də evdən gedərkən ailəsinə bir söz demir. Aprel döyüşlərində olduğu
kimi, bu müharibədə də
ailəsi onu təlimə gedirmiş kimi bilir.
Peşəkar komandir Murovdağın, Füzulinin, Xocavəndin, Şuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə
vuruşur. Tuğ kəndinin alınmasında
Emin və artilleriyaçıları xüsusi
fəallıq göstərirlər.
44 gün döyüşən
Emin və topçuları dəqiq koordinatlarla hədəfə
aldıqları düşmənin
strateji mövqelərini,
bir çox texnikasını və xeyli sayda canlı
qüvvəsini məhv
edirlər. 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı
kəndi istiqamətində
gedən əməliyyatlarda
iştirak edir. 9 noyabr 2020-ci ildə
Laçın dəhlizi
istiqamətində döyüş
tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə
ucalır. Onun son sözləri
isə əsgərlərinə
xitabən "Özünüzü
qoruyun, uşaqlar!"
- olur. Şəhid zabitimiz
noyabrın 13-də ata
yurdu Xubyarlı kəndində, vətən
sevgisini, qorxmazlığı,
cəsurluğu öyrəndiyi,
idealı bildiyi atasının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Mayor Emin Süleymanov şəhadətindən sonra
"Vətən uğrunda",
"İgidliyə görə"
və "Şuşanın
azad olunmasına görə" medalları
ilə təltif olunub.
Bu gün Emin Süleymanov adı təkcə oğlu Bəhmən, qızı Emilya üçün deyil, bütöv bir xalq üçün
qürur mənbəyi,
qələbə simvoludur. 43 illik həyatına şanlı zabit ömrü sığdıran
şəhid mayorumuz bu gün 45-ci yaşında ruhən xalqının yanında, canını fəda etdiyi vətənin başı üzərindədir.
Əminəm ki, o, bu günlərdə xalqının
növbəti böyük
sevincinə də şahiddir. Axı uğrunda canını
fəda etdiyi torpaqlara həyat qayıdıb, nəfəs
qayıdıb. Cəmi bir
ay öncə onun övladları şəhadətə
ucaldığı Şuşada
möhtəşəm tədbirdə
iştirak edirdilər.
İki gündür işğaldan
azad edilmiş torpaqlarımıza ilk köç
başlayıb- iyulun
19-dan etibarən Zəngilan
rayonunun Ağalı kəndinin sakinlərindən
bir qismi-50-yə yaxın
ailə artıq öz yurd-yuvalarına geri dönüblər.
Budur şəhidimizə ən
böyük töhfə,
budur qanlarının yerdə qalmadığının
sübutu. Yeni həyatlar üçün
öz həyatını
qurban verənlərə
biz məhz bunu borcluyuq-yeni və firavan həyatlar...
Mövludun mübarək,
Şəhidim!
525-ci qəzet .- 2022.- 21 iyul.- S.16.