"Uşaqlara "kimsəsiz",
"yetim" deyilməsini qadağan eləmişəm"
"ÜMİD YERİ"
UŞAQ SIĞINACAĞININ RƏHBƏRİ NİGAR
MƏNSİMOVA: "BİR QƏZETDƏ UŞAQLARIN
SIĞINACAQDA SİFİLİS OLDUĞUNU YAZMIŞDILAR. O
YAZINI OXUYANDA BİR GÜN GÖZ YAŞI TÖKDÜM"
Onu gözləyərkən düşünürdüm
ki, görəsən, ağlımda xeyli sual varkən,
heç birini yazmadan gəlmək doğru seçim idimi? Bu günə
qədər mətbuatda bir çox
açıqlamasını, müsahibəsini oxumuşdum.
Ancaq bilirdim ki, bizim söhbətimiz tam fərqli
alınacaq. Çünki onun kimi insanların hər
zaman dolu-dolu danışacağı söhbətləri olur.
Müsahibimiz "Ümid
yeri" uşaq sığınacağının rəhbəri
Nigar Mənsimovadır.
- Nigar xanım, uzun zamandır yol gəlirsiniz.
Vəziyyət necədir?
- Vəziyyəti
belə qiymətləndirirəm: əla! Ona
görə əla deyirəm ki, insan bu həyatda bir yola
çıxanda, o yolda arzu etdiklərinə nail olanda nəticə
də əla olur. Məndə də belə
oldu. Mən özüm ixtisasca jurnalistəm,
uzun müddət Azərbaycan Dövlət Televiziyasında
çalışmışam. Öz
peşəmi çox sevirəm və hesab edirdim ki, mənim həyatda
nail olmaq istədiyim budur ki, sevdiyim peşəyə müvəffəq
olum. Televiziyada mənim işlərim
yaxşı gedirdi. Teleməkanda yeganə
televiziya olanda baş redaksiyaların birində böyük
redaktor olaraq çalışırdım. Orada efirə gətirdiyim yeni verilişlər
tamaşaçıların xoşuna gəlirdi, rəhbərlik
tərəfindən təqdir olunurdu və mən bir jurnalist
üçün lazım olan məqamdaydım. Ancaq bir gün 1997-ci ildə gecə saatlarında
çəkilişdən qayıdırdım, dəniz kənarında
küçə həyatına məruz qalan uşaqlarla
qarşılaşdım. Bu uşaqlarla söhbət zamanı o ana qədər
yaşamadığım hissləri yaşadım. Düzdür, bir çoxumuz bu uşaqları
gördükdə onlara qəpiklər verir, bununla da onlara
özümüzü kömək etmiş hesab edirik. Ancaq həmişə belə hesab edirdim ki, bu, onlara
köməyin doğru yolu deyil. Bəs
doğru yol nədir? Onu tapmaqda çətinlik
çəkirdim. Həmin gecə
uşaqlarla söhbət zamanı mən başa
düşdüm ki, küçədə gecələyən
uşaqlar üçün bir sığınacaq
lazımdır. Onlar hamısı
gündüz bacardığı formada nəsə edir, dilənir,
küçələrdə yaşam uğrunda mübarizə
aparırdılar. Gecələr isə gedəsi
yerləri olmadığı üçün parklarda,
vağzallarda gecələyirdilər. Mən bu səfil qəhrəmanların
iç dünyası ilə tanış
olandan sonra fikirləşdim ki, onlara gələcəyimiz
deyiriksə, bu gündən onlara həyan olmalıyıq. Mütləq bu uşaqların isti yemək yeyəcəyi,
yata biləcəyi yuvaları olmalıdır. Bu, artıq zərurət idi. Mən
bunu sadəcə arzulayıb, yaxud köks ötürüb
keçə də bilərdim. Ancaq
analıq və vətəndaşlıq duyğusu mənə
imkan vermədi.
- Bəs bu duyğu necə
reallığa çevrildi?
- Bu hadisədən
sonra təsəvvürümdə qurduğum bu evin
yaranması üçün çabalar göstərməyə
başladım. Çox sevinirəm ki, biz 1997-ci
ildə hüquqi əsaslarla ölkəmizin "Ümid
yeri" adlı ilk uşaq sığınacağını təsis
etdik. Yaradandan sonra könüllülərlə
- rəfiqələrim, həkimlər, jurnalistlər, müəllimələr
və digərləri küçələrə
düşüb gecə saatlarında uşaqları
tapırdıq, onlarla görüşlər keçirirdik və
sığınacağa gətirirdik. İlk
bir ayda 60 nəfər uşaq cəlb etdiyimiz xatirimdədir.
Daxil olan uşaqların hamısı acınacaqlı vəziyyətdə
idi, çirkli, antisanitar vəziyyətdə, bitli və s. xəstəliklərin
daşıyıcıları idilər. Biz
onları dərhal çimizdirirdik, həkim müayinəsindən
keçirirdik, təhsilə cəlb edirdik. Biləndə ki onlar təhsildən də
yayınıblar, sığınacaqda siniflər
açdıq və könüllü müəllimləri dəvət
edərək uşaqlar üçün sürətli kursla
ilkin ibtidai təhsil tədris etməyə başladıq.
Onları müəyyən səviyyəyə
qaldırandan sonra Təhsil Nazirliyinə müraciət etdik
ki, gəlib uşaqları imtahan etsinlər və onlar məktəblərə
cəlb edilsin. O zamanlar hazırkı sabiq təhsil
nazirimiz Misir Mərdanov məsələyə həssas
yanaşdı, komissiya gəldi və uşaqlar imtahandan sonra
18 saylı məktəbə təhsilə cəlb olundular. Kaş siz onları görərdiniz, dünən
küçədə baxımsız qalan uşaqlar, bu gün
təmiz halda çanta əllərində məktəbə
gedirdilər.
-
90-cı illər ölkəmizin həyatında keçid
dövrü idi. Həmin dövrdə belə
bir təşəbbüsə cəhd etmək mənəvi və
mədəni cəsarət tələb edirdi. Ancaq yəqin
ki, çətinliklərlə də
qarşılaşmısınız...
- Əlbəttə. Bu, yeni bir cığır idi. Hər yeni
işdə mütləq çətinliklər olur. Biz QHT nəzdində bu sığınacaq
yaratdıq. Ona görə bəzi dövlət
qurumlarının rəsmi nümayəndələri gəlib
bizə deyirdilər ki, sizin ixtiyarınız yoxdur ki,
uşaqları burada saxlayasınız. Uşaqların
sahibi valideynləri və hökumətdir. Mən bu mövzuda iki istiqamətdə mübarizəyə
başladım. Birincisi, öz işimizi
davam etdik və küçələrdən uşaqları
topladıq. İkincisi isə Milli Məclisin
Sosial Siyasət Komissiyasına müraciət etdim, Nazirlər
Kabinetinə təkliflərimi verdim. Artıq
dövlətin diqqətinə çatdırdıq ki,
Bakıda küçə həyatına məruz qalan
uşaqların problemi var. Biz bu problemlə
çıxış edəndə hamı deyirdi ki, dövlətin
uşaq evləri var, əgər küçədə
uşaq varsa, gətirin yerləşdirək uşaq evinə.
Dedim ki, gəlin sınayaq görək heç bir sənədi
olmayan, küçədə qalan xəstə, təhsilsiz
uşaqları hansı uşaq evi qəbul edəcək? Heç biri. Çünki bunun
üçün uşağın doğum haqda şəhadətnaməsi,
yaxud valideynlərinin ölüm haqqında məlumatı,
sağlamlıq arayışı və s. olmalıdır.
Bəs bunları edənəcən uşaq
harada qalmaldır? Mən çox sevinirəm
ki, qısa müddətdə dövlət strukturlarını
inandırdım ki, sığınacağın fəaliyyəti
vacibir. Bu gün çox qürurla deyə bilirəm ki,
Azərbaycanda küçə həyatına məruz qalan
uşaqların problemlərinin ağırlaşmamasında
"Ümid yeri"nin danılmaz yeri var.
- Nigar xanım, uşaqların sənədlərinin
tapılması, yaxud bərpası işlərini necə həyata
keçirirdiniz?
-
Uşaqların kimliyini araşdırmaq, sənədlərini
tapmaq üçün uşağın danışığına
əsasən harada olmasından asılı olmayaraq
özünü də götürüb ora gedirdik. Sonuna qədər araşdırıb onun sənədlərini
tapırdıq. Əgər heç sənədi
yoxdursa, polislərin köməyilə tibbi ekspertizaya müracəit
edilirdi və məhkəmə qərarı ilə
uşağa doğum haqda şəhadətnamə
açılırdı. Bu fəaliyyət
indi də davam edir.
- Sizinlə birgə bu yola
çıxan könüllülər vardı, hazırda da
davam edənlər varmı? Bu haqda hansı xatirələriniz
var?
- Bəli,
var. Hələ o dövrdə sığınacaqda fəaliyyət
göstərənlər, doğrudan da əsl
könüllü kimi bu işə ürəkdən
yanaşırdılar. Xatirələrim çox
yaxşıdır. Bizdə Mahizər
müəllimə vardı, uşaqlara ibtidai təhsil öyrədirdi.
Onlara təkcə müəllimə deyil, ana
olub. Bu günə qədər də həmin
uşaqları axtarır, uşaqlar da onu. Yazgül
adlı xanım vardı, xadimə kimi
çalışırdı. Çox fədakarlıq
edirdi. Bəzən çox yorulurdu, ancaq
düşünəndə ki onlar kimsəsizdir,
hamısına gülümsəyirdi və işinə davam
edirdi. Mən qadağan etmişdim ki, heç kim uşaqlara kimsəsiz, yetim deməsin. Onlar üçün biz varıq. Belə xoş xatirələrimiz çoxdur. Hərdən
düşünürəm ki, buranın yaranması adi insan
ideyası və işi ola bilməz. Bu, ancaq Allahın küçədəki məsum
uşaqlara olan mərhəmətindən yarana bilərdi.
Bizi də sadəcə o uşaqlara xidmətçi
kimi özü seçib. Mənə hər
kəs həsəd apara bilər. O mənada ki, mən
çox dolu və mənalı həyat yaşamışam. Mən çox sevinirəm ki, özümüzdən
sonra gələn sığınacaqlar üçün yol
açmış olduq.
- 25 ildir bu işlə məşğulsunuz.
Heç düşünmüsünüz ki, yorulmusunuz? Yaxud
da sığınacaq olmasaydı, tam başqa yerdə
olardım?
- Olub. Bir hadisə danışım. Sığınacaqda
çalışan zaman həm də televiziyadakı işimə
davam edirdim. Bir gün küçədən
4 azyaşlı uşaq tapdıq. Gətirdiyimiz
hər uşaq kimi onları da Yolxucu Xəstəliklər xəstəxanasında
qan analizi etdirirdik ki, xəstəliklərinin
olub-olmamasını bilək. Bu 4 uşaqda
cinsi istismara məruz qalma ilə bağlı sonradan
qazanılmış sifilis aşkarlandı. Səhiyyə işçiləri bundan çox
narahat oldu və bizə təşəkkür etdilər ki,
ilk dəfə sonradan qazanılan sifilisi biz aşkarladıq.
Uşaqları xəstəxanaya yerləşdirdik,
müalicə aldılar. Bu zaman çox
acı bir hadisə baş vermişdi. Qəzetlərin
birində yazmışdılar ki, uşaqlar "Ümid
yeri"ndə sifilis oldular. O yazını oxuyanda mən
bir sutka göz yaşı tökdüm. Çünki biz həmin
uşaqları necə xoş niyyətlə küçədən
gətirdik, müayinə etdirdik, xəstəxanaya yerləşdirdik,
xəstəxanada qaldıqları müddətdə geyimlər
aparırdıq və s. Ancaq qəzet o hadisəni başqa
cür qələmə verdi. Bundan sonra
televiziyada rəhbərlik mənə dedi ki, ərizənizi
yazıb işdən çıxsanız yaxşıdır. Bu, anlaşılan idi. Mən ərizəmi
yazıb işdən çıxdım və gəldim
özümü bütünlüklə
sığınacağa həsr etdim. Üstündən
xeyli keçmişdi, bir gün işdə özüm haqda
düşünməyə başladım. Öz-özümə suallar verirdim ki, sən harada
idin, hara gəldin? Sən nə arzu edirdin,
indi nə edirsən? Özümə
çoxlu suallar verdim və qarşılığında elə
cavab tapdım ki, onda başa düşdüm ki, həqiqətən
də hər bir insanın alın yazısı var. Bu da mənim
alın yazım idi və o qaçılmaz idi. Bu gün
mən o qədər şad və xoşbəxtəm ki! Mənim sığınacağa olan məhəbbətim
evimizə də sirayət etdi. Biz həyatımızı
"Ümid yeri"siz təsəvvür edə bilmirik.
- Sığınacaqda qalan, ancaq sonra
yenidən ailəsinə geri verdiyiniz uşaqlar varmı?
- Belə
olub ki, ana həbsxanadaydı, biz onun uşağını illərlə
göz bəbəyimiz kimi qorumuşuq, sonradan gəlib və təhvil
vermişik. Ancaq heç vaxt layiq olmayan valideynə
qaytarıb uşağın yenidən istismara məruz
qalmasına izn verməmişik. Biz valideynləri
sona qədər axtarıb, araşdırırıq. Əgər layiqdirsə, hə, uşaq
üçün də ailədə böyümək daha
xoşbəxt olur.
- Sığınacağın sosial təminatı
necə qarşılanır?
- Ümid
yerinin çox yaxşı yaşadığı illər də
olub, çox çətinliyə düşdüyü
zamanlar da. İndi bizim
dövrümüzün ən parlaq səhifəsidir. 2019-cu
ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi
ilə sığınacağımızın binası yenidən
quruldu, avadanlıqla təchiz edildi. Daha yaxşı fəaliyyət
göstərməyimiz üçün elə gözəl
şərat yaradılıb ki. Mən Mehriban xanıma
böyük təşəkkürlərimi bildirirəm. O, bizə
qucaq açdı, şərait yaratdı, həm də
özü gəlib sığınacağımızda oldu.
Onun bizə dəstəyə sığınacağa yeni nəfəs
verdi. Çünki həmin dövrlərdə mən həvəsdən
düşməyə doğru gedirdim, ancaq mənə yenidən
güc verdi. Hazırda Heydər Əliyev Fondu tərəfindən
sığınacağın ərzaq təminatı da
qarşılanır. Bu il Əmək və Əhalinin Sosial
müdafiəsi Nazirliyində Sosial Xidmətlər Agentliyi tərəfindən
layihə ilə təmin olunmuşuq. Bu layihə çərçivəsində
işçilərimizin əməkhaqqı da
qarşılanır. Bizim ayaq üstə
dayanmağımızda hər kəsin rolu var. Son
illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım Əliyevanın sığınacağımıza
ziyarətləri, buradakı uşaqlara sevgisi, sağlıq
problemi olan uşaqlarımızın müayinə və
müalicələrə cəlb edilməsi bizə çox
böyük dəstək oldu. Hazırda bizdə
çox ağır xəstəliklə mübarizə aparan
tam kimsəsiz bir uşağımız var, biz onu Leyla
xanımın köməyi ilə Türkiyəyə
aparmağa hazırlaşırıq. Leyla xanıma çox təşəkkür
edirəm. O, uşaqların sevinci ilə sevinən
insandır.
Fürsətdən istifadə edib bu illər ərzində yanımızda olan xeyirxah insanlara təşəkkür edirəm. Onlar həmişə böyük inamla, ehtiramla bizim qapımızı döyüblər. "Ümid yeri"ni sevənlərin sayı çoxdur. Bu, sevgi və dürüst fəaliyyətimizdən irəli gəlir. Sığınacağımız hazırda cəmiyyətdə müsbət imic qazanıb.
Afaq RZA
525-ci qəzet .- 2022.- 22 iyul.- S.13.