Elvin Əlizadə üçün uğurlama

 

Elvin Əlizadə ilə beş ildən çoxdur ki, bir yerdə - Sumqayıtın ədəbiyyat məbədi olan Əli Kərim adına Poeziya Evində çalışırıq. Görəvimiz bu şəhərin ədəbiyyat adamlarının xidmətində dayanmaq, onlarla könül yolçuluğu etməkdir. Adətən, bu cür yolçuluqda adamlar bir-birini daha tez və daha dərindən tanıyar, daha yaxşı bilər. Elvinin məni hara qədər tanıyıb-bildiyini deyə bilmərəm, ancaq mən onu çox gözəl tanıyır, çox yaxşı bilirəm.

Elvin hələ orta məktəbin aşağı siniflərində oxuduğu vaxtlardan poeziyaya könül verib. Dövri mətbuatda, almanaxlarda şeirləri dərc edilib. Mədəniyyət və İncəsənət Universitetini bitirib, sənətşünas ixtisasına yiyələnib. Bədahətən şeir söyləmək yetənəyini sınayıb və burada da müəyyən uğurlar qazanıb. Azərbaycan Ordusunda hərbi xidmət keçib. Sonra Poeziya Evində işləməyə başlayıb. Göründüyü kimi, ilk baxışdan 29 yaşınacan tənzimlənən hamar bir özkeçmişə malikdir. İnsanın daxili dünyasını tənzimləyən isə onun hər kəsdən fərqli duyğu və düşüncələri, yaşantılarıdır. Gənc şairin ilk şeirlər kitabını "Mənfi 29" adlandırması da təsadüfi deyil. Bu ad onun 29 yaşınacan yaşadıqlarına və yazdıqlarına işarədir.

Gənclik gündən-günə, ildən-ilə özünü axtara-axtara dəyişmək, irəli atılmaq zamanıdır. Odur ki, Elvinin dəyişmələri, şəxsi həyatındakı və sənətdəki boyartımı, irəli canatmaları, bu yolda həm mətin addımları, həm də büdrəmələri mənim gözlərimin qarşısında baş verir. Bu, çox ilginc bir müşahidədir. Müşahidələrim mənə deyir ki, o, istedadlı və yaşına görə "mərifət elmindən halı" olan milli bir gəncdir. Mərifət ona ilk növbədə ailədən gəlir deyə, düşünürəm. Halallıq mücəssəməsi olan atası Nurəddin əfəndi həm də işgüzar, çalışqan, ailəcanlı bir valideyn, alicənab bir türk kişisidir. Belə bir kişinin övladı olmaq Elvinin ilk və ən böyük qazancıdır, əslində. Halal çörəklə böyüyüb-bəslənməyən insanın ədəbiyyatda yeri ya dar olar, ya da heç olmaz. Elvin bir ömür bədəlini verməli olduğu bu borcu həyatda və ədəbiyyatda qazanacağı uğurlarla ödəməli olacaq. Özkeçmişindən də, bioqrafik şeirlərindən də Elvin Əlizadənin taleyinin şair taleyi olduğu anındaca sezilir. O, dünyaya göz açdığı Zəngilanın Ağalı kəndi düşmən tərəfindən işğal ediləndə Sumqayıt şəhərinə qundaqda gələnlərdəndir. Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdikdən sonra Elvin yenə də Ağalıya ilk qədəm basanlardan oldu. Özü də ölkə Prezidenti, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevlə birlikdə. O, uzun illər həsrətində olduğu bu görüşü atasına müraciətlə qələmə alıb, duyğusal bir şəkildə oxucuya çatdırır:

 

Dünən Zəngilana getmişdim, ata,

Nə köhnə yerində şaftalı bağı,

Nə də üzümlükdə üzüm var idi.

Mən ordan çıxanda dil açmamışdım,

Qayıtdım, deməyə sözüm var idi.

 

Yalnız yaşadığı hissləri yazmaq şairliyin ilk və ən önəmli şərtlərindəndir. Nə yaxşı ki, bu gedişat gənc şair Elvin Əlizadənin bütün şeirlərində izlənilir. O, hətta tərəddüdlərində belə tam səmimi və etirafcıldır. Bir yazar üçün əsas olan odur ki, ürəyində insanlara deməyə sözü olsun. Düşünürəm ki, Elvin oxucuya deməyə sözü olanlardan və olacaqlardandır. Təki ilham qaynağı gur olsun, saf və duru qalsın.

Vətəndaşı olduğu ölkənin, mənsub olduğu millətin, ana dilinin təəssübünü çəkmək, bunların uğrunda hər şeyə hazır olmaq hər bir söz adamının borcudur. Bu mənada, Elvinin vətənpərvərliyinə, millət sevgisinə də qətiyyən şübhə yeri yoxdur. Onun doğma Azərbaycanı, onun bayrağını, düşmən üzərində qələbəmizi, böyüyüb boya-başa çatdığı Sumqayıtı, ata yurdu Zəngilanı, mədəniyyət paytaxtımız Şuşanı vəsf edən şeirləri bunları deməyə əsas verir. "Azərbaycan bayrağı" şeiri özünün və bütövlükdə, qəhrəman Azərbaycan gəncliyinin bayraq sevgisinin çox gözəl və poetik ifadəsi kimi səslənir:

 

Sənə təzim etməkçün düzənliklər dağ olub,

Şəhid qanına batan bu parça bayraq olub!

Sən ən gözəl şeirsən, ən alovlu misrasan

Parça dediyim nədir?

- Canımızdan parçasan!

 

Oxuyunca müəllifin bayraq sevdasındakı səmimiyyətə, yanğıya, məhəbbətə heyran olmaya bilmirsən. Mən ədəbi gəncliyimizi məhz bu cür görmək istəyirəm.

Elvin Əlizadənin "Sumqayıtı vəsf edən ən yaxşı şeir" müsabiqəsində birinci yerə layiq görülmüş şeiri də onun çox bəyəndiyim şeirlərindəndir. Müəllifin mətndəki mətləbi, misralarının poetik yükü, deyim tərzi bu şeiri mövzusuyla həmişə öndə saxlayacaq deyə, düşünürəm.

 

Hamının hər səfərdən geri döndüyü yer var,

Bizi də varlığıyla tamamlayan şəhər var,

Günəşini Xəzərdən salamlayan şəhər var.

Dərdini başqa yerdə ovuda bilmir adam,

Burda öz sevdiyini unuda bilmir adam...

 

Onu böyüdüb boya-başa çatdıran bir şəhərə olan sonsuz sevgini bir şeirdə daha necə ifadə etmək olar?! Bu yerdə ona ancaq "Sumqayıtın çörəyi sənə halal olsun" demək qalır!

Elvin Əlizadənin sevgi şeirlərində də eyni səmimiyyəti, duyğusallığı, məsumiyyəti sərgilənir. Sevgi hissi elə bir hissdir ki, orda səmimiyyətdən başqa heç nəyə yer yoxdur.

 

Bu sənsiz küçədə sənli xəyallar

Sənli günlərimin əmanətidir.

Bakıya qar yağır... Heyif ki, o da

Gəlib-getməyintək müvəqqətidir.

 

Gəlib-getmək müvəqqəti ola bilir, əlbəttə! Ömrə çox qışlar gələr, çox qarlar yağar, amma bu çox qışların ardınca da çoxluca yazlar gələr, çoxluca çiçəklər açar. Təki ürəklərdə bu sevda bitməsin. Könüllərdə həyat eşqi tükənməsin!

Zaman gəlsin, eynicə anlamda "Mənfi 92" adlı şeirlər kitabın işıq üzü görsün, Elvin Əlizadə. Sonra memuar ədəbiyyatına keçərsən. Xatirələrini qələmə alarsan. Düşünürəm ki, bu "Uğurlama"ya da orada yer tapılar.

 

Elvin ƏLİZADƏ

 

İlahi, o kənddə nələr var idi...

 

Biz doğma yurdumuz Zəngilana çatanda narın-narın yağış yağırdı. Sanki ana illərdir həsrətində olduğu övladlarına qovuşurdu və sevinc göz yaşlarını saxlaya bilmirdi. Daha sonra göz qamaşdıran gün çıxdı. Görünür, təbiətin könlünü ala bilmişdik. Göz yaşlarının ardınca üzümüzə gülümsəyə bildi...

 

Dünən Zəngilana getmişdim, ata,

Tikdiyin evlərdən əsər yox idi,

Vəhşilik adında əsər var idi.

Otların üstündə əsgər izləri,

Daşların dibində zəfər var idi.

İlahi, o kənddə nələr var idi

 

Dünən Zəngilana getmişdim, ata,

Nə köhnə yerində şaftalı bağı,

Nə də üzümlükdə üzüm var idi.

Mən ordan çıxanda dil açmamışdım,

Qayıtdım, deməyə sözüm var idi.

 

Yerdə iməkləmək izim var idi.

Dünən Zəngilana getmişdim, ata,

Neçə güllələnmiş başdaşı gördüm.

Evlərin yerində çay daşı gördüm.

Çay nəyə deyirsiz?

- Enli dərəydi,

İçində sevincdən göz yaşı gördüm...

Keçdim Babaylıdan, Məmmədbəylidən,

Yollar Ağalıya burulur, ata.

Gözü yolda qalan Həkəri ki var,

 

Bulanıq suları durulur, ata.

Deyəcəm, bəlkə də inanmayassan,

Oralar yenidən var olur, ata,

Oralar yenidən qurulur, ata!

 

Dünən kəndimizə getmişdim, ata!

Tikdiyin evlərdən əsər yox idi,

İlahi, o kənddə nələr yox idi...

                                                                             2021

Şuşa

 

Müqəddəs ruhların sirli şəhəri,

Zülmət gecələrin nurlu səhəri,

Həsrətin, nisgilin ölüm xəbəri -

Şuşa!

 

Ruh ilə bədənin bir olan günü,

Kövrək duyğuların hürr olan günü,

Üzeyir, Vaqifin dirilən günü -

Şuşa!

 

Ulu minarələr sirdaşı oldun

Millətin oyanan yaddaşı oldun,

Sevincdən kükrəyən göz yaşı oldun,

Şuşa!

 

Ürəklərin birgə vurduğu hə,

Yetənin yetəndən sorduğu şəhər,

İlahi güclərin qurduğu şəhər -

Şuşa!

 

Yoxsa düşünürəm, görəsən, niyə

Sən belə hamıdan yaxınsan göyə?

Sənə qan töküldü Vətən ol deyə,

Şuşa!

 

Paslı açarları saxladığım gün!

Yetişdi ümidlər bağladığım gün.

İlk dəfə sevincdən ağladığım günüm -

Şuşa!

 

Cıdır düzümüzə yaraşan şəhər,

Vətən sözümüzə yaraşan şəhər,

Bizim özümüzə yaraşan şəhər -

Şuşa!

 

                                                                              2021

Əzizim

 

Saf duyğular haqdan gələn vergidir,

Küsdürmə ki, gedər, gəlməz, əzizim.

"Mənim Tanrım gözəllikdir, sevgidir",

Məndən sənə zərər gəlməz, əzizim.

 

Sənə olan ülvi hisslər ölmədi,

Bir kimsəyə söyləmədim, bilmədi.

Bu günəcən ağlımıza gəlmədi,

Başımıza nələr gəlməz, əzizim.

 

Bir gün vaxtsız oyanarsan yerindən,

Gizlində bir ah çəkərsən dərindən.

Hər gün xəbər gözlədiyin birindən

Görərsən ki, xəbər gəlməz, əzizim.

 

Neyləsən də, düyün düşməz düz ilmə,

Bir gün ölüm son qoyacaq bu zülmə.

Bir gün Elvin yoxdur görsən, üzülmə,

Hamıya var gedər-gəlməz, əzizim.

 

                                                                              2019

525-ci qəzet .- 2022.- 22 iyul.- S.15.