Ordun varsa...

 

KEÇMİŞ HƏRBÇİNİN XATİRƏLƏRİNDƏN

 

DEMƏ, ƏSGƏR XORULTUSU DA DÖVLƏT SİRRİ İMİŞ

 

(Üzeyir Cəfərov senzora necə "dərs" keçdi)

 

Bir halda ki, Üzeyirin adını sərlövhənin altına qaldırmışam, gərək onun haqqında kiçik bir arayış da verəm.

Üzeyir Cəfərov Lvov Ali Hərbi Məktəbini hərbi jurnalist ixtisası üzrə bitirən, səhv etmirəmsə, ilk azərbaycanlıdır (bəlkə də yanılıram). Hələ gənc yaşlarında ittifaq əhəmiyyətli hərbi qəzetlərin birinin bölgədə xüsusi müxbiri olmuşdu. 1993-cü ilin iyulunda onu "Azərbaycan ordusu" qəzetinə baş redaktor təyin edəndə, heç şübhəsiz ki, bu faktoru nəzərə almışdılar. Amma Üzeyirin başqa özəllikləri də vardı - çox cəsarətli, sözün həmişə düzünü deyən zabit, dost yolunda hər cəfaya dözən, sadiq bir insan idi (tam əminliklə deyirəm ki, elə indi də elədir) və bu xüsusiyyətləri sonralar ona çox problemlər yaşatdı - 7 aydan sonra  naməlum səbəblərdən vəzifəsindən azad etdilər, S.Əbiyevin nazir olduğu dövrdə harın, əliəyri zabitləri, kabinet generallarını tənqid etdiyinə görə təqiblərə məruz qaldı, hətta haqqında saxta cinayət işi də açdılar. Üzeyir göydə Allahın, yerdə isə özünün və yaxşı insanların fədakarlığı sayəsində bu tələdən də qurtula bildi, amma yolundan dönmədi, onu heç cür sındıra bilmədilər ki, bilmədilər. Əgər indi məni eşidirsə, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayır və keçirəm əsas mətləbə.

1993-cü ilin axırları idi, cəbhədə ağır döyüşlər gedir, ordumuz əks-hücuma keçib ilk ciddi uğurlarını qazanırdı. Biz hərbi jurnalistlər də fədakar oğullarımızı xalqa tanıtmaq, ruhlandırmaq üçün hər cür çətinliklərə dözür, birbaşa döyüş bölgələrinə gedib operativ yazılar hazırlayır, uğurlarımızı təbliğ edirdik. Yeganə problemimiz o vaxt hələ ləğv olunmamış senzura idi - həmin sistem köhnə hakimiyyətin tör-töküntülərindən hələ tam təmizlənmədiyinə görə qəzetin çapına icazə verən bəzi senzorların nadanlığı, absurd qərarları bizi cana yığmışdı - bir də görürdün hansısa bir cümlə, ifadə, hətta söz uğrunda dəqiqələrlə mübahisə edirdik...

Həmin o gərgin günlərin birində növbəti nömrəyə məsul növbətçi olduğumdan axşam qəzetlərin çap olunduğu "Azərbaycan" nəşriyyatına getdim, bütün səhifələri oxuyub 7-ci mərtəbədə senzorun əyləşdiyi otağa daxil olaraq ona verdim ki, o da oxuyub möhürünü vursun və çapa icazə versin (o vaxt artıq Prezidentin İcra Aparatının nəzdində fəaliyyət göstərən senzuranın əsas vəzifəsi dövlət və hərbi sirlərin yayılmasının qarşısını almaq idi). Senzor - arıq, qarayanız gənc oğlan görünür, belə "ağır" bir vəzifəni daşıdığına görə lovğa, özündən razı adam təsiri bağışlayırdı. Səhifələri oxudu və yazıların birində hansısa cümləni qaralayaraq mənə qaytardı:

- Bu cümlə gedə bilməz, çıxardın!

Təkrar həmin cümləni oxudum. Müəyyən səbəblər üzündən əsgər kazarmasında gecələməli olan müxbirin yazısındakı cümlənin məzmunu belə idi ki, bir azdan  kazarmanın müxtəlif tərəflərindən əsgərlərin arabir eşidilən şirin xorultularını dinləyə-dinləyə mən də yuxuya getdim.

Soruşdum:

- Burada hərbi və dövlət sirrini açıqlayan nə var ki? Adi, real detaldır.

Dedi:

- Sual yersizdir. Dedim ki, gedə bilməz.

Mənim də tərs damarım tutdu:

- O cümlə yazıdan çıxmayacaq.

- Onda qəzetiniz də çıxmayacaq!

Yavaş-yavaş halım dəyişsə də, birtəhər özümü səfərbər edib sakit tərzdə dedim:

- Yoldaş senzor, siz burda əyləşmisiniz ki, dövlət sirlərinin yayılmasının qarşısını alasınız. Başqa işlərə qarışmağa haqqınız yoxdur. İrad tutursunuzsa, izahını da verin.

O, mübtədası tamamlığın, tamamlığı isə xəbərin yerində olan, başı-ayağı bilinməyən cümlələrlə izah etməyə çalışdı ki, düşmən bu yazını təhlil edəndə belə nəticəyə gələ bilər ki, bizim ordumuzda bir-iki əsgərin xorultusu ucbatından o biri əsgərlər rahat yata bilmirlər. Bu da şəxsi heyətin sabahkı döyüşə yorğun halda çıxması deməkdir. Deməli, biz düşmənə psixoloji üstünlük veririk.

Qan başıma necə vurdusa, bir anlıq gözlərim qaraldı, bir anlığa bu nadan gədəni Məşədi İbad demişkən, yerə yıxıb ağzına-ağzına vuraraq adam eləmək fikrinə düşdüm. Amma yadıma salanda ki, belə vəziyyətlərdə ilk növbədə rəisimizi məlumatlandırmalıyam, fikrimdən daşındım. Telefonun dəstəyini qaldırıb redaksiyaya zəng vurdum, dedim, bu olayı Üzeyir müəllimin diqqətinə çatdırın...

...Təxmunən 10 dəqiqədən sonra dəhlizə yayılan gur səsdən bildim ki, Üzeyirdir. O, otağa daxil olub uca səslə "Nə baş verib" - deyə soruşdu. Senzor ayağa qalxıb təzəcə qırıldatmağa başlamışdı ki, artıq məsələdən hali olan Üzeyir sol əli ilə onun yaxasından tutub ayaqlarını yerdən üzdü:

- Vicdansız! Sənin tayların orada qan tökür, can qoyur, sən də burda mollalıq edirsən?!

Qəfildən hiss etdim ki, Üzeyir sağ əli ilə onun ağzına zərbə endirəcək. Bu isə heç də yaxşı sonluq deyildi. Ona görə də Üzeyir qolaylananda irəli atılıb qolundan tutdum. Amma içəridən gələn inersiya öz işini gördü - Üzeyir senzoru nifrətlə necə itələdisə, gədə arxadakı masanın üstünə yuxa kimi sərildi, sonra ayaqları arxaya çox gülməli şəkildə mayallaq aşaraq tirtap döşəməyə çırpıldı.

Üzeyir isə sakitləşmık bilmirdi:

- Sənin bütün vücudun onların bir xorultusuna dəyməz ... (sonrasını yaza bilmərəm - Ə.H.) - görünür, Məşədi İbadın tərbiyə üsulunu sonadək yerinə yetirmək üçün masanın başına fırlanıb senzora yaxınlaşmaq istəyəndə yenə araya girdim və birtəhər onu qapıya tərəf apara bildim.

Gözucu senzora tərəf də baxırdım - qalxıb üst-başını çırpa-çırpa, səsi əsə-əsə dedi:

- Əşi, bir qələtdir də, elədik.

Dedim:

- Dili yaxşı öyrən. "Elədik" yox, "elədim". Özü də qələtin lap yekəsindən!

Qələt eləyib döşəmədə möhürünü axtaran senzoru - həmin otaqda, əsəbiləşmiş Üzeyiri - dəhlizdə qoyub üzümü dostlara tuturam: "Yəqin bu yazını yazmaqda hansı məqsəd güddüyümü anladınız".

25 İL ƏVVƏL RESPUBLİKA HƏRBİ KOMİSSARLIĞINDA MƏNƏ QURULAN "MƏHKƏMƏ"

(yaxud çap olunan kinopovestim, Yazıçılar Birliyindən almadığım arayış və sandıqda yatan pyesim)

Silahlı Quvvələrimizdə hərbi xidmətimin 4-cü ili gedirdi. "Misri qılınc" adlı kinopovestim "Azərbaycan ordusu" qəzetində hissə-hissə dərc olunurdu. Səhv etmirəmsə, 3-cü hissənin dərc olunduğu günün səhəri Respublika Hərbi Komissarlığından zəng edib məni telefona istədilər. Dəstəyi qaldırdım - tanımadığım bir adam idi, salam verib dedi ki, təcili Respublika Hərbi Komissarlığına, filan rütbəli filankəsovun yanına gəlim (o vaxt mən mayor rütbəsi daşıyırdım). Soruşdum ki, nə üçün? Dedi, gələndə bilərsən. Mən dirəşdim və həmsöhbətim qəfildən bomba kimi partladı:

- Əşi, bundan o yana nə olasıdır ki? Bütün Respublikanı vurmusan bir-birinə. Səhərdən zənglərin ardı-arası kəsilmir - nazirlikdən, filandan. Dur, tez gəl bura.

Barmağımı dişlədim, bildim külək hardan əsir. Amma özümü o yerə qoymadım, dedim, indi işim var, sabah gələrəm. Razılaşdı. Ertəsi gün danışdığımız vaxtda filankəsovun qapısını döyüb içəri girdim. Görkəmindən, davranışından, səsindən bir- birinə zidd iki hissin təsirində çaşıb qalmış adam təsiri bağışlayırdı. Dərhal hiss olunurdu ki, hücuma keçib elə birinci zərbədən məni əzmək üçün alışıb-yanır, amma bunu etməyə nə isə ona mane olur.

Söhbətə o başladı:

- Niyə oturduğun ağacın budağını kəsirsən, yoldaş mayor?

- Nə olub ki?

- Guya bilmirsən nə olub? Aləmi qatıb çəkilmisən bir tərəfə, sənin əvəzinə bizi incidirlər - izahat, filan. Sənə lazım idi bu?

Mən artıq söhbətin nədən getdiyini bilirdim, amma özümü o yerə qoymurdum.

- Nə olub axı? Xahiş edirəm, açıq deyin.

- Əşi, day nə olasıdır ki? O nədir yazmısan qəzetdə? Guya bizim hərbi komissarlıqlarda rüşvət alırlar.

(Aydınlıq üçün deyim ki, kinopovestdə belə bir epizod var: həmişə vətənpərvərlikdən danışan bir müəllim 1-ci Qarabağ savaşının ən qızğın vaxtında yeganə oğlunun hərbi xidmətə getməsini bir az ləngitmək istəyir, amma bunun kəsə yolunu tapa bilmir. Bir müəllim yoldaşı deyir ki, filan qədər pula bu işi həll edə bilər. Filankəsov məhz bu epizoda işarə edirdi).

Mən dedim:

- Burda qəribə nə var axı?

Həmsöhbətim lap özündən çıxdı:

- Necə yəni nə var? Zərbə bizə dəyir axı. Deməli, biz nəzarət etmirik ki, alırlar da.

Vəziyyəti yumşaltmaq üçün dedim:

- Yoldaş filankəsov, bədii personajdır da,  özü üçün deyir. Növbəti hissədə görəcəksiniz ki, o personaj ifşa olunur və haqq-ədalət öz yerini tapır - bilmədim səsimdəki ironiyanı hiss elədi, yoxsa yox.

- Yox, o hissə dərc olunana qədər qəzetdə təkzib vermək lazımdır.

Dedim:

- Orada konkret ad çəkilmir ki, təkzib verək. Bu, bədii əsərdir, ümumiləşdirmədir.

Dedi:

- Belə çıxır ki, bizim sistemdə rüşvət faktları var?

Dözə bilmədim və suala sualla cavab verdim:

- Sizcə, yoxdur?

- Gərək konkret yazaydın da.

- Dedim axı, mən məqalə, sənədli oçerk yox, bədii əsər yazmışam. Ona görə də ümumiləşdirmə aparmaq haqqım var.

Həmsöhbətim heç vəchlə mənlə razılaşmaq istəmirdi, Hiss edirdim ki, mənə hərbə-zorba gəlmək istəyir, amma nəyə görəsə çəkinir.

- Gərək yazmazdan əvvəl bizimlə məsləhətləşəydin. Onda belə səhvə yol verməzdin.

Bu sözlər, təbii ki, mənə toxundu

- Mən heç bir səhvə yol verməmişəm.

- Vermisən!

- Verməmişəm!

...........

Mübahisəyə son qoymaq üçün belə bir variant təklif etdim:

- Mən Yazıçılar Birliyinin üzvüyəm. Binası da bax, buradan iki addımlıqdadır. İstəyirsiniz, bu saat gedim ordan rəsmi arayış gətirim ki, mənim öz yazılarımda ümumiləşdirmə aparıb bədii formada ifadə eləmək hüququm var (?!).

Həmsöhbətim susdu, bilmədi nə desin...

...Sonra biz, rütbəsi bizdən də yüksək olan yoldaş bəşmankəsovun yanına qalxdıq və...

...Yox, ardını yazmıram, çünki yazsam, əməlli-başlı tragifars alınar.

Bayıra çıxanda çox yorulmuşdum, amma içimə qəribə bir asudəlik, qələbə hissi dolmuşdu. Yalnız həssas qələm əhli bilər nə üçün.

Bir neçə ildən sonra acığa bu mövzunu inkişaf etdirdim, komissarlıqların lap içinə "daxil olub" povestdən də kəskin "Sarsıntı" adlı böyük bir pyes yazdım. Amma kəskinliyinə görə onu nə dərc etmək istəyən bir redaktor, nə də tamaşaya qoymaq istəyən rejissor tapıldı və xeyli vaxtdır ki, arxivimdə mürgü döyür.

 

525-ci qəzet .- 2022.- 22 iyul.- S.12.