Dul qadının tənhalığı
(Əvvəli ötən şənbə
saylarımızda)
Bakının
gözəlliyinə vurğunluq
Ruhiyyə Bakı bulvarını çox sevirdi, son illərdə
isə şəhərin bu vizit kartı tam dəyişmişdi,
reinkarnasiyaya uğramışdı. Bulvar əvvəllər, 1980-ci illərdə
şəhər rəhbərinin bəzi üzdəniraq
zövqünün girovuna çevrilərək, daş
döşəmələr sərgisinə çevrilmişdi,
hətta iyirmi il əvvəlki cazibədarlığını
da itirmişdi. Son 15-20 ildə isə bura daha
çox dendrariyə bənzəyir, çoxlu ağaclar əkilmişdir,
onlardan bəziləri başqa uzaq ölkələrdən gətirilmiş
və ekzotika təsiri bağışlayır. Güllər və çiçəklər bahar mənzərəsi
yaradır. O, Həsənə müraciət edərək
dedi:
- Bulvardan Bakının gözəl panoraması
açılır, baxdıqca həzz alırsan, mənzərə
adamı o qədər valeh edir ki, elə bil ki, bu şəhəri
ilk dəfədir görürsən. Homerin
"İliada"sında "çəhrayı daşdan
yaşıl almaz" ifadəsindəki şahanə
görüntünün təsviri elə bil ki, Bakının
bu mənzərəsi üçün deyilmişdir.
Sonra Ruhiyyə Hüseyni yada saldı, düşüncələrində
onun etdiyi söhbətlərə qayıtdı. Mərhum əri
Avropanın, Asiyanın, Şimali Amerikanın, hətta
Afrikanın bir neçə gözəl şəhərlərində
olmuşdu. Lakin deyirdi ki, əlbəttə,
Paris də, Roma da, Şanxay da, Şençen də, Nyu-York və
Luanda da gözəl şəhərlərdir. Lakin Bakı onların malik olduğu gözəlliklərin
çoxunu özündə təcəssüm etdirməyi
bacarmışdır, burada Şərqlə Qərbin gözəllik
üstündəki mübahisəsi heç də başa
çatmır, uğurlu qaydada davam edir.
Bu şəhər
hər şeydən əvvəl böyüklüyə can
atır, özü də ilk növbədə cazibənin
böyüklüyünə. Məlum olduğu
kimi, böyüklük daim gözəllikdən xəbər
verir. İlk dəfə ona 1960-cı illərdə
abadlaşdırılma əli gəzdirilmiş, Dənizkənarı
bulvarda böyük rekonstruksiya həyata keçirilmiş,
Rialto körpüsü ilə bəzənmiş Venetsiya
kanalları çəkilmiş, yerli qondolalar istifadəyə
verilmişdi. XXI əsrin ilk iki onilliyində
isə bu şəhər xeyli böyümüş, göydələn
tikililərlə zənginləşmişdir. Şəhər özünəməxsus heyranlıq
xüsusiyyətini xeyli artıra bilmişdir. Kim Azərbaycanın böyüklüyünə,
qüdrətinə şübhə edirsə, qoy onun
paytaxtındakı məbədləri andıran binalara,
onların möhtəşəmliyinə baxsın.
Hüseyn
ona danışmışdı ki, XX əsrin əvvəllərində
neft istehsalı hesabına Bakının təbiəti
bütünlüklə korlanmışdı, Maksim Qorki şəhərimizi
Neapola bənzətsə də, neft mədənlərinin,
zülmət cəhənnəmin insan əli ilə düzəldilmiş
dahiyanə tablosu kimi yaddaşa hopduğunu yazırdı. Bibiheybət mədənləri şəhərin dəniz
kənarındakı cənubi-qərb hissəsinin mazut
gölməçəsinə çevirmişdi,
yaxınlıqda nəfəs almaq da mümkün deyildi. 2010-cu ildən burada böyük tədbirlər həyata
keçirildi, eybəcər mazut gölməçələrinin
yerində indi iri mol, restoranlar şəbəkəsi yaradılmış,
bulvar Bayraq meydanına qədər və əks tərəfə
xeyli uzadılmış və
abadlaşdırılmışdır.
Rus şairi Vladimir Mayakovski Bakıya vurulmuş, onu
çox sayda şeir həsr etmişdi. Lakin şəhərin
mənzərəsindəki yaşamağa mane olan cəhətləri
də göstərməkdən yayınmamışdır.
Bir şeirində Bakının qumlu
küçələrini, yaşıllıqdan məhrum
olmasını təsvir edərək yazırdı ki, burada
"cəmi iki cüt, bir tək yarpaq vardır",
"yarpaqlar hisə bürünmüşdür, qum adamın
gözünə tökülür". "Bir
sözlə, qara, çirkli şəhərdir". Onu da qeyd edirdi ki, "Bakının "qara qatı
qanı" paytaxtların ürəyinə axır".
Əgər Qorki də, Mayakovski də XXI əsrdə
Bakıya qədəm bassaydılar, bu gözəl şəhərin
keçmişi ilə bütünlüklə
vidalaşdığını, yeni gözəl və tam fərqli
bir Avropa şəhərinin yaradıldığını minnətdarlıqla
qeyd edərdilər. Vaxtilə Bakının Qara şəhər
adlanan hislə örtülmüş, nəfəs almağa
imkan verməyən hissəsi yeni göydələnlər sərgisinə
çevrildiyinə görə adını da dəyişərək,
haqlı olaraq keçmişə əlvida deyən kimi
"Ağ şəhər"
adlandırılmışdır.
Ruhiyyə və Həsən bulvardakı restoranların
birinin verandasında oturub pirojna yeyir və kofe içirdilər. Həsən ona tərəf
əyilib qulağına dedi ki, görürsənmi, hamı mənə
həsəd aparır, bu gözəl qız niyə bu ayı
ilə bir stolun arxasında oturmuşdur, axı onun gözəlliyinə
və nəcibliyinə bu oğlan heç cür
yaraşmır, elə bil ki, antilopa ona yaraşmayan
camış kəli ilə savannada gəzintiyə
çıxmışdır. Bu əbləhlər
bilmirlər ki, mən bu qızla dostam, bu dostluq daha ülvi
münasibətlərlə əvəz olunacaqdır və mən
sıldırım qayanın üstündə gül
açan çiçəyi ya qoparmağa müvəffəq
olacaq, ya da oradan yıxılıb məhv olacağam. Çünki arzuma çatmamaq mənə zirvədən
yıxılıb yerə çırpılmaq təsiri
bağışlayacaqdır. Ancaq mən
ümidimi itirmirəm, həmin gözəl qızın həm
də mərhəmətinə əmin olduğumdan, məni rədd
edəcəyinə heç cür inanmıram.
Ruhiyyə
onun sözünü kəsdi:
- Birdən
o, sənə qarşı qəddarlıq göstərdi? Sizdə bu müştəbehlik hardandır, yoxsa
qızın ürəyinin parollarını, kodlarını
öyrənmisən, nədir?
Həsən:
- Qız
o qədər ağıllıdır ki, ürəyini
özü açıb, xoşuna gələn oğlana
göstərir, bununla da deyir ki, mən həqiqi sevgi
çağırışını cavabsız qoymayıb,
onun yarasına məlhəm sürtməkdən də imtina
etməyəcəyəm. Mən o qızın özündən
çox onun ürəyinə vurulmuşam, elə ürəyin
sahibi heç vaxt qəddar ola bilməz.
Ruhiyyə onun özündən razılığına
bir daha məəttəl qalmışdı.
- Siz həmişəmi
başqasının adından danışmağı qəbahət
hesab etməmisiniz? Yoxsa mənim sadəlövhlüyüm
sizi belə cəsarətli etmişdir? Siz
mənə o rəssamı xatırladırsınız ki,
kraliçanın portretini çəkəndə onun ikiqat
buxağını gizlətməyi də bacarır, axı ona
kraliçanın mərhəməti, portretinin real
oxşarlığından daha vacibdir.
Həsən:
-
Yaxşı misal çəkdiniz. Mən
kraliçaya xidmət etməyi özümə şərəf
sayıram, əminəm ki, cəhdlərim uğuruna
çatacaqdır, kraliça mənə qarşı öz mərhəmətini
əsirgəməyəcəkdir.
Ruhiyyə:
-
Özünə güvənmək yaxşı xüsusiyyətdir.
Sizdə isə bu hiss əqli və fiziki imkanlarınızdan
da güclüdür. Siz məqsədinizə
çatmaq üçün cəhənnəmə enib, orada
şeytanla razılaşmağa girməkdən də çəkinməzsiniz.
Siz gələcəkdə Allah dərgahına
daxil olacağınızı da nəzərə
almırsınız, istədiyinizə çatmaq üçün
inancınızdan imtina etməyə də
hazırsınız. Məgər belə hərəkətinizə
görə cəzanın ağırlığından
qorxmursunuzmu?
Həsən
belə çox sözün razılığa
yaxınlaşmaq əlaməti hesab etdiyindən dedi:
- Məni
ölümümdən sonra ruhumun harada məskən
salacağı elə də maraqlandırmır. Mənim indi yeganə niyyətim vardır. Bu niyyət sizə də aydındır. Ona görə də sizdən heç nə gizlətmək
istəmirəm. Mənim olduqca ciddi məqsədim
vardır. Mən sizə evlənmək,
sizinlə ailə qurmaq istəyirəm və çox güman
edirəm ki, bu baş tutsa, mən dünyanın ən
xoşbəxt adamı olacağam. Axı
niyə də olmayım? Taleyim heç
vaxt məni aldatmamışdır, çox arzu etdiklərimin
hamısı həyata keçmişdir. İndi
də mənim istəyimə heç bir maneə
görmürəm, çünki istəyim də hisslərim
kimi təmizdir, safdır və istənilən qalanı tutmaq
qüdrətindədir. Ona görə də
söhbət gəlib bu həddə çatdığına
görə sizə etiraf etmək istəyirəm, mən sizinlə
ailə qurmaq istəyirəm və inanıram ki, bunu rədd
etməyə sizin ciddi bir əsasınız yoxdur. Siz uzun müddət tək qala bilməzsiniz, tənha
olmamalısınız və Allah özü məhz sizin
naminizə məni bu missiyanı yerinə yetirməyə
göndərmişdir.
Ruhiyyə
Həsənin cəsarətliliyinə məəttəl
qalmışdı:
- Necə,
bu sizin nişanlanma təklifinizdirmi?
Həsən:
- Necə
istəyirsiniz qəbul edin, nişanlanma və əslində,
evlənmə təklifidir. Xahiş edirəm,
aciz bəndənizin bu təklifini qəbul edin.
Ruhiyyə
gülümsündü, bu vaxt Həsən onun zərif əllərini
öz əlləri içərisinə götürdü və
dedi:
-
Yalvarıram, etiraz barədə bir kəlmə də deməyin,
ürəyimi parçalamayın.
Ruhiyyə
dedi:
- Mənə
vaxt ver. Mən sənin söz leysanının altında
özümə gələ bilmirəm. Bir qədər
düşünməliyəm. Məni tələsdirmək
yaxşı nəticə verməz.
Səhəri
günü Həsən zəng vurub, hal-əhval tutduqdan sonra
dedi ki, ciddi bir məsələ var. Mən sizinlə
görüşməliyəm.
Ruhiyyə
narahat olduğuna görə soruşdu:
- Nə
olmuşdur? Xeyirdirmi?
- Xeyirdir,
bir şeyi bilin, mən yalnız xeyir xəbəri sizə
çatdırmağa tələsirəm, əhvalı
korlayanı isə özüm üçün saxlayıram. Etiraz etmirsənsə, saat 1-də görüşək.
Ona qədər sənin işləməyinə
mane olmaq istəmirəm, yaradıcı adamların rejimini
pozmaq, onlara ziyan vurmaq kimi bir şeydir.
Ruhiyyə razılaşdı və onlar görüşəndə,
maşına əyləşəndə soruşdu ki, nədir
bu təcili xeyir xəbər. Yoxsa mənim bir rəfiqəm
kimi, mənə xəbər verəcəksən ki, Afrikada bir
qadın bir dəfəyə 9 uşaq doğmuşdur, 4
oğlan və 5 qız. Mən ona deyəndə
ki, bunun mənə nə dəxli vardır, inciyir ki, bu,
olduqca maraqlı xəbər olduğuna görə sənə
çatdırdım. Mənim teleqraf
agentliyi xidmətimi belə qarşıladığına
görə səndən inciyirəm və xəbər
kanallarımı sənin üçün bağlamaq barədə
düşünürəm.
Həsən
dedi:
- Mən
sənə ancaq xoş xəbərlər
çatdırmalıyam, özü də yalnız ikimizə
aid olanları. Dünənki söhbətdən
sonra gecə gözümə yuxu getməyib, cavabı, həm
də müsbət cavab almağı səbirsizliklə
gözlədiyimdən, dözməyib sizə zəng vurdum və
bəxtim gətirdi ki, görüşümüz baş tutdu.
Dövlət Yol Müfəttişliyi son vaxtlar
nəinki telefonla danışmağa, hətta
sürücünün maşındakı sərnişinlə
danışmağına da irad tutur. Onu də
əsas gətirirlər ki, Nyu-Yorkda taksi
sürücüsünün yanında oturmağa icazə
verilmir, sərnişin arxada oturur, söhbət yalnız
mikrofonla ünvanı öyrənməkdən və haqqın
məbləğindən gedir. İngiltərədə
isə keçmişdə hətta karetalarda atları idarə
edən kabinənin arxasında otururdu, yüyən də kabinənin
üstündən keçirdi. Bu, kareta
sürücüsünün sərnişinlə ünsiyyət
bağlamasına imkan vermirdi. Ona görə
də xahiş edirəm, bir fincan kofe içək və orada
söhbəti davam etdirək.
Ruhiyyə etiraz etmədi və onlar restoranın
yaxınlığında düşüb, ikinci mərtəbədəki
zala qalxdılar. Kofe gəldikdən sonra ofisiant menyu
kitabçasını onlara təklif etdi. Son
vaxtlar Bakıda xörəklərin şəkli olan menyular dəbə
düşdüyündən, bizim şairlərin kitabları
qalınlığında olurdu.
Ruhiyyə
səbzi ilə şüyüd plovu seçdi, Həsən isə
özünə kabab və "rioxa" adlı ispan şərabı
sifariş verdi. Ruhiyyənin
şəraba olan mənfi münasibətini bildiyindən onun
üçün sifariş vermədi. İri qədəhdə
gətirilən şərabı başına çəkdi və
dedi:
- İspanlar da fransızlar kimi şərab düzəltməyi
qədim romalılardan öyrənsələr də,
italyanlardan heç də geri qalmırlar. Hətta
onların şöhrətli kyantisi də qonşu ölkələrin
şərablarına uduzur. Mən şərabı
içdikdən sonra özümü daha cəsarətli hiss
edir və dünənki xahişimin cavabını öyrənmək
istəyirəm.
Ruhiyyə:
- Axı
mən dedim ki, məni tələsdirməyin, fikirləşməliyəm,
qərar verəndə çox şeyi nəzərə
almalıyam. Sizdən fərqli olaraq, mən
nikahda olmuşam və artıq məktəbli
uşağım da vardır. Tərcümeyi-halımdakı
bəzi qaranlıq mərhələləri də mən sizə
aça bilərəm, çünki onları sonradan öyrənsəniz,
mənim sizi aldatdığımı güman edərsiniz.
Yaşanılmış ömür süfrə
deyil ki, üstündəki ləkəni yumaqla təmizləyəsən.
O ləkə itsə də, unudulsa da, adamın ovqatını
korlayan bir cəhət kimi qalmaqda davam edir, bəziləri
öz qızğın hisslərinə görə ona əhəmiyyət
verməsə də, digərləri bunun sonradan cəmiyyətə
məlum olacağından qorxub çəkinməyə,
öz təklifındən vaz keçməyə məcbur
olur. Üzdəki xala da əncam tapmaq çətin
deyildir, ömürdəki xal qəbirə qədər öz
mövcudluğunu saxlayır. Ona görə
də əgər ciddi təklifdən söhbət gedirsə,
bütün cəhətlər də ciddi şəkildə
öz etirafını və mümkünsə, izahını
tapmalıdır.
Həsən onun sözünü kəsmək istəməyib,
səbirlə qulaq asdı və bu qızdakı cəsarətə
də heyran qaldı. Görünür, ərə getməsi,
xoş günlər sürməsi onun öz keçmişindən
olan qorxusunu bütünlüklə yoxa
çıxarmışdır və ailəlik həyatı əvvəlki
qaranlıq həyatına bəraət barədə əsaslı
sənəd vermiş və ondan bir daha qorxmamağı təlqin
etmişdi. Ona görə də üzr istəyirmiş
kimi tam başqa tonda dedi:
- Mənə
hər şey məlumdur və sizə kimsə nəinki
daş atmaq, hətta buna hazırlaşmaq üçün
arxasında o daşı gizlətsə, özümün ən
ağır təhlükəyə düşəcəyimə
də məhəl qoymadan, həmin adama tutarlı cavab verməyə
hazır olacağam. Bu gün cəmiyyətin nəcib
qadınlar kimi tanıdığı xanımların
çoxu daha utandırıcı mərhələlərdən
keçmişlər, lakin özlərini elə aparırlar
ki, onlar bəkarətdə Müqəddəs Mariya- ana ilə
də müqayisə edilə bilərlər. Siz çətin yol keçsəniz də, ailə
qurmağınızla tam reabilitasiya qazanmısınız.
Çoxları isə islah
olunmadıqlarından ailəli olanda da köhnə peşəsinə
əlvida deməyə çətinlik çəkir və
keçmiş günləri uşaq xatirəsi kimi
canlandırmaqdan, yenidən həyata gətirməkdən həzz
alır. Sizin özünüzü
müdafiə etməyinizə ehtiyacınız yoxdur, cəmiyyət
sizə qarşı bir müddət çox amansız olsa da,
təbiət sizi elə materialdan yonmuşdur ki, elə bil siz
də Venera kimi dənizin təmiz ləpələrindən
balıqqulağında dünyaya gəlmisiniz. Venera Milosluya böyük maraq və heyrətlə
baxan, onun gözəlliyinə valeh olan heç bir kəs onun ərinə
qarşı sədaqətsizliyini, əri Hefest sağ ola-ola məşuqu
Aresdən uşağı olmasını da yada salmır.
Gözəllik ona xələl gətirə bilən
eyibləri tanımır və bu eyibləri özünün
nəhəng cazibədarlığı hesabına diqqətdən
yayındırmağı da bacarır.
Telman ORUCOV
(Ardı var)
525-ci qəzet .- 2022.- 23 iyul.- S.22.