Lənkəranın mətbuat tarixindən

 

Sovet hakimiyyətinin qələbəsinədək ana dilində xüsusi mətbuat orqanının yaradılması Lənkəranın maarifpərvər ziyalılarının da diqqət mərkəzində idi.

Sən demə, lənkəranlı ziyalılar hələ inqilabadək  Azərbaycanda, Yaxın Şərqdə və digər yerlərdə çap olunan qəzet və jurnallarla əlaqə yaratmış, ictimai həyatın müxtəlif sahələrini əks etdirən yazıları oxuculara çatdırmışlar. Maraqlıdır ki, maarifpərvər ziyalılardan Mirzə Ağəli Əliyev Hindistanın Kəlküttə şəhərində çıxan "Həblül-mətin" (Qırılmaz kəndir), Misirdə nəşr olunan "Cehrənüma", İranda çıxan "Nasiri", habelə Tiflisdə nəşr olunan "Şərqi-rus", Bağçasarayda çıxan "Tərcüman" qəzetləri və "Molla Nəsrəddin" jurnalı ilə müntəzəm əlaqə saxlamışdır.

Azərbaycan nəsrinin istedadlı nümayəndələrindən və rus mətbuatının ilk azərbaycanlı müxbirlərindən olan Məmmədəli Səfiyev Lənkəranın mədəni, sosial həyatı ilə bağlı çoxlu məqalələrin, publisistik yazıların müəllifidir. Xüsusilə, onun "Zaqafqazski vestnik" və "Kafkaz" qəzetlərində Lənkəranda baş verən mühüm ictimai-siyasi, mədəni-məişət məsələlərindən bəhs edən müxtəlif janrda yazıları çap olunmuşdur.

Teymurbəy Bayraməlibəyov etnoqrafik, tarixi və iqtisadi mövzularda 50-dən çox məqaləsi, topladığı əfsanə, nağıl və lətifələri "Kaspi" qəzetində, "Qafqaz tədris dairəsi" məcmuəsində dərc olunmuşdur.

Lənkəranda inqilaba qədər "Rəhbər", "Rıbnoye delo", "İzvestiya Muqanskoqo İspolnitelnoqo Komiteta", "Hürriyyət" qəzetləri çap olunmuş və bunlar Lənkəran qəzasında ictimai-siyasi şüurun inkişafında əhəmiyyətli rol oynamışlar. Hamısının da ömrü az olmuş, 1 və ya 2 il fəaliyyət göstərmişdir.

Nazim Axundovun məlumatına görə, Lənkəranda ilk mətbuat orqanı A.Q.Talalayev və İ.Z.Yampolskinin redaktorluğu ilə 1912-ci ildə rus dilində buraxılan həftəlik "Rıbnoye delo" qəzetidir. Kiçik formatda 4 səhifədə çıxan qəzet bir ildən sonra fəaliyyətini dayandırmışdır. Neçə nömrəsi çıxması haqqında məlumat yoxdur. Mirhaşım Talışlının yazdığına görə, Lənkəranda Azərbaycan dilində ilk çap edilən qəzet "Lətaif" olmuşdur. 1917-ci ildə nəşrə başlayan bu qəzet həftəlik vərəqə olmuş, "Məharət" qiraətxanası tərəfindən iki səhifəlik buraxılmışdır. Naşiri Mirzeynalabdin Təbrizi, redaktoru Mirmurtuza Talışinski olmuşdur.  "Lətaif" 200 tirajla çap olunmuş, cəmi 6 nömrəsi çıxmışdır.

İnqilabın yüksəliş illərinin təsiri altında Lənkəranda 1919-cu ilin iyun-iyul aylarında "İzvestiya Muqanskoqo İspolnitelnoqo Komiteta"  həftəlik qəzet fəaliyyət göstərmişdir. İki səhifədən ibarət olan qəzet Muğan ölkə kəndli, fəhlə və əsgər deputatları Soveti İcraiyyə Komitəsinin orqanı idi. Qəzet Sovet hakimiyyəti uğrunda mübarizə aparan inqilabçıların fəaliyyətini əks etdirmişdir.

Neçə nömrəsinin çıxdığı müəyyən edilməmişdir. Təkcə 3-cü nömrəsi Lənkəran tarix-diyarşünaslıq muzeyində saxlanır.

Mətbuatın Sovet dövrü

Ötən əsrin 20-ci illərində mətbuatımız  kommunist ideologiyasının təsiri altında  fəaliyyət göstərib, beləliklə, Azərbaycan jurnalistikasının yeni dövrü başlanıb. 30-cu illərdə rayonlarda yerli qəzetlərin fəaliyyətə başlaması haqqında qərar qəbul edilib.

Bu da Lənkəranda çıxan ilk rəsmi qəzet: "Qızıl Talış". Rayonun ictimai-siyasi, iqtisadi  həyatında xüsusi yeri olan indiki "Lənkəran" qəzeti 1931-ci il yanvarın 21-də bu adla nəşrə başlayıb. 5 dekabr 1931-ci ildən, 64-cü nömrədən "Sıə Toloş" adı ilə Azərbaycan və talış dillərində çap olunub. 22 sentyabr 1938-ci ildən Azərbaycan dilində nəşr edilib. Sonralar "Sosialist subtropikası" (23.02.1939-16.06.1957), "Leninçi" (16.06.1957-22.09.1990), "Lənkəran" (22.09.1990-cı ildən) adı ilə buraxılıb. Qəzet fəaliyyət göstərdiyi ilk illərdə Lənkəran mətbəəsində həftədə bir dəfə  iki, 40-cı illərdən sonra həftədə üç dəfə dörd səhifəlik, 1995-ci ildən Bakı mətbəələrində ayda iki dəfə səkkiz səhifə həcmində nəşr olunmuşdur. 2010-cu ildən rəngli buraxılır. Ötən əsrin 70-ci illərində isə həftədə üç dəfə, dörd səhifə həcmində 22 min nüsxə tirajla çap olunub. 2021-ci ildən ayda iki və ya bir dəfə 500 tirajla buraxılır.

İnqilabdan əvvəl Lənkəranda çapxanalar yaradılmışdı. Belə çapxanalar məhdud imkana malik olsa da, hər halda təməl qoyulmuşdu. 1918-ci ildə qvardiya polkovniki Miri bəy Talışxanovun çapxanası Şıvkunovun  ermənipərəst quldur dəstəsi tərəfindən dağıdılmış, şəxsi kitabları isə yandırılmışdır. Özünə də aman verilməmiş, vəhşicəsinə qətlə yetirilmişdir. "Lətaif" qəzetinin çap etdirildiyi çapxananın ömrü isə cəmi bir il olmuşdur.

1931-ci ildə rayon qəzetinin fəaliyyətə başlaması ilə əlaqədar Lənkəranda mətbəə açılmış və 1995-ci ilədək fəaliyyət göstərmişdir.

İndiki "Lənkəran" 1962-ci ildə rayonlararası qəzetə çevrilmiş, 1965-ci ildə yenidən Lənkəran Rayon Partiya Komitəsi və rayon XDS İcraiyyə Komitəsinin orqanı kimi fəaliyyət göstərmişdir. Azərbaycan KP MK-nın 6 aprel 1965-ci il tarixli büro qərarına əsasən rayonlarda yerli qəzetlərin yenidən nəşrə başlanması haqqında qərar qəbul edilmişdir.

Qəzetdə təxribat

Adətən, qəzetdə məsuliyyətin əsas ağırlığı məsul katibin çiyninə düşür. 1932-ci ildə qonşu Masallı rayonunda baş vermiş bir hadisə bütün respublikaya səs saldı. Həmin il rayonda   "Yeni həyat" qəzeti fəaliyyətə başlayanda  "Lənkəran" qəzetinin əməkdaşı Bəşir Hüseynovu ora məsul katib vəzifəsinə göndərmişdilər. Qəzetin növbəti nömrəsi çıxanda məsul katibi qəflətən DTK rayon şöbəsinə çağırırlar. Sən demə, qəzetin rubrikası kiminsə tərəfindən dəyişdirilmiş, "Yaşasın sosializm!" əvəzinə "Yaşamasın sosializm!" sözləri ilə çap edilibmiş. Yaxşı ki, məsul katib əvvəlcədən ehtiyatlı tərpənərək qəzetin redaktoru və məsul növbətçi ilə birgə imzalamış olduğu nüsxəni saxlayıbmış.  Həmin nüsxə DTK-ya təqdim edildikdən sonra Bəşir Hüseynov bəraət alır. Amma nahaqdan üç ay həbsdə qalması səhhətinə pis təsir etmişdi.

Bu hadisədən sonra qəzetin redaktoru Məmmədağa Sultanovu və məsul katib Bəşir Hüseynovu işdən kənarlaşdırırlar.

Müstəqillik dövründə mətbuat

Nə yaxşı ki, müstəqillik illərinin ilk dövründən yadigar qalmış və müxtəlif adlarla çap olunmuş qəzetlər, jurnallar, bülletenlər bu gün mətbuat tariximizdə əhəmiyyətli yer tutur.

Lənkəran Xalq Cəbhəsinin fəalları Qarabağ hadisələrinə etiraz əlaməti olaraq 1990-cı ilin yanvarın 11-də yerli hakimiyyət orqanlarının, bir gün sonra isə Lənkəranda çıxan "Leninçi" qəzetinin fəaliyyətini dayandırdılar. Əvəzində  Xalq Cəbhəsi Milli Müdafiə Komitəsinin orqanı kimi "Elin səsi" bülleteni buraxmaq qərara alındı. Qəzetin redaktoru Şəkər Aslan təklif etdi ki, bülletenlə birlikdə "Leninçi" qəzeti də buraxılsın. Lakin təklif qəbul edilmədi. "Elin səsi"nin ilk sayı 12 yanvar 1990-cı ildə Lənkəran mətbəəsində, 100 nüsxə ilə bir səhifəlik həcmində buraxıldı. Bülletenin ilk sayında DQMV-də baş verən hadisələrlə əlaqədar AXC Lənkəran şöbəsinin və Müvəqqəti Müdafiə Komitəsinin respublika əhalisinə və Lənkəran kommunistlərinə  müraciətləri, həmçinin, Lənkəran şəhər İcra Hakimiyyətində və Xalq Cəbhəsində keçirilən tədbirlər öz əksini tapmışdır. Bundan sonra Əli Nasirin redaktorluğu ilə qəzetin dörd səhifəlik həcmində daha dörd nömrəsi buraxılmış, Lənkəranda baş verən 26 yanvar hadisələrindən sonra isə nəşri bir müddət dayandırılmışdır. 1994-cü ildən sonra qəzetin daha bir neçə nömrəsi çıxmışdır. Qəzetin sonuncu, 46-cı nömrəsi 1996-cı il sentyabrın 1-də çıxmış, redaktoru Səfər İbadov olmuşdur.

"Şəm" bülleteni 1990-1991-ci illərdə, ayda 1 dəfə, 2 və ya 4 səhifəlik həcmində Lənkəran mətbəəsində çap olunurdu. Bülletenin hər sayı ayrı-ayrı xeyriyyəçi-ziyalının rəhbərliyi ilə buraxılırdı. Hacı Mirsalam Babayev, Hacı Mirsayad Babayev, Hacı Mirhaşım Talışlı, Asif Cavadov, Səmədağa Səmədzadə və başqalarının fəallığı ilə çıxan bülletendə Lənkəran şairlərinin yaradıcılığı öz əksini tapırdı. Bülletendə əsasən əruz vəznində qəzəllər verilirdi.

"Çeşmə" qəzeti 1990-cı il aprelin 1-dən, dörd səhifəlik həcmində Bakıda çıxırdı. Dövrün ictimai-siyasi hadisələrini əks etdirən qəzet  oxucuların diqqətini çəkirdi

Qəzetin təsisçisi və yaradıcısı Sakin Məmmədzadə idi.  

"Lənkəranın səsi" qəzeti Etibar Əhədovun təsisçiliyi və redaktorluğu ilə çap olunmuşdur.

Demokratik xarakter daşımış, səhifələrində Lənkəranda gedən sosial-iqtisadi, mədəni-quruculuq, əhalinin həyat tərzi haqqında materiallar öz əksini tapmışdır.

İlk sayı 21 mart 1994-cü ildə Masallı rayon mətbəəsində, sonrakı sayları Lənkəranda və Bakıda buraxılmışdır. Cəmi 7 sayı çıxmışdır. Axırıncı sayı 1994-cü il noyabrın 17-də buraxılmışdır.

"Ailə" müstəqil qəzetinin ilk sayı 1994-cü ildə kiçik formatda 16 səhifəlik həcmində, 5 min tirajla çap olunmuşdur. Təsisçisi Hökümə Turhidə, redaktoru Əhmədağa Kərimli idi. Cəmi 6 nömrəsi çıxmışdır.

"Aşkarlıq" müstəqil qəzeti ayda iki dəfə, Azərbaycan və talış dillərində çıxır. İlk sayı 23 avqust 1995-ci ildə Lənkəran mətbəəsində çap olunmuşdur. 1999-cu ilin fevral ayından Bakıda buraxılır. Təsisçisi və baş redaktoru Etibar Əhədovdur.

Lənkəranın "Palıdlı Sahil" istirahət mərkəzində Milli Məclis Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin təşəbbüsü və təşkilatçılığı ilə qəzetin 20 illiyi qeyd edilmişdir. Abunə yolu ilə yayılır. Fəaliyyəti bu gün də davam edir.

"Prizma" qəzetinin ilk sayı 7 mart 2003-cü ildə çıxmışdır. 2007-ci ildə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu xeyriyyə təşkilatının dəstəyi ilə 3 min tirajla çap olunmuşdur. Təsisçisi Maqsud Məmmədov, baş redaktoru Ağaddin Babayev olmuşdur.

"Veteran yolu" qəzetinin ilk sayı 30 yanvar 2008-ci ildə çap olunmuşdur. Təsisçisi və baş redaktoru Səftər Rzayev Qarabağ döyüşlərinin iştirakçısı, Çernobıl əlilidir. Qəzetin 13 sayı çap olunmuşdur.

"Bizim təbib" Lənkəranda çıxan müstəqil, tibbi, elmi-publisistik qəzet olmuş, ilk sayı 2008-ci il yanvarın 30-da 1000 tirajla Bakıda, "Çap evi" mətbəəsində çap edilmişdir. Təsisçisi və baş redaktoru Şəfahət (Şəfi Şəfahət) Həsənov olmuşdur.

"İstisu" Lənkəranın kənd yaşayış məntəqəsində yaradılmış ilk müstəqil ictimai-siyasi qəzetdir. İlk sayı 2012-ci il avqust ayında 1000 nüsxə ilə Bakının "Mətbuat evi" nəşriyyatında çap edilmişdir. Ayda bir dəfə 1000 tirajla çap edilmişdir, cəmi 10 sayı buraxılmışdır. Təsisçisi və baş redaktoru Yaşar Zeynalovdur.

Lənkəranda qəzetlərlə yanaşı, ədəbi-bədii jurnallar da fəaliyyət göstərir. 1991-ci ildən  "Şəfəq", 1993-cü ildən "Söz", 1998-ci ildən "Məşəl", 2012-ci ildən "Yaşıl çay" jurnalları da nəşr olunur.

Faktlar göstərir ki, yerli mətbuatın tarixi və fəaliyyəti hələ lazımınca öyrənilməmiş, ya da mətbuat tariximizdə öz geniş əksini tapmamışdır. Diqqəti bu məsələyə yönəltməklə Lənkəranın mətbuat tarixinə az da olsa qısaca nəzər saldıq. Amma bu istiqamətdə tədqiqata ehtiyac çoxdur. Yəqin ki, tədqiqatçılarımız bütün dövrlərdə həqiqət carçısı olmuş, xalqın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamış rayon mətbuatı salnaməsinə yeni səhifələr yazmaqla öz sözünü deyəcəklər.

 

Etibar ƏHƏDOV, Lənkəranda çıxan "Aşkarlıq" qəzetinin  baş redaktoru

 

525-ci qəzet .- 2022.- 23 iyul.- S.20.