Mənim Şuşa dastanım...

 

Doğulduğum ev Şuşanın simvollarından biri olan Gövhərağa məscidiylə üz-üzə dayananda sağ tərəfə 650 addımlıq məsafədə yerləşirdi. Bu, dəqiqliklə necə yadımdadır? Sonralar Birinci Qarabağ müharibəsinin əfsanəvi qəhrəmanlarından biri olan, hazırda II qrup Qarabağ qazisi, bir sinifdə oxuduğum bibim oğlu Namiq Bədəlovla adətimiz üzrə, demək olar ki, iki gündən bir Cıdır düzünü gəzməyə çıxardıq. Ali məktəbin birinci kursunda oxuyarkən 1981-ci ilin yanvar ayında bir gün yenə Namiqlə Cıdır düzünə gəzməyə getmişdik. Məscidin önü isə bizim yolüstü toplaşdığımız yer idi. Birdən ağlıma gəldi və Namiqdən soruşdum ki, səncə, bu məsciddən bizim evə qədər neçə metr olar? O da təxmini 700-800 dedi. Mənsə dedim ki, 650 olar. Beləcə başladıq addımlamağa. Evə qədər saydıq, mənim addımımla düz 650 addım oldu. O, məndən bir az ucaboy olduğundan nisbətən az olmuşdu, təxminən 641.

Ondan 30 il sonra mən Azərbaycanda ilk dəfə Ali Attestasiya Komissiyasından "Metrologiya və standartlaşdırma" kafedrası üzrə professor diplomu aldım. Metrologiya - ölçmə haqqında elm deməkdir. Sonra ölkəmizdə bu sahə üzrə ilk professor olaraq Azərbaycanda ilk dəfə ən müasir elm sahəsi olan Koordinat metrologiyası üzrə "Hexagon" laboratoriyası qurdum və bu sahədə mütəxəsislər yetişdirməyə başladım. Hazırda da bu sahə üzrə Amerika və Avropanın universitetləriylə əməkdaşlıq edirəm. O diplomu alarkən də mənim ilk düşündüyüm bu oldu ki, necə bir ilahi koddur, mən ömrümün ən dəqiq ölçməsini Yuxarı Gövhərağa məscidindən doğulduğum evə qədər olan məsafədə etmişdim. O zaman ağlıma gəlməzdi ki, Şuşada çox sadə bir ölçməni aparan şuşalı bir tələbə sonralar ən dəqiq nano ölçmələri üzrə dünyanın ən məşhur alimlərindən biri olacaq.

Qanımın qarışdığı Şuşam...

Şuşa dünyaya çox sayda mədəniyyət xadimləri, aydınlar, ziyalılar, elm adamları bəxş edib. Təbii ki, onların hər biri Şuşanı fövqəladə dərəcədə seviblər. Amma mən elə zənn edirəm ki, mənim bağlılığım tam fərqli qan bağlılıqdır. Sabir Rüstəmxanlının 1980-ci illərdə "Qan yaddaşı" adlı kitabı çap olunmuşdu. Son dərəcə milli ruhda yazılmış bu kitab çox sevdiyim kitablardan idi. O kitabı oxuyarkən hələ Şuşa işğal olunmamışdı, biz də ömrümüzün Şuşalı illərini yaşayırdıq. Amma onu oxuduqca, düşünürdüm ki, mənim Şuşayla elə bir qan yaddaşım, qan bağlılığım var ki, bu, heç kimdə yoxdur. Hətta bunu nənəmlə söhbətlərimdə də deyir və soruşurdum ki, görəsən, Üzeyir Hacıbəylinin də Şuşayla bu cür qan bağlılığı varmı. Ya da çox sevdiyim və ən böyük musiqiçilərimizdən olan Niyazinin də o möhtəşəm konsertlərini izləyəndə bu sual məni rahat buraxmırdı. Nədir o qan bağı? Bütün ömrüm boyu, həm Şuşalı, həm Şuşasız günlərimdə beynimdən keçən, düşüncələrimi rahat buraxmayan bir fikir olub. Həm birinci, həm də 44 günlük zəfər savaşımızda şəhidlərimiz qurban getdikcə, elə hey düşünürdüm ki, İlahi, görəsən, mənim qan yaddaşım olan Şuşaya, Cıdır düzündə qanımın bulaşdığı daşa hansı şəhidimizin qanı tökülüb? Qələbədən sonra Şuşaya ilk gedişimdə Cıdır düzündə o daşı və o qanı axtardım, amma təəssüf ki, həmin daş yerində deyildi.

Bu hadisə təxminən, 1 yaşım olanda baş verib. Onda xüsusən Cıdır düzünə yaxın yaşayan şuşalılar ailəliklə axşamlar o dövrün təbirincə, Cıdır düzünə hava almağa gedərdilər. Bir gün bizim ailəmiz də axşam Cıdır düzünə çıxır. Evin ilk uşağı olaraq mən də yanlarında oluram, əlbəttə. Onların başı qarışan vaxt, necəsə iməkləyərək çox iti uclu bir daşa ilişirəm. Daş ayağımı çox dərin kəsir, xeyli qan axır. O qanın bu qədər çox axmasıyla həmin daş mənim qanıma boyanır. Sonralar təxminən 6-7 yaşlarıma qədər biz hər Cıdır düzünə gedəndə atam, anam, nənəm o daşa yaxınlaşıb, onu sığallayar, öpər, sanki məni təsəlli etmək üçün onu danlayardılar. Uşaq yaddaşımda həmin daş o qədər müqəddəsləşmiş, xatirəmdə daş izi buraxmışdı ki, ilk dəfə 6-cı sinifdə şəklim şərəf lövhəsinə vurulanda bibim oğlu Namiqə dedim ki, gedək Cıdır düzünə. Soruşdu niyə? Dedim, gedək, bu dəfə o daşı mən öpəcəm və Cıdır düzünə deyəcəm ki, şəklim şərəf lövhəsinə vurulub. Beləcə, bu, mənim həyatımda ənənəyə çevrildi. Məktəbdə və ali məktəbdəki bütün uğurlarımda gedib həmin daşın yanında durar, sevincimi o daşla, Cıdır düzüylə paylaşırdım. Mənə elə gəlirdi ki, ora mənim sevincimin paylaşım nöqtəsi, uğur mənbəyimdir.

Hətta 1983-cü ildə "Ən yaxşı tələbə elmi işi"nə görə SSRİ Təhsil Nazirliyinin qızıl medalını alarkən Bakıdan Şuşaya gedəndə atamdan, anamdan, nənəmdən öncə, evə getmədən Cıdır düzünə, o daşın yanına getdim və o medalı, vəsiqəsini Cıdır düzünə göstərdim. Cıdır düzünün təbrikini alandan sonra sevincimi valideynlərimlə bölüşdüm.

28 illik Şuşasız günlərimin ən böyük faciəsi odur ki, mən bu dövrdə az qala hər gün təkcə ölkə yox, dünya miqyasında uğurlar qazanırdım, amma o uğurların heç birini Cıdır düzündəki o daşla bölüşə bilmirdim deyə, mənimçün bir anlamı qalmırdı. Buna görə də o uğurlar mənə yad gəlirdi. Bəlkə də kimsə Şuşasızlığa, vətənsizliyə mənim kimi bu aspektdən yanaşmayıb. Şuşayla birlikdə sevinclərim, uğurlarım da əsir idi sanki.

Bu il Vaqif Poeziya Günlərinə gedəndə içimdən keçdi ki, bu zamana kimi dünyanın 20-yə qədər ölkəsindən aldığım 40-a qədər orden və medallarımın hamısını özümlə götürüm və həmin daşın yanında duraraq Cıdır düzünə 28 ilimin hesabatını verim. Ailəm, övladlarım bunun kənardan düzgün anlaşılmayacağından ehtiyat edərək məni fikrimdən daşındırdılar. Buna görə bir daha pis oldum ki, demək, qanım bulaşan və mənimçün müqəddəsləşən uğur daşıma yenə də hesabatımı verə bilməyəcəm. Beləcə Şuşaya içimdə buruqluqla getdim.

Xatirələrimin itkin ünvanı...

Şuşaya axşam saatlarında çatdıq. Artıq havanın qaralmasına baxmayaraq, Barat Vüsal və Əsəd Cahangirlə birgə Cıdır düzünə getdik. Yol boyunca əzbərdən tanıdığım, hər qarışını, hər küncünü yaddaşımın məhrəm yerində dipdiri saxladığım Şuşamı qələm dostlarıma tanıdır, əvvəlki halıyla indiki halını böyük ürək ağrısıyla müqayisə edirdim. Şuşanın qara buludlarının, süd rəngli ayının, parlaq ulduzlarının altında, tanışdan tanış, yaddan yad küçələri burula-burula gəlib Cıdır düzünə çatdıq. Yarım əsr öncə qanımın bulaşdığı, sevinc nöqtəmə, uğur simvoluma çevrilən o daşın əzbərdən tanıdığım, illər keçsə də, xatirəmdə solmaz rəngləriylə qalan o yerinə doğru yönəldim. Şuşa da, Cıdır düzü də, başımız üstündəki ay da, uzaqdakı dağlar da, sıldırım qayalar da, göz işlədikcə uzanan yamyaşıl meşə də...hər şey, hər şey yerində idi, amma bircə o daş yox idi. Bircə o daş zamanın dolanbacında azıb yoxluğa qarışmış, sirr olub qayaların qucağında itmişdi. Mən onunla görüşəcəyim, yeni uğurlarımı bölüşəcəyim zamanı düz 30 il gözləmişdim. O isə artıq yox idi...

Əlbəttə, Şuşasızlıq dərdi bütün azərbaycanlıların qəlbində ən kövrək məqamlardan, ən həssas yerlərdən biri idi. Mənsə elə düşünürdüm ki, bu dərd ən çox Rəsul Rzanın ruhunu göynədir. Çünki uşaqlığımdan Cıdır düzünün fanatı olduğum kimi, ədəbiyyatda da ilk kumirim, müəllimim Rəsul Rza olub və bütün yaradıcılığım da Rəsul Rza-Nazim Hikmət xəttində davam edib. Hər zaman da Şuşa sevgisində rəqibim kim ola bilər deyəndə, gözümün qabağına Rəsul Rza gəlirdi. Halbuki, Rəsul Rza Şuşalı günlərimizdə dünyasını dəyişmişdi, o işğalı görməmişdi. Həmişə deyirdim, nə vaxt Şuşaya qovuşsam, özümdən qabaq Rəsul Rzanın yerinə Cıdır düzünün havasını udub, İsa bulağından su içəcəm. Ondan sonra Məmməd Araz, Xudu Məmmədov və Şahmar Əkbərzadə, "Şuşaya gedə bilmirəm" şeirinin müəllifi Akif Səməd şuşasızlıq dərddaşlarım olublar. Hətta Akif Səməd mənim yaradıcılığım haqqında yazdığı məqalənin adını "Şuşa zəfərinə köklənmiş şeirlər" qoymuşdu.

Cıdır düzündə axtardığım uğur daşımı tapa bilməmək mənimçün nəhayətsiz bir kədər idi. Lakin Şuşa ki yerində idi və mən bu gün Şuşada - Cıdır düzündə idim. Bu fikirlə özümə təskinlik verəndən sonra Cıdır düzündə dayanıb adını çəkdiyim bütün Şuşa sevgisiylə yaşayan qələmdaşlarımın ruhuna Fatihə oxudum, salavat çevirdim. Bu günlərdə Şuşada keçirilən poeziya bayramıyla bağlı onları müjdələdim.

Bundan sonra Cıdır düzündəki növbəti itiyimi axtarmağa başladım. Bu da Şuşasızlıq günlərimdə az qala hər gün, hər an gözümdə ucalan, içimi titrədən adını "Şairlər qayası" qoyduğum qaya idi. O qayanı mən təxminən 1980-81-ci illərdə görmüşdüm. Nə idi qayanın özəlliyi? O qocaman qayaya böyük şairlərimiz Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və Çingiz Əlioğlu adlarını yazmışdılar. Maraqlıdır ki, sonralar üçüylə də uzun illərə söykənən dostluğum olmasına və bu haqda dəfələrlə söhbət etməyimizə baxmayaraq, heç zaman onu neçənci ildə yazdıqlarını soruşmamışam. Amma qayanı mənə məktəbli ikən şeirlərim ilk dəfə mərkəzi mətbuatda çap olunanda atam göstərmiş və o zaman gənc yaşlarında olan bu şairləri mənə tanıtmışdı. Onda atamdan soruşdum ki, ata, Azərbaycanda bunlardan başqa şair yoxdur, niyə məhz üçünün adı yazılıb, dördüncü yox? O da dedi: "bu üç şair çox yaxın dostdurlar, bura gəlib, adlarını yazıblar. Amma Azərbaycanda niyə şair yoxdur ki, elə biri sən, sən də onlar kimi şair ol və adını bura yaz". Mən də dedim ki, yox, onların adı olan qayaya yazmayacam, ancaq mən də söz verirəm ki, onlar kimi adı Cıdır düzündə qayaya yazılacaq şair olacam. Sonra təklif elədim ki, gəl mənimçün qaya seçək və mən də onların yaşına çatanda onlar kimi şair olub adımı yazım. Beləcə, atamla mənimçün bir qaya tapdıq və sonra hər şeirim çıxdıqca atam oxuyub deyirdi ki, az qalıb. Lakin təəssüf ki, sonra işğal dönəmi başladı və o qayaya adımı yaza bilməməyim, atamın itkisi ürəyimdə böyük bir dağa döndü.

Şuşasızlığın 11-ci ilində- 2003-cü ilin mart ayında "Bayatı" jurnalı təsis etdim və ona Cıdır düzü restoranında böyük təqdimat mərasimi keçirdik. O mərasim o qədər möhtəşəm alındı ki, sanki Cıdır düzünün adını daşıyan o məkanda Cıdır düzünə verə bilmədiyim hesabatımı verdim. Mərasim məni o qədər qanadlandırdı ki, evə gəlib atama dedim ki, ata, bu gün mən o qayaya adımı yazmağı haqq etdim. İnanıram ki, Şuşanı azad edəcəyik və mən o qayaya adımı yazacam. Onda atam qəfildən soruşdu ki, bəs sən adını kimlərlə yazacaqsan? Bu sualı gözləmirdim və qəfil verilən suala qəfil də cavab verdim: Rəşad Məcid, Elçin İsgəndərzadə və Qulu Ağsəsin. O da dedi ki, lap yaxşı, halal olsun.

Budəfəki Şuşa səfərimdə uğur daşımdan sonra qələm dostum İlham Qəhrəmanla birgə "Şairlər qayası"nı və Elçin İsgəndərzadənin qayasını axtardım. Amma çox təəssüf ki, onların da heç birini tapa bilmədim. Onda anladım ki, düşmən məndən təkcə Şuşanı yox, sevincimi, arzumu, uğurumu alıb aparıb. Lakin bütün bu yoxluqlara rəğmən, Şuşanı öz möcüzəsiylə, məşəqqətləriylə, acılı-şirinli xatirələriylə yaradıcılığımda qırmızı xətt kimi var oldu, yaşadı... Hətta o cür yaşadı ki, Azər Turan məni "Şuşa qardaşım", Vaqif İsaqoğlu "Şuşanı özündə gəzdirən adam" adlandırdı, 20-dən çox ölkənin şairləri tərəfindən mənə 200-ə yaxın şeir həsr olundu ki, hamısında "Elçin və Şuşa" obrazları yanaşı hallandı. Və buna əminəm ki, adı Şuşayla bu qədər hallanan ikinci bir şair yoxdur. Bu da mənim Şuşaya olan İlahi, möcüzəvi sevgimin, mistik bağlılığımın nəticəsidir ki, özüm də bunun hardan, necə qaynaqlandığını dəqiq bilmirəm.

Şuşada Anar möcüzəsi...

Vaqif Poeziya Günləri xatirimdə həm də başqa bir möcüzəylə iz buraxdı. Ağlım kəsəndən mənimçün Azərbaycan ədəbiyyatının ustadı, Türk dünyasının ən böyük yazarı, Milli pasportumuz Xalq yazıçısı Anardır. Vaqif Poeziya Günlərinin açılış mərasimində, Vaqifin məqbərəsi önündə Anar müəllimin çıxışı mənimçün bu yaşımacan dinlədiyim, oxuduğum bütün çıxışların ən möhtəşəmi, ən alisi idi. Hətta tədbirdən sonra Cıdır düzünə gedərkən, Anar müəllimə dedim ki, biz elə bilirdik böyümüşük, amma siz bu nitqinizlə sübut etdiniz ki, Elçin İsgəndərzadə də, burada iştirak edən hər kəs də hələ cocuqdur.

Sevgimizin, qələbəmizin simvolu Xarıbülbül

Mənim həyatımda və yaradıcılığımda Şuşanın simvolu, indi isə qələbəmizin atributu olan Xarıbülbülün ayrıca yeri var. 25 il öncə "Pəncərə möcüzəsi" adlı kitabım çap olunarkən görkəmli tənqidçimiz, akademik Nizami Cəfərov yaradıcılığımı təhlil edib bu nəticəyə gəlmişdi ki, Elçin İsgəndərzadənin yaradıcılığı Qarabağ şikəstəsidir, poeziyamızın Xarıbülbülüdür. 20-yə yaxın kitabımın üzərində xarıbülbül təsvir olunub. Hətta Türkiyədə məndən xəbərsiz kitabım çap olunarkən də dostum Özgen Keskin üz qabığına xarıbülbül rəsmi vermişdi. İndi özüm də heyrət edirəm ki, Xarıbülbül Vətən müharibəmizin, qələbəmizin rəmzidir. Mənsə bunu 20 ildir öz yaradıcılığımın simgəsi etmişəm.

Ö.Keskin sözünü etdiyim kitaba ön söz yazarkən deyir: "Professor Elçin İsgəndərzadə Nyu-Yorkun küçələrində gəzərkən bizə Şuşanı anladır. Parisdə Eyfeldən baxarkən Cıdır düzünü göstərir. Sankt-Peterburqda Neva sahillərində rus gözəllərinə həsr etdiyi şeirlərində Şuşa sevgisindən bəhs edir". Bu, mənimçün çox qiymətli müşahidədir. Çünki o, mənim həqiqi duyğularımı hiss edə bilmişdi. Həqiqətən də Şuşa uğrunda mübarizə mənimçün oksigen uğrunda, hava uğrunda mübarizədir.

Tarixə ehtiramla...

270 yaşlı... Yaşadığıyla, gördüyüylə yaşından dəfələrlə böyük, tariximizin daş yaddaşı, təbiət möcüzəsi Şuşa... Tanrının bu xalqa həm lütfü, həm də acısı Şuşa... Nə sirdir ki, bu qədər həsrətə, nisgilə, əzaba baxmadan, sevgimiz zərrə azalmadan, bircə an öləzimədən, ən xırda aşınmaya uğramadan beləcə dipdiri, tərtəzə qalır, gün gün artır, ucalır, sonsuzlaşır... Nə möcüzədir ki, Şuşada doğulmayan, oranı görməyən insanın belə Şuşa adı çəkiləndə dodaqları çatlayır, gözləri parıldayır, ruhu qanadlanır...

2022-ci il cənab Prezident İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə "Şuşa İli" elan olunub. Düz 270 il bundan öncə Pənahəli xan Şuşanın təməlini qoyub. Bu əlamətdar hadisə ilə bağlı il boyu çox işlər görüldü, tədbirlər keçirildi. Mənsə istərdim ki, Şuşada-Cıdır düzünün həndəvərində, münasib yerdə Pənahəli xanın at üstündə əzəmətli bir heykəli ucaldılsın. Ən yaxın zamanda Şuşa dünyanın turizm mərkəzlərindən birinə çevriləcək. İstərdim ki, yerli və xarici turistlər Şuşaya səfər edərkən o heykəli ziyarət edib, Şuşanın həqiqi tarixiylə tanış olsunlar. Çünki bu, əsrlərə, nəsillərə ötürülməli, öyünməli, öyrədilməli tarixdir. Qoy Şuşamızı bizə bəxş edən Pənahəli xanı, sonra isə Şuşamızın dünyaya bəxş etdiyi böyük ziyalıları gələcək nəsillər də, bütün dünya da tanısın və fəxr eləsin.

Gözlənilməz görüş... Şuşaya həyat qayıdıb

Bu gün Şuşa, Qarabağ azaddır və biz düşmənin daşdan, qayadan aldığı intiqam, öc hesabına yurdumuza qayıda bilmirik, oraya həyat apara bilmirik. Ancaq bu gün Şuşamızda, eləcə də işğaldan azad olunan bütün rayonlarımızda sürətli quruculuq işləri gedir. Bu işlər 24 saat, dayanmadan, dincəlmədən davam etməkdədir. Şuşamızın bu gününə şahid olmaq, firavan gələcəyin addım səslərini eşidib, nəfəsini duymaq nə gözəl, nə möhtəşəm bir hissdir.

Bu firavan gələcəyin xoş müjdəçisi isə Şuşadakı gözlənilməz görüş oldu.  Şuşalı dostum Şükür Müseyiboğlu ilə demək olar hər görüşümüzdə bir-birimizə "o gün olsun Şuşada görüşək" deyərdik. Bu dəfə səfərimiz zamanı dostlarla Şuşada gəzərkən telefonuma Şükürdən zəng gəldi. Cavab verdim, dedi ki, səni televizorda gördüm, Şuşadasan? Mən də dedim hə, Şuşadayam, sən əvəzdən Cıdır düzünə salam dedim. Dedi yaxşı elədin, hardasan? Dedim, köhnə avtovağzal tərəfdə gəzirik yoldaşlarla. Dedi, əla, bizim evin yanıdır, samovar qaynatmışam, gəlin, sizə çay qonaqlığı verim. Soruşdum, sən hardasan? Dedi, bilmirsənmi, oğlum, polisdir, iki aydır ailəlikcə köçmüşük Şuşaya, burda yaşayırıq. Həmin an hisslərimi nə söz, nə qələm...heç nə təsvir edə bilməz. Bundan gözəl anmı olar ki, Şuşada dostum məni evinə qonaq çağırır.

Mənim Şuşa dastanım yazılan, yazılmayan çox sirlərlə, xatirələrlə doludur. Bu elə bir xatirələrdir ki, onu yalnız mən, Allah və Şuşanın daşı, torpağı, ağacı, suyu bilir. Ona görə də Şuşa səfərimdə ən çox həmsöhbət olduğum da o daş, o torpaq, o ağac, o qaya oldu. Onlar mənə xoşgəldin etdilər, onlar məni həsrətlə, sevgiylə, özləmlə bağırlarına basdılar. Necə ki, mən Şuşamızı bizə qaytaran, Şuşa haqqında ən böyük Nobel nitqini yazan, Cıdır düzündə qanları qanıma qarışan şəhidlərimizin ruhunu bağrıma basdım, onları sonsuz sevgiylə, minnətdarlıqla, tükənməz ehtiramla yad etdim. Məhz onların sayəsində bu gün biz Şuşamıza qovuşub, onun şəninə dastanlar yazırıq...

 

Elçin İSGƏNDƏRZADƏ

 

525-ci qəzet .- 2022.- 23 iyul.- S.18.