Dərbənddə Bayatlar
Əməkdar elm xadimi, professor Qəzənfər
Paşayevin "Azərbaycanda və İraqda Bayatlar"
kitabı çapa hazırlanır. Kitabın "Dərbənddə
Bayatlar" bölümünü təqdim edirik.
Tarixçilərin
yazdığı "İç Oğuz-Daş Oğuz (əslində
Dış Oğuz - Q.P.)" coğrafi baxımdan
Zaqafqaziyanın Gündoğar hissəsini (Dərbənd daxil
olmaqla - orada Qazan xan 10 (on) min qoyun saxlatdırırdı) və
İraqi-Əcəmin günbatar hissəsini (Bağdadın
quzeyində İraq - Türkmanlarının
yaşadığı ərazilər - Q.P.) tutmuşdu" (1,
263) sətirlərini oxuyanda sanki yuxudan oyandım. Bir daha o qənaətə gəldim ki, tarixin və
insanların yaddaşı gödək olurmuş. Bakının cəmisi 230 kilometrliyində yerləşən
qədim şəhərimiz Dərbənd sanki bizə yad
imiş. Gözü həmişə
başqa xalqların torpaqlarında olan, heç vaxt doymayan
şimal qonşumuz 1796-cı ildə general Zubovun
başçılığı ilə 30 (otuz) minlik ordu
göndərərək Dərbəndi tutub. 1813-cü il "Gülüstan sülh müqaviləsi"nə
əsasən Dərbənd birdəfəlik Rusiyaya birləşdirilib.
Sovet dönəmində tarixi şəhərlərimiz Təbriz
və Dərbənd haqqında nəsə yazmaq yasaq
edilmişdi. Məqsəd aydın idi.
İraq-Türkman
tədqiqatçısı Səid İrmağın
düşündürücü kəlamı vardır: "Vətən
torpağı kiçilib-genişlənə bilər, tamamilə
əldən çıxa bilər, sərhədləri tükənə
bilər, tarixi təhrif edilə bilər, hətta şan və
şərəfi tapdalana bilər, dini dəyişdirilə bilər.
Lakin bir şey dəyişmir. Qalan bu tək varlıq ana dilidir".
Təsəllini
onda tapırıq ki, Dərbənd şəhəri və ətraf
kəndlər iki əsrdən artıq Rusiyanın təbəəliyində
olsa da, rəsmi dövlət dili rus dili olsa da, uşaq
bağçasından, məktəb və universitetlərdən
başlamış hər yanda hökmran dil rus dili olsa da, xalq
doğma ana dilini, milli adət-ənənəsini, etnik
kimliyini unutmayıb.
Nəsimi
adına Dilçilik İnstitutunun
Dialektologiya şöbəsinin əməkdaşları
M.İslamov, B.Tağıyev, S.Behbudov, Ə.Ağayev,
Z.Xasıyev, N.Məmmədov, F.Xalıqov 1976-80-ci illər
arası 7 (yeddi) dəfə Dağıstan MSSR-nin Dərbənd
və Tabasaran rayonlarında dialektoloji ekspedisiyada olmuş, zəngin
material toplamışdır. Ekspedisiyalarda hər
iki rayon üzrə 29 (iyirmi doqquz) yaşayış məntəqəsi
əhatə olunmuşdur. Dərbənd rayonunun 20 kəndindən
(Bərəkey, Bilhədi, Bilici, Vəlikənd, Zidyan,
Qazmaları, Muğartı, Padar, Tatlar, Səlik, Sabnova, Ulutərəkəmə,
Cimikənd, Dəli Çoban, Komuna, Rubas, Rükəl,
Müzayim, Mollaxəlil, Nüğdi, Qaradağlı) və Dərbənd
şəhərinin ayrı-ayrı məhəllələrindən;
Tabasaran rayonunun 9 kəndindən (Arkit, Arak, Darvaq, Zil, Yersi,
Marağa, Sanak, Xilipənci, Xuçni) dialektoloji material
toplanmış, araşdırma apararaq "Azərbaycan dilinin
Dərbənd dialekti" adlı monoqrafiyanı ortaya
qoymuşlar. Əsər sonralar işıq
üzü görmüşdür.
Bu fundamental tədqiqat işi akademik Ə.Sumbatzadənin
vaxtilə dediyi "Türk dillərinin oğuz və
qıpçaq ailəsinin qovuşduğu,
qarşılıqlı ünsiyyətdə mövcud
olduğu məkan, yer məhz Dərbənd ərazisidir"
sözlərini təsdiq edir.
Professor
Ə.Dəmirçizadə də bu məsələyə
toxunaraq yazır ki, "Kitabi-Dədə Qorqud"un dilində
oğuz və qıpçaq elementlərinin paralelliyi
müşahidə olunur, ...həm də
oğuz elementləri üstünlük təşkil edir.
Burada böyük bir həqiqət vardır. Məsələ
burasındadır ki, XII əsrin ikinci yarısında Xarəzm
şahı Cəlaləddin Dərbənd ətrafına 50 (əlli)
min qıpçaq ailəsi köçürmüşdür.
Şah İsmayıl 1509-cu ildə Oğuzların əksəriyyət
təşkil etdiyi Dərbənd şəhərini tutandan
sonra İraqda yaşayan bayatlardan bir hissəsini Dərbəndə
köçürmüşdü (29, 418).
Əslən
Dərbənddən olan Hüseynbala Hüseynov 2007-ci ildə
Dərbənddə rusca çap etdirdiyi, V.Arzumanlının
Azərbaycan dilinə tərcümə etdiyi "Dərbənd
və "Kitabi-Dədə Qorqud" əsərində
yazır ki, Dərbənd və ətraf ərazilərdə Dədə
Qorqudla bağlı toponimlərin çoxluq təşkil etməsi
deyilənlərə dayaq olur. Çoxsaylı
yazılı mənbələrə görə və bizim
günlərə qədər gəlib çıxmış
yerli rəvayətlərə əsasən, Bayat tayfası Dərbənddə
və ona yaxın ərazilərdə ta qədimlərdən
məskunlaşmışlar.
Tədqiqatçının qənaətləri
günümüzdə də işlənən Bayat toponimlərində
öz əksini tapır.
Şəhərin Cənub divarında ən qədim qala
qapılarından biri Bayat qapısı (Bayat tayfasının
qapısı) adlanır. Bu ərazidəki yaşayış yeri isə
Bayat məhəlləsi adı ilə məşhurdur. Şəhərdən cənuba tərəf ərazidə
Bayatlar kəndi yerləşir. Hələ
XIX əsrdə rus müəllifləri "Bayat kəndi"
barədə yazırdılar ki, yerli əhali bu kəndi
"Bayat ocağı" adlandırır. Bayat tayfasından çıxan, Dərbəndi şərəfləndirən
şəxsiyyətlər çox olub. Orta
əsrlərdə Dərbəndin hakimi Məhəmməd
Hüseyn bəy Bayat, Dərbəndin naibi olmuş Əli Pənah
bəy Bayat, Əhməd bəy Bayat kimi şəxsiyyətlər
belələrindəndir.
Belə məşhurlardan biri də XVI əsrdə Dərbənd
Aşıq məktəbinin və mühitinin əsasını
qoyan şair və qüdrətli aşıq Bayat Abbasdır. Bayat Abbas ustad
aşıq kimi Dərbənd və ətraf əyalətlərdə
məşhur olmuşdur. Güclü
yaradıcı təbi olan aşıq bayatı, qoşma, gəraylı
və təcnisləri ilə ad-san qazanmışdı. Yazdığı şeirlər sonrakı dövr
aşıq yaradıcılığına güclü təsir
etmişdir.
Bayat Abbasın təsiri o qədər böyük
olmuşdur ki, Ləzgi Əhməd kimi azərbaycanca-ləzgicə
yazıb-yaradan qüdrətli ustad aşıq
yetişmişdir.
Azərbaycan
aşıq sənətinin memarlarından olan Tufarqanlı
Abbasın, Aşıq Valehin, Xəstə Qasımın Dərbəndə
təşrif buyurması, "Valeh və Zərnigar"
dastanının yaranması, burada Aşıq mühitinin
çiçəklənməsi ilə bağlı
olmuşdur.
Şübhəm yoxdur ki, Ləzgi Əhmədlə Xəstə
Qasımın çox maraqlı hərbə-zorbaları, məşhur
qıfılbənd bağlama deyişmələri Dərbənddə
baş tutmuşdur.
Aşıq Abbas Tufarqanlı Dərbəndin coğrafi
mövqeyini, gözəlliklərini, insanlarını vəsf
edən 8 (səkkiz) bənddən ibarət məşhur
"Dərbəndin" qoşmasını orada
yazmışdır.
Dərbənd aşıqları ilə əlaqələrimiz
müasir dövrdə də davam edir. 1977-ci ilin may ayının 7-8-də
Dağıstanın Rutul rayonunun Katrux kəndindən olan
aşıq Soltan Seyidov (1925-2006) Tovuzda Aşıq Mikayıl
Azaflıya qonaq olmuş və Azaflı Mikayılla
deyişmişdi.
Yuxarıda deyilənlər və Dədə Qorqudun qəbrinin
Dərbənddə olması əsas verir deyək ki, Qorqud nəslinin
Dərbənddə yaşayan oğuz kökənli Bayat
tayfasına mənsub olması tamamilə real
görünür.
Qazan xanın da Dərbəndlə ciddi şəkildə
bağlı olmasına dair inkarolunmaz faktlar vardır.
Dağıstanın
Aşağı Stal bölgəsində "Qazan
bulağı"nın olması, Qazan
xanın Dərbənddə 10 (on) min qoyun saxlatdırması
onu Dərbəndə bağlayan tellərdir. Qazan
xanın Dərbənddə qoyun saxlatdığı "Salur
Qazanın evinin yağmalandığı boy"dan
açıq-aşkar bəlli olur. Salur Qazanın
malını-mülkünü qarət edəndən, Salurun
anası qarışıq qohumlarını yığıb
ölkəsinə aparan Şöklü Məlik
lovğalanaraq deyir: "Bəglər, Qazanın tölə-tölə
şahbaz atlarını binmişüz, altun
ağçasını yağmalamışuz, qırq igidlən
oğlu Uruzu tutsaq etmişüz, Qatar-qatar dəvələrini
yetmişüz, qırx incə bellü qızlan Qazanın həlalını
tutmışuz. Bu heyifləri biz Qazana etmişüz" -
dedi.
Kafərin
biri aydır: "Qazan bəgdə bir heyfimiz qaldı".
Şöklü
Məlik aydır: "Mərə arnavuz nə heyfimiz
qaldı?"
Kafər
aydır: "Qazanın qapulu Dərvənddə on bin qoyunu
vardır. Şol qoyunları dəxi götürsək, Qazana
ulu heyf edərdik" - dedi.
Şöklü
Məlik aydır: "Altı yüz atlı varsun,
qoyunları gətirsün".
Üçüncü fakt Qazan xanın dustaq olduğu
"Tuman qalası" ilə bağlıdır. Hüseynbala
Hüseynov yazır ki, bəzi müəlliflər əsası
olmayan, yanlış faktlara istinad edərək belə deyirlər
ki, bu qala İberiyanın (Gürcüstanın) ərazisindədir.
Əslində "Tuman qala" Dərbəndə
bağlıdır.
A.Bakıxanov "Gülüstani-İrəm" əsərində
göstərir ki, "Tuman Şaha" məxsus torpaqlar Dərbənddən
şimalda - Həmridən Salak çayına qədər olan
ərazidir. Paytaxtı Aqrandır və Sasani şahı
Ənuşirəvan orada ("Tuman qalası"nda) Tuman
tayfalarından ibarət hərbi qarnizonlar
saxlamışdır. O, elə onların içərisindən
də Tumanşah adlı hökmdar seçmişdi.
"Dərbəndnamə" salnaməsində də
göstərilir ki, Xosrov I Ənuşirəvan (531-579-cu illər)
İrandan Həmriyə qədər olan əraziləri Tuman
tayfasına vermiş və oraya Tuman şahı
başçı təyin etmişdir. Tarixçilərin
yazdığına görə, V əsrin sonu, VI əsrin əvvəllərində
Dərbənd rayonu ərazisində 13 (on üç)
türkdilli tayfa yaşayırdı. Bu ərəfədə
türkmənşəlilər Şimali Qafqaz ərazilərini
bütövlükdə özlərinə tabe edə
bilmişdilər.
24 Oğuz boyundan 13-nə Dərbənd rayonu ərazisində
təsadüf edilməsi, onların Şimali Qafqaz ərazilərini
bütövlükdə özlərinə tabe etməsi, bu
boylar arasında Bayatların aparıcı mövqedə
durması çox mətləblərdən xəbər verir.
Təbii ki, bu tayfaların izləri toponimlərdə
qalmalı idi.
Hunların qapısı, Kaspi qapısı, Kaspi
keçidi heç şübhəsiz, türk mənşəlidir.
Qədim
türk etnonimləri Dərbəndə yaxın kənd
adlarında qorunub saxlanılıb: Padar, Dəliçoban,
Azadoğlu, Ulu Tərəkəmə, Başlı və s.
Şəhərin
qədim toponimiyası yaşayış məhəllələrində:
Orta təpə, Şirvan burunu, Bayat ocağı, şəhər
alaqapılarında: Bayat qapı, Orta qapı, Daş qapı,
Qırxlar qapısı və s. sübut edir ki, bu şəhərin
əhalisi ta qədimlərdən kök etibarilə türk mənşəlidir.
Qıpçaqlarla qaynayıb-qarışan oğuzlar
tezliklə bu ərazilərdə hakim mövqe tutmağa
başlayıblar, türk-oğuz dil qrupi isə üstünlük
təşkil edib.
Oğuz tayfalarının təkcə Dərbənd
bölgəsində deyil, Dağıstanın digər ərazilərində
də yerləşmələri barədə çoxsaylı
fakt və dəlillər mövcuddur. Məsələn,
Axtıda "Oğuzlar" adlı qəbiristanlıq
vardır. Dağıstanın yüksək
dağlıq ərazisindəki avar rayonu olan Xunzakda Oğuzlar
tayfası, daha doğrusu, oğuzlar, oğuz camaatı
yaşamışdır. Oğuz təsirinin
izləri Dağıstanın toponimiyasında da
qalmışdır. Ləzgi dilində xuir (kənd)
olduğu halda türk termini "kənd" və
"qazmalar" işlənir: Məhərrəmkənd,
Qasımkənd, Tahirkənd, Daşlıkənd, Mahmudkənd,
Zuxrabkənd, Koşkənd, Butkənd, Yaraq qazmalar, Bilbil
qazmalar, Samur qazmalar, Maka qazmalar və s.
Ləzgi
dilində vats (çay) hidronimi olduğu halda, əvəzində
Azərbaycan dilindəki "çay" hidronimini işlədirlər.
Darvaqçay, Usuxçay, Axtıçay, Gil-gilçay,
Kuraxçay, Rubasçay və s. Eləcə də
Qızıl dərə, Alameşə, Aşağı Arkit,
Yaşıl təpə, Daşlı təpə, Qaradərə,
Bazar düzü və s. işlənir ki, bu terminlərin
hamısı türk mənşəlidir.
V.Abayev
maraqlı bir məsələyə toxunur: "...xalqlar və
tayfalar müəyyən ərazilərdə biri digərini əvəz
edə-edə izsiz-tozsuz itib getmir. Hər yeni tayfa
özündən əvvəl bu ərazilərdə
yaşamış sələflərindən nə isə
alır, nə isə qoruyub saxlayır. Bu "nə isə"lər
az da ola bilər, çox cüzi də. Hətta müəyyən
bir qism toponimlər kimi.
Tədqiqatçı
Hüseynbala Hüseynov (Allah Azərbaycan xalqının bu vətənpərvər
oğluna rəhmət eləsin) o qənaətə gəlmişdir
ki, Cənubi Dağıstanın bütün ərazilərində
türk-oğuz toponimləri üstünlük təşkil
edir. Araşdırıcı onu da xüsusi
vurğulayır ki, türk-oğuz dilinin təsiri
Dağıstan xalqlarının dillərində də
özünü göstərir. Belə ki,
ümumdağıstan səviyyəsində işlədilən
çoxsaylı sözlər: qaz (qaz quşu), tula,
sarımsaq, yaylıq (əl dəsmalı), yarma, qazma (yer
damı), təpə, örüş, bulaq, qızıl,
gümüş, çaxmaq (tüfəng çaxmağı),
qalay, qol, düzən (düzənlik), qoyun, paxır (mis),
qadaq (mismar), saman və s. türk mənşəli
sözlərdir.
Dilçilərin
fikrincə, ləzgi dilinin bugünkü lüğət tərkibinin
söz və ifadələrinin 50 faizdən çoxunu
türk-oğuz mənəli söz və ifadələr təşkil
edir.
Tədqiqatlardan
və üzə çıxarılan faktiki materiallardan
görünür ki, Oğuzlar nəinki Dərbənd və ətraf
kəndlərdə, eləcə də Dağıstanın ləzgilər
və avarlar yaşayan ərazilərində də
yaşamışlar. Dədə Qorqudun qəbrinin
Dərbənd ərazisində olması, Dərbənddə
yaşayan Oğuz kökənli Bayat tayfasına (yeri gəlmişkən,
Dərbənddə və Kərkükdə vaxtilə tayfa, nəsil
"Kitabi-Dədə Qorqud"da olduğu kimi uruq
adlanmışdır) mənsub olması və Dərbənd ərazisində
bol-bol Bayat toponimlərinə təsadüf edilməsi qəti
qənaətə gəlməyə imkan verir deyək ki, Dərbənddə
Bayatlar toplu halda yaşamışlar. Lakin zəmanəmizdə
Quzey Azərbaycanda (Dərbənd daxil) Bayat toponiminə bir
çox ərazilərdə təsadüf edilsə də,
Bayatlar başqa oğuz tayfaları ilə
qaynayıb-qarışmışlar. İraqdakı
soydaşlarımızın məskunlaşdığı ərazilərdə
isə Bayatlar toplu halda yaşayır, ləhcələrini və
etnik kimliyini yaşadırlar.
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası
İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi,
professor
525-ci qəzet .- 2022.- 23 iyul.- S.16.