Klassik irsin fədakar tədqiqatçısı və
tərcüməçisi
MƏMMƏDAĞA SULTANOVUN
XİDMƏTLƏRİ MİSİLSİZ, XATİRƏSİ
ƏZİZDİR
Milli Mətbuat Günü münasibətilə Əməkdar
mədəniyyət işçisi,
peşəkar jurnalist,
alim, şair, tərcüməçi
və pedaqoq Məmmədağa Sultanovun xatirəsini yad etməyi özümə mənəvi
borc bildim. Jurnalistik fəaliyyətə ötən
əsrin iyirminci illərinin sonunda başlayan Məmmədağa
müəllim Azərbaycanın
bir neçə rayonunda mətbuat sahəsində çalışmışdı.
Məmmədağa Sultanov 1910-cu ildə Cənubi Azərbaycanın
ən böyük elm
və mədəniyyət
mərkəzlərindən biri sayılan Ərdəbil şəhərində
dünyaya gəlib. İbtidai
təhsilini mədrəsədə
fars dilində
alan M.Sultanov 1921-ci ildə ailəsi ilə birlikdə Bakıya köçərək
sənət məktəbində
təhsilini davam etdirmiş, görkəmli
Azərbaycan yazıçısı
və pedaqoqu Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin
fəal üzvlərindən
biri olmuşdu. Onun "Sənət məktəbi"
adlı ilk şeiri
1926-cı ildə "Gənc
işçi" qəzetində
işıq üzü
görüb. Sonralar "Hücum"
ədəbiyyat məcmuəsində
fəhlə-yazıçı kimi əməkdaşlıq
edən M. Sultanov
1932-ci ildə həmin
məcmuənin məsul
katibi vəzifəsinə
irəli çəkilmiş,
"Gənc işçi"
qəzetinin məsul katibi (1936-1937), "Kommunist"
qəzeti redaksiyasında
elm və mədəniyyət
şöbəsinin müdiri
(1937- 1938), mühəndis və
təsərrüfatçıların ixtisasını artıran
institutun dil və ədəbiyyat kafedrasının müdiri
(1939), Azərbaycan Pedaqoji
İnstitutunun aspirantı
olmuş və müəllimi (1939- 1941) işləmişdi.
Məmmədağa müəllimlə tanışlığımın
qəribə tarixçəsi
var. Jurnalistika fakültəsinin
son kursunda "Rayon qəzetinin
nəşri tarixi"
barədəki diplom işimlə əlaqədar
arxiv sənədlərini
araşdırırdım. Öyrəndim ki, 1933-cü ildə MTS-lərdə siyasi şöbə yaradılanda
Kürdəmirdə "Bolşevik"
qəzetinin redaktoru vəzifəsində çalışan
Məmmədağa Sultanov
həmin şöbələrin
(yəni, MTS-lərin)
rayon partiya komitələri
ilə birləşdiyi
vaxtlarda (1935-ci ildə)
Masallıya - yəni bizim rayonda çıxan
"Yeni həyat"
qəzetinə redaktor
göndərilib (Qəzetin
ilk sayı 31 may 1932-ci ildə
işıq üzü
görüb). Diplom
müdafiəsi ilə
bağlı ilkin söhbətlərin birində
müəllimlərim Qulu
Xəlilov, Famil Mehdi, Seyfulla Əliyev, Nurəddin Babayev, dövlət imtahan komissiyasının üzvləri Hacı Hacıyev, Nəsir İmanquliyev və başqaları rayon qəzetinə
M.Soltan imzasıyla redaktorluq etmiş Məmmədağa müəllimin
adını eşidəndə,
mənə onunla görüşməyi məsləhət
bildilər. Hətta o günəcən M.Sultanovu yaxşı tanımadığıma görə
məni qınayanlar da oldu.
Bəy nəslinə
mənsub olan ömür-gün ortağı
Badisəbah xanımla
M.Sultanov 1947-ci ildə
ailə həyatı qurmuşdu. Badisəbah xanımın atası Mircavad bəy Talışxanov Rusiyada ali təhsil
almışdı, bir
neçə dil bilirdi. Masallıda sadə camaat
tərəfindən sevilsə
də, haqsız olaraq "xalq düşməni" kimi
37-ci ildə güllələnmişdi.
..."M.Soltan" imzası
ilə klassik irsimizdən çevirmələrini
həvəslə oxuduğum
Məmmədağa müəllimlə
80-ci illərin ortalarındakı
görüşlərim yaddaşımda
silinməz izlər qoydu. O zaman Respublika Əlyazmalar Fondunun (indiki Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli
adına Əlyazmalar İnstitutu) elmi ekspozisiya şöbəsinin müdiri
vəzifəsində çalışan
Məmmədağa müəllim
elə gənclik həvəsi ilə yazıb-yaradır, tərcüməçilik
fəaliyyətini davam
etdirirdi.
İndi Fondda mühafizə olunan yazılı abidələr həm də Azərbaycanın kitab mədəniyyətinin
əsas bazasını
təşkil edir. Fondun təşkilində,
əlyazmaların toplanmasında,
nəşrində, mətbuatda
işıqlandırılmasında Məmmədağa müəllim
misilsiz xidmətlər
göstərib. Uzun
illər burada (26 il Əlyazmalar
Fondunun direktoru olub) ədəbi abidələrin oxucu kütləsinə çatdırılması
yolunda böyük bir missiyanı uğurla yerinə yetirən Məmmədağa
Sultanov İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya
cəbhəsi siyasi idarəsinin tərcüməçisi
və siyasi təlimatçısı kimi
Təbriz şəhərində
(1941- 1942) çalışmışdı.
Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetində
ədəbiyyat nəzəriyyəsi,
İran ədəbiyyatı
tarixi və fars dilindən
dərs deyib. Eyni zamanda, Azərbaycan
Elmlər Akademiyasının
Nizami adına
Dil və Ədəbiyyat İnstitutunun
Əlyazmalar şöbəsinin
müdiri vəzifəsində
çalışıb.
Hələ müharibədən qabaq - 1939-cu ildə dahi Nizaminin 800 illik yubileyinə hazırlıq ərəfəsində
M.Sultanov həm istedadlı şair, həm də fars dilinin gözəl
bilicisi kimi Səməd Vurğunun diqqətini cəlb etmişdi.
Onun yüksək
tərcüməçilik bacarığını görən
S.Vurğun, sonra Mehdi Hüseyn Məmmədağa Sultanova
Azərbaycan klassiklərinin
farsca yazılmış
əsərlərini ana
dilimizə nəzmən
tərcümə etməyi
tövsiyə etmişdilər. Şərqin müdrik söz ustası Sədi Şirazinin "Gülüstan",
bütün nəsillərdən
olan oxucular üçün maraq doğuran "Kəlilə
və Dimnə" (nəsr hissəsini qardaşı Rəhim Sultanov tərcümə edib -N.Ə.))
əsərlərinin,
"Mehr və Müştəri"nin poetik
lövhələri onun
səriştəli tərcümələrinin
bəhrəsidir. N.Gəncəvinin "Xosrov və Şirin", Əhvədi
Marağayinin "Cami-cəm"
əsərlərini, Məhsəti
Gəncəvinin rübailərini
redaktə və şərh edən Məmmədağa müəllim
ciddi elmi təhlili ilə seçilən bir çox tədqiqatların
müəllifidir. AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov çox haqlı olaraq mənəvi irsimizin təbliğində göstərdiyi
xidmətlərinə görə
Məmmədağa Sultanovu
akademik səviyyəli
alim adlandırıb. Məmmədağa Sultanovun
cəfakeş və yorulmaz tərcüməçi
kimi Xaqani, Nizami, Füzuli, Əssar Təbrizi, Fələki Şirvani, Heyran xanım, Fatma xanım Kəminə, Abbasqulu ağa Bakıxanov kimi Azərbaycan ədəbiyyatı klassiklərinin
əsərləri ilə
yanaşı, İran,
tacik, hind klassik ədəbi abidələrinin
ana dilimizdə səslənməsində böyük
xidmətləri olub.
M.Sultanov "Azərnəşr"də bədii
ədəbiyyat şöbəsinin
müdiri işləyən
zaman Azərbaycanın
farsdilli klassiklərinin
əsərlərini ana
dilimizə tərcüməsinə
çox qayğı və həssaslıqla yanaşırdı. Bu işə
təsadüfi adamları
deyil, səriştəli
sənətkarları cəlb
edirdi. Müəyyən səbəblərə görə Azərbaycanın
görkəmli qəzəlxanı
mətbuatdan uzaqlaşdırılmışdı.
Məmmədağa müəllim Əliağa
Vahidin sənətkarlığına
yaxşı bələd
olduğundan Xaqaninin qəzəllərinin bir qisminin tərcüməsini
ona tapşırmışdı.
Heç yerdə işləmədiyindən ehtiyac
içində olan Vahid bir gün
Məmmədağa müəllimdən
soruşur: - Xaqaninin kitabı nə vaxt çapdan çıxacaq?
Məmmədağa müəllim cavab verir ki, "Əliağa, Allah qoysa, şanı çıxana
qədər kitab da çapdan çıxar". Amma nədənsə kitabın nəşri xeyli yubanır. Günlərin bir günü Vahid narahat halda Məmmədağa
müəllimin yanına
gəlir və bədahətən deyir:
Xaqani deyirdim çıxacaq, şanı çıxınca,
Canım
cıxacaqmış, demə,
Xaqani çıxınca...
Bu xatirə həmin
hadisənin iştirakçısı
olmuş, vaxtilə
"Azərbaycan müəllimi"
qəzetində çalışan
mərhum şair-publisist
Cavad Cavadlının yaddaşından qələmə
alınıb. Fars dilində yazıb-yaradan Azərbaycan klassikləri
haqqında tədqiqatları, Xaqaniyə həsr etdiyi maraqlı monoqrafiyası, A.Bakıxanovun ədəbi
və elmi
yaradıcılığını geniş
oxucu kütləsinə təqdim etməsi
göstərir ki, M.Sultanov
çoxşaxəli maraq dairəsinə
və elmi fəaliyyətə malik alimlərdən biri
olub.
Yaxın
Şərq ölkələrinin bir sıra xalqları ilə ədəbi
əlaqələrinə aid araşdırmalar apararaq Firdovsi, Sədi
Şirazi, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai və
başqalarının Azərbaycan ədəbiyyatı ilə əlaqələri
barədə bir sıra maraqlı məqalələrin müəllifi
kimi tanınan M.Sultanov mətnşünaslıq sahəsində
də əvəzsiz və yaddaqalan xidmətlər göstərib.
AMEA-nın Respublika Əlyazmalar Fondunda vaxtilə hazırladığı
"Əlyazmalar kataloqu"nun birinci və ikinci cildləri Məmmədağa müəllimin
rəhbərliyi ilə tərtib olunaraq
işıq üzü görmüşdü.
N.Tusi,
İbn Sina, T. Fikrət kimi ədəbi simalar, eləcə də
nadir əlyazmalar haqqında yazdığı elmi əsərləri
M.Sultanovun şərqşünaslıq elminə töhfə
verdiyi dəyərli nümunələrdəndir. Klassik farsdilli poeziyamızın 20 mindən artıq beytini dilimizə çevirib
nəşr etdirən Məmmədağa müəllimin ömrünün ahıl çağında son işlərindən biri
Nizami ədəbi məktəbinin
davamçısı, XIV əsrin görkəmli mütəfəkkir
şairi Əssar Təbrizinin məşhur
"Mehr və Müştəri"
dastanının Əlyazmalar İnstitutunda
saxlanılan ən nadir və mükəmməl
nüsxədən - orijinaldan bədii tərcüməsidir.
Dörd min beytlik bu əsər nəfis
şəkildə tərtib olunub, kitaba miniatürçü
rəssam Fəxrəddin Əliyevin çəkdiyi rəngli
şəkillər daxil edilib.
Əfqan
şairlərinin əsərlərindən ibarət
"Könül təranələri" və "Zəfər
təranələri" adlı şeir topluları zəhmətkeş
tərcüməçi-alim Məmmədağa Sultanovun təşəbbüsü
və iştirakı ilə Azərbaycan oxucusuna ərməğan
edilib. "Əməkdar mədəniyyət
işçisi" fəxri adına layiq görülən, tərcüməçilik
istedadı ilə ədəbi abidələrə əbədi
həyat bəxş edən Məmmədağa Sultanov özü də
möhtəşəm söz xəzinəsinin
bələdçisi kimi daim
xatirələrdə yaşayacaq.
Nurəddin ƏDİLOĞLU
525-ci qəzet .- 2022.- 23 iyul.- S.17.