Şuşa eşqi

 

Əvvəllər ona nə vaxt zəng etsəydim, tez-tələsik cavab verərdi ki, arxivdəyəm, yəni sözü qısa elə. İndi isə işin çəmini tapıb - arxiv idarəsinə çataçatda telefonu söndürür. Daha doğrusu, ona zəng çatmayanda bilirəm ki, tozlu qovluqların içindədir.

Söhbət tədqiqatçı-jurnalist Vasif Quliyevdən gedir - neçə-neçə kitab müəllifindən. Və bu kitabların əksəriyyəti Şuşa və şuşalılar haqqındadır.

İstər jurnalistika, istərsə də ədəbi aləmdə ünlü simaların çoxu onu yaxşı tanıyır, adını hörmətlə çəkir. Məni isə onunla tanış edən tanınmış telejurnalist Cavanşir Cahangirov olub. Vur-tut 17 ildir bu tanışlığın yaşı. Ancaq elə bilirəm ki, mən Vasifi "eramızdan əvvəl" tanıyıram. Şəxsi tanışlığımıza qədər onun qəzet - jurnallarda çap olunan bir çox irihəcmli yazılarını oxumuşdum. Bir araşdırıcı jurnalist kimi Vasifin tarixi-sənədli məqalələrindəki təptəzə faktlar adamda böyük maraq oyadırdı. Onun Qarabağın, əsasən də, şuşalı musiqiçilərin həyatından bəhs edən radio verilişlərinə həvəslə qulaq asmışam. Məşhur tarzən Malıbəyli Həmidi bu jurnalist dostumun verilişindən tanımışam. Bir də o tanışlıq vaxtına qədər onun tərcüməsində görkəmli publisist S.Qlinkanın 19-cu əsrin əvvəllərində ermənilərin Azərbaycana köçürülməsindən bəhs edən bir kitabını oxumuşdum.

Malıbəyli Vasifin doğulduğu kəndin adıdır. Doğma Qarabağımızın qədim yurd yerlərindəndir bu kənd. Malıbəylinin adını eşidən kimi Şuşa canlanır gözümdə, Şuşanın qoxusu gəlir ondan.

Malıbəyli Şuşaya yaxın kənddir, zəngin tarixi, zadəgan nəsilləri və gözəl təbiəti ilə Şuşanın qol-qanadları sırasındadır, bir az da ürəklə desək, onun bir parçasıdır. Şuşanın ilk daşı qoyulandan Malıbəyli bu qədim sənət beşiyi ilə nəfəs alıb. Bu kəndin bütün görkəmli şəxsiyyətlərinin taleyində Şuşanın silinməz izləri var. Malıbəyli söhbətinə sonra qayıdacağam.

Mən heç vaxt Vasif haqqında yazmaq fikrində olmamışam. Və onun da buna ehtiyacı yoxdur. Nə indi, nə də gələcəkdə. Ancaq... bir gün gördüm ki, Vasif haqqında nəsə yazmalıyam. Bu, mənim üçün mənəvi borc məsələsinə dönmüşdü. Amma tənbəllik edirdim, ürəyimdə "bu gün-sabah" deyə-deyə özümü aldadırdım. Nəhayət... Bir dəfə dost məclisindən durub dağılışanda Vasifin qoltuğunda bir kitab gördüm. Dedi ki, təzə yazdığım kitablardandır, bir dostum istəyib, onun üçün gətirmişəm. Qırsaqqız olub yaxasından yapışdım ki, kitabı mənə versin. "Mehmandarovlar" kitabını zorla əlindən çıxartmağım da elə bu yazını qələmə almağım üçün bir bəhanə idi. O kitabı elə həmin gecə oxudum.

Vasifin bu kitabında Mehmandarov familiyası daşıyan yüzdən çox adamın adını saydım. Hələ ana xətti ilə olanları demirəm. Vəzifəsi mehmandarlıq olan Mirzə Əli bəylə başlanan xronoloji xətt 200 ildən çox bir zaman məsafəsi keçərək bu nəslin çoxsaylı davamçılarından olan 18 yaşlı Mustafa Mehmandarovla - Vyana konservatoriyasının məzunu, istedadlı skripkaçı və dirijorla başa çatır. Özü də bu perspektivli, aristokrat cavan, Mehmandarovlar nəslinin hələlik üçüncü Mustafasıdır. Müəllif bu 100 nəfərin əksəriyyəti haqqında epizodik yazır. Təbii ki, bu "epizodiklik" məsələsi müəlliflik deyil. Əlbəttə, o, min-bir əziyyətlə arxivlərdə tapdıqlarını tədqiq eləyib, ancaq 18 nəfər Mehmandarovla bağlı kitablıq məlumatlar əldə edə bilib. Yuxarıda adını çəkdiyimiz "üçüncü" Mustafa ilə sıranı 18-ə çatdırıb.

Onu da mütləq deməliyəm ki, bu kitabı oxucu gözündə qiymətə mindirən bir də burdakı fotoşəkillərdir. Vasif onları hansı zülm-zillətlə yığıb, bilirəm. Bəzən bir nadir fotonun ipucunu tapmaq, sonra da onun izinə düşüb, neçə-neçə ünvana getmək, neçə-neçə adama zəng etmək, bəlkə də, müəllif üçün kitab yazmaqdan çətin olub. Fotolar çox vaxt kitabın demədiklərini çatdırır bizə. Təkcə elə bu əziyyətinə görə yüz "sağ ol" düşür Vasifə.

Qoy Vasif məndən inciməsin, bu ağ-qara fotoşəkillərə baxanda ürəyimdən keçdi ki, Şuşa haqqında beş-üç kəlmə deyim. Çünki Şuşa ilə bağlı nə varsa, mənim üçün çox əzizdir.

Mən Üzeyir bəyin doğulub boya-başa çatdığı bu gözəl yurdda çox olmuşam. Bu şəhər haqqında böyük yazım da var. O yazı ingiliscə tərcümə də olunub.

Ruhumuzun paytaxtı kimi sevdiyimiz bu şəhər hər yadıma düşəndə düşüncələrim sanki işıq selinə dönür. Şuşanı yüz dəfə görən "bir də görüm" deyir. Elə bil daş-divarında, havasında, suyunda bir sehr var. Sözümü qəribçiliyə salmayın. Hərdən fikirləşirəm ki, yəqin bir gecə Pənahəli xan qulağına İlahidən bir səs gəlib. Bu səs indi "Şuşa" dediyimiz yeri ona nişan verib (burda nağıl və dastanlarımızda "buta" məsələsi yada düşür). Yoxsa, bu sehrli məkanı gəlib tapmaq müşkül olardı. Yəni bu iş bəndəlik deyil, deyirəm. Şuşanın salınması ilə bağlı kitablarda yazılanlara fikir verməyin. Onları mən də oxumuşam. Yeri gəlib, qoy deyim. Bəlkə də, yüz xanəndə çıxıb Şuşadan. Erməni Şuşanı işğal etdi. 28 il orda yaşadı, ancaq bu cənnət yerdə bir qarğa səsi olan müğənni belə doğulmadı. Görünür, torpaq mayası haramları tanıyır. Gəl, indi biz Şuşaya gedək, çöl-çəmən üzünə güləcək, dağ-daş dil açıb danışacaq səninlə. Necə ki indi gülür, indi danışır. Coğrafi mənada Şuşa balacadır, ancaq onun ürəyimdəki yeri böyükdür. Çox böyük. Mən Şuşanı gəzməyi çox sevirəm. İllah da yay gecələrində. Daha çox da köhnə küçələrini, məhəllələrini. Gecənin səssizliyində sanki şəhər adamla danışır. Elə bil üstündə addımladığın torpaq ürəyindən keçənləri duyur. Mən balaca olanda elə bilirdim ki, Şuşadakı bütün evlər ağappaq şüşədən tikilib. Bəlkə də, ona görə Şuşa yadıma düşəndə yalnız işıqlı mənzərələr canlanır gözümdə. Başda Üzeyir bəy olmaqla Şuşayla bağlı oxuduqlarım, eşitdiklərim yadıma düşür. Xəyalımda şirin, kövrək səhnələr qururam. Budur, üç cavan oğlan üzü Natəvanın evinə tərəf gedir. Aylı bir yay gecəsidir. Rusiyada oxuyan bu tələbələr təzəcə yay tətilinə gəliblər. Əyinlərindəki tələbə forması onlara çox yaraşır. Deyib-gülürlər, zarafatlaşırlar. Səsləri də yay gecəsi kimi, ulduzlu səma kimi gözəl, parlaq və tər-təmizdir. Onlar yavaş-yavaş uzaqlaşırlar. Ancaq küçənin başından yenə də ay işığına qarışan səsləri gəlir qulağıma.

Qoy dostum Vasif bir az səbrli olsun, ürəyimdən keçən, ancaq yazmağa tərəddüd etdiyim bir məqamı da dilə gətirim. Anam mənim yerimi alt evimizin baş pəncərəsinin qabağında salardı. Onuncunu qurtarıb Bakıya gələnə kimi ancaq orda yatmışam. Dərs hazırladığım stolum da həmin pəncərənin qabağı olub. Bax, Şuşa şirəli divarının şirin qoxusu ilə nəfəs-nəfəsə yatdığım o yer kimi, o pəncərə kimi mənə əzizdir. Axı bayaq dedim ki, Şuşada çox olmuşam. Ancaq hansı yerdəsə - lap doğma kəndin olsun - çox olmaq əsas deyil. Əsas olduğun yerin ürəyində özünə yer eləməyindədir. Durub desəm ki, mən Şuşanı çox sevirəm, vallah, bu sovetlərin köhnə şüarlarına oxşayar.

Deyəsən, bu yazı Vasif haqqında yox, Şuşa haqqında oldu. Vallah-billah, məndə günah yoxdur, Şuşa çəkib aparır məni. Qələm bu tərəfə dönmür. Bəs səhərdən nahaq yerə demirəm ki, Şuşa sirli-sehrli bir məkandır. Bu adı eşidəndə üzünə gün düşən güzgü gəlir gözümün qabağına. Bəs Xan sarayı, Gövhər ağa məscidi, xarıbülbül, Cıdır düzü, İsa bulağı? Hansı tərəfə addım atırsan, tarixdir, gözəllikdir, işıqdır.

Külli Qarabağ Şuşaya "qala" deyir. Doğrudan da, uzaqdan baxanda o, qalaya oxşayır. Elə Pənahəli xan da 270 il əvvəl buranı "qala" adı ilə tikdirmişdi. Sonra da iqamətgahını köçürdü bura. Onu Qarabağın paytaxtı elədi. İstər Aran, istərsə də Dağlıq Qarabağ camaatı şuşalılara bu gün də "qalalı" deyir. Sözün məcazi mənasında da Şuşa Azərbaycanın musiqi qalasıdır...

Vasifin adı mənə çox şirin gəlir. Yəqin bu, Vasifə görədir. Ancaq mən onun kəndi "Malıbəyli" sözündə bir az dayanmaq istəyirəm. Universitetin jurnalistikasında bir yerdə oxuduğu, qırx ildən çox Vasiflə dostluq edən Cavanşir Cahangirovun dilindən yazıram bunu: "Elə tanış olduğumuz birinci kursdan Vasif öz kəndlərini çox tərifləyirdi. Qürrələnirdi ki, malıbəylilərin əksəriyyəti bəy-xan nəslindəndir. Gördüm ki, bu "bəy-xan" sözünü çox qabardır, axırda dözmədim. Qayıtdım ki, bəs sizin kənddə əkin-biçinə kim gedib? Mal-qaranı, qoyun-quzunu kim otarıb? Yəni bu kəndin nökəri-zadı olmayıb? Vasif dedi: Bəyin sənin kimi nökəri də, qulluqçusu da olur. Ondan sonra Vasif bu "bəy-xan" məsələsinə birdəfəlik nöqtə qoydu". Amma yemək-içmək məclisində Cavanşir ara-sıra bu söhbəti çözələyib, dostunu cırnadırdı. Təbii ki, Vasif də onu cavabsız qoymurdu. Çünki "arsenal"ında əks-hücum üçün bənzər faktlar var idi. Vasif də bir şuşalı baməzəliyi də var. Elə yeri düşmüşkən, bu iki dostla bağlı bir əhvalatı da, qoy yadımdan çıxmamış deyim.

Cavanşirin oğlunun toyunda Vasif həmişə olduğu kimi, yenə də zarafatından qalmır. Toydan sonra hər iki dost akademiyanın parkında gəzişib söhbətləşirlər. Birdən Vasif qayıdır ki, ayə, toya pul yazdırmağı yaddan çıxarmışam. Bu, məndə tez-tez olur. Vasif əlindəki bir manatlığı bürmələyib basır Cavanşirin köynəyinin cibinə və deyir: "Bunu pul dəftərinə yazarsan". Cavanşir manatı götürüb vızıldadır kolluğa ki, sənin pulun mənə lazım deyil. Vasif dinmir. Yenə bir xeyli söhbətləşirlər. Elə parkdan çıxhaçıxda sağollaşıb ayrılmaq istəyəndə Vasif deyir ki, ə mozu, o manatın içinə 100 dollarlıq büküb qoymuşdum. Sözünü qurtaran kimi Vasif ildırım kimi taksi dayanacağına tərəf götürülür...

Sonradan Cavanşir deyirdi ki, gecəyarı alışqanın işığı ilə o kolluğu düz bir saat gəzib tapdım pulu...

Mən Vasifi tanıyanda, daha doğrusu, onunla tanış olanda, Şuşa artıq düşmən tapdağında inləyirdi. Onunla görüşdüyümüz məclislərin əksəriyyəti Şuşasız günlərimizdə olub. Söhbətin ağzını yüz yerə çevirmişik, sözü min yerə yozmuşuq, ancaq xeyri olmayıb. Nə qədər çalışsaq da, özümüzü aldada bilməmişik. Şuşa dərdi içimizi yeyib. Elə yediyimiz də, içdiyimiz də zəhər olub. Mən o məclislərdə həmişə çalışırdım ki, Vasifin üzünə baxmayım. Çünki... bu, zülm idi. Bunu sözlə ifadə edə bilmirəm. O da bilirdi ki, bu söhbətlərin, bu xatirələrin mini yox, lap milyonu olsun, hamısı boş şeydir, onlar Şuşa dərdini bir zərrə belə ürəyimizdən silmək gücündə deyil. Bu əzablı söhbətləri Vasif həmişə "ah" çəkərək yekunlaşdırardı: "Neynəmək olar!.." İlahi, bu söz onun ağzından bir topa alov kimi çıxırdı. Sanki dünyanın bütün dərdi var idi bu sözdə. Ömrümdə eşitdiyim ən ağrılı, ən dərdli söz idi bu. Yox, o, həvəsdən düşməmişdi, əksinə, Şuşa ağrısı onu bıçaq kimi itiləmişdi. Əvvəlkindən ikiqat artıq işləyirdi. Şuşanın alınacağına öz varlığı kimi inanırdı. Onu həm də bu inamına görə çox istəyirdim. Və bu inam olmasaydı, Vasif bu qədər canü-dildən işləməzdi. Bir gün ondan soruşdum: "Bu qədər kitab yazmısan, niyə müdafiə eləmirsən?" Cavabına baxın: "Vaxtım yoxdur, arxivdə o qədər işim var ki!" Gəl indi bu cavabdan baş aç. Bilmirsən zarafat eləyir, yoxsa ciddi sözüdür. Dostlar, mən neçə il əvvəl bu sözü Vasifə xoş gəlmək üçün deməmişdim. Doğrudan da, onun yazdığı kitabların sırasına və sanbalına baxanda o, çoxdan elmlər doktoru olmalıydı.

2015-ci ilin mayında Şuşa haqqında qələmə aldığım yazıda Vasiflə bağlı bir epizod var: "Düz iyirmi üç ildir Şuşasızıq. Eşidirsiniz? İyirmi üç il deyirəm! Gələn il yenə yaz gələcək, mayın 8-i olacaq. Yenə Şuşanın işğalından danışacağıq. Amma bu gələn yazdan Vasif Quliyevin üzündə bir iynə ucu boyda nişanə görməyəcəyik. Mayın 8-i yaxınlaşan ərəfədə "ulayan günüm gəldi" - deyəcək Vasif yenə. O, bu sözləri deyəndə həmin günlərdə onu Şuşanın tədqiqatçısı kimi həmyerlilərinin dəvət etdiyi çoxsaylı tədbirlərdəki çıxışlarını nəzərdə tutur. Bilirəm, bu şəhərin binasını qoyan Pənahəli xandan üzü bəri bütün şuşalılardan yazan, hətta pinəçisini belə, yaddan çıxarmayan, Şuşa yanğısı ilə arxiv qovluqlarının içində itib-batan dostum Vasif bu yazını, oxuyub bir az da pis olacaq".

Vasif haqqında bir epizodu da mütləq xatırlamalıyam. 2012-ci il oktyabrın 26-da anam dünyasını dəyişdi. Ertəsi gün səhər saat 11-də kənd qəbiristanlığında anamı dəfn edirdik. Bu insan sıxlığının içində başımı qaldıranda gördüm ki, Vasifin kədərli gözləri mənə baxır. Demə, dostlarım - Cavanşir Cahangirov və Abbas Rüstəmovla alaqaranlıqda Bakıdan çıxıblarmış.

Dostlar, siz məni qınamayın, indi də o səhnə yadıma düşəndə kövrəlirəm, gözlərim yaşarır. Axı onda Vasiflə təzə-təzə tanış olmuşdum. Onunla elə dostluğumuz yox idi.

İnsan həyatında elə məqamlar var ki, onlar heç vaxt yaddaşlardan silinmir...

...Dəfələrlə şahidi olmuşam: Vasif neçə-neçə dəvətlərdən, məclislərdən imtina edib. İllərlə ağrıyan ayaqlarının müalicəsi üçün təyin olunan prosedurlara alayarımçıq gedib. Hansısa istirahətdən danışmaq, dincəlməyə getmək... Onun tərcümeyi-halında belə fakt yoxdur. Bu imtinaların hamısı da Şuşa eşqinə olub.

Düşünürəm ki, Vasifin zəhmətsevərliyi, yəqin arılarda, qarışqalarda olar. Elə təkcə bu fakt dediyimi təsdiq edir. O, "Mehmandarovlar" kitabının son səhifəsində yazır: "Ömrümün nə az, nə çox hissəsini, düz 43 ilini, ilk səhifələrini 1977-ci ilin yanvarında yazmağa başladığım bu kitabın ərsəyə gəlməsinə sərf etmişəm. Bunun üçün Moskva, Tiflis və Bakının dövlət arxivlərinə, elmi kitabxanalarına baş vurmuş, illər boyu tədqiqat işləri aparmışam. Mehmandarov familiyası daşıyan bir çox insanların qonağı olmuşam. Onlarla "bir yatıb, bir durmuşam", yol yoldaşlığı etmişəm. Kifayət qədər məlumat, sənət və fotoşəkil toplayaraq olduqca ağır və məsuliyyətli işin altına girmişəm...

Bu ağır yol mənim taleyimin yoludur, bəxtimin cığırıdır, həyatımın mənası, əsl mahiyyətidir".

Dostumuz Vasif Quliyevin vaxtının çoxu yenə də arxivlərdə keçir. Deyir ki, Şuşanın adlı-sanlı nəsillərindən olan Qacarlar, Cavanşirlər, Vəzirovlar, Behbudovlar, Adıgözəlovlar, Hacıbəyovlar... yolumu gözləyir.

 

Yolun açıq olsun, Vasif!

 

Qorxmaz Şıxalıoğlu

 

525-ci qəzet .- 2022.- 23 iyul.- S.14.