Turan
sevdası ilə qanadlanan poeziya
Əkbər Qoşalının şeirlərinin əsas
amalı türklüyün tərənnümüdür. Bu şeirlər içərisində
"Altaylardan qopan atlar", "Qız qalası",
"Üsküp lövhəsi", "Qarabağ" və
bir neçəsini xüsusilə fərqləndirmək
lazımdır. Türklük müəllif
üçün sadəcə milli mənsubiyyət deyil, qədim
tarix, bəşəri xilaskar deməkdir. Qədimlik
türkün gerçək tarixidir. Bəşərilik
isə yalnız məcazi məna daşımır,
reallıqda türk coğrafiyasını da əhatə edir.
Bu coğrafiya Çin səddini də aşır,
Altayları da adlayır, Çanaqqalada möcüzəyə
ev sahibliyi edir. Bu coğrafiyanın
insanları at belində fatehliyi kimsəyə təhvil vermədi:
Biz getdikcə
Ay Yolu,
ayağımız üzəngidə əyildi;
Yay-oxumuz
qırılanda,
Ay
göylərdə bir yay kimi gərildi
- bəndi verilən "Altaylardan qopan atlar"
şeiri həmin fatehlərin törəsinə oxunan
duadır. Təsadüfi deyil ki, şeir
"Altaylardan qopan atlar Avropanı nə vaxt adlar?! - sualı ilə tamamlanır. Bu sətirlərdə
atlar və adlar qafiyələri sadəcə poetik gözəllik
naminə işlədilməyib. "Adlar"
sözünün kökünü həm feil, həm də
isim kimi yozmaq olar. İsim kimi, "ad"
sözündən "ad qoymaq, adlandırmaq" mənasını
verən "adla"maq sözü fikri öz üzərinə
çəkir. Bununla yanaşı,
"adlayar, fəth edər" mənasını verən
"adla"maq sözü də gözdən qaçmır.
Bütövlükdə
Əkbər Qoşalının bu sətirlərini onun həm
əməli fəaliyyətinin, həm də
dünyagörüşünün poetik ümumiləşdirilməsi
hesab edə bilərik:
Gəmiləri
sudan çəkib quru ilə sürərəm
İstanbulun
eşqinə
Qılıncımı
suvararam
"Babək!"
deyən bir cüt qolun eşqinə
Böyüdərəm
doğma yurdu
Xətainin
başladığı ulu yolun eşqinə
Yaşayaram
TURAN adlı bir acunun eşqinə
Yad
sözlərə tövbə deyib
Öz
dilimdə danışaram
Dədə
Qorqud eşqinə
Bu
duyğudan kənar türkün yaşamı nə,
Eşqi nə?!
Nümunədə
İstanbulun fəthindən, Babək Xürrəmi hərəkatından,
Xətainin yaratdığı türk Səfəvi dövlətindən,
Dədə Qorqudun danışdığı türkcədən
tutmuş, gerçəkləşəcəyinə
inandığı Turanın eşqi üçün
yaşamaq ömrün mənası hesab edilir. Turan uğrunda
çabanın tarixi izlərində əksər şeirlərində
işarə edir: "Daşlar bu dünyada, bəlkə də,
ən gözəl yaddaşdı - GÜL-TƏKİN
misalı" - misarlarında olduğu kimi. Orxon-Yenisey,
Gültegin daş abidələrinin elmə məlum olması
ilə qədim türklər haqqında yeni faktlar üzə
çıxdı. Əkbər
Qoşalı bu elmi əsaslı mənbələri "ən
gözəl yadDAŞ" hesab edir. Daşın
yaddaşı bir xalqın tarixinin qoruyucusu olaraq misal çəkilir.
Türkçülük, turançılıq onun
yaradıcılığında həm də öz doğma
yurdunun tarixi sınaqları ilə sintez şəklində təzahür
edir. Bütöv Turanın bir parçası olan Azərbaycanın
erməni vəhşiliyinə tuş gəlməsi həmin
böyük hədəfə gedən yolun maneələri
hesab edilir. Amma bu süni maneələrin ötəri
olduğuna da əmindir: "Torpağı hər yerdə
şəhid məzarıyla möhürlənmiş millətin
bayrağı əbədidir..." - fikrinə şüar
kimi inanır. Hər şəhid məzarı da bütöv
nəşə sahib ola bilmir. Bu zaman sadəcə
bu pıçıltılara sığınırsan:
"Tanrım, özün səbr göndər boş tabutun
anasına..." Bu, qəbul edilməsi
işğəncələr işgəncəsi olan
reallığı Azərbaycan anası erməni namərdliyi
ucbatından dəfələrlə yaşamalı oldu. Amma dözdü bu qadın, ana kimi də dözdü,
vətən qızı kimi də. Dözülməyən
isə vətən oğullarının bu reallıqla
barışa bilməməsi idi. Şair bu özünəqəsdin
şəklini belə çəkirdi:
Arzulara
yetirməyən uzun saçın
əsirlikdə asılmağa yaradımı,
Vətənqızı?!
Ayağının
altında kətil də olammadım,
Məni
bağışlama...
Şeirin hər sətrindəki
ağırlığın şərhindənsə,
düşmən üzərində qazandığımız
tarixi Zəfərlə həmin əzabları tarixə
gömə bildiyimizə şükür etmək daha
qürurvericidir. Yenə də tarixin türkün
hökmünə tabe olan zamanları gəldi və
"Qadınlar türkü deyə-deyə bayraq tikir,
kişilər bayraq uğrunda gedir".
Əkbər Qoşalı poeziyasında sevgi mövzusunu
milli özünü dərklə məhdudlaşdırmaq
olmaz. Bu sevginin yolu şeirin ən gözəl nümunələri
yaşayan küçələrdən də
düşür. "Mən eşqin əlinə
havayı düşdüm, Onunçün yandırıb-yaxırlar
məni" - misralarında "əziyyətin keçməyibsə,
qədrini bilməzsən" gerçəkliyi əks olunub.
Eşq bilib təmənnasız ələ
keçərsən, könüllü təslim olarsan, lakin səni
havayı qazanıblarsa, dəyərini bilməzlər. Bu elə bir qanunauyğunluqdur ki, eşqin gücü
də bu yerdə acizdir. Eləcə də, şair həsrətin
hekayətini nağıl edərkən heç kimi təkrarlamır:
Bilmirəm,
həsrəti necə keçirib,
Bilmirəm, o zalım nə yeyib-içib?
Özümə
çəkilib o aylar boyu,
İçimi yemişdim mən gizlin-gizlin.
Görüşdən öncə aşiq
özünü suallar burulğanında yeyib-bitirir. "O zalım nə
yeyib-içib" - deyə düşündükcə
özünün gizlin-gizlin içini yediyini gizlətmir. Və ayrılığın ən təkrarsız
sualı "Bilmirəm, həsrəti necə
keçirib" - bu sualın bənzərini başqa
ayrılıqlarda gördüyümü xatırlamıram.
Eləcə də, görüşə gələnin
"Qapqara geymişdi günü ağ olmuş" - sətirləri
ilə təsviri təsvirə gəlməzdir. Şair
sevginin hər üzündən yazıb: "Sevgisizdin,
nigahlıydın - yaşadın, indi isə sevgi gəlib - bəlgəsiz..."
Bu misralar ədəbiyyatın kök
salmış mövzusunu heç kimi təkrar etmədən
yenidən gündəmə gətirir. Birini sevib
başqası ilə ailə quranların ittiham edilməsi az qala ədəbiyyatda daşlaşmış
mövzu halına gəlib. Amma bu mövzuya təkrar
dönüş müəllifdən xüsusi məharət tələb
edir. Əkbər Qoşalı da həmin məharətin
haqqını verib.
Qadın
xarakterinin, qadın ürəyinin o qədər bənzətmələri
var ki... Amma Əkbər Qoşalı mövzunu
bənzərsiz etməyi bacarıb. "Mənim
Bakılığım qoy hələ qalsın. sənsə dəqiq Daşkəndsən - həsrətin
daş kimi düşür ürəyə". Bəzi gerçəkliklər elə bir zamanda
şairin hoyuna yetir ki, qazanan yalnız ədəbiyyat olur.
Sadəcə daşla başlayan şəhər
adı yazmağa qalsa, Daşkəsən də yazmaq
olardı.
Mövzu
rəngarəngliyinin ən bariz nümunələrindən
biri kimi şairin "Suyun şərhi" şeirini göstərə
bilərik:Deyirəm ki, "su dili"ylə
danışdıq bəzən:
Atıldınsa
bir gözəlin yalın ayağına
sevgi
oldun sən
bir
igidin arxasınca atıldınsa - uğur oldun,
çırpıldığın sifətlərdə ... -
soyuq oldun...
Misralarda suyun əşyavi yazı, ideoqrafik yazı kimi mənalandırılması
çox mükəmməldir. Suyun dilini tapan insanlar
onun uğur formulunu da yaradıblar. Bəlkə
də, kor-koranə. Bir igidi və ya hər
hansı bir insanı səfərə yola salanda arxasınca su
atırıq. Bu həm bir etnoqrafik göstəricidir,
həm də "su dili" ilə danışmaq. Ola bilər ki, öz dilinlə uğur olsun
sözünü deyə bilməzsən, amma su ilə başa
sala bilərsən.
Ümumiyyətlə, Əkbər Qoşalı
poeziyasında janr seçimi çoxsaylıdır. Müasir
şeirin hər ritmini tuta bilir. Eyni zamanda
klassik şeir janrlarını da sınaqdan keçirir. Onun divani, cinaslı şeirlər kimi
yaratdığı nümunələrlə yanaşı,
orijinal ifadə tərzi də diqqətdən yayınmır.
Məsələn: "Şubatın son günü yazılan
şeir"də bir-birini tamamlayan çoxlu poetik fikirlər
olsa da, bu toplananların cəmi şairin bir kəşfində
əks olunur: Sən fırçan! - bu
and, bu xitab kəşfin fövqündədir, yeniliyin
özünü yeniləyir:
Üzünü
görmədiyim rəssam qardaş,
Odandan
heç nə götürmədik,
Amma
Sən
yenə də
Bağışla
bizi!
Könül
qoyma, sən fırçan!
Eyni
zamanda şairin şeir dili ilə türk dilinin məharətini
ortaya çıxarmaq bacarığı heyrətamizdir:
"Sözü bəlkə tutub, bax, o saxlayır, gahında
üç, gahında bir nöqtə var". Nöqtə
və üç nöqtəyə olan münasibətdən əlavə
"gah, gah da" bağlayıcısını köməkçi
nitq hissəsi olmaqdan xilas edib, onu əsas nitq hissəsi kimi
şəkilçilər əhatəsinə almaq məharəti
şairin sözünün gücündən
asılıdır.
Əkbər
Qoşalının şeirlərində məşhur ifadənin
müxtəlif şəkillərdə və bir-birini təkrarlamadan
istifadə edilməsinə də rast gəlirik: "Onsuz da
olanlar olmayacaq, olmayanlar olacaq...", "Olumların ötəsində
ölüm var. Ölümlərin ötəsində
olum var" və "Bir daha olum gəlməz, gəlsə də,
Ölüm gələr" fikirləri "Olum ya
ölüm" polemikasının günümüzdə də
davam etdiyini göstərir.
Gülnar SƏMA
525-ci qəzet .-2022.- 23 iyul.- S.15.