Hər günümüz
gələcək üçün xatirədir...
Bu fikir hər bir kəs üçün
həqiqətdir. Hər ötən gün
gələcək dönəmlər
üçün kövrək
xatirələrin bir qismini özündə əks etdirməkdədir.
Neçə-neçə əhvalat qələmə
alınıb yazılmasa,
mətbuat səhifəsində
yayınlanmasa, nə bilmək olar ki, keçmişdə nə əlamətdar hadisələr baş verib?! Dəyərli vətən övladlarımızın,
elm adamlarımızın həyatının
bəzi məqamlarını
xatirə kimi yazmamaq günah olar, -
düşüncəsindəyəm.
Yazılması isə xalqımızın
bilməsi üçün
savab işdir mənim nəzərimdə.
Belə
elm xadimləri sırasında
qədim tarixə malik Qazax bölgəmizin
İkinci Şıxlı
elində dünyaya gəlmiş, bir ailədən - Qurbanəliyevlər
nəslindən Azərbaycanımıza
bəxş olunmuş
filosof alim Midhət Qurbanəliyev və İsa Qurbanəliyev adında məşhur cərrahımız
da var. İ.Qurbanəliyev möhtəşəm
tibbi əməliyyatları
ilə 1970-80-ci illər
arası 4 saylı şəhər xəstəxanasında,
daha sonra Topçubaşov adına
Cərrahiyyə İnstitutunda
insanlarımızın sağlamlığı
keşiyində təmənnasız
dayanıb, gecə-gündüz
çalışıb, Azərbaycanımızın
qüruru, Şıxlı
elinin fəxri vətəndaşı sayılıb,
bu xidmətləri səbəbi ilə də 12 may 1991-ci il tarixində Azərbaycan Respublikasının Əməkdar
Həkimi adını
almağa haqq qazanıb.
Uzun illər
Gəncə Kənd Təsərrüfatı İnstitutunda
(indiki Azərbaycan Dövlət Aqrar Universiteti adlanır) çalışan fəlsəfə
elmləri namizədi,
dosent Midhət Qurbanəliyev 1925-ci ildə
İkinci Şıxlıda
dünyaya gəlib,
1991-ci ildə Haqq dünyasına qovuşub.
Özümü bəxtəvər sanıram ki, bu Qurbanəliyev qardaşlarını yaxından
tanımamda atam Cəmil İmamverdi oğlu Əkbərin bilavasitə xidməti olub. Cəmil Əkbərlə M.Qurbanəliyevin ömürlərinin
sonunadək dostluğa
çevrilən tanışlığının
təməli də eyni təhsil qurumunda çalışdıqları
dönəmdə baş
verib. M.Qurbanəliyev
ailəsi - ömür-gün
yoldaşı Şəfiqə
xanım, böyük
oğlu Qurbanəli, kiçik oğlu Çingiz, qız övladı Mahnur ilə birgə Cəmil Əkbərin və Firuzə xanımın ocağının
ən əziz qonaqları arasında yer alardı. O dönəmdə gənc yaşlarında əsgəri
xidmətdə hərbi
təlim prosesində faciəli şəkildə
həlak olmuş Qurbanəli Qurbanəliyevi
kövrək xatirələrlə
indi də xatırlamaqdayam. Kaş o acı günlər heç olmayaydı...
Kiçik oğlu Çingiz Qurbanəliyevlə isə
mənəvi dostluğumuz,
hətta telefon əlaqələrimiz bu gün də davam etməkdədir.
Bu məqaləni yazmağa
məni sövq edən bir cəhət
də M.Qurbanəliyevin
şairlik istedadının
olmasıdır. Atam Cəmil Əkbərin
şeirlər arxivini incələdiyim zaman, yəni 16.07. 2022-ci il tarixində təsadüfən aşkarladığım,
Midhət müəllimin
32 yaşında atama yazdığı bir neçə şeir məni çox duyğulandırdı və
onları burada paylaşmaq qərarına
gəldim. 1957-ci il dekabr ayında Midhət müəllimin "Barı"
rədifli qoşmasına
Cəmil Əkbər də (29 yaşında ikən) "Dostum" rədifli şeirlə səmimiyyətlə, poetik
tərzdə cavab verib.
DEYİŞMƏ
Midhət Qurbanəliyev:
Dostum Cəmil, könlüm səni istəyir,
Nə olar ki, uzadasan
əl barı.
Niyə
çox vaxt qaşqabağın tökülür,
Hərdənbir də danış
barı, gül barı.
Cəmil Əkbər:
Qəlbimdə nə qədər
var intizarım,
Ruhumu oxşayan
hanı dildarım?
Məhəbbət məkanı, könül
diyarım,
Ürək şad olarsa gülərəm, dostum.
M.Qurbanəliyev:
Ötən aylar uzaqlaşır,
yad olur,
Bu dünyada qalan yalnız ad olur,
Xoş günlərdə ürəyimiz
şad olur,
Bu günlərin bir qədrini bil barı.
C.Əkbər:
Dünyada qalanlar ad olur dedin,
Hər ötən aylara yad olur dedin,
Xoş gündə könüllər
şad olur dedin,
Bunları anlayıb, bilirəm, dostum.
M.Qurbanəliyev:
Vurulmuşam çiçəyə mən, gülə mən,
Çəmənzarda gələrəmmi dilə
mən?
Nə çəkirəm o vəfasız
bilə, mən,
Ürəyimin kədərini sil
barı.
C.Əkbər
Gül kimi açılıb, solan insanın,
Əhdinə vəfalı qalan
insanın,
Mənə məhəbbəti olan
insanın,
Yolunda
can verib ölərəm,
dostum.
Atadan-anadan halaldı mayam,
Üfunət bilməyən axar
bir çayam,
Nütfəsi düz əhli-hala
arxayam,
Onlara səadət
dilərəm, dostum.
M.Qurbanəliyev:
Eybi yoxdur, səsin gəlsin uzaqdan,
Ayağına daş dəyməsin
nahaqdan,
Yolun düşsə əgər
bizim Qazaxdan,
Yad eyləyib bizlərə də gəl barı.
C.Əkbər:
Yorulma dünyada, çəksən
də cəfa,
Eşit
sözlərimi sən
gəl insafa,
Səndə vəfa görsəm,
elində vəfa,
Qazağa bir qonaq gələrəm,
dostum.
1957, dekabr
Digər
bir xatirə də Cəmil Əkbərin "Qadın
əsl qadın olsa"
şeirinə Midhət
müəllimin cavab kimi yazdığı şeirdir. C.Əkbərin burada bir hissəsini paylaşdığım
o geniş şeiri keçən əsrin
60-cı illərinin ortalarında
Gəncədə dillər
əzbəri olmuş,
hətta institut kollektivinin və şeirsevərlərin diqqətini
çəkmişdi. Günlərin birində institutda çalışdığı zaman, zarafat etmək məqsədi ilə otağının qapısını arxadan bağlayıb Midhət müəllimin bu şeirə cavab yazmasını səbirsizliklə
gözlədiyini söhbətlərinin
birində Cəmil müəllim mənə ətraflı anlatmışdı.
Cəmil Əkbər:
Qadın
əsl qadın olsa, alın açıq, üz ağ olar,
Məhəbbətin dünyasında könül
yüz min budaq olar.
Xidmətində yaxşı dursa,
kişi igid, ər olmazmı?
Hörmət-izzət gözləsə
o, kişi şiri-nər
olmazmı?...
Qadın əsl qadın olsa, kişisini xar edərmi?
Yar əlindən
bezikərək, ahu-fəqan,
zar edərmi?
Dava-dalaş salmasa o, evdə zimistan olarmı?
Qadınsız da şeir, sənət
dillərdə dastan olarmı?
Qadın
əsl qadın olsa, inan, hamı
xoşbəxt olar,
Şan-şöhrəti qazanaraq, kişilər tac-təxt olar,
Öz yanından qana bilsə, evdə kədər də az olar,
Şahin
kimi qanad açıb, balalar da pərvaz olar...
Qoy qadınlar düz anlasın qadınlığın
mənasını,
Sındırmasın könüllərdə
məhəbbətin aynasını,
Qüvvət versin qol-qamətə,
fərəh versin ürəklərə,
Arzulara, əməllərə,
neçə-neçə diləklərə.
1960
Midhət Qurbanəliyev:
Qadın
əsl qadın olsa, a dostum,
Öz yarına
sədaqətli yar olar.
Möhnət də, kədər
də gedər dünyadan,
Ömrün yollarında laləzar olar.
Qadın
əsl qadın olsa, qəm olmaz,
İstəyimiz, sevincimiz kəm olmaz.
Ayıq
vaxtı başımız
da dəm olmaz,
Ruhumuzda
kaman olar, tar olar
Qadın
əsl qadın olsa, ucallıq
Ulduzdan da, günəşdən də bac
allıq,
Bu olmasa, əziz dostum qocallıq,
Qəlbimizdə məskən salan qar olar.
Günlərin birində, yəni
1963-cü ildə Şəmşir
Qurban oğlu Qocayev, oğlu qədər əziz sandığı Cəmil
Əkbərin Gəncədəki
ocağını ziyarət
etdiyi zaman bu əlamətdar gün səbəbilə Gədəbəy elinin ustad aşığı Miskinli şair Vəli və Midhət müəllim digər məsləkdaşları
ilə birgə (tarix elmləri namizədi Qafar Həsənov, Nağı
Əliyev) ilk dəfə
Dədə ozanımızı
görmək, tanış
olmaq səbəbi ilə oraya təşrif buyurmuşdular.
Cəmil Əkbər də bu
mübarək gündə fürsəti qaçırmayıb
Gəncə şəhərində bir
fotoqrafçıda bu anı əbədiləşdirmişdi.
O tarixi gündən ən aydın xatirə
olan bu fotonu
da oxucularla
paylaşmağı borc bildim.
Aşağı cərgədə soldan sağa:
Miskinli
şair Vəli, Dədə Şəmşir, Cəmil Əkbər.
Yuxarı cərgədə soldan
sağa:
Qafar
Həsənov, Midhət Qurbanəliyev, Nağı Əliyev
Allah ustadlarımıza rəhmət
eləsin!
Qəbirləri
nurla dolsun!
İlqar CƏMİLOĞLU
İMAMVERDİYEV
Sənətşünaslıq elmləri
doktoru, professor, Bakı Musiqi Akademiyasının və Qaziantep
Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının
müəllimi
525-ci qəzet .- 2022.- 26 iyul.- S.15.