Sübhçağı qətl

 

Günəşin qırmızı şəfəqləri kəndin ətrafındakı meşələri nura boyamışdı. Boz buludların balıq pulları şüalara düşüb pıçıldaşır, dağılıb uzaqlara qaçırdı. Polis idarəsinə zəng vuran kənd vətəndaşı adını demədən həyəcanla Zülalovun öldürüldüyünü xəbər verib telefonu söndürdü.

Həyəcan siqnalı ilə polis idarəsi ayağa qalxdı. Hamı təşviş içində hadisə yerinə tərəf axışmağa başladı.

Rayonun prokuroru, müstəntiq və polis rəisi sübh tezdən özlərini kəndə, hadisə yerinə çatdırdılar. Kənd soveti sədrinin meyiti qan içində, onun yaşadığı evinin qarşısında idi... Kənd camaatı meyiti əhatəyə almışdı. Mərhum Zülalovun ailə üzvlərinin ah-vayı, naləsi ərşə qalxmışdı. Dövlət məmurlarını görən kimi onları araya aldılar.

- Qatilimizi tapın, o alçağı özümüz cəzalandırarıq! Ölümüzü yarmağa qoymayacayıq! - deyə ailə üzvləri həyəcanla çığırmağa başladılar.

- Dünya dağılsa da, bu qanı yerdə qoymayacayıq! - Söyləyən kənd camaatının səsi ətrafı lərzəyə salmışdı.

Prokuror, polis rəisi yasa batmış adamları güc-bəla ilə sakitləşdirib işə başladılar.

Hadisə yerinə yığışanların hərəsinin ağzından bir avaz gəlirdi, dəqiq danışan, hadisəyə dair konkret fakt deyən yox idi. Prokuror Rəcəbli müstəntiq Bayramlıya göstəriş verdi: Burada danışanlara fikir vermə, hadisə yerinin sahibi sənsən. Qanun çərçivəsində hansı prosessual hərəkətlərin ediləcəyini özün bilirsən.

Polis rəisi Kamandarov da öz növbəsində cinayət axtarış müffətişlərinə, sahə müvəkkili İmanova müvafiq əməliyyat tədbirlərini keçirməsini tapşırdı.

İlk məhkəmə tibb ekspertizasının rəyindən  məlum oldu ki, kənd soveti sədri Zülalov boynunun arxa tərəfindən kəsici alətlə güclü zərbə nəticəsində qətlə yetirilmişdir.

Müstəntiq indi əşyayi - dəlilin, cinayət alətinin tapılması üçün çalışmalı oldu. Cinayətin baş verdiyi yerdə heçnə yox idi. Cinayətkar hadisə yerində heç bir iz qoymamışdı.

Zülalovun başı bədəndən tamam üzülmüş və meyitdən 1,5 metr aralı düşmüşdü.

Müstəntiq ilk mülahizələrini prokurora bildirdi, güman etmək olardı ki, naməlum alət əməlli-başlı iti olub  tək bir zərbə ilə başı bədəndən belə ayırıbsa, bu da onun fiziki cəhətdən güclü, sağlam olmasına dəlalət edir. Prokuror yaxşı başa düşürdü ki, böyük bir kənddə güclü adamları bir-bir müəyyən edib, hansısa iti aləti tapmaq çətindi. Prokurorun göstərişi ilə polis rəisi də bütün əməliyyatçıları ayağa qaldırmışdı. Əvvəllər ağır cinayətlər üstündə məhkum olunanlar, şübhəli şəxslər bir-bir sorğu- suala tutulub xüsusi nəzarətə götürülürdülər.

Daha sonra kənd sovet sədrinin kimlərlə sözünün çəp gəlməsi, kimlərin ondan narazı qalması, kənddə tək yaşayan gözəgəlimli qadınlarla onun münasibətdə olub- olmaması dəqiq araşdırıldı.

Prokuror nəyin bahasına olursa-olsun  cinayətin üstünü isti-isti açmaq qərarına gəlmişdi.

Ağır, üzüntülü də olsa mərhumun ailə üzvləri ilə söhbət aparmalı, başqa məsələlər bir yana dursun, mühüm bir amil də öyrənməli idi: son vaxtlar Zülalov evdə, ailə üzvləri arasında bədxahlarından, pis münasibət bəslədiyi adamlardan, onun əsəblərinə toxunanlardan, söhbət açıbmı, kimdənsə şikayətçi olubmu? Zülalovun başının kəsilməsinin səbəbi nə olmuşdur? Cinayətin motivi nədir? Prokuroru bu, daha çox düşündürürdü.

Görəsən, o, hansı ağır cinayəti və ya bəd əməli törətmişdir ki? Onun başını xırda iş üstündə kəsməzlər. Bu fikir prokuroru tərk etmirdi.

Hələlik isə nə hadisənin şahidi vardı, nə də cinayətin törədilməsi üçün istifadə edilmiş alət, ya da silah. Qətlin qurbanı dövlət adamı sayılırdı, son 20-30 il ərzində nəinki bu kənddə, hətta bölgədə belə bu cürə cinayət törədilməmişdi. Artıq yuxarı təşkilatlara məlumat yetirilmişdi. Rayon partiya komitəsinin birinci katibinin, RİK-si sədrinin narahatlıqları əbəs yerə deyildi.

Onlar əl-ayağa düşmüşdülər, yaxşı bilirdilər ki, mütləq xüsusi nəzarətə götürülən bu hadisə üstündə respublika rəhbərliyi qarşısında cavab verməli olacaqlar. Bəlkə  elə buna görə də prokuror Rəcəbli istər rayon katibinin, istərsə də Rayon İcraiyyə  Komitəsinin sədrinin az qala hər saatdan bir ona telefon açmalarını yaxşı başa düşürdü.

O, təcrübəli hüquqşünas idi, ustalıqla, şahidi dindirmə bacarığı, tərəf müqabillə səmimi münasibət yaratmaq qabiliyyəti, sadə rəftarı ilə ad qazanmışdı. Müstəntiqin, digər  əməliyyatçıların fəaliyyətləri bir yana, prokuror öz taktikasını seçmişdi. O, kəndin ağsaqqalları, ziyalıları, nüfuzlu kişiləri ilə adi çay süfrəsi arxasında bir müsahib kimi söhbətlər edir, bəzən qətl məsələsini heç ortaya da atmırdı.

Üçüncü günü kənd məktəbinin direktoru, söhbət əsnasında (o, həm də kənd sovetinin deputatı idi) əvvəllər təsərrüfat cinayəti üstündə ağır cəza almış Qaraş adlı bir nəfərdən şübhələndiyini dilə gətirdi. Əməliyyatçılar dərhal Qaraşı tapıb gətirdilər. Söhbətdən aydın oldu ki, o, bir neçə gün bundan əvvəl şəhərə, öz məhsulunu satmaq üçün getmiş, təxminən 1-2 saat olar ki, böyük oğlu ilə kəndə qayıtmışdı. Hadisə barədə ancaq burada xəbər tutub...

Hərtərəfli araşdırmalar bir mühüm məsələni də üzə çıxartdı, heç demə, qətlə yetirilmiş  Zülalovdan narazı olanlar yetərincə varmış. İş yerində qalaq-qalaq yığılmış şikayət məktubları, ərizələr cavabsız qalmışdı. Çoxunda dərkənar belə yox idi, bu, elementar diqqətsizlikdən, zəhmətkeş məktublarına biganə münasibətdən xəbər verirdi. Deməli, iş çətinləşirdi...

Həmin vətəndaşların ifadəsini almaq vacib idi, ona görə müstəntiq təcili olaraq şahidlərin dindirilməsinə başladı. Dindirmə zamanı o, qəsdlə bağlı heç bir şeydə real faktlarla rastlaşmadı.

Nəticəni prokurora məruzə etdi. Prokuror  bəzi epizodları kənara qoyub, əsas müqəssirin müəyyən etdirilməsini, onun tapılmasına yönəltməyi məsləhət bildi.

Əməliyyatçılar kəsici alət axtarışında, bütün təsərrüfatları, həyətləri ələk-vələk edirdilər. Kənd yeri idi, elə bir ailə tapmaq olmazdı ki, evində balta, çapacaq, dəhrə, kərənti, oraq tapılmayacqadı. Nəhayət, Kosayev soyadlı bir kənd sakini bildirdi ki, onun həyətində kol-kos qırmaq üçün uzun saplı dəhrə olub, amma indi nə qədər axtarır tapa bilmir. O, daha sonra əlavə etdi ki, dəhrəni bu günlərdə meşədən çəpərə kol qırıb gətirmək üçün hazırlayıb, ağzında təzəcə itiləmiş və həyət qapısının ağzındakı ərik ağacına söykəyibmiş. Təxminən iki gün bundan əvvəl dəhrə lazım olanda tapa bilməyib, qonşulardan biri götürmüş olar, bizlərdə adətdir, adətən istifadədən sonra gətirib yerinə qoyurlar...

Bu epizod prokurorun nəzarətindən qaçmadı. Dərhal əməliyyatçılara tapşırıqlar verdi. Paralel olaraq digər epizodlar üzrə əməliyyat işlərini sürətləndirməyi polis rəisinə tapşırdı.

Prokuror təcrübəli hüquqşünas olduğu üçün ancaq bir epizod üzrə işləməyi sevmirdi. Belə işlərdə bütün versiyalar diqqətlə yoxlanmalı idi. Həm də bir epizod sona qədər yoxlanılmalıdır. Onun üçün daxil olan siqnal və məlumatların böyük və kiçiyi yox idi. O, bütün məlumatlara bərabər səviyyədə baxılmasını və yoxlanılmasını tələb edirdi.

Prokuror əhali ilə səmimi münasibət saxlayırdı. Onun ustalıqla şahid dindirmə bacarığı var idi. Əhali ilə səmimi olması, dindirmələri gərginlik şəratində aparmaması, insanlarla sadə rəftarı ona çox köməklik edirdi. O, dindirmə prosesini elə bir taktiki qaydada aparırdı ki, onunla söhbət edən şəxs hüquq mühafizəçisi tərəfindən dindirildiyini unudur, ürəyində nə varsa hamısını səmimi danışırdı. Onlara elə gəlirdi ki, prokuroru çoxdan tanıyırlarmışlar.

Prokuror ünsiyətdə olduğu şəxslərə psixoloji cəhətdən təsir etməyi məharətlə bacarırdı, xüsusi ilə ağır cinayət törətmiş şəxslərlə işin açılması xatirinə onlarla çox sadə rəftar edir, kimsənin şəxsiyyətinə toxunan ifadlər işlətmir, müsahibinə hörmətlə yanaşırdı. Onların öz fikirlərini sona qədər danışıb başa çatdırmasına şərait yaradırdı.

İstintaq artıq plan üzrə gedirdi. Nüfuzlu, inanılmış şəxslərdən daxil olmuş informasiyaların sayı günbəgün artırdı. Belə bir ağır cinayət işinin açılmasını çətinləşdirən hallardan biri həm hadisəni görənin olmaması, hadisə yerində iş üçün əhəmiyyətli ola bilən əşyavi dəlillərin qalması və həm də Zülalovdan narazı şəxslərin çox olması cinayətin motivi idi. Bu, prokuroru çox düşündürürdü.

Prokuror yaranmış vəziyyət tələb edən neçə-neçə epizod üzərində çalışmağı bacarırdı.

Amma bu cinayət hadisəsi başqa cürə münasibət və diqqət tələb etdiyi üçün dərhal əməliyyatçılara əlavə tapşırıqlar verdi, şübhəli, tərcümeyi-halında qara səhifələr olan adamlar bir də "saf-çürük" edildilər. Söhbətə tutulan kənd sakinləri nədənsə Xasay adlı bir yerlilərindən çox ehtiyatla danışırdılar, elə bil nədənsə çəkinirdilər. Bu  dəfə də prokurorun insanlarla səmimi münasibəti, məhrəm davranışı öz işini gördü, məlum oldu ki, vaxtilə ağır cinayət üstündə on il müddətində azadlıqdan məhrum olmuş və kəndə qayıtmış Xasay heç bir işlə məşğul deyil, yetənə sataşır, yetməyənə söz atır, özünü kənddə, "lotu" kimi aparır. Deyilənlərə görə, kənd sovet sədri onu dəfələrlə söhbətə çağırıbsa, sədrin çağırışından imtina edib...

Müstəntiq Bayramlı sovet sədrinin iş otağında müayinə apararkən çoxlu sayda cavabsız qalmış müraciət və ərizələr tapıb götürmüşdü. Ərizələr içərisində Xasayın da ərizəsi vardı... Ona da cavab verilməmişdi...

lll

Polis rəisi məlumat verdi ki, hamının dəlisov, şuluq saydığı Xasay üç gündür evdə yoxdur, guya arvadını götürüb harasa gedib. Milis işçilərinin həddindən artıq işi çox olduğundan rəis yas yerinin nəzarətdə saxlanılmasına tapşırıq verə bilməmişdi. Müstəntiq də öz növbəsində kənd sovetinin binasında təxirə salınmaz istintaq hərəkətlərini edirdi.

 

lll

Axşam tərəfi idi. Yas yerindən camaat yavaş-yavaş dağılışırdı. Mağarın qabağında 15-20 nəfər adam qalmış olardı...

Bu arada səs yayıldı ki, "dəli" Xasay yanında da arvadı çiynində uzun saplı dəhrə mağara tərəf gəlir. Bunu görən kənd camaatı yavaş-yavaş hiss olunmadan dağılışmağa başladı. Prokuror milis işçilərinə çoxlu sayda tapşırıqlar verdiyindən mağarın yanında onlardan kimsə qalmamışdı.

lll

 "Dəli" Xasay 3 gün idi ki, meşədə arvadı ilə naçar vəziyyətdə qalmışdı. Yeməyə artıq heçnələri qalmamışdı. O, həmkəndlisi, meşə gözətçisi ilə əlaqə saxlayırdı. Kənddə olan xəbərləri ondan alırdı. Hadisənin üçüncü günü idi. Həsən kişi ona çatdırdı ki, ölüm işi ilə əlaqədar xeyli adamlardan şübhələnirlər, xüsusilə sənin haqqında daha çox danışırlar. Prokuror demək olar ki, kənddən çıxmır, hadisəni törədəni tapmaq üçün orqan işçilərinin bütün imkanlarından istifadə edir. Bu məlumatdan sonra Xasay artıq başa düşürdü ki, onu əvvəl-axır orqan işçiləri yerini müəyyənləşdirib, tutub aparacaqlar. Ona görə də çox götür qoy etdikdən sonra belə qərara gəldi ki, meşədən çıxsın kəndə getsin. Fikirləşirdi ki, onsuz da baş kəsdiyinə görə ona müstəsna cəza tədbiri - güllələnmə cəzası verəcəklər. Odur ki, qarşısına çıxan hər hansı orqan işçisini də qətlə yetirməyi qərara aldı. Öz özlüyündə içəri dünyası ilə danışır və belə qərara gəlir ki, əgər onunla qarşılaşan orqan işçisi onu başa düşüb "dərdinə və problemlərinə" normal şəkildə yanaşıb dinləsə, hər şeyi olduğu kimi açıb söylüyəcək və təslim olacaq, yox, əgər onu dinləmək istəməsələr, həbsə almaq üçün güc tətbiq etsələr, onun "haqlı" olduğunu başa düşməsələr, hansı orqan işçisinin olmasından və hansı vəzifə sahibi olmasından asılı olmayaraq tabe olmayacaq, gücü çatan qədər müqavimət göstərib adamların sayından asılı olmayaraq qətlə yetirəcəkdir. Onun qərarı bu barədə qəti idi, odur ki, meşədən çıxıb əlində cinayətin aləti birbaşa kəndə yollandı.

lll

"Dəli" Xasay öz həyətinin yanından iri addımlarla keçib, çiynində uzun saplı dəhrə mağara tərəf irəliləyirdi. Prokuror ekstremal şəraitdə qərar qəbul etməyi bacarırdı. Xasay mağara tərəf irəlilədikcə, prokuror fikirləşirdi ki, hansı tədbiri görmək düzgün olar. Onun yanında kimsə qalmamışdır. Hamı Xasayın qorxusundan sivişib aradan çıxmışdı. Bir hadisə baş versəydi, ona kömək göstərən olmayacaqdı. Üstəlik də, silahı da yoxdur ki, havaya atəş aşıb xəbərdarlıq etsin.

Nə etməli, hansı qərarı qəbul etməli?

O, hadisə yerindən qaça bilməzdi. Onda onun rayonda qalıb işləməsi bir yana, ümumiyyətlə, orqanda çalışmaq üçün mənəvi haqqı olmazdı. Eyni zamanda onun belə bir addım atmasına öz qüruru, rayonda olan nüfuzu, hörməti və nəhayət, vəzifə borcu imkan verməzdi. Hansı qərarı qəbul etsə, məqbul sayılar? O, fikirləşə-fikirləşə yerində durub qalmışdı. Hansı tədbiri görməli? Fiziki və ya psixoloji tədbir?

Hansı müsbət nəticə verə bilər?

Axı onu respublikada çox təcrübəli, işgüzar, bacarıqlı bir hüquqşünas kimi tanıyırlar.

Onun müsbət iş təcrübəsi respublika prokuroru tərəfindən dəfələrlə bəyənilib yayılmış, rəhbərlik tərəfindən çoxlu sayda mükafat və təşəkkür almışdır. O, özü də sadə şəxs olmaqla yanaşı, son dərəcədə zəhmli bir işçi idi. Heç bir şəxs onunla dialoqda özünü sərbəst apara bilmirdi. Ən qatı cinayətkarlar da onunla söhbətdən, törətmiş olduqları cinayətləri etiraf etməli olurdular. Rayonda hamı üçün aydın idi ki, kim hansı cinayəti etməsindən asılı olmayaraq ona bu haqda səmimi etiraf etsə, qanuni əsaslarda köməklik görəcək.

Son dərəcə ağır bir vəziyyət yaranmışdı. Xasay əlində dəhrə ona yaxınlaşırdı. Qərar qəbul etmək vaxtına az qalırdı. Prokuror öz-özü ilə, iç dünyası ilə danışırdı. Çox gərgin, çıxılmaz vəziyyətə düşmüşdü. Cani əlindəki silahı yer atmır, çiynində, iki əli ilə tutduğu dəhrə ona tərəf irəliləməkdə davam edirdi. Prokurorun hansı çıxış yolu var idi? Onu tutub saxlamalı? Buna imkan yox idi. Onun qarşısından qaçmalımı?..

Nəhayət, o, qəti qərar qəbul etdi və yerindən tərpənmədi.

"Dəli" Xasay isə inamlı adımlarla "qəhrəmanlıq etmiş adam kimi" irəliləyirdi. Onun iri və inamlı addımlarla bir başa prokurorun üstünə gəlməsi, qərəzli baxışları vahimə yaradırdı. Hərəkətlərindən tam başa  düşülürdü ki, o, nə isə bir bədbəxt hadisə törədəcək. Artıq prokuror bir başa olaraq  onun obyektinə çevrilmişdi. O, hiss edirdi ki, Xasay əlində silah onun üstünə gəlir, bir neçə saniyədən sonra onlar qarşı-qarşıya duracaqlar. Prokuror zənnində yanılmamışdı.

Belə bir yerdə xırda, cüzi səhv böyük bir faciə ilə nəticələnə bilərdi. Onun fikrindən bir anlığa nələr keçmədi.

Onu tutub saxlamaq (əgər ona gücü çatarsa), yoxsa qarşısından qaçmaq? Bəlkə də bərkdən qışqırıb kənd camaatını köməyə çağırmaq (əgər bu çağırışa gələn olarsa). Nəhayət, qəti qərar qəbul etdi. Onunla çox sadə şəkildə söhbətə başlayıb, taktiki qaydada dinləməklə psixoloji təsiri artırmaq; guya ki, onun törətdiyi hadisəyə laqeyd qalmaqla baş vermiş hadisəyə görə onunla şərik olduğuna inandırmağa çalışmaq, bu yolla onu tərkisilah etmək (əgər o, bunu bacarsa).

Prokuror ekstremal şəraitdə qəbul etdiyi son variantın üzərində qəti dayandı.

Xasay ona çatmağa 2-3 metr qalmış prokuror:

- Buyurun, sizi dinləyirəm deyə, qarşısında uzun saplı dəhrə gərgin vəziyyətdə dayanmış qatilə müraciət edib onu qabaqladı və ona əlavə söz deməyə imkan vermədi. O, çiynində olan dəhrəni yerə atmadan çox hirsli və əsəbi vəziyyətdə dərhal özünə haqq qazandıran tərzdə danışmağa başladı:

- Mən Zülalova dəfələrlə müraciət edib, ondan əlavə torpaq sahəsi istəmişəm. O, mənim dediklərimə heç vaxt əməl etməyib, əksinə, məni həmişə get-gələ salırdı və bir neçə gün bundan əvvəl qəti bildirib dedi: Sənin torpaq payın kifayət qədərdir, əlavə torpaq sahəsi sənə düşmür. Kənddə elə ailələr var ki, onların torpaq sahəsi səninkindən çox azdır.

Bu hadisədən sonra mən ondan çox narazı vəziyyətdə ayrıldım. Fikirləşdim ki, o, öz qəti qərarını bildirdi. Mən də öz növbəmdə qərara gəldim ki, ondan qisas almalıyam.

Onu öldürmək məqsədi ilə münasib vaxt və yer seçmək qərarına gəldim. Axşam tərəfi idi. Qonşumuz Kosayevin darvazasının yanından keçərkən ərik ağacına söykədilmiş uzun saplı dəhrəni gördüm və onu götürüb evimizə apardım. Axşam evdə oturub Zülalovun adına hətta, bir ərizə də yazdım və göstərdim ki, əlavə torpaq sahəsi versin. Artıq müşahidə etmişdim, o, səhər tezdən öz yaşadığı həyətin qarşısına çıxır və 10-15 dəqiqə qapı ağzında gəzişir, sonra evə qayıdır. O, bu hərəkəti adət şəklində hər gün edirdi. Mən fikirləşdim ki, bundan yaxşı şərait ola bilməz. Odur ki, qəti qərara gəldim ki, elə öz evinin qarşısında ona ərizə vermək adı ilə yaxınlaşım.

Elə də etdim, həmin gün bu hadisəni törətmək üçün əlverişli hava şəraiti də mənə imkan verdi. O gün səhər hava çox çiskin və dumanlı idi. 2-3 metrdən adamı görmək belə mümkün deyildi.

Ona görə də onun qapsına tərəf keçdim, gördüm öz qapısı ağzında var-gəl edir. Tez ona yaxınlaşıb sözə başladım və ərizəni ona uzadıb oxumasını xahiş etdim. O, başını aşağı salıb ərizəni oxumaq istəyəndə arxadan güclü zərbə ilə boynundan dəhrə ilə vurdum.

O saat onun başı bədənindən ayrıldı, əlindəki ərizə yerə düşdü. Mən ərizəmi də götürüb kimsənin məni görmədiyindən əmin olduqdan sonra evimə gəldim. Evdə ərizəmi yandırdım, arvadımı da götürüb kəndin kənarında olan meşədə gizləndim.

Prokuror guya ona diqqətlə dinləyirmiş kimi özünü göstərir və o danışdıqca canini diqqətdən qoymurdu. O, çiynindəki dəhrəni iki əli ilə tutub sözünə aramsız olaraq davam edirdi. Prokuror onun sərbəst danışmasına şərait yaratmasına baxmayaraq, görürdü ki, o, qisasçı simasını dəyişməmişdir. Bu anda da o, nə isə yeni bir cinayət etməyə tam hazır idi. Danışır, lakin əlindəki dəhrəni yerə atmaq fikrində deyil. O, sanki nə isə prokurordan gözləyirdi. Prokurora  elə gəlirdi ki, bu qısa danışıq 3-4 saat çəkdi. O, yenə düşünürdü. Hansı yolla silahlı canini tərkisilah edə bilər.

Axı o, baş kəsdiyi silahı əlindən yerə atmırdı. Nəhayət, prokuror düşmüş olduğu son dərəcə ağır şəraiti nəzərə alıb, ona ancaq psixoloji yolla təsir etmək qərarına gəldi və Xasay sözünü qurtarar-qurtarmaz prokuror   "yaxşı etmisən" dedi.

Elə bil quduzlaşmış cani ancaq bu sözə bən dimiş. Gözləmədən çiynində saxladığı uzun saplı dəhrəni özündən 3-4 metr kənara atıb, prokurorun qarşısında diz çökdü. Prokurora mürciətlə, boğuq bir səslə həyəcanlı halda dedi:

- Mən 10 il kişi kimi yatmışam, heç kimə baş əyməmişəm. Sözümü hər yerdə demişəm. "Zon"larda ad qoymuşam. Sənin qarşında ona görə diz çökdüm ki, Sizin üstünüzə gəldim, kənddə hamı qaçdı. Elə bilirsən belə şeyləri başa düşmürəm? Sən isə sübut elədin ki, qorxmaz və mərd adamsan və kimsədən çəkinmirsən. Nəhayət, bu bir neçə il ərzində Siz yeganə adam idiniz ki, mənə səbrlə əsl inasan kimi, bir dəfə də olsun sözümü kəsmədən diqqətlə qulaq asdınız. Sizə təslim olmaq mənə xoşdur. Qoy indi nə cəza verəcəklər versinlər.

 

525-ci qəzet .- 2022.- 27 iyul.- S.22;23.