Niderland ekzotikası barədə
xoş təəssüratlar
Yeniyetmə dövründə bir Sovet
yazıçısının möcüzə təsiri
bağışlayan Niderland barədə səfər xatirələrini
oxumuşdum və bu ölkəyə, onun xalqına
qarşı məndə böyük maraq
yaranmışdı. 1979-cu ildə Ağdam rayon Partiya Komitəsinin birinci
katibi işləyərkən Mərkəzi Komitədən zəng
vurub dedilər ki, noyabr ayında həmin ölkədə Azərbaycan
SSR günləri keçiriləcəkdir və mən ora
göndəriləcək turist qrupuna rəhbər təyin
olunmuşam. Qrupa görkəmli yaradıcı
ziyalılar, elm adamları və kənd təsərrüfatı
qabaqcılı daxil idi. İlk dəfə
idi ki, kapitalist ölkəsinə səfər edəcəkdim,
bundan xeyli əvvəl nominal sosialist ölkəsi sayılan
Yuqoslaviyada, onun xarabalıqlarında yaradılan indiki
üç dövlətdə olmuşdum. Bu
məsələdə komsomol daha fəal idi, başqa ölkələrlə
fəal şəkildə turist səfərləri mübadiləsi
aparırdı. Partiya işçilərinin
isə bu vaxta qədər xarici ölkələrə göndərilməsi
mənə məlum deyildi.
Niderlandın özündən çox onun rəssamlarının
əsərlərinə bələd idim. On illər ərzində
mütaliə etdiyim "Oqonyok" jurnalı holland, flamand rəssamları
barədə geniş məlumat verir, onların
yaratdığı tabloların reproduksiyalarını
çap edirdi. Ona görə də Rembrandtın, Van
Qoqun, böyük flamand rəssamı Rubensin
yaradıcılığı ilə tanış
idim. "Azmış oğul", "Arlın
qırmızı üzümlükləri", "Romalı
qızın ataya sevgisi" tabloları yaddaşıma həkk
olunmuşdu. Ölkə haqqında azacıq da olsa, təsəvvürə
malik olmaq üçün Böyük Sovet Ensiklopediyasına
müraciət etdim və gözlərimin önündə bizə
tanış olmayan mənzərə
yarandı.
Niderland krallığı Avropanın kiçik ölkələrindən
biridir. Bu ölkə həm də çox vaxt ingilis dilindən
götürülmüş Holland - Hollandiya adlanır,
"çökək, oyuq ölkə" mənasını
verir. Bu ad ona orta əsrlərdə
verilmiş, sonralar da, əsasən, bu adla
tanınmışdı. Lakin son illərdə
Niderland hökuməti rəsmi qaydada və həmçinin, səfirliklərinin
adında "Hollandiya" sözünün işlədilməsini
qadağan etmişdir və dövlət artıq yalnız
öz milli adı altında fəaliyyət göstərir.
Ölkənin
ərazisi 54 min kv.km-dir və ya bizim Azərbaycandan 1,5 dəfə kiçikdir. Lakin əhalisinin
sıxlığı hesabına - çünki burada seyrək
əhalisi ilə seçilən dağ silsilələri
yoxdur, - ölkədə 16 milyon adam
yaşayır. Ölkə Şimal dənizindən
cənubda, Belçika və Almaniya Federativ Respublikası ilə
sərhəddə yerləşir. Ərazisi
bütövlükdə düzənlikdən ibarətdir, ən
uca yüksəkliyinin hündürlüyü 321 metrdir.
Reyn, Maas və Şelda çaylarının Şimal dənizinə
töküldüyü yerdə yerləşən
Niderlandın ərazisinin çox hissəsi dəniz səviyyəsindən
aşağıdır. Bu çayların hesabına isə
ölkə daxili suların bolluğuna malikdir. Siyasi sisteminə gəldikdə, parlamentli
monarxiyadır. Biz orada olanda kraliça
Yuliana Baş Ştatlar adlanan parlamentlə birlikdə
qanunvericilik funksiyasını həyata keçirirdi.
Hollandlar xeyli dövr ərzində heç də rahat,
mübarizəsiz bir həyat sürməmişlər, ölkə
ispan ağalığı altında olmuş, XIX əsrin
başlanğıcında Napoleonun işğalına məruz
qalmışdır. XVI və XVII əsrlərdə holland vətənpərvərləri
dəfələrlə ispanların yadelli
ağalığına qarşı, öz
respublikalarını qurmaq və qorumaq üçün
üsyana qalxmış, nəhayət, onları ölkədən
qovmağı bacarmışdılar. Əvvəlcə
XVI əsrdə Şimaldakı yeddi əyalətin birliyindən
müstəqil Niderland Əyalətləri adlanan dövlət
yaranmışdı.
Bu mübarizə həm də qəhrəmanlıq
nümunələrinə malikdir. 1574-cü ildə
Leyden sakinləri əlacsızlıqdan bəndi
dağıtmaqla əmələ gələn güclü
daşqın vasitəsi ilə düşməni məhv edə
bilsə də, özlərindən də xeyli sayda qurban verməli
olmuşdular.
Hollandlar dünyanın naməlum ərazilərinin kəşfində
də fərqlənmişlər. Qitələri birləşdirən
su yollarına nəzarətdə onlar böyük pay sahibinə
çevrilmişdilər. Niderlandın tacir gəmiləri
dünyanın müxtəlif guşələrinə
üzmüş, böyük bir ticarət millətinin meydana
gəlməsinin bünövrəsinin yaranmasına köməklik
göstərmişdilər. Dənizlərdə,
okeanlarda sərbəst üzmək bacarığı həm də
hollandlara müstəmləkələrə yiyələnmək
imkanı vermişdi. XVII əsrin əvvəllərində
Asiyanın cənubi-şərqi qurtaracağındakı əvvəllər
Niderland İndoneziyası və ya Holland Şərq
İndiyaları adlanan indiki İndoneziyanı, elə həmin
əsr ərzində də Cənubi Amerikadakı kiçik
Surinamı öz müstəmləkə ölkələrinə
çevirmişdilər. Hollandlar
İndoneziyaya yeni meyvə ağacları da gətirmişdilər.
Məşhur Sovet bioloqu, akademik N.İ.Vavilov qitələrə
səyahətlərinə həsr olunmuş kitabında
yazdığına görə, burada küçələr
boyunca Cənubi Amerikadan gətirilmiş manqo ağacları əkilmiş,
onun ağır, daş kimi meyvələri küçədən
keçənlərə xəsarət toxundurduğundan,
onları kəsdirməyə məcbur olmuşdular. Hollandların öz müstəmləkəsində
tətbiq etdikləri təkcə bu deyildi, çox sayda
faydalı şeylər də var idi.
Hollandlar XVI əsrdən, Vasko da Qamanın Cənubi Afrikanın
qurtaracağından keçməklə Hind okeanına və
Hindistana gedən su yolunu kəşf etdikdən sonra okeanlarda sərbəst
üzməyə başlamış, Yaponiyaya gedib
çıxmışdılar. Holland dənizçiləri
qədim finikiyalıların, karfagenlilərin və
yunanların ənənələrini davam etdirərək
geniş səyahətlərə çıxa bilmişdilər.
Buna görə də dənizçilikdə və
naviqasiyada başqa xalqlardan çox irəli getmişdilər.
Məhz bu səbəbdən beynəlxalq dənizçilikdə
onların dillərində olan terminlər daha geniş
yayılmışdır. Böyük
Pyotrun Vorenejdə ilk rus gəmilərini
qayırtdırdığı vaxtdan indiyədək, rus
çarı gəmiqayırma texnologiyasını da
Hollandiyada öyrənmişdi, Rusiyanın mülki və hərbi
donanmasında holland gəmiçilik və dənizçilik
sözlərindən istifadə olunur. Dənizlərdə
və okeanlarda dənizçilərin və liman işçilərinin
təkrar etdikləri terminlər əslində Yeni tarixin
başlanğıcında meydana gələn qorxmaz və
böyük cəsarət sahibi olan holland dənizçilərinin
fədəkarlıqlarına hörmət ifadəsi
sayılmalıdır.
Elə həmin əsrdə hollandlar Xoş Ümid
burnunda məskunlaşmış, holland fermerləri olan burlar
burada 1830-cu ildə ilk Bur respublikasını
yaratmışdılar. XIX əsrdə bu ərazidə almaz və
qızıl tapıldığından, britaniyalılarla burlar
arasında Cənubi Afrika müharibəsi getmişdi və ərazilər
Böyük Britaniyanın dominyonuna çevrilmişdi. Sonradan isə müstəqil Cənubi Afrika
Respublikası meydana gəldi. Bu ölkədə
çoxluq təşkil edən zənci əhalisi
ağların irqçi siyasətindən, seqreqasiyadan,
aparteiddən əziyyət çəkmiş, qaradərili
Nelson Mandela hakimiyyətə gəldikdən sonra vəziyyət
əsaslı surətdə dəyişmişdi. Təəssüf
ki, iyrənc irqi münasibətin mirası kimi, bu dəfə
də qaraların irqçiliyi baş qaldırmış,
xeyli sayda ağ adam ölkəni tərk
etməyə məcbur olmuşdu.
Hollandiya ən böyük fəlakəti II Dünya
müharibəsi illərində yaşamışdı. Nasist Almaniyası 1940-cı
ilin mayında bu neytral ölkəni işğal etmiş,
hollandlar yalnız beş il sonra əsarətdən
xilas ola bilmişdilər. Müharibədən
sonra Hollandiya da Böyük Britaniya və Fransa kimi, müstəmləkələrini
itirməli oldu. 1949-cü ildə Niderland
İndiyaları İndoneziya Respublikası adı altında
öz müstəqilliyini elan etdi. 1975-ci ildə isə
Surinam öz müstəqilliyinə nail ola
bildi.
Səfərimizə gəldikdə; Moskvadan yola
düşməmişdən əvvəl turizm tədbirini təşkil
elən Xarici Ölkələrlə dostluq və mədəni
əlaqələr Cəmiyyətləri Şurası (rus
dilində qısa şəkildə CCOD - SSOD adlanırdı)
6 nəfəri qrupun tərkibinə daxil etdi, onlardan biri öz
işçiləri olmaqla tərcüməçilik edəcəkdi. Əslində,
onların heç birinin Azərbaycan günlərinin
keçirilməsinə aidiyyəti yox idi. Şaxtalı bir payız səhəri Şeremetyevo
təyyarə meydanından Amsterdama yola düşdük.
Təyyarəmiz Varşavada yol üstü yerə enəndə,
gözləmə zalında mən şahmat üzrə
Dünya çempionu olmuş Vasili Smıslovla tanış
oldum. O, olduqca sadə adam təsiri
bağışlayırdı, axı həm də opera
müğənnisi idi.
Amsterdamın Şhipholl təyyarə meydanında bizi
SSRİ-nin Niderlanddakı səfiri V.S.Tolstikov və
Niderland-SSRİ Dostluq Cəmiyyətinin rəhbər
işçiləri qarşıladı. Səfirin on
ildən çox diplomat təcrübəsi var idi, ondan əvvəl
isə uzun illər Leninqrad vilayət partiya komitəsinin
birinci katibi vəzifəsində işləmişdi. Səkkiz
il ərzində Çində səfir olmuş, Mədəni
İnqilabın başlıca "qəhrəmanları"
olan Xunveybinlərin səfirlik binası qarşısındakı
aramsız təhqiramiz qışqırıqları və təbil
zərbəsindən yaranan gurultu altında yaşamalı və
işləməli olmuş, bu ağır mənəvi
sınağa dözməli olmuşdu. İndiki iş yeri
Haaqada olan səfir burada xunveybinlərlə
qarşılaşmasa da, hollandların, hökumətin siyasətinin
təsiri altında o qədər də xoş olmayan
münasibətlərinin müşahidəçisinə
çevrilmişdi.
Bizi şəhərin mərkəzindəki Parkx hoteldə
yerləşdirdilər. Qrupun rəhbəri və qadın
üzvü istisna olmaqla, digərləri iki nəfərlik
otaqlarda yaşayırdılar. Təəccübümüzə
səbəb olan o idi ki, hər otaqda stolun üstündə
ingilis dilində iri bir kitab - Bibliya var idi, biz onu oxuya bilmirdik.
On beş ildən sonra məhz
Bibliyanın, New Testament-in köməyi ilə ingilis dilini
öyrəndim.
Bəzən naharlar başqa şəhərlərə səfər
vaxtına düşdüyündən, əksər vaxtlarda
otelin restoranında qidalanırdıq. Uzun müddət ailəsi
ilə Moskvada yaşamış, holland kommunistinin qızı
bizə bələdçilik edəcəkdi. O, yeniyetməliyini
və gəncliyini Sovet paytaxtında keçirdiyindən
böyük ölkəmizdəki vəziyyətlə
yaxşı tanış idi. Təbliğatın uydurmalarına baxmayaraq, Sovet
adamının həyat tərzini yaxından müşahidə
etməklə, onun bütün cəhətlərinə hərtərəfli
maraq göstərmişdi.
Hollandiya ilə, maraqlandığımız xalqla əyani
qaydada tanışlığımız başlandı. Hollandlar
olduqca zəhmətsevər, işgüzar, məqsədə
çatmaq üçün hər cür əziyyətlərə
dözməyi bacaran bir xalq təsiri
bağışlayırdı. Bu keyfiyyətlər
təkcə ölkənin indiki əhalisinin deyil, xalqın
çox sayda nəsillərini xarakterizə edə bilərdi.
XII əsrdən başlayaraq xalqın
sarsılmaz iradəsi, ayrı-ayrı şəxslərin
mühəndislik qabiliyyəti, əksəriyyətin
ağır zəhməti hesabına ölkə ərazisinin
20 faizinə qədəri dəniz sularının
ağalığı məkanından
qoparılmışdır. Bu proses suyun ehtiyatlı
qaydada idarə olunmasını, drenajı, kənd təsərrüfat
torpaqlarının yeraltı kanallar vasitəsilə
qurudulmasını, yeraltı (torpaq) sularının tikinti
meydançasından uzaqlaşdırılmasını və
onun səviyyəsinin aşağı salınmasını, həmçinin,
əkin torpaqlarının yararlı vəziyyətə
salınmasını əhatə edirdi. Onu da
qeyd etmək lazımdır ki, bu işlər daha geniş
ölçüdə XX əsrdə davam etdirilmişdi.
Bəndlər və süni drenajlar vasitəsilə
dənizdən alınan sahələr məhsuldar
çöllərə - polderlərə çevrilmişdir.
Şimal dənizinə tərəf olan bölgədə
onun iri cənub hissəsini ayıran nəhəng bənd, demək
olar ki, 20 mil uzunluğundadır.
Belə
böyük zəhmətin hesabına, qum
təpələrinin (dyunların) və bəndlərin
köməyi ilə ölkənin sıx əhalisinin
yaşadığı ərazilərin əksər hissəsi
su daşqınlarından himayə olunmuşdur. Həqiqətən
də, əgər insanın yaratdığı bəndlər
- dambalar olmasaydı, ölkə ərazisinin 38 faizini dəniz
uda bilərdi. Kəndlər və malikanələr bəndlər
və drenaj kanalları ilə əhatə olunmuşdur. Məhsuldar
torpaq zonasının yarısı polderlərdən ibarətdir,
onların sayı bir neçə yüzə çatır.
Külək dəyirmanları o qədər də
böyük gücə malik olmasalar da, hələ köhnə
dövrlərdən drenaj xidmətini həyata keçirirlər.
Bataqlıq, çay və dəniz polderləri
çayların sahillərində yerləşir, onlardan bəziləri
hətta dəniz səviyyəsindən yuxarıdadır.
Niderlandın özü isə dəniz səviyyəsindən
aşağıda yerləşir, bəzi zonalar hətta bu səviyyədən
6,7 m aşağıdadır.
Bəzi ərazilər əvvəldən Reyn çayının estuarını (mənsəbini) təşkil edir, onlar dəniz tərəfindən udulan ada ərazisinə çevrilmişdir. Bütün görülən tədbirlərə baxmayaraq, faciələrin də qarşısını bütünlüklə almaq mümkün olmur. 1953-cü ilin fevralında dənizdəki yaz qabarması 100 min hektar sahədə daşqın əmələ gətirməklə, 1800 nəfərin həlak olmasına səbəb olmuşdu.
Hollandlar əsrlər boyu təbiətlə arası kəsilməyən mübarizə apardığı kimi, yadellilərin ağalığına qarşı da ölüm-dirim savaşına girişmişdilər. Müstəqillik uğrunda mübarizə Niderlandda güclü kök salmışdı. Milli-azadlıq hərəkatı, nəhayət, öz arzuolunan nəticəsini vermişdi.
(Ardı var)
525-ci qəzet .- 2022.- 27 iyul.- S.21.