Əmin-amanlıqdakı kino
arzularımız
Bakı-Astara magistralında şütüyən maşından baxarkən ancaq bir söz idi fikrimə hakim kəsilən: Şuşa. Yol boyu Şuşa
yazılmış istiqamət bildirən ox şəkilləri
bitmək bilmirdi. Yol "Şuşa" deyib
yallı gedirdi sanki. Doğrusu, bu işarələrin
Şuşadakı qələbəmizdən əvvəl də
olub-olmadığını bilmirdim. Məncə,
olmamışdı. Çünki magistral
yeni olduğundan işarələr Şuşaya yolun qeyd-şərtsiz
açıq olduğunu təsdiqləyən hökmlər
kimi idi. Qızmar günəşin hərarətindən
qızan asfalt döşəmə üzərindəki bu
hökmün, Şuşaya gedən yolçularla
yanaşı, digər bölgələrə yollananların
da ürəyinə, əriyən yağ
kimi yayıldığı həqiqət idi. Mən də
ikincilərdəndim; yolum Lənkəranaydı,
Azərbaycan Kinematoqrafçılar İttifaqının
"Cənubda kino günləri" layihəsinin Lənkəranda
reallaşacaq növbəti tədbirinə qatılacaqdım.
Şuşa isə düşüncələrimdə
göydən düşmə deyildi. Mədəniyyət
paytaxtımız Şuşa ilə Lənkərandakı
kino günləri arasında məntiqi bağlılıq
görmüşdüm.
Fikrimi aydın etməkçün neçə illər
öncəyə qayıtmağım lazım gəlir.
1996-cı
il, Birinci Şərq-Qərb Beynəlxalq
kinofestivalının açılışı idi. O
vaxtkı "Respublika" sarayında keçirilən
açılış mərasiminə mərhum Prezidentimiz
Heydər Əliyev də təşrif buyurmuşdu. Mərhum rejissorumuz Rüstəm İbrahimbəyovun
yaratdığı bu beynəlxalq festivalın nümayəndələrindən
biri isə Fransanın tanınmış rejissoru Rejis Varniye
idi.
Onun açılış mərasimindəki
çıxışı, sanki rəhbəri olduğu
xalqın sənətinə və sənətkarına
yüksək dəyər verən Prezidentimizin diqqətini
çəkməyə hesablanmışdı; Heydər
Əliyevin incəsənət xiridarı olduğunu bilənlər
çox idi dünyada.
Rejis
Varniye çıxışında dedi ki, 1939-cu ildə Fransa
yeni təsis etdiyi dünyaca məşhur Kann
kinofestivalının açılışına
hazırlaşırdı. Lakin müharibə
başladı. Bu illər ərzində
Fransa xalqı ağrı-acılı illər yaşadı.
Lakin
müharibə bitən kimi Fransa dövlətinin
reallaşdırmağı zəruri saydığı ilk
iş məhz Kann festivalının açılması
üçün təşkilati tədbirləri həyata
keçirmək oldu. Çünki kino xalqın arzusu ola bilmişdi bu illər ərzində, bu arzuya
qanad açmağa, dünyaya uçmağa imkan yaradan isə
əmin-amanlıq olmuşdu.
Məncə, fikrimi çatdıra bildim. Ancaq
sözsüz ki, Varniyenin nitqini xatırlatmaqla, qatılmaq istədiyim
Lənkəran kino günləri ilə Kann kino- festivalı
arasında oxşatmaca təqdim etməkdən uzağam.
Bununla belə, fakt faktlığında qalır
axı. Yəni Kann Fransanın cənub
bölgəsidir, Lənkəran bizim. Eləcə
Lənkəranda keçirilən kino günləri də 44
günlük müharibədən sonra arzu kimi qanadlanmaq,
dünyaya inteqrasiya imkanını özündə ehtiva edir,
Kannda da elə idi. Bütün bunlara iki
illik pandemiya dövrünü də əlavə etsək,
özünə qapanmadan sıxılan insanların bir yerə
toplaşmaq arzusunu da kinonun imkanları daxilində həyata
keçirmək, sözsüz ki, cəmiyyətin inkişaf səviyyəsinin
göstəricisidir.
Bu il Kino
Evində, daha sonrasa müasir standartlara uyğun təmirli
"Azərbaycan" kinoteatrında təşkil olunan
kinoseanslar, kütlə ilə kino arasındakı
qarşılıqlı təsir prosesini
reallaşdırırdı, tamaşaçının öz
milli kinosundan nə istədiyini öyrənmək
mümkün olduğu kimi, gənc kinematoqrafımızın
da ona nə təqdim etmək iqtidarında olduğu
aşkarlanırdı. Yəni sözün əsl
mənasında kinematoqrafımızın inkişaf prosesi relsə
düşürdü.
Bu ilin iyun-iyul ayları müddətində cənub
bölgəmizdə kino günləri layihəsi də bu relslə
regionlarımıza yola çıxdı. Lənkərandan
öncə kino günləri Biləsuvar və Lerikdə
baş tutmuşdu. Gənc kino rejissorlardan Amil Amalın,
Məzahir Haşımov və Elvin Adıgözəlin də
bu regionlarda tamaşaçılarla keçirilən
görüşləri çəkdikləri filmin xalq tərəfindən
necə qarşılanacağını yaxından izləməyə
imkan yaratdı. Feysbukdakı səhifəsində "Sizə
məktub var" filminin rejissoru Məzahir Həşimov kino
günlərindən aldığı təəssüratı
belə bölüşüb: "Nə gözəl hissdir
öz filmini böyük ekranda tamaşaçıya təqdim
etmək. Bu, film vasitəsilə
tamaşaçıyla ünsiyyətdir. Azərbaycan
Kinematoqrafçılar İttifaqına dərin təşəkkürümü
bildirirəm bu təşəbbüsə görə. Həm bizi tanıyırlar, həm də
filmimizi".
Bəli,
bu günün gənc rejissorlarının öz vətənlərində
böyük ekran həsrəti var, tamaşaçısı
ilə ünsiyyətdə olmaq arzusu var. Elə-belə gənclər
də deyil a onlar; filmləri
dünyanın mötəbər kinofestivallarında diqqətçəkən,
dəyərləndirilən bu gənc rejissorlarımız
ölkə xaricində bizdəkindən çox
tanınırlar.
Mənim Lənkəranda qatıldığım kino
günlərində nümayiş olunan filmlərin
rejissorları iştirak etməsələr də,
Bakıdakı kino günlərinə moderatorluq edən
kinoşünas Sevda Sultanova Lənkərana gəlmişdi. Tədbirin ilk
günü təqdim olunan "Biləsuvar" filminin
prodüseri İntiqam Hacılı isə, Lənkəran Dram
Teatrının yeni təyin olunmuş direktor müavini və
burdakı kino günlərinin təşkilatçısı
idi. Ümumilikdə isə Cənubda Kino
Günləri layihəsinə tamaşaçı
marağını artıran faktlardan biri də, filmlərdən
birinin elə məhz regionun adıyla adlanmasıydı.
Layihənin start götürdüyü ilk region Biləsuvar,
filmin rejissoru Elvin Adıgözəlin özü də Biləsuvar
sakini olduğundan filminə maraq oyadacağına əmin idi. Eləcə də yerli tamaşaçıların
öz məkanlarıyla bağlı filmə, çəkildiyi
neçə ildən sonra baxa bilmək faktı da kinomuzun
doğma tamaşaçısı ilə ünsiyyət qura
bilməsində yeni mərhələ sayıla bilərdi.
Rusiya, Cənubi Koreya, Tatarıstandakı uğurlarından
sonra filmə Biləsuvarın özündəki baxış əlamətdar
hadisə formatı da alırdı, məncə.
Məhz
bu amillərlə bağlı filmin Lənkərandakı
kiçik, müasir tipli kafe-şopdakı təqdimatı
zamanı prodüserə: "Nəyə görə
istedadlı gənclərimizin böyük əziyyət bahasına
ərsəyə gətirdikləri film dünyanı gəzəndən
sonra gəlib çatır öz milli
tamaşaçısına?" sualıyla müraciət etmək
istəsəm də, cavabı elə özüm müəyyənləşdirdim.
İntiqam Hacılı öz
çıxışında bildirdi ki, Cənubda Kino Günləri
layihəsi test xarakterlidir. Biləsuvar, Lerik, Lənkəran və
Masallıda onu reallaşdırarkən ilk növbədə
artıq kinoteatrlardan ayağını çəkən
tamaşaçını kinobaxışlara cəlb etmək
üçün müəyyən hazırlıq işləri
görülməli olub. Bu xüsusda mətbuatda
mütəmadi çıxışlar etmək, reklam və təşviqat
aparmaq, baxışlara əlverişli zaman və məkan
seçmək zərurəti yaranır. Bu
ilk layihəylə bağlı İntiqam Hacılının gəldiyi
nəticə bu olub ki, belə tədbirlər
üçün ən əlverişli zaman yaz və payız
aylarıdır. Regionlardakı
nümayişlərdə bu, əsas şərtlərdən
biridir. Bu şərtin əsas olduğunu
şahidi olduğum faktla təsdiqləyə bilərəm.
Kino günlərində qonaq qaldığım Digah kəndində
kinoya baxmaq üçün mənimlə şəhər mərkəzinə
getməyi təklif etdiyim sakinlərdən: "Nə
danışırsız, günorta istilərindən sonra, saat
6-da, bağ-bağatda işləməyin yaxşı
vaxtında kinoyamı getmək olar...",
- cavabını eşidirdim.
"Pulsuzdur, "Tor" kafe-şop da rahat və sərin
bir məkandadır", - deyib israr etsəm də, mənə
qoşulan tapılmadı.
Beləliklə,
"Tor"a gəlib, orda tamaşaçı qismində,
amerikalı turisti - Lyuisi görəndə heç də təəccüblənmədim.
Bu mənada müasir lənkəranlı gənclərin əhatəsində
"Biləsuvar" filminə baxarkən özümü elə
Kanndakı kimi hiss etdim. Eyni zamanda, filmin
müzakirəsi zamanı bu istedadlı və savadlı gənclərin,
kinomuzu dünya şöhrətli görmək arzusu da məni
kövrəltdi.
"Biləsuvar"
filmini diqqətlə seyr edən Lyuisisə filmə münasibətini
bölüşmək xahişimə belə reaksiya verdi: "Gərək şərait dəyişsin
ki, insanlar da dəyişə bilsinlər".Öz-özümə:
"Ay Lyuisi, şəraiti insanlar özləri də dəyişə
bilər də" - dedim. Məsələn, "Biləsuvar"ın
işıqlı qəhrəmanlarından biri, məktəb
müəllimi öz şagirdlərinə yeni il
şənliyinin atributu olan yolka ağacı tapmayanda gedib adi
bir ağac budağı tapıb onu yolka sayağı bəzədiyi
kimi.
Eləcə bu kino günləri layihəsi də
işıqlı kino xadimlərimizin, kinoya baxmağa vaxt
tapmayan Lənkəran zəhmətkeşlərinə şərait
yaratmaq arzusu deyilmi?! Doğrudur, onlar bu şəraiti xırda
addımlarla yeriyən bir uşaq tərzində yaratsalar da,
böyüyüb əminliklə addımlamaq kimi təbii bir
prosesə kökləniblər.
Ertəsi
gün digər filmlərə baxış üçün Lənkəran
Mədəniyyət Mərkəzinə toplaşan
çoxsaylı auditoriya ilə kafe-şopdakı kiçik
auditoriya arasında xaricən ciddi bir fərq nəzərə
çarpmasa da, İntiqam Hacılıyla söhbətimdən
sonra belə məlum oldu ki, daxilən fərq var. Nümayiş
üçün film seçimində təşkilatçı
elə məhz bu fərqi nəzərə almışdı. Mərkəzdəki kinobaxışa klub rəhbərləri
və üzvləri, teatr xadimləri, bir sözlə,
seçilmişlər toplaşmışdılar.
İntiqam Hacılı dedi ki, regionlardakı film təqdimatında
mentaliteti nəzərə almaq da vacibdir. Məsələn,
"Biləsuvar" filmində tez-tez səslənən
söyüşlər var, mentalitetimizdə belə hallara
qarşı qıcıq olduğundan onu Mədəniyyət Mərkəzindəki
auditoriyaya çıxarmaqdan ehtiyat etməyimiz lazım gəlir.
Kafe-şopdakı nümayişdə isə bu
hal çox sakit və təbii bir hal kimi qarşılandı.
Amerika filmlərinə baxan gənc nəslin bu
reaksiyası barədə, qulaqlarının həmin filmlərdə
addımbaşı səslənən "fak"a -
söyüşə öyrəncəli olduğuna nəzərən
fikir yürütmək doğru olmazdı. Bunu, gənc nəslin ekranda pafoslu nitqə deyil, həyatda
yaşayan insanların ekran obrazını real və təbii
bir biçimdə görmək tələbatına aid etmək
istərdim. Axı həyatımızda nə
çoxdur ağzı söyüşlülər.
Qeyd edim ki, mən Kino Günlərində yalnız bir
gün oldum və bir filmin nümayişində iştirak edib
müzakirələrə qoşuldum. Çünki məqsədim
oxucularla məhz bir günün təəssüratlarını
bölüşmək idi. Ancaq bir-iki kəlmə
ilə arzularımı da bölüşmək istərdim.
Kinomuzla bağlı arzularımı. Əmin-amanlığımızın öhdəsinə
düşür çoxlarımızın bu arzuları.
P.S.
"Cənubda Kino Günləri" layihəsi çərçivəsində
yuxarıda adını çəkdiyim regionlarda dövlət
sifarişi və müstəqil çəkilən bu filmlər
nümayiş olundu:"Qırmızı bağ" - rejissor
Mirbala Səlimi; "Biləsuvar" - rejissor Elvin
Adıgözəl; "Nar bağı" - rejissor İlqar Nəcəf;
"Ol" - rejissor Namiq Ağayev; "Sizə məktub
var" - rejissor Məzahir Həşimov; "Titrəmə"
- rejissor Amil Amal, "Dan yeri" - rejissor Kamal Yaşar; "Dəhlizdə"
- rejissor Amil Amal; "Bir ata haqqında" - rejissor Nurlan Həsənli;
"Hədiyyə" - rejissor Rövşən Nicat;
"Papanin" - rejissor Türkan Hüseynova; "Səs"
- rejissor Ərturan Nəcəfi.
525-ci qəzet .- 2022.- 27 iyul.-
S.18-19.