İncə sənəti ziyarət
Azərbaycanın və dünyanın
bir çox dəyərli sənət
nümunələrinə ev sahibliyi edən Milli İncəsənət Muzeyi
sevimli məkanlarımdan
birinə çevrilib.
İlk gedişimdə ayaqlarımda
addım atmağa taqət qoymayan bu böyük saraya ikinci gedişim
də fərqli olmadı. Muzey Lev de Burun sarayı
və Mariinski qadın gimnaziyasının
binasının birləşdirilməsi
hesabına yaradılıb.
Birincidə dünya, ikincisində
isə Azərbaycan incəsənət nümunələri
yerləşdirilib. Giriş tikililəri
birləşdirən mərkəzi
hissədəndir. Təmtəraqlı üslubu ilə diqqəti cəlb edən binalar arasındakı "körpü"
olduqca müasir və gözoxşayandır.
Sanki zaman maşını
ilə orta əsrlərdən dövrümüzə,
sonra yenidən keçmişə qayıdırsan.
Tələbə olmağın üstün
tərəflərindən biri
belə yerlərdə
xüsusi endirimlərdən
yararlanmaq şansıdır. Mən də,
nə qədər ki bu adı
daşıyıram, fürsəti
fövtə vermirəm.
Şirvanşahlar sarayı, Qız
qalası, Tarix Muzeyi və daha bir çox
mədəni irsin daşıyıcısı olan
məkanları əlimdən
gələn qədər
ziyarət etməyə
çalışıram. Ancaq qan qaraldan bir
məsələ var ki, o da muzey
rəhbərliyinin şəkil
çəkmək üçün
əlavə ödəniş
tələb etməsidir.
Əgər eksponatları görüntüləmək
onları əskiltmirsə,
belə bir şeyə ehtiyac olduğunu düşünmürəm.
Bu, insanların sahib olduqları sərvətlərdən
yararlanmaq haqqını
məhdudlaşdırmaqdır. Hələlik belə lazımsız
bir qaydanın bütün muzeylərdə
keçərli olmamasına
sevinməklə kifayətlənirəm,
lakin gec-tez bu məsələ öz həllini tapmalıdır.
Muzey elə
ilk addımdaca insanı
bu dünyadan alıb başqa bir aləmə yola salır. Divar boyunca
sıralanmış "Yeddi
gözəl"i izlədikcə
özümü lap Bəhram
Gur kimi hiss edirdim. Avropa mədəniyyəti nümunələrinin olduğu
hissədə sanki antik dövrün sərkərdələrinin büstlərini
söhbətə tutsan,
danışmağa başlayacaqlar.
Divarları rus zadəganlarının
portretləri ilə bəzənmiş koridordan
keçərkən mənə
zillənən baxışlardan
o qədər narahat oldum ki, bir
müddət sonra gözlərimi yerə dikib zalın bitməsini arzuladım.
"Antonin Piy"in əbədi olaraq səmaya zillənmiş baxışları, ovulub tökülmüş burnu,
"Seneka"nın üzündəki
heyrət, təəssüf
ifadəsi, "Canverən
İskəndər"in simasında
ruhu titrədən ölüm izləri, əli çənəsində
dünyaya nifaq toxumu səpməyi planlaşdıran "Mefistofel"in
gözlərindəki şər
insana təsir etməyə bilərmi? Əsərlərin işləndiyi kətandakı
hər cızma-qara, pozulma, qızılı çərçivələrin qırılmış oymaları
da tarixin bir yadigarıdır.
Şüşə qoruyucularla əhatələnmiş
eksponatların aşdığı
illəri düşündükcə
qəribə hisslər
beynimi çulğayırdı.
Görəsən, nə vaxtsa
kiminsə evində küncdə duraraq bir ailənin yaşantılarına - dava-dalaşlarına,
şənliklərinə, ayrılıqlarına,
qovuşmalarına şahidlik
edən rəngarəng,
incə naxışlı
vazlar əsarətdən
bezməyiblərmi? Sanki bir zamanlar gözəl
Azərbaycan qadınlarının
belini bəzəyən
altun kəmərlər
də, kim bilir nə qədər
insanı qızıl
qanına boyamış
haça qılınclar
da, şirin-şəkər
şərbət daşımaqdan
məhrum olan qaşıqlar da, mumundan ayrı qalmış paslı şamdanlar da, artıq yerə deyil, divara sərilən
bəzəkli xalçalar
da ömürlərini
başa vurub şüşə tabutlarda
yuxuya getmişlər.
İsti yay günlərindən yaxa qurtarıb mənəvi zövq almaq istəyən insanlar könül rahatlığı ilə bu məkanı seçə bilərlər. Eksponatların zərər görməməsi üçün otaqların temperaturu aşağıda saxlanılır. Düzü, bunu nəzərə almadan getdiyim üçün bir xeyli üşüdüm. Diqqətimi çəkən məqamlardan biri dəmir məftillərlə tavandan asılmış tabloları qorumaq üçün heç bir tədbirin görülməməsi oldu. Rəsmlərə tamaşa etdikcə yaxın zamanlarda dünyaca məşhur əsər "Mona Liza"ya tort atılması gəlib durdu gözümün qarşısında. Girişdə ziyarətçilərin çantaları və ya geyimləri yoxlanılmır. Yəni mən pis niyyətli bir insan olsa idim, pəhriz ucbatından uzun müddətdir yeyə bilmədiyim şirin kökələrimi asanlıqla Dəli Domrula hücum edən Əzrailin sifətinə çırpa bilərdim. Nə yaxşı ki, deyiləm (ən azından bu mövzuda). Bir də narahatedici məsələlərdən biri işıqlandırmadır. Bəzi tabloları görmək üçün otaqda bir xeyli var-gəl etməli olurdum. Nə qədər etsəm də, işıq gah portretin alnına, gah burnuna, gah da çənəsinə düşürdü və onu tam görmək olmurdu. Bunun üçün xarici ölkələrdəki muzeylərdə hər bir tablonun özünəməxsus altdan və üstdən işıqlandırması olur və əcnəbilər əsəri görmək üçün mənim kimi bu qədər əlləşməli olmurlar.
Bütün
dünyada azyaşlı uşaqların belə
tanıdığı Luvr, Ermitaj qədər zəngin,
çoxcəhətli olmasa da, bizim də mədəniyyətin
keşiyində dayanan muzeyimiz var. Onu daha da dirçəltmək, zənginləşdirmək,
inkişaf etdirmək yeni
nəsillərin qarşısında dayanan
vacib vəzifələrdəndir. İncəsənətlə
maraqlananlar üçün
cənnəti yerdə yaşamaq
şansı olduğunu düşündüyüm
bu yerlə hələ çox
görüşlərimiz olacağına inanıram.
Gülşən NAİL
525-ci qəzet .- 2022.- 27 iyul.- S.15.