Nehrəm, nehrəmlilər və
digərləri
Azərbaycanda Qızılbaş xanədanları və
qısa müddətli Osmanlı işğalları
dövründə indiki rayon bölgüsünə yaxın
inzibati vahidlərə nahiyə deyilirdi. O nahiyələrdən biri
də Naxçıvan ölkəsində (vilayətində)
olan Dərəşam nahiyəsi idi. Bir zamanlar
Azərbaycanın oğuzlaşma tarixini əks etdirən
"Kitabi-Dədə Qorqud"da adı keçən və
günümüzəcən qorunmuş azsaylı toponimlərdən
biridir. İndi bu toponim eyni adlı
müalicəvi-mineral bulağın adında yaşayır.
Nahiyə indiki Nehrəm kəndindən Culfa şəhərinə
qədər ərazidə yerləşib. Dərəşam
adlanmasını Şamlu elatı ilə bağlayırlar.
Nahiyə sistemi ləğv olunduqdan və yəqin
ki, o dövrkü feodal çəkişmələri səbəbindən
yaşayış məntəqələri sıradan
çıxsa da, əhalisinin indiki Nehrəm və ətraf kəndlərə
yerləşməsi iddia olunur.
...Nehrəmdə
ilk dəfə 4-cü sinifdə oxuyarkən olmuşdum,
azyaşlı məktəblilər arasında riyaziyyat üzrə
muxtar respublika olimpiadasının finalı orda keçirilirdi.
Məni kəndin böyüklüyü, gərək
ki, 3 orta məktəbinin olması şaşırtmışdı.
Təxminən o illərdə rayonumuzun adını dəyişdilər,
Naxçıvan rayonu "Babək"
adlandırılmağa başlandı. Rayon mərkəzi
kimi keçmiş Təzəkəndin yerində yeni qəsəbə
də salınmışdı. O zaman nehrəmilərin
öz kəndlərini rayon mərkəzi etmək
üçün mübarizəsi effektsiz qalmışdı.
Əslində Naxçıvanın daxili inizbati
bölgüsü əvvəlcədən qüsurlu idi: bir
rayon daxilində fərqli zonalar (keçmiş nahiyə əraziləri)
indi də hiss olunur. Ləhcə, bəzi məişət, mətbəx,
ənənəvi məşğuliyyət və s. fərqləri
də xeyli dərəcədə qorunub. Uzun
müddət bir rayon (Şərur) tərkibində olsalar da
Şəril, Dərələyəz və Kəngərli
zonalarının fərqi, nəhayət ki, Kəngərlini
ayrıca rayon etməklə nəticələndi. Yenə də yanlış olaraq. Çünki şərilli və dərələyəzli
zonaları üçün bütün digər
Naxçıvan əraziləri Kəngərli idi. Bu,
keçmiş xanlıq dövrünün
yaddaşıdır - Naxçıvan vilayətinin İrəvan
xanlığına düşən hissəsinin əhalisi
(indiki Şərur və Sədərək rayonları) digər
ərazilərdə yaşayanların hamısına "kəngərli"
deyir, çünki Naxçıvan xanlığını II
adı belədir. Naxçıvanın dağ
yerlərində yaşayan əhalisi Qafan camaatına
"qarabağlı" deyirdi, çünki xanlıq
dövrü ora sonradan Pənahabada tabe edilmişdi.
Naxçıvan şəhərindən şimalda və ətrafda
yaşayan əhali Babək qəsəbəsini mərkəz
kimi tam qəbul edə bilmədi, böyürdə daha iri və
tarixi mədəni mərkəz olan şəhər varkən əksi
də mümkün deyildi...
Yadımda qaldığı qədər o illərdə
də Naxçıvanın üç əsas siyasi-ictmai
aktiv icmasından biri (ordubadlılar və sisyanlılarla birgə)
nehrəmlilər idi. Səbəbini izah etməyə
çalışıram:
- Nehrəm
və ətraf məntəqələrin sakinləri,
yuxarıda qeyd etdiyim kimi, Naxçıvanın əsas əhalisi
ilə eyni dil, din və məzhəbi bölüşsə də,
ta Dədə Qorqudun kitablaşması və Səfəvi dövrlərindən bəri fərqlilikləri
də var. Ora kəngərli, şərilli, təbrizli, milli,
sürməlilərin və s. (Naxçıvanın digər əhalisi)
deyil, oxuyub bildiyim qədər şamlu və əfşar
elatlarının yurdu olub. İlk dəfə
Nehrəm məhəllələrinin birinin yüksəkliyində
"Abşeron" lövhəsini görəndə də
şaşırmışdım. Bu, hər
halda əfşar elinə məxsus toponimdir. Bu günlər İrəvandakı Təpəbaşı
məhəlləsi ilə bağlı aparılan kampaniya yenə
Nehrəmi yadıma saldı. Nehrəmdə
eyni adlı məhəllə var, ordan çıxma
tanınmışları - Hacı İbrahim və
qohumlarını tanıtmağa da yəqin ki, xüsusi
lüzum yoxdur. Belə toponim
oxşarlığının tarixi səbəbləri ilə
maraqlananlar mərhum akademik Budaq Budaqovun İrəvan və
Nehrəm haqda yazdığı qeydlərinə baxa bilərlər.
Mən xatırlatsam, tərəfkeşlik kimi görünə
bilər;
- Nehrəm
əhalisi sıx olan yaşayış məntəqəsidir, ətraf
məntəqələrlə birgə Şuşa,
Xızı, Şahbuz kimi rayonların əhalisi qədər əhalisi
var. Adətən, bir tarixi icma kimi formalaşan
yaşayış məntəqələrinin əhalisi
arasında bir-birini himayə hissi güclü olur. Bunun
yaxşı, ya pis olduğunu mühakimə etmək istəməzdim;
- Nehrəmdə
rus-tatar məktəbi 1885-ci ildə, ilk qızlar sinfi Mirzə
Cəlilin təşəbbüsü ilə 1893-cü ildə
açılıb. Bakıda Tağıyevin, İrəvanda
Mirzə Məmmədvəli Qəmərlinin təşəbbüsləri
ilə nisvan məktəblərinin açılmasından 8 il əvvəl. Əlbəttə, sinif məktəb
deyil, amma Nehrəm də Bakı və İrəvan kimi
quberniya mərkəzi yox, bir kənd idi;
- Nehrəmdə Azərbaycanın məşhur imamzadələrindən
biri yerləşir. Gəncə və Bibiheybətdə imamzadə
olması nə qədər dini-tarixi əhəmiyyət
daşıyıbsa və əhalinin özünü fərqləndirməsinə
zəmin olubsa, eyni hal Nehrəmə də aiddir;
- Tarixi məktəbləri,
mədrəsələri olan digər yaşayış məntəqələri
(Uluxanlı, Nuxa, Şamaxı, Şuşa,
İlisu və s.) kimi, Nehrəmdə də təhsilli şəxslərin
sayı çox olub. Bu, 19-cu əsrin
sonlarından 20-ci əsrin ortalarına kimi hər hansı icma
üçün istər-istəməz üstünlük idi.
İlisuda Sovet vaxtı 400-dən çox alim, məmur,
nazir çıxması təəccüblü idimi, ya
Şuşadan yüzlərlə alim, yazıçı, bəstəkar,
dövlət məmuru və nazirlərin çıxması?
...Nehrəmlilər Naxçıvanın Ararat
Respublikasının tərkibinə verilməsinə, Andronikin
işğal planına qarşı həm silahla, həm də
Əli Səbri Qasımov kimi mütəəssib bir
ziyalımızın timsalında diplomatiya vasitəsilə gərgin
mübarizənin öncüllərindən olublar. Naxçıvan
vilayətinin (və ya o zaman deyildiyi kimi ölkəsinin)
taleyinin yaxşı halda Sürməli və Qars, pis halda Qərbi
Zəngəzurun taleyi kimi olmaması o mübarizənin nəticəsidir.
Əlbəttə, o mübarizədə bütün
naxçıvanlılar fəal olublar, Abbasqulu bəyin
"Qırmızı tabor"unun, Mirzəli bəy
Bektaşinin, Behbud ağa Şaxtaxtinskinin, Araz Türk
Cümhuriyyəti qurucularının, Cavid əfəndinin,
onlarla digər tarixi şəxslərin əvəzsiz xidmətləri
var.
...Atasının
yurdu olan Xamnə haqda Zərdüşt Əlizadənin bir
müsahibəsi vardı, İran siyasi və dini elitasında
xamnəlilərin ağırlıq basmasından
danışanda deyir ki, Xamnə də bizim Nehrəm kimidir. Maraqlı müşahidə idi.
Xamnə və Nehrəm yalnız çoxsaylı siyasət,
mədəniyyət xadimi yetişdirmələri ilə
bir-birinə bənzəmirlər, dinə
bağlılıqlarına görə də
oxşarlıqları var. 1990-cı illərdə siyasi
İslamın Azərbaycanda iki ağırlıq mərkəzindən
biri Bakı ətrafı kəndlər idisə, ikincisi
Naxçıvan idi. Orda kimlərin, hansı xarici dairələrin nə kimi
işlər çevirdiyi barədə o illərin
mediasını, xüsusən NXC-nin "Güney" adlı
mətbu orqanını izləmiş olanlar, müəyyən
qədər də Səfər Alışarlınının
"Maestro" romanı ilə tanış olanlar bilərlər.
Hələ xalq hərəkatının ilk illərində
siyasi İslama meyl etmiş bir nehrəmli din adamını
yerli cəbhəçilər "Hacı Əbdül
Naxçıvanski" deyə tənqid edirdilər. Amma
dövlətin gərəkli addımlarına həm də
nehrəmli ziyalıların ciddi dəstəyi sayəsində
siyasi İslam çox ciddi sosial baza toplama potensialına,
yaxın xaricin ciddi təsir imkanlarına rəğmən, Nardarandakı,.. hətta Gəncədəki
qədər Nehrəmdə və ümumən
Naxçıvanda perspektivli olmadı. 2000-ci illərin
əvvəllərində sonuncu gövdə göstərişlərindən
sonra, demək olar ki, Naxçıvan siyasi həyatından
çəkildi. Hərçənd
"birdəfəlik çəkilib getdi" kimi təsbit etmək
çətindir. Çünki yenidən
zorla icmalaşmaya, əlahiddələşməyə itələnmə
tendensiyası artıb.
...Kimsə
korrupsionerdirsə, oğrudursa, canidirsə, cəzası fərdi
olmalıdır. Cəzalandırmaya "ideoloji
zəmin" hazırlamaq üçün korrupsioner elan
edilmişin mənsub olduğu dini, etnik, ya regional icmanı
özgələşdirmək, demonizə etmək
yanlış əməldir. Bu məqsədlə
hansısa klişelərdən, yarlıqlardan,
önyarğılardan çıxış etməksə, sadəcə
yanlış deyil, siyasi heyvərəlikdir.
19-cu əsrdə
İrandan, Türkiyədən, sonra həm də Krımdan,
Şimali Qafqazdan, Avropadan köçüb gələn ermənilər
Qarabağın yerli qriqorian-nestorian əhalisinə
"Qarabağ eşşəyi" deyirdi, Qarabağ erməniləri
bunu indi fəxrlə işlədir, eşşək
mövzusunda filmlərlə beynəlxalq festivallara da
çıxırlar. Amma hansısa heyvərəmiz o ifadəni
bir gün Qarabağ müsəlmanlarının
ünvanına şamil etməyə başladı;
"Qədeş" Bakı və bəzi Şimal
rayonlarımızda evin böyüyünə verilən, fəxrlə
çağırılan xitab idi. Bir gün hansısa heyvərəmiz
o sözü Bakının yerli müsəlman əhalisinə
qarşı təhqir kimi işlətməyə
başladı;
Ayrım
Tağı, ya Hacıəmi bizim folklor qəhrəmanlarımızdır.
Amma bir gün hansısa heyvərə Tağı və
Hacıəmiyə aid edilən gülməcələrdəki
tipləri bütün şəkililərə və
ayrımlara şamil etməyə başladı;
...Hansısa
zatıqırıq bir gün "çuşka"
sözünü bütün qeyri-bakılılara,
"şorsatan" sözünü bütün
şirvanlılara şamil etdi;
Hansısa
heyvərə bir gün talışları "saat 12", ləzgiləri
"dəllək", tatları "qalayçı"
sözləri ilə xatırlatmağa dəb saldı...
Mirzə
Cəlil öz obrazlarını doğulduğu
Naxçıvan-Nehrəm mühitindən də seçib, dərs
dediyi İrəvan, Şərur mühitindən də,
yaşadığı Tiflis, Təbriz, Bakı, tez-tez getdiyi
Şuşa-Qarabağ, mənsub olduğu həmşəhri
mühitindən də. Təbii ki, ümumiləşdirəndə
müşahidə etdiyi hər kəsdən o obrazlarda
hansısa ştrixlər olurdu. Kiminə
görə, Kefli İsgəndərin prototipi Məhəmmədağa
Şaxtaxtinskidir, kiminə görə Ağcabədidə
hansısa ziyalı. Kiminə görə
isə "Ölülər" ümumən plagiatdır.
"Danabaş kəndinin əhvalatları"ndakı,
müəllifin ölümündən sonra çap
olunduğu üçün, güman ki, xüsusi redaktə ilə
tündləşdirilmiş geridə qalmış kənd
obrazı Qafqazın müsəlman mühitinin ümumi mənzərəsini
təqdim edir. Niyə müəllifin
ölümündən sonra o əsər belə aktual oldu?
Çünki o əyyam kolxoz quruculuğu və
ona qarşı böyük müqavimət, kəndli
üsyanları, qaçaq hərəkatı var idi.
Kolxoz düşmənlərini, o zamankı təbirlə desək,
"kontrevolsioner ünsirləri" ideoloji cəhətdən
tərk-silah etmək üçün Şura hökumətinin
"ədalətinə", "maarfçiliyinə" əşəddü
ehtiyacı olan Danabaş kəndi obrazı hava-su kimi lazım
idi.
Hansısa yekəbaş heyvərə günün birində
o obrazı sırf bir vilayətə, daha pisi bir kəndə
şamil etməyə başladı. Başqa heyvərə
o obrazı "məlum və naməlum regionlar"
qarşıdurması haqda qorxulu nağıllarla
"dolğunlaşdırdı". Amma gərək
ki, bunlar 90-cı illərdən sonra aktual deyildi axı. İndi hansı heyvərə "siyasi texnoloq"
bu bölünmələri aktuallaşıdırır? Məqsəd nədir?
Xoş məram güdüldüyünü güman
etmirəm.
Amma "dəstədən geri qalmamaq üçün" xora
qoşulub bir-iki ağız oxumağa həvəslilər bir az düşünsünlər. Kimisə belə
heyvərəcəsinə aşağılayanın
özü kim olur bu halda - eşşək,
Tağının torbasından pırt eləyib qaçan
dovşan, "sünnət dəlləyi", sərgərdan
qəleyçi, Hacıəminin sevgi obyekti, saat 12-dən sonra
danışdığının fərqində olmayan biri,
şorsatan, narkoman, qədeş, ya kim?
Heyvərələrə qoşulmaq yox, heyvərəliyə
"yox" demək lazımdır. Bəzən heyvərəlik
çox cəlbedici olub, perspektivdə baş yazarlıq,
baş qazançılıq və ya baş
qaşıqçılıq kimi ənamlar görünsə
də.
....2000-ci illərin əvvəllərində Natan Şaranskinin "İsraelba Aliya"sı bir neçə yerə parçalanıb faktiki sıradan çıxandan sonra İsrail mediasının bir sevincli şərhi rastıma çıxmışdı. Sevinirdilər ki, israillilər vahid xalqa çevrilir, rusdilli miqrantlar da ümumi yəhudi siyasi etnosuna inteqrə edir. Kiminəsə yersiz müqayisə kimi görünə bilər. O zaman Binəqədi rayonunda AMİP-ə verilən səslərin yaxın dövrümüzdə ən aşağı səviyyəyə düşməsi məndə təxminən eyni hisslər doğurmuşdu. Demək, artıq Azərbaycanda əlahiddə "ermənistanlı elektoratı" yox, İrəvan-Göyçə-Zəngəzur əsilli Azərbaycan vətəndaşları var və onların qayğıları, seçki agendası digərlərindən fərqlənmir.
Zəngəzur
dəhlizi işə düşdükdən, Qarabağa
Böyük Qayıdış reallaşdıqdan sonra nə fərqli
naxçıvanlı, nə də qarabağlı
elektoratı qalmayacaq, ölkənin sosial problemləri hər
yerdə necədirsə, onlar üçün də eyni
olacaq. Aşağılar inteqrasiya etməyi bacarırlar.
Yetər ki, dövlətin bu böyük təşəbbüsləri,
həqiqətən dünyanın, regionun və ölkəmizin
taleyini dəyişəcək layihələri uğurla bitsin.
Amma həm də kiminsə "yağlı yeri"ni tutmaq
üçün onun bütün həmyerlilərini demonizə
etmə kimi "yenilikçi" siyasi texnologiyalara, bu və
ya digər icmanı xor görmək praktikasına da son
verilsin.
P.S:18
yaşıma kimi yaşadığım rayonun tərkibində
olsa da, Nehrəm və mənim doğulduğum
yaşayış məntəqəsi fərqli zonalar
sayılır (çünki dediyim kimi, Sovet
dövrünün rayon bölgüsünə tarixi, nə
iqtisadi prinsiplərə söykənmədən
aparılıb), əhalisinin məişəti, ləhcələri
belə fərqlidir. Nehrəm mənə İlusu, Lahıc,
Ərkivan, Cavad, Qonaqkənd, Xınalıq, Şuşa... qədər
fərqli mühiti, xüsusi tarixi ənənəsi, məişəti,
ləhcəsi olan məntəqələrdən biri kimi
doğmadır. Nehrəmlilər kimi, digər hər hansı
yaşayış məntəqəsi, xüsusən tariximizdə,
mədəniyyətimizdə yeri olan məntəqə və əhalisi
haqda iyrənc demonizə etmə kampaniyasına da eyni
reaksiyanı verərdim...
Cəmaləddin Quliyev
525-ci qəzet .- 2022.- 27 iyul.- S.14.