"Bir namə yazmışam..."
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anarın "Vaqif Poeziya Günləri"nin açılış
mərasimindəki nitqi
Əziz tədbir iştirakçıları,
əziz dostlar!
40 il bundan
əvvəlki kimi, 1 il bundan əvvəlki
kimi azad Şuşaya - bu füsunkar təbiətin qoynuna bizi Vaqifin
işığı çağırıb.
Təbiət də canlı varlıqdır. Ağaclar çiçək açır, payızda yarpaqlar solur, tökülüb xəzəl
olur. Amma ağac ölmür,
yenidən dirilir və yeni baharda
torpağın gücü
ilə günəşə
boylanaraq çiçəkləyir.
Əgər təbiət
canlı varlıqdısa,
sevinc də duyur, həsrət də duyur və
30 il Şuşanın
dağları, dumanları,
meşələri, bulaqları
muğam həsrəti
ilə, doğma dildə şeir nisgili ilə yaşayıb. Xoşbəxtlikdən, bu nisgil sona yetdi. Bu gün Cıdır
düzü Azərbaycanın
ən möhtəşəm
konsert salonudur. Bu gün Vaqif
məqbərəsinin önü
Azərbaycanın ən
yüksək şeir kürsüsüdür. Təsadüfi
deyil ki, hörmətli Prezidentimizin
ilk fərmanlarından biri
Şuşanı - Vaqifin,
Natəvanın, Nəvvabın,
Cabbarın, Üzeyirin,
Bülbülün Şuşasını
Azərbaycanın mədəniyyət
paytaxtı elan eləmək oldu. İlk günlərdən Şuşada
şeir, musiqi tədbirləri keçirilir
və biz Şuşaya,
vandallar tərəfindən
dağıdılmış, viran qoyulmuş küçələrə, evlərə
sənət, mədəniyyət
gətiririk.
Bu festival Vaqifin adı
ilə bağlıdır. Vaqifin çox
xoşbəxt həyatı
olub, amma bu həyat böyük
faciə ilə bitib. Şəhəri
fəth edən fateh Vaqifə qətl hökmü verib və Vaqif
məhbəsdə edam
gününə açılacaq
o səhəri gözləyərkən
ümidini itirməyib,
nə isə bir xəbər gözləyib. Həmin səhər xəbər
gəlib ki, ona qətl fərmanı
verənin özü qətl olunub. Vaqif azad olunub və
"Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!" misrası ilə başlayan şeiri yazıb. Ağa Məhəmməd şahın acı aqibətindən ibrət götürməyə çağırıb
və deyib ki, nə qədər
ömrün var, nə xana, nə
də xotkara inan. Amma başqa bir
xanlıq həvəsinə
düşən cəlladın
fitvası ilə Vaqif və oğlu
faciəvi şəkildə
qətlə yetirilib.
Bəlkə də, Vaqif ömrünün məşəqqətli
günlərində ədəbiyyatımızın
ən kədərli şeirlərindən birini
yazıb. Fikrimcə, Füzulinin "Gördüm"
rədifli qəzəli
və Vaqifin "Görmədim" rədifli
müxəmməsi ədəbiyyatımızın
ən bədbin şeirləridir:
Mən cahan mülkündə, mütləq,
doğru halət
görmədim,
Hər nə gördüm, əyri gördüm,
özgə babət
görmədim.
Müxtəsər kim, belə dünyadən gərək
etmək
həzər,
Ondan ötrü kim,
deyildir öz yerində xeyrü-şər,
Alilər
xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur,
kərəm əhlində
zər,
İşlənən işlərdə
ehkamu
ləyaqət görmədim.
Baş ağardı, ruzigarım oldu
gün-gündən siyah,
Etmədim, səd heyf kim,
bir mahi ruxsarə nigah,
Qədr
bilməz həmdəm
ilə eylədim
ömrü təbah,
Vaqifə,
ya rəbbəna,
öz lütfünü
eylə pənah,
Səndən özgə kimsədə
lütfü inayət
görmədim.
Amma mən ədəbiyyatımızın ən şux klassikinin haqqında etdiyim çıxışı
bu bədbin şeirlə bitirmək istəməzdim. Mən Vaqifin həyat eşqi ilə, sevgi şövqü ilə, gənclik şuxluğu ilə dolu başqa
bir şeirini demək istəyirəm:
Sevdiyim,
ləblərin yaquta bənzər,
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan
sözlərin
Hər biri bir qeyri xəzanədəndir.
Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu
kimdəndir bizə?
Söyləgilən: Sizin divanədəndir.
Xumar-xumar
baxmaq göz qaydasıdır,
Lalə
tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan,
nə şanədəndir.
Müştaqdır üzünə gözü
Vaqifin,
Yolunda payəndaz üzü Vaqifin,
Sənsən fikri, zikri, sözü Vaqifin,
Qeyri söz yanında əfsanədəndir.
Ölməz Vaqif poeziyasına
eşq olsun!
Şuşanı, Qarabağı, Şərqi
Zəngəzuru doğma
xalqına qaytaran müzəffər ordumuza eşq olsun!
Ata vəsiyyətini əzmlə,
iradə ilə yerinə yetirən, Ulu öndərin oğlu, 44 günlük qələbənin atası
hörmətli Prezidentimizə
- Ali Baş Komandana eşq olsun!
Günü-gündən gözəlləşən,
abadlaşan, dirçələn
şeir, musiqi məskəni Azərbaycanın
qoynunda yaşayacaq Şuşamıza eşq olsun!
Nəhayət, bizim hamımıza eşq olsun ki, bu günü
gördük.
14.07.2022
525-ci qəzet .- 2022.- 27 iyul.- S.12.