Şuşa ətirli ilimiz...

 

 

"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabag Azərbaycandır!"

Bu tarixi sözlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məxsudur. 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqına müraciətində səsləndirdiyi bu sözlər uzun illər ərzində Şuşa həsrəti çəkən Azərbaycan xalqının, dünyada yaşayan soydaşlarımızın yarasına məlhəm oldu. Xalqımızın duyduğu bu xəbərdən sevinci illərin Şuşa adlı həsrətini ümidlərə caladı, boy göstərdi. Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz Şuşanı azad etdi.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Azərbaycanın dövlət başçısının yorulmaz fəaliyyəti, düşünülmüş müdrik siyasəti, igid oğullarımızın qanı hesabına biz Şuşamıza qayıtdıq. Bu, elə bir zaman idi ki, tarix həm torpaqlarımızın erməni mənfurlarının işğalından azad olunması istiqamətində Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirilən siyasəti ilə xalqın bu siyasəti dəstəkləməsinin vəhdətinin şahidi oldu. biz qələbə çaldıq.

Şuşa 28 il yarım işğal altında qaldı, mənfur düşmən Şuşanı işğal altında saxlamaqla Azərbaycanın qədim tarixi köklərə dayanan mədəni irsinə böyük zərbə vurdu, Azərbaycana onun xalqına aid tarixi abidələrimizi, məscidlərimizi, təhsil müəssisələrimizi, kitabxana muzeylərimizi dağıtdı, talan etdi. Lakin Azərbaycanın musiqi beşiyi - konservatoriyası olan Şuşamız öz aid olduğu yerə - Azərbaycana qaytarıldıqdan sonra biz qısa müddət ərzində Şuşamızı dirçəltməyə başladıq. Hazırda mədəniyyət paytaxtımızda geniş bərpa-quruculuq işləri aparılır, tarixi-dini abidələrimizin siması özünə qaytarılır, yeni tikililər, magistral asfalt yolu şəhərin ruhuna ruh qatır. Yeni məktəb, beş ulduzlu otel, xəstəxana inşa edilir. Şuşanın tarixi simasının bərpasına diqqətlə yanaşılır, tarixi abidələrimiz bərpa edilir. Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşasına başlanılıb. Şuşada yaşayış binaları tikilir, şəhərin içməli su ilə təminatı layihələndirilir. Bütün bunlara şahidlik edən Şuşa Azərbaycana qovuşmağın, mənfur düşmən tapdağından, talanından azad olmanın səadətini dövlətimizin, xalqımızın onun dirçəldilməsi yolunda həyata keçirilən reallıqları ilə paralel yaşamaqdadır.   

Şuşa Azərbaycanın mənliyi, qeyrət rəmzidir. Şuşa Azərbaycanın əsrlərdən üzü bu yana boylanan qədim tarixinin qiymətli incisidir. Qarabağın döyünən ürəyidir, musiqi, mədəniyyət beşiyimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Onun qədrini yalnız əsl sahibləri bilər, necə ki, bilirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz sevgisini nümayiş etdirərək, tez bir zamanda Şuşanı tam dirçəltmək üçün əlindən gələni əsirgəmir. Şuşa işğaldan azad olunandan sonra tez bir zamanda Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın qızı Leyla Əliyevanın Şuşaya getməsi dövlətimizin öz tarixinə, mədəniyyətinə, torpaqlarına sahib çıxmağın qürurunu yaşatdı bizlərə. Azərbaycan Prezidenti tərəfindən Şuşa şəhərinin "Azərbaycanın Mədəniyyət Paytaxtı" elan edilməsi ilə Şuşa şəhərinin bərpası tarixi simasının özünə qaytarılması istiqamətində böyük işlərə start verildi. Qısa müddət ərzində Şuşa mədəni siyasi tədbirlərin keçirildiyi ünvana çevrildi. Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı, "Vaqif Poeziya Günləri" dünyaya səs saldı. Şuşa Azərbaycanda akkreditə olunan xarici diplomatların, buraya səfərləri təşkil olunan əcnəbi jurnalistlərin gözü ilə dünyaya bir daha tanıdıldı. Habelə, Azərbaycanın BMT-nin üzvlüyünə daxil olmasının 30 illiyinə dair tədbirin Şuşada keçirilməsi bu şəhərin dünyanın siyasi arenasına çevriləcəyindən xəbər verir.

Cari ilin 22 aprel tarixində Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada baş tutdu, onilliklər boyu Şuşa həsrəti ilə yaşayan azərbaycanlılar mənəvi rahatlığın, həmrəyliyin, Şuşaya qovuşmağın sevincini birgə yaşadılar bu qurultay Zəfər Qurultayı olaraq tariximizin səhifələrində əbədi yerini tutdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda 2022-ci ili "Şuşa İli" elan edilməsi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələrək nəinki Azərbaycanda, bütün dünyada, o cümlədən, İndoneziyadakı Səfirliyimizin təşəbbüsü ilə sisilə tədbirlər həyata keçirilir. Həmçinin, il ərzində Şuşada bir sıra beynəlxalq yerli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyimiz olan Şuşa şəhəri, eyni zamanda, 2023-cü il üçün "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan edilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 2022-ci il 31 mart tarixli növbədənkənar iclasında qəbul olunub.

"Şuşa İli" çərçivəsində diplomatlarımızın bu şəhərdə yığışması ilə Qarabağın tacının növbəti dəfə dünyaya siyasi, diplomatik mərkəz kimi tanıdılmasında öz strateji rolunu oynadı. Bununla da Şuşa daha bir mühüm tədbirə ev sahibliyi etdi, Şuşadan dünyaya yeni mesajlar verildi. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxışında söylədiyi kimi, dövlətimiz 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq hüququ, tarixi ədaləti bərpa etdi. Azərbaycan eyni zamanda sülh, quruculuq prosesində qalib olmaqla bütün dünyaya fərqi nümayiş etdirəcək - işğal altında olan torpaqlar ona olan yad, ögey münasibət bu torpaqlara qayıdan əsl sahiblərin gördüyü işlər. Hərbdə Zəfər çalmış ölkəmiz, sülhdə qalib olacaq!

Şuşa Azərbaycanın döyünən ürəyi, Qarabağımızın tacıdır, Azərbaycan tarixinin, mədəniyyətinin şah damarıdır bu damardan axan qan hər bir azərbaycanlının dünənini, bu gününü, gələcəyini bir-birinə bağlayan Vətən adlı sevgidir, qürurdur. "Şuşanın dağları" artıq öz dumanına, öz aid olduğu məkanına, Azərbaycan adlı vətəninə qovuşub. Çox uzaqlardan, Azərbaycanın Şuşa ətirli qədim tarixindən Xanın səsi "Şuşada axşamlar yanar ulduzlar..." deyərək, Vətəninə qovuşan mahnısını böyük sevinclə zümzümə edir sanki. Dünya mədəniyyətinə, musiqisinə, ədəbiyyatına böyük töhfələr vermiş, Şuşada, Qarabağda doğulub, yazıb-yaratmış Azərbaycan ədiblərinin, musiqiçilərinin ruhları şaddır indi. Çünki xarıbülbüllü Şuşamız azaddır, Azərbaycana qovuşub. Artıq Şuşalı illərimizi Şuşa ilə birlikdə yaşayacağıq. Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın ilinin qeyd olunması qürurunu bizə yaşadan - tarix yazan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə yüksələn qazi olan Azərbaycan oğullarına sonsuz təşəkkür edirik!

Şuşa, sən qürurumuz, tariximiz, bitməyəcək sevgimiz, Azərbaycanımıza aid dəyərli incimiz, döyünən ürəyimizsən. Şuşa ətirli ilimiz mübarək!!! Zəfərin mübarək, Şuşa!

 

Gültəkin Həbibli

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin müşaviri

525-ci qəzet .- 2022.- 27 iyul.- S.9.