Təklik
Təklik üz verir mənə
Ətraflı
Yadıma sən düşürsən...
Sənin gözlərinin dərinliyində
Boğulmaq istərəm, batmaq istərəm.
Əliağa Kürçaylı
İşdən
yorğun-arğın gəlib evinin qapısını
açanda arxadan zillənən nəzərləri sövq-təbii
hiss etdi. Cəld içəri girib qapını
bağladı. Çiyinlərinə qəfil
ağır yük düşmüş kimi səndələyib
özünü divanın üstünə saldı. Nəfəsi təngidi, gözlərini yumub dərindən
köksünü ötürdü. Sükut
içində mürgüləyən soyuq otağın
çoxdan alışdığı qeyri-adi səssizliyində
qulaqları cingildədi. "Tək olanda
qulağın cingildəyirsə, deməli, adını
çəkir, söhbətini edirlər" - hələ
uşaq vaxtı nənəsindən eşitdiyi sözlər
yadına düşdü. Hə, yəqin
kimsə xatırlayır. Kim olar, görəsən?
Onu hədsiz istəyən atası dünyadan
vaxtsız köçüb. Tez-tez yuxusuna
girir. Görünür, nigarandır
balasından. Ahıl anası fikrini çəkir,
namaz üstə dua edir, adı dilindən düşmür.
Bir də xətrini çox istədiyi
qardaşı. Külfət basıb onu,
saçları vaxtsız ağarıb. Maşallah,
elə bil ay parçasıdır qardaşı
qızları. İllah da
böyüyü, Ayteli. Lap körpəliyindən
özü - bibisi əzizləyib onu. Ağlağan
olduğundan qardaşı arvadı həzər eləyirdi doğma
balasından. Amma bibisi nəfəs
alırdı körpəylə, gecə-gündüz inqa-inqa
eləyən əl boyda "möcüzəylə"
ürəyi bir döyünürdü. Ananın
bir-birinin ardınca "işığa gələn"
balalarına başı elə qarışmışdı ki,
əvvəllər hay-küyü, sonralar şaqraq
gülüşü ev-eşiyi bürüyən ilkinin nə
vaxt böyüyüb məktəbə getdiyindən xəbər
tutmamışdı sanki. Və indi gülərüz,
ağıllı-kamallı Aytel onu boya-başa
çatdıran bibisinə "ana" deyirdi. Fərəhindən ürəyi uçunan
Çiçək aspiranturaya qəbul olunduqdan sonra Bakıya
yola düşəndə güclə ovundurmuşdu onu.
Söz vermişdi ki, kənddə orta məktəbi qurtaran
kimi Ayteli şəhərə öz yanına aparacaq...
İndi
sükuta qərq olan, hələ işığını
yandırmağa macal tapmadığı bu alaqaranlıq otaqda
ona elə gəldi ki, al yanaqlı Aytelini görür,
doğma, şirin-şəkər səsini eşidir:
"Yayda məktəbi qurtarıb gələcəyəm
yanına, ana!"
Yaşa dolsa da, hələ gənclik təravətini
hifz edən Çiçək köksünü
ötürdü. Gözləri doldu, yanaqları islandı.
"Ana" sözü qulaqlarında səslənəndə
həmişə kövrəlirdi. Və
bir də onu... gözlərində ürəyi görünən,
dilindən "qıfıl asılan" qonşu
oğlanı xatırlayanda. On il bir məktəbdə,
bir sinifdə oxumuşdular. Toğrul anadan
riyaziyyatçı doğulmuşdu elə bil. Bunu müəllim də deyirdi, uşaqlar da. Ancaq elə bir danışıq qabiliyyəti, nitqi
yox idi. Müəllimin suallarına cavab verəndə
dili topuq vururdu. Gəl ki ən çətin misalı, məsələni az qala bir göz
qırpımında həll edir, sonra da müəllimin,
yoldaşlarının "gözünü
oğurlayıb" əl altdan Çiçəyə
ötürürdü. Qonşu qız da borclu
qalmırdı, ədəbiyyatdan inşa yazanda kömək
edirdi ona. Çiçək dilli-dilavər
idi. Kitab əlindən düşmür,
mütaliəsiz keçinmirdi. Oxuduqlarını
həvəslə, maraqla, yerli-yerində Toğrula
danışırdı. O da diqqətlə qulaq asır,
gözlərini qıza dikib qalırdı. Çiçək
evlərinə çatıb həyət qapısının
kandarında sağollaşmaq istəyəndə nitqi tutulurdu
elə bil. Ona nüfuz edən gözlər
çaşdırırdı qızı. Tələm-tələsik
qapını çəkib həyətdən şüşəbəndli
eyvana qalxırdı. Və oradan, şüşəbəndin
arxasına qısılıb oğrun-oğrun baxanda, hələ
də dayanıb gözlərini qapıdan çəkməyən
qonşu oğlanın fıkrə getdiyini
görürdü...
"Bilirəm nə fıkirləşirsən, gözlərin
deyib mənə. Bəs dilin? Danış,
de də, bircə kəlmə sözə nə var ki. Kaş mən sənin yerinə olaydım.
Axı, oğlan deməlidi sözünü... kişi
kimi. Zarafat deyil, doqquzda oxuyuruq, gələn il
qurtarırıq məktəbi. Sonra... bilirəm
sən riyaziyyatçı olacaqsan, mən də ədəbiyyatçı.
Oxuduqlarımı yenə sənə
danışacağam, o qıfıllı dilinin
açarını tapacağam. Bir dayan, gör səni
necə sevə..."
Birdən cərəyan vurmuş kimi qız durduğu
yerdə qıvrıldı. Ürəyindən
keçənlər beynində qırılıb qaldı.
Ona elə gəldi ki, düşündüklərini
dilinə gətirib, özü də bilmədən ucadan səsləndi
və oğlan da eşitdi. Xəcalətindən
qızardı... Sonra özünü toplayıb
həyət qapısına sarı boylandı. Və sinədolusu köks ötürdü.
Yoox, Toğrul heç nə eşitməmişdi, həmişəki
kimi fıkirli halda qonşu qapısından
uzaqlaşmışdı...
O,
ötüb-keçənləri xatırladıqca həyatının
ən unudulmaz çağları gözləri önündə
sanki dumana bürünürdü. Bu, xatirələrin
göz yaşları idi. Nisgilli
duyğulardan ürəyi köksünə
sığmırdı.
Kəndlərində orta məktəbi bitirən gün
necə də sevinirdi. Deyib gülür, dil-boğaza qoymur,
arzularından danışırdı Toğrula. O,
gözlərini qızın alışıb yanan
yanaqlarına zilləyib adəti üzrə dinib
danışmadan sakitcə qulaq asırdı. Həmin
gün özünü bəxtəvər sanan qız bilmirdi
ki, "dili qıfıllı qonşu oğlan"ı bir
daha görməyəcək. Ertəsi
gün atası onu riyaziyyat müəlliminin məsləhətilə
Moskvaya aparacaq, Toğrul ölkənin ən məşhur,
nüfuzlu universitetinə qəbul olunacaq. Bir
qədər sonra yer kürəsinin altıda bir hissəsini əhatə
edən nəhəng ərazi sanki çalxalanacaq,
zaman-dövran büsbütün dəyişəcək.
Qonşu oğlanın sorağı xarici ölkələrdən,
mötəbər elmi mərkəzlərdən gələcək,
dəyərli riyaziyyatçı alim kimi şöhrətlənəcək
o.
İnterneti
müntəzəm izləyən, bayramlarda təbriklər
göndərib qarşılıqlı səmimi mesajlar alan Çiçək
riyaziyyatçıların beynəlxalq müsabiqəsində
Toğrulun qalib gəldiyini biləndə sevincindən sanki
quş kimi qanadlandı. Ancaq o qanadlar az
sonra qırıldı...
"Həmyerlimiz
görkəmli riyaziyyatçı alim Toğrul Azəroğlu
ailəsi ilə birlikdə..."
Ardını oxuya bilmədi, göz yaşı ekranı
dumana bürüdü.
"Ailəsi
ilə birlikdə..." Qəlbini titrədən,
ağlına gəlməyən, heç vəchlə gözləmədiyi
bu xəbər onu sanki şirin yuxudan, xəyallar aləmindən
ayıltdı, yalnız özünə məhrəm romantik
düşüncələrinin ənginliyindən yerə
endirdi. Və rəngsiz, boyasız real həyatın sərt
gerçəkliyi ilə üzbəüz qoydu hədsiz sevgi
dolu pak qız qəlbini
"Demək ailəsi varmış", -
düşündü və sanki qeyri-müəyyənlikdən
çıxıb yüngülləşdi elə bil. Sonra ürəyindən
keçənləri dilinə gətirdi: "Təki xoşbəxt
olsun".
Dərin köks
ötürüb, öz-özünə
pıçıldadı: "Qisməti beləymiş yəqin,
Allah bəxtəvər eləsin". Otağın buz
sükutunu pozan pıçıltısının sonucunda
anasının kövrək, məhrəm səsini eşitdi
sanki: "Allah ürəyinə görə versin,
qızım, sənin də bəxtinin qapısını
açsın. Tay-tuşların kimi öz
ev-eşiyin, ailən olsun, inşallah. Vaxtın
keçir, balam, mən də qocalıb əldən
düşürəm, sənin o gününü gözləyirəm".
"Vaxtın
keçir..." İlahi, illər hara
uçdu, nə tez yaşa doldu o, məəttəl
qalmışdı lap. Bircə təsəllisi vardı: ali təhsil almışdı, müdafiə
etmişdi, elmi dərəcəsi, adı-sanı, hörməti-izzəti
öz yerində. Tədqiq-tədris etdiyi ixtisas
fənninin bilicisi, tələbələrinin sevimlisi, ürəkdən
bağlandığı sənətinin, işinin vurğunu
idi. Vaxtın necə keçdiyindən xəbər tutmaz,
tez-tez saatına baxıb harasa tələsənlərə pəsənd
eləməz, qaş qaralanda sükut içində
mürgüləyən, kitab rəflərinin sıralanıb
tavana dirəndiyi soyuq otağının qapısını
açardı...
Neçə illərdi beləcə davam edirdi. Elə bu
gün də həmişəki kimi. Yox, bu
gün elə deyildi, adət etdiyindən fərqli idi,
çox fərqli. Zahirdə ətrafdakılara hiss etdirməsə
də, içi qaynayırdı, ürəyi od
tutub yanırdı elə bil. Özünü o
ki var qınayır, sanki üstünə hücum çəkən
suallara cavab tapa bilmirdi. Axı, niyə belədir: həmdəmi,
ömür-gün yoldaşı, ailəsi yoxdur, tək-tənha,
yalqız qalıb. Ona gözlərini zilləyib
sözünü deyə bilməyənin dilini açmaq istəmişdi,
amma bacarmamışdı, üstəlik, öz bəxtinin,
taleyinin açarını itirmişdi. Nə
qədər "oduna yanan"ı, abırına
bükülüb üstünə minnətçi göndərəni,
mərdi-mərdanə sözünü şax üzünə
deyəni saya salmamışdı.
İndi səssiz-səmirsiz otağında
yalqızlığın buz nəfəsi
üşüdürdü onu.
Birdən bayırdan səs gəldi. Deyəsən,
qonşular mübahisə edirdilər. Kövrək,
sakit səsli Ayna arvad adəti xilafına ucadan, əsəbi
danışırdı. Sonra sakitlik oldu.
Qapının zəngi çalındı.
Gözlükdən baxanda xətrini çox istədiyi
Ayna nənəni gördü. Qapını açıb
salam verdi
- Əleyküməssalam, bala. Bıy, başına
dönüm, işığını niyə
yandırmamısan? Ahıl qonşusu cavab
gözləmədən elə kandardaca qanrılıb düyməni
basdı.
Çiçəyin
alaqaranlığa öyrəşən gözləri otağa
dolan gur işıqdan qamaşdı:
-
İşıqlığa çıxasan, Ayna nənə!
- Bəxtin
işıqlı olsun, qızım!.. Bəs evin niyə soyuqdur belə? Təzədəm
çayım var, gətirim, iç, isti
olsun sənə.
Həlimxasiyyət,
həssas, uzaq kənddə onun fikrini çəkən qoca
anasına oxşayan qonşusunun qayğıkeşliyi
Çiçəyi duyğulandırdı:
- Sən
heç narahat olma, Ayna nənə, - deyə əl-ayağa
düşdü. Otağın böyründə
qapısı açıq kiçik mətbəxə
keçib qazı yandırdı, çaydanı odun üstünə
qoydu. Sonra qayıdıb onunla üzbəüz oturdu:
- Səsin
gəlirdi qonşudan, nə olmuşdu ki?
- Daha nə
olacaq? - od götürdü elə bil
qarını, - Elə bilirsən görmədim sənə əyri-əyri
baxanı? Hövsələmi basdım, gözlədim,
arvadı evə gələn kimi kəsdim qabağını,
o ki var dedim sözümü, kişisini də peşman elədim.
Dedim ayıbdır, qonşuya pis gözlə baxma,
xanım-xatın arvadından, qız-gəlinindən
abır-həya elə.
Ayna nənə
birdən səsini qısıb sirr açırmış kimi
başını Çiçəyə sarı əyərək
az qala pıçıldadı:
- Mən
bu yaşıma çatmışam, arvadından çəkən
beləsini görməmişəm hələ. Kişinin
üzü yumurta sarısına döndü. İstəmədim mərəkələrini eşidəm,
qapılarından çəkdim ayağımı. Gəldim sənə deyim ki, narahat olmayasan.
-
Qanım qaralsa da, narahat deyiləm. Çünki beləsinə
nə salam verirəm, nə də
salamını alıram, heç üzünə baxmıram.
- Əcəb eləyirsən, neçə ilin
qonşusuyuq, özüm şahidəm. Sənin kimi əli-ayağı
düz, namuslu, qeyrətlisini az
görmüşəm, çox az. Mən bildiyimi deyirəm,
heç kimin babalını yumuram.
Çiçək mətbəxə keçib qaynayan
çaydanı odun üstündən götürdü, fincan
boyda çaynikə quru çay töküb dəmə qoydu. Az sonra
iki armudu stəkana süzüb düm ağ süfrə
saldığı masanın üstünə düzdü.
- A
qızım, nə zəhmət çəkirsən, bir az var içmişəm. Çiçək ərklə:
-
İçmisən, birini də mənimlə içərsən,
özü də təzə mürəbbəynən, - dedi,
mürəbbə qabını süfrəyə qoyub
sözünü tamamladı, - bunu kənddən
qardaşım qızı Aytel göndərib. Keçən dəfə
yanıma gələndə görmüsən onu...
- Həə...
yadıma düşdü, Allah
saxlamış gözəl-göyçək, çox mehriban
baladır. Yaman mehrini salıb, ana deyir sənə.
- Körpə
vaxtı mən baxmışam ona. Yayda məktəbi
qurtaran kimi yanıma gətirəcəyəm.
Ayna arvad onun dilindən heç vaxt eşitmədiyi
sözləri nəmli gözlərindən oxudu: "Daha tək
qalmayacağam, yalqız olmayacağam".
Həyatının
dolayları üzünün qırışlarında
naxışlanan Ayna nənə ömrünün qürub
çağında qonşuluq etdiyi, doğması, əzizi
kimi isnişdiyi Çiçəyi yaxşı
tanıyırdı: ismətli, qürurlu idi, özünü
sındırmırdı, dərd-sərini içində
saxlayırdı. Heç vaxt bəxtindən, təkliyindən
şikayətlənmirdi. Ancaq son vaxtlar
ümidini itirmiş, ürəyi qırılmış kimi
görünürdü. Ayna arvada belə
gəlirdi. Bəlkə o, səhv edirdi. Yaşı ötmüş köhnə fıkirli
adamdır, indiki cavanları anlamaq onun üçün asan
deyil. Odur ki, xətrini istədiyi cavan,
subay qonşusu ilə ehtiyatla davranır, onun qəlbinə dəyə
bilən kəlməni dilinə gətirmirdi. Həmişə həlim, mülayim
danışır, söhbəti axarına salırdı.
İndi də
onun sözünə qüvvət verib:
-
Yaxşı eləyirsən, - dedi, - gətir yanına, oxutdur,
öz balan kimi hayanın olsun.
Çiçəyin yanaqları qızardı,
yaraşıqlı üzü işıqlandı. Ayna arvad xoşhal oldu:
- Mənim
canım kiçik nəvəmdədir. O da əl çəkmir,
hayan olur mənə. Hərdən öz-özümə
fıkirləşirəm: İlahi, qüdrətinə qurban olum,
ahıl yaşımda eşq bəxş eləmisən mənə,
nəvəmin məhəbbətini; yaşaya bilmirəm onsuz,
nəfəs alıram onunla, - əlini quru sinəsinə qoydu,
- bax, ürəyimin döyüntüsündən bilirəm
ki, harda olsa gələcək, "nənə, haradasan?" -
deyə haray salacaq.
Ayna nənə
nəfəsini dərdi, maraqla ona qulaq asan Çiçəyə
zənlə baxıb:
-
Qızım, məhəbbət nəyə deyirsən, elə
belə olur da! - deyə zarafatından
xoşhal kimi gülümsədi.
Ayna nənənin məzəli tərzdə dediyi
sözlərə Çiçək gözləri
yaşarınca gülüb uğundu.
- Allah
köməyin olsun, nə yaxşı gəldin, yaman dedin ha, -
deyib Ayna nənəyə baxanda onun susub fikrə getdiyini
gördü. İşığı avazıyan
batıq gözləri yol çəkirdi. Qadının
əhvalının birdən-birə dəyişməsi
Çiçəyi təəccübləndirdi. Sual dolu
baxışların cavabını yayındırmaq istəyən
Ayna nənə dərindən ah çəkib:
-
Heç, qızım, - dedi, - elə bir şey deyil. Birdən fikir aldı məni apardı uzaqlara, olub
keçənlərə.
Araya sükut çökdü. Sonra özü-özünü
qınayırmış kimi başını aşağı
salıb söyləndi:
- Nəyim
əskikdir, övladlarım, nəvələrim, bu
gün-sabah nəticəm olacaq inşallah.
Başını
qaldırıb ona qəribə nəzərlərlə baxan
Çiçəyi ilk dəfə görürmüş kimi
diqqətlə süzdü:
- Sən
cavansan, məni başa düşə bilməzsən hələ.
Elə ki, yaşa dolub ahıllaşdın, məəttəl
qalırsan: hər şeyin var, evin uşaqlarla
dolub-boşalır, Tanrına şükür edirsən. Ancaq
öz içində yalqızsan, görürsən
yarımçıqsan elə bil, yoxdur ömür-gün
sirdaşı, kişi nəfəsi...
quruca nəfəs.
Eşitdiyi sözlər Çiçəyi yaman təsirləndirdi. Hiss etdi ki, Ayna arvad
özündən danışsa da, onun "bostanına daş
atır".
O, düm
ağ, ipək kimi yumşaq əlini
qarının göy damarları görünən arıq əlinin
üstünə ehmalca qoydu:
- Anam da sən
deyəni deyir, kəndə gedəndə əl çəkmir,
and-aman eləyir.
- Düz
eləyir, qızım, mən də anayam, nənəyəm,
başa düşürəm onu. Böyük deyən
sözü göyərt vaxtında, sonra gec olur, iş işdən
keçir.
Araya ağır sükut çökdü. Çiçək
günahkar kimi başını aşağı salıb,
gözlərini yerə dikdi. Elə bil ağ,
yaraşıqlı boynu, zərif çiyinləri gözəgörünməz
yük altında gərilir, ürəyi
sıxılırdı.
Gözaltı
ona baxan Ayna arvad narahat oldu:
-
Ağrın alım, qadan-balan gəlsin mənə. Birdən
sözüm qəlbinə dəyər, inciyərsən ha...
- Yox, niyə
inciyirəm ki, bilirəm xətrimi istədiyindən deyirsən.
Yaxınlar, ərki çatanlar da eşitdirirlər
mənə. Heç bilmirəm nə cavab verim, ürək
süfrə deyil axı, açıb sərəsən, - əlini
sinəsinə qoyub ürəyinin üstündə
saxladı, - vallah bacara bilmirəm bununla, od
tutub yanır içimdə, özüm də
özümü danlayıram.
Gözləri doldu. Onun saflığı, ürəkaçıqlığı,
səmimi etirafı ahıl qadını kövrəltdi:
- Hə,
könül məsələsi müşkül işdir,
ürəyi məcbur eləmək olmur.
O, susub nəyisə
içində götür-qoy elədi. Çaşqın
halda Çiçəyə baxdı. Nə desin, necə
desin ki, cavanlığı ilə vidalaşmaqda olan, ancaq
dünənindən ayrıla bilməyən, hələ də
gənclik təravətini itirməyən gözəl
qonşusunun ürəyinə dəyməsin, sözü
ağlına batsın.
- Ancaq
yaş da ötür axı, - fikrində dolaşan sözlər
dilindən çıxdı və qeyri-iradi olaraq onu diqqətlə
süzdü. Özü də məəttəl qaldı:
yaşa dolan qızın saçına düşən dəni,
yaraşıqlı üzündə "gizlənən"
xırdaca qırışı necə seçdi? Ona zillənən
baxışlardan yanaqları allanan Çiçək Ayna
arvadın sözlərini elə bil uzaqdan eşitdi:
- Adam
inana bilmir vaxtın tez keçməyinə, yaşının
ötməyinə. Bir də baxıb görür ki, iş işdən keçib. Hamının
evi-eşiyi, ailəsi, uşaqları. Bircə o, tək
qalıb, yalqız olub... Bağışla, xətrinə
dəyməsin, qızım. Mən bu
sözləri dünən böyük oğlumun qaynına
demişəm. Səndən 3-4 yaş
böyük ola-olmaya. Ağıllı,
savadlı, sənin kimi dərs deyir tələbələrə.
Tay-tuşları çoxdan evlənib. Bu, subaydır, özünün deməyi
arayıb-axtarır hələ.
Ani olaraq
susub, sonra sakit, yalvarış dolu kövrək səslə
Çiçəyə üz tutdu:
- Sən Allah bağışla, qızım.
Bir işdir eləmişəm, sənin barəndə ona
danışmışam. Özüm də məəttəl
qalmışam, o səni tanıyır, bəyənir, ancaq
sözünü deyə bilmir. Deyir ki, onu istəyənlər
olsa da, heç kimə məhəl qoymur.
Ayna arvad elə bil təngnəfəs oldu. Dərindən
köksünü ötürüb sözünü
tamamladı:
- Mən
də çox fikirləşmişəm, götür-qoy eləmişəm.
Axır ki, özümü cəmləyib sənə
deyirəm. Əgər ikinizi də
tanımasaydım, bir-birinizə layiq bilməsəydim,
heç üstünü vurmazdım. Ancaq insafım rəva
bilmədi, dedim sözümü ona da, sənə də. İndi fikirləş, düşün-daşın,
bir qərara gəl özün.
Yalqız qalanda gözləri dolub yanaqları islanan
qızın indi yaraşıqlı çöhrəsi
puçur-puçur tər içində idi.
Birdən ikisi də səksəndi. Qonşu
qapı döyüldü. Sonra qız
uşağının səsi gəldi:
- Nənə,
ay nənə!..
Ayna nənənin üzü işıqlandı. Yaşına
rəğmən, cəld yerindən qalxdı.
Çiçəklə sağollaşıb qapını
açdı:
- Nənə
sənə qurban, burdayam, Çiçək xalanın
yanında, gözlə gəlirəm.
Otaqdan çıxıb arxasınca qapını örtmək
istəyəndə qanrılıb Çiçəyə zənlə
baxdı. Və nəzərlərini ona zilləyən
qızın qoşa ulduz kimi işıqlı ala gözlərində
bir ümid gördü.
Əlövsət
BƏŞİRLİ
525-ci qəzet .-
2022.- 28 iyul.- S.14;15.