Naxçıvan

 

Araz boyu oylağı,

Düşmənlərə göz dağı,

Yenilməz Türk bayrağı,

Başda tacdı Naxçıvan.

 

 

Yaylağa çata-çatda,

Xalılar Batabatda,

Təzə kəklik daş altda,

Bir boxçadı Naxçıvan.

 

Tarix donub daşında,

Tarixin yaddaşında...

Teymurla savaşında,

Əlincədi Naxçıvan.

 

Bir ovuc torpağam

 

Mən bir ovuc torpağam ki, buz bağlamışam,

Həmin buzun arasında od saxlamışam.

Yandığım o atəşləri od sanmamışam,

Tütə-tütə, yana-yana yaşamışam mən,

Buz üstündə yanan oda oxşamışam mən.

 

Dəmir əyib daş qırmışam dizimin üstdə,

Düz olana yer vermişəm gözümün üstdə...

Sən qəlbimə dəymə, naşı, canımı istə,

Dost yolunda can verməyi öyrənmişəm mən.

Dost zərbəsi görə-görə göynəmişəm mən.

 

Bərk ayaqda daha artıq bərkiməyim var,

Dözümümdən, iradəmdən özgə nəyim var?

Bir quru can - əcəl gəlsə, peşkəş aparar...

Belə ömür yaşamışam, bəsimdi mənim,

İnsafına tapşırıram hesab çəkənin!..

 

Adsız şeir

 

Gün var - ömrün ilk ucu,

Gün var - ömrün son ucu.

Bir gün qaytarmalıyıq,

Bizə verilən borcu...

 

Gün çıxar - batmaq üçün,

Oyanar - yatmaq üçün.

Hər gün bir pilləkəndi,

Mənzilə çatmaq üçün...

 

Elə mənəm

 

Silkələdin məni, qələm,

Sən oyatdın qəmi, qələm.

Duyğularım "Yanıq Kərəm",

Elə vur ki, telə dəysin,

Mizrab yansın, sim göynəsin...

 

Sən oyna ki, söz oynasın,

Dil bağlansın, göz oynasın.

Oxuyanlar heç doymasın,

Canım qələm, gözüm qələm,

Mirvari deş, düzüm, qələm.

 

Mən məhəkəm, sən daşımsan,

Mən bədənəm, sən başımsan,

Məndən sonra baş daşımsan,

Elə yaz ki, iz itməsin,

Qəbrim üstdə ot bitməsin...

 

Ömrün qalan payı qələm,

Sən yaşasan, elə mənəm!..

 

İmana dönmək olar

 

Damla-damla göl olar,

Ömrü payla, böl, olar...

Ölmək üçün yaşama,

Yaşamaqçün öl, olar.

 

Xatirinə bir gülün,

Ya da xəstə bülbülün,

Lazım olsa bir ölüm,

Ölüb-öldürmək olar.

 

Dərdi dildə demə ki,

İçdən yanıb göynə ki...

Görür, bilir Göydəki,

İmana dönmək olar.

 

Dərdləşirəm

 

Qəm şələsi,

yoxuş da sərt.

inadım,

cəsarət

bəs eləmir.

Bəxtim susub

səs eləmir.

Əlləşirəm...

yaxşı ki,

həmdəmim var -

Öz-özümlə dərdləşirəm!..

 

Batabatda

 

Ağacları alçaq, uca,

Bir-birindən cavan-qoca,

Güllər açıb xonça-xonça,

Batabatda, Batabatda...

 

Kəklikotu, nanə iyi,

Bürüyübdü yeri, göyü.

Təbiətin böyüklüyü,

Batabatda, Batabatda...

 

Qayalar dağ kəkilidi,

Dağlar qartal şəkilidi.

Rəssam, çəkmə, çəkilidi,

Batabatda, Batabatda...

 

Bulaq çoxdu, rəngbərəngdi,

Zorbulağın suyu təkdi.

Qələm sözü suya çəkdi,

Batabatda, Ba

tabatda...

 

Söz

 

Söz metal kimi - öz karxanası,

Hər kəsin öz sözü, söz karxanası.

Sözün bir üzü var, bir arxası,

Elə arxasında olur mənası.

 

Beləsi gərək bişə kürədə,

Ürəyin alovu onu əridə,

Zindan üstdə çəkic döyə, bərkidə,

Dəmirləşə, poladlaşa söz gərək,

Belə sözün hücumuna döz görək...

 

Qızılından, gümüşündən heç olmaz,

Qara pulla yolu kəsmə, keç, olmaz,

Ürəkdən gəlməsə, sözdə güc olmaz,

Ürəkli söz arxam olsa, dərdim?!

Arxasınca o dünyaya gedərdim..!

 

Ruhumu əynimdən çıxardammıram...

 

Hamının ortağı,

biridi hər kəs.

Hamı yaşayırsa,

diridi hər kəs.

Ölüm-itim

müəmmadı, sirridi,

Əyninə geyilən

paltar kimidi.

Təzəsi itəndə

Yaman yandırır,

Köhnə paltar

Geci-tezi atılır.

...Geyildim, köhnəldim,

Dağıldım yaman.

Ruhumu əynimdən

çıxardammıram...

 

Zeynalabdin Novruzoğlu

 

525-ci qəzet .- 2022.- 28 iyul.- S.15.