112-ci mövsüm: "Arşın mal alan"dan "Bəxtiyar"adək...

 

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MUSİQİLİ TEATRININ DİREKTORU ƏLİQİSMƏT LALAYEVLƏ SÖHBƏT

 

Ölkənin qocaman və zənnimcə, ən kreativ mədəniyyət ocağı - Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir mövsümünü maraqlı tamaşalar, yaddaqalan tədbirlər, yeniliklərlə başa vurdu. Bəs bu mövsüm 112 yaşlı teatrın tarixində nə ilə yadda qaldı, kollektiv bu çətin və sınaqlarla dolu ili necə başa vurdu. Hansı yeni uğurlara imza atdı, nələrin sevincini yaşadı, tamaşaçılarını hansı yeni tamaşalarla sevindirdi, növbəti ilin qayğıları, planları nə olacaq? Bu və bir çox digər suallarımıza teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə söhbətimizdə cavab tapdıq.

 - Ondan başlayım ki, 112-ci mövsümümüz o qədər də rahat və asan keçmədi. Biz də bütün teatr və konsert müəssisələri kimi ilyarım dünyanı cənginə alan məlum pandemiyanın məhdudiyyət və qadağaları səbəbindən işimizi dayandırmağa məcbur olduq. Ancaq həm teatrımızın gələcəyi naminə, həm də tamaşaçılarımızla aramızda uzun illərdən bəri yaranan əlaqələri kəsməmək üçün onlayn görüşlər təşkil etdik, müsabiqələr keçirdik, internet üzərindən bir çox tamaşalarımızın videoyazısını paylaşdıq, sənətsevərlərin arzu və təkliflərini, tamaşalarımız, quruluş işlərimiz və aktyorlarımızın ifası barədə fikirlərini öyrəndik. Ayrı-ayrı aktyor və solistlərimizin, balet artistlərimizin solo ifalarını videorolik kimi paylaşdıq. Bir sözlə, bir günümüz belə teatrsız, səhnəsiz, musiqisiz, axtarışsız keçmədi. Hətta biz ötən mövsümdə kollektivimizin bir neçə istedadlı üzvünün onlayn mükafatlandırma mərasimini də Zoom proqramı üzərindən gerçəkləşdirə bildik.

- Bu diqqət və qayğı yaradıcı insanlara, həyatını bütövlükdə teatra həsr edənlərə dəstək üçün çox gözəl düşünülmüş bir təşəbbüsdür.

- Əlbəttə, teatrı həyatının mənasına çevirənlərə, özünü səhnədən başqa heç yerdə rahat hiss etməyənlərə bu yenilik çox böyük bir motivasiya, onları həmişə ayaqda saxlaya biləcək bir təşəbbüs oldu. Mən çox yaxşı bilirəm ki, bu insanlar üçün səhnə onların həyatının əsas hissəsi, ayrılmaz parçasıdır. Bizim teatr aləmində məşhur bir deyim var: "Üzünə bir dəfə qrim dəyən, tamaşaçı sevgisinin şirinliyini dadan, dadanlar çətin ondan uzaq yaşasın!" Çox sevinirəm ki, başçılıq etdiyim teatrda istər illərdən bəri bu səhnənin tozunu udmağı səadət bilən adlı-sanlı sənətkarlar, istərsə də taleyini teatra bağlamağa israrlı olan gənclərimiz var və əminəm ki, onlar yeni mövsümdə də maraqlı yaradıcılıq nümunələri ilə hamımızı sevindirəcək.

- Əliqismət müəllim, bu mövsümü də kifayət qədər maraqlı tamaşalar və yadda qalan tədbirlərlə tamamladınız...

- Bir az çətin və əziyyətli olsa da, biz bunu bacardıq, bəlkə də o ilyarımlıq fərdi məşqlər, onlayn ünsiyyətlər hamımıza yeni həvəs, yaradıcılıq əzmi vermişdi deyə o uzun fasilədən sonra toparlanmaq o qədər də çətin olmadı, sanki dünən ayrılmışıq və bu gün yenə hər kəs öz yerində, səhnədə, məşq və qrim otağındaydı və biz daha bir iş günümüzün qayğılarını yaşayırıqmış kimi yenə bərabər idik. İndi biz ikiqat əzmlə məcburi üzləşdiyimiz qadağadan sonra yaranmış boşluğun əvəzini çıxmaq üçün ikiqat həvəs və yaradıcılıq əzmi ilə işə başladıq.

- Və düz ilyarım səhnəsinin sehrli pərdələri qalxmayan, salonu tamaşaçı nəfəsinə, sənətsevər alqışına həsrət qalan teatr ötən ilin oktyabrında 112-ci mövsümünün ilk tamaşası - dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasının tamaşası ilə tamaşaçılarının görüşünə gəldi.

- Əslində biz rəsmi açılışdan bir az əvvəl, Vokalçıların Beynəlxalq müsabiqəsi iştirakçılarının möhtəşəm konserti ilə - "Operetta inciləri" adlı tədbirlə ilyarımlıq ayrılığa son qoyaraq qapılarımızı sənətsevərlərin üzünə açmışdıq, amma teatrımızın yüz illik ənənəsinə sadiq qalıb yeni mövsümün rəsmi açılışına yenə dahi Üzeyir bəyin yaradıcılıq dühasının həmişəyaşar əsəri "O olmasın, bu olsun" operettası ilə start verdik.

- Və açılışdan az sonra 44 günlük müharibədə qazandığımız zəfərin qəhrəmanlarına həsr olunmuş ilk əsər də məhz sizin teatrın səhnəsində oynanıldı. Mən bilirəm ki, sizin teatrın da bir əməkdaşı Şəhid olub, bir neçə Qaziniz var. Və sizin teatr Zəfər gününü özəl bir tamaşa ilə - rejissor Samir Qulamovun dahi bəstəkarımız Fiktət Əmirovun musiqisindən istifadə etməklə hazırladığı "Bir nəfəs qədər" əsəri ilə qeyd etdi.

- Bəli, biz qələbəmizin ildönümü günü - noyabrın 8-də gənc rejissor Samir Qulamovun "Bir nəfəs qədər" əsərinin ilk tamaşasını göstərməyə nail olduq! Tamaşa salonunda əyləşənlərin əksəriyyəti isə Şəhid anaları, Qazilərimiz, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri idi. O an Bakı küçələrində elə bir coşqu yaşanırdı ki, bizim aktyorların səhnədə yaratdıqları obrazlar sanki bu Zəfərin, 44 günlük döyüşlərin içindən keçərək səhnəyə gələn qəhrəmanlar, ciyərparəsinin yoxluğuna inanmayan analar, sevgilisinin yolunu gözləyən qızlar, şəhid anasını təklənməyə qoymayan xalq - biz hamımız idik.. Sanki həyat və səhnə arasındakı gözə görünməyən sərhəd yoxa çıxmışdı o an. Salondakılar teatrda olduqlarını belə unutmuşdular, tamaşa bitsə də, nə aktyorlar, nə də tamaşaçılar binanı tərk etməyə tələsmirdilər. Məncə, bu, sənətin, sözün, ədəbiyyatın qələbəsi idi.

- Bu tamaşa ilə həm də siz teatrdakı işini yarımçıq qoyub Vətənin müdafiəsinə gedən əməkdaşlarınızın - Şəhid və Qazilərinizin də haqqını qaytarmış oldunuz, onların və yüzlərlə, minlərlə igid döyüşçülərimizin misilsiz qəhrəmanlığını tərənnüm və təbliğ etdiniz. Bu tamaşa həm də mövsümün sonuna yaxın Tehranda, növbəti dəfə Teartrınızın dəvət olunduğu Beynəlxalq Fəcr festivalında iki gün böyük uğurla nümayiş etdirildi.

- Bəli, təəssüf ki, lap yaxın qonşu olsaq da, bu ölkədə də bizim ədalətli müharibəmizin mahiyyətini anlayan, torpaqlarmızın 30 ilə yaxın ermənilər tərəfindən işğal edildiyi barədə də məlumatı olmayanlar vardı. Tamaşadan sonra biz insanların çoxsaylı suallarına cavab verir, əsl həqiqətləri, kimin haqlı, kimin işğalçı olduğunu dəlil, sübutlarla anlatmağa çalışırdıq.

- Bəli, təəssüf ki, bizim haqlı tərəf olduğumuzu bir çox ermənipərəst qüvvələr qəbul eləmək istəmir. Ancaq "Haqq nazilər, amma üzülməz" - deyirlər. Biz bu gün Qalibik və bu qalibiyyəti kimsə inkar edə bilməz. Qayıdaq teatrın bu mövsümdə qazandığı uğurlara, gördüyü işlərə, hazırladığı tamaşalara. Mövsüm daha hansı tamaşalarla yadda qaldı?

- Bu mövsümün uğurlu tamaşaları sırasında yazıçı M.S.Ordubadinin150 illik yubileyi münasibəti ilə hazırlanan "Beş manatlıq gəlin" (bəstəkar S.Rüstəmov), F.Dostayevskinin "Utancaq qız" monotamaşası (rus dilində) maraqla qarşılandı, az sonra isə əsər həm də Azərbaycan dilində (Şövqü Hüseynovun tərcüməsində) oynanıldı. Bizim məşhur "Paris Notr-Dama ithaf" tamaşamız da bu mövsümdə müəllif, məşhur Viktor Hüqonun anadan olmasının 220 illiyi münasibəti ilə tamaşaçılara yenidən təqdim olundu.

- Əliqismət müəllim, sizin lap ilk gənclik illərinizdən yeniliklərə açıq olduğunuzu, maraqlı təkliflərlə çoxlarının diqqətini cəlb etdiyinizin şahidiyəm. İndi təcrübəli bir teatr bilicisi, tədqiqatçısı və bütövlükdə hər hansı bir yeniliyin bəzən necə böyük çətinlik və maneələrlə üzləşdiyini yaxşı bilən bir teatr xadimi kimi gənclərə dəstək olduğunuzun şahidiyəm. Bu özünəgüvən hissi, kreativ, bəzən açığını deyim ki, bir çox həmkarınızın gerçəkləşəcəyinə şübhə ilə yanaşdığı maraqlı təkliflərlə sizə müraciət edən cavanlara bu qədər böyük inam hissi nə ilə bağlıdır?

- Həyat daim inkişafı, tərəqqini sevir! Axı dünya da fırlanır! Nəsillər dəyişir, insanların təfəkkürü də dəyişir, fikirləri də, ideyaları da, baxış bucağı da yenilənir! Məncə, hər kəs, xüsusilə də yaradıcılıqla məşğul olanlar ömrü boyu hansısa yeniliyə can atmalı, həyatında nələrisə dəyişməli, yenilənməlidir. Bunsuz inkişaf, tərəqqi mümkün deyil! Sevinirəm ki, bizim zəngin tarixi ənənələri olan teatrımızda yeni fikirli, yeniliklərə açıq cavanlar çoxdur və mən onlarla bərabər risk etməyi xoşlayıram. Bilirəm ki, zəhmətimiz hədər getməyəcək. İlin premyeralarından biri də məşhur ispan yazıçısı Migel de Servantesin "Psix" tamaşası oldu, onu səhnələşdirən Ərtoğrul adlı cavan bir həmkarımızdır, əsər çox maraqla qarşılandı.

Digər səsli-küylü (əlbəttə, yaxşı mənada) bir tamaşamıza isə tanımış rejissor İradə Gözəlova quruluş vermişdi. Bu A.Ostrovskinin "Cehizsiz qız" pyesi əsasında düşünülüb həyata keçirilən "Lara Martin's Jazz Club" tamaşası idi, premyerası çox böyük anşlaqla keçən tamaşaya baxanlar arasıda əcnəbi turistlər də vardı. Mövsümün son tamaşası isə Məhəmməd Abdullayevin liberetosu əsasında hazırlanmış "Məchul pilləkən" müasir balet tamaşası oldu. Bu tamaşa ilə yaşıdlarının, təəssüf ki, bir çox gənclərimizin üzləşdiyi böyük bir bəlaya - "Narkomaniyaya yox!" - deyən teatr kollektivi ölkədə bu problemin aradan qaldırılmasında dövlətin müvafiq qurumlarına dəstək olduğunu bildirdi, bu ümumi bəlaya qarşı aparılan mübarizənin ön sıralarında olduğunu öz işi ilə bir daha təsdiq etdi.

May ayında teatrımız daha bir tarixi hadisəyə ev sahibliyi etdi. Məşhur "Bəxtiyar" kinofilminin personajlarını tamaşaçılar bu dəfə ekranda deyil, Akademik Musiqili teatrın səhnəsində izlədilər. Rejissor Cavid İmamverdiyev Tofiq Quliyevin musiqisinin köməyi ilə milyonlara tanış olan hadisənin səhnə versiyasını hazırladı. Bir neçə gün tamaşa anşlaqla keçdi və əminəm ki, yeni mövsümdə də belə maraqlı və yaddaqalan layihələrimiz çox olacaq.

Mövsüm boyu teatrımızn repertuarında öz yeri olan və sənətsevərlər tərəfindən maraqla qarşılanan bir çox klassik əsərlərimiz də var ki, onlar da ilboyu sənətsevərlərə təqdim olunub. Bilirsiniz ki, bizim teatr həm də uşaqlar üçün tamaşalar hazırlayır və bu tamaşalar kiçik yaşlarından bizim övladlarımızın bədii zövqünün formalaşmasına, teatr haqqında ilkin təəssüratlarının formalaşmasına imkan verir, əslində biz gələcəyin savadlı və zövqlü tamaşaçılarını məhz bu gün, elə bu uşaqlar üçün oynanılan tamaşalara baxmağa gələnlər arasından yetişdiririk.

112-ci teatr mövsümündə kollektivimiz bir sıra maraqlı tədbirlərə də dəvət olunub. Milli Teatr günü ilə əlaqədar "İçərişəhər" metrostansiyasının keçidində Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşasından səhnə və "Gənclik Mall" ticarət mərkəzində isə "Paris Notr-dama ithaf" tamaşasında bir parça ilə fleşmobda iştirak edib.

11 nəfərlik yaradıcı heyət mayın 5-dən 8-dək Mədəniyyət paytaxtımız Şuşada keçirilən I Beynəlxalq Kulinariya festivalında "O olmasın, bu olsun" komediyasından səhnəciklər göstərib. İyunun 22-dən 28-dək Belarus Respublikasının Babrus şəhərində keçirilən festivalda Dostoyevskinin "Utancaq qız" tamaşası böyük maraqla qarşılanıb.

Çəkdiyimiz zəhmət cavabsız qalmayıb, əməyimiz həmişə yüksək qiymətləndirilib, təsadüfi deyil ki, teatr heyətindən 10 nəfər Prezident mükafatına layiq görülüb.

Bizim növbəti mövsüm üçün də maraqlı yaradıcılıq planlarımız var. Biz ilyarımlıq məcburi fasilənin yerini bu mövsümdə müxtəlif səpkili maraqlı və orijinal yaradıcılq nümunələri ilə doldura bildiksə, əminəm ki, növbəti ilimiz daha məhsuldar və zəngin olacaq.

- Uğurlar arzulayıram!

 

Telli PƏNAHQIZI

 

525-ci qəzet .- 2022.- 28 iyul.- S.8;12.