Bütöv bir ömür...
XEYİRXAH,
DOSTCANLI, HƏYATSEVƏR VƏ
MƏRD OĞUL ZAUR İSMAYILZADƏNİN HƏYAT
HEKAYƏSİ
"Ağrılar bilinir axı. Adamın başı
ağrıyar, gözü, qulağı, canı
ağrıyar. Zaurun yoxluğunun
ağrısını ifadə edə bilmirəm ki, haram və
necə ağrıyır. Amma bu
ağrı gecəli gündüzlü, yatanda da, duranda da mənimlədi.
Çəkə biilmədiyim nəfəs kimi, uda bilmədiyim
hava kimi, gözlərimdən qeyb olan yuxusuzluğum kimi,
unutduğum dincliyim kimi..." Bu sözləri
şəhid balamız Zaurun anası Sevil İsmayılzadə
qəhərdən boğula-boğula deyir.
Ömrünün 23 ilini qüsursuz hərbi xidmətdə
keçirmiş baş çavuş, tibb bacısı kimi
yüzlərlə yaralı döyüşçünün
sağlamlığına qovuşaraq yenidən həyata
qayıtmasında böyük rolu olmuş, yaralı əsgər
və zabitlərə ana, bacı nəvazişi göstərmiş,
onlara maddi və mənəvi dayaq olmuş bir qadın, bir
ana. Amma oğlu yaralanarkən
onun imdadına çata bilməyən, ağır yaralıykən
Zaurun yanındakı əsgər yoldaşı Ramilə
"məni anama çatdırın" sözlərini
şəhidliyindən sonra eşidərək bu günədək
özünü bağışlaya bilməyən,
özünü günahkar sayan və kaşkilərlə
ömrünü yun yumağına çevirən bir ana. Bu ana təskinlik üçün arada Zaurun
telefonuyla özünə zəng edir. Telefonun
ekranında Zaurun adını görəndə ani də olsa
üzünə təbəssüm qonur, ağlar gözləri
bir neçə saniyəlik gülür. Bu
günədək Zaurun itkisiylə barışa bilmir. Onun haralardasa lap uzaqlardan onu seyr etdiyini
düşünür...Və bir gün ona dönəcəyi
ümidindədir. Analar başqa cür düşünə
bilməzlər ki...
Dosye:
İsmayılzadə Zaur Nizami oğlu 29 iyul 1995-ci ildə Lənkəran
rayonunun İstisu qəsəbəsində anadan olub. Hərbçi ailəsində doğulduğu
üçün (atası gizir, anası baş çavuş)
valideynlərinin xidməti işi ilə əlaqədar Cəlilabad
rayonunun Göytəpə qəsəbəsində
yaşamalı olublar. 2012-ci ildə Milli qəhrəman
Vüqar Mürsəlov adına Göytəpə
qəsəbə tam orta məktəbini bitirib. Ali təhsil
almaq istəsə də, qəbul imtahanlarında kifayət qədər
bal toplamadığı üçün
müsabiqədən keçə bilmir. 2013-cü
ildə müddətli hərbi xidmət keçməkdən
ötrü səfərbər olunur, 2014-cü ilin yanvar
ayınadək Sərhəd Qoşunlarının Zaqatala və
Balakəndəki hərbi hissələrində əsgəri
qulluq keçir. Əsgəri xidmətini bitirdikdən
sonra 2014-cü
ilin yanvarında Müdafiə Nazirliyinin Qaraheybətdəki
Təlim və Tədris Mərkəzində təşkil edilən
müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu (MAHHXHQ) hazırlığı kursunda oxuyub və
bitirdikdən sonra 161 saylı hərbi hissədə xidmətə
başlayıb. Aprel döyüşlərinin
iştirakçısı olub. 2017-ci ildə
ordudan tərxis olunub. Vətən
müharibəsinin 44 günlük savaşı başlayan
gündən-27 sentyabrdan Lənkəran rayon hərbi
komissarlığından səfərbər olunaraq odun-alovun
içinə atılıb. Vətən Müharibəsində Füzuli, Xocavənd
uğrunda gedən döyüşlərdə böyük
şücaətlər göstərib. 7 oktyabr 2020-ci ildə şəhidlik
zirvəsinə ucalıb. Azərbaycan
Respublikası Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamına
əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü","Füzulinin
azad olunmasına görə", "Şuşanın azad
olunmasına görə", "Müharibə
iştirakçısı" medallarına layiq
görülmüşdür.
Yazımın
sərlövhəsini oxuyanlar yəqin mənə irad tutarlar
ki, şəhid ömrü necə bütöv ola
bilir? 25 yaşlı bir ömrə insan
bütövlükdə nələri yerləşdirə bilər
ki? Amma mən olur deyəcəm və bunu isbatlamağa
çalışacam...
Hələ orta məktəb illərində Milli qəhrəman
Mübariz İbrahimovun şəklini sinif otağına
vurmuşdu. Hər
dəfə içəri girəndə ona hərbi salam verirdi. Bunu müəllimi və sinif yoldaşları
şəhid olduğu gün söylədilər...
Mağazaya
çörək almaq üçün göndərdiyi
oğlunu gec qayıtdığı üçün danlayan
anaya Zaur: "Sabir babanın qarpıza gücü
çatmırdı, onu evinədək daşıdım" ,- deyəndə içində baş
qaldıran qürur hissindən, fərəhdən
uçmağa qanadı yox idi sanki...
Şəhidliyinin
40-cı günü Balakəndən bir ailə gəlmişdi
onlara. Ailə başçısı
çoban imiş. Zaur da hər səhər
hərbi hissə üçün südü ondan
alırdı. Çoban ağlayaraq deyirdi
ki, Zaurdan savayı heç bir əsgəri evimə dəvət
etməmişəm. O uşaq o qədər əxlaqlı
və böyük-kiçik bilən idi ki...Elə bilirdik ailəmizin
bir üzvü, evimizin bir övladıdı...
Talasemiyalı
xəstəyə qan vermişdi, həmin qız hal-hazırda
yaşayır...
Tovuzda
yaşayan qaziyə əlil arabası alıb hədiyyə
etmişdi...
Əsas
vaxtını hospitallarda müalicə alan
yaralı döyüşçülərin yanında
keçirirdi. Onlara maddi və mənəvi dəstək
olurdu. Qoşqar adlı yaralı hərbçi
dostunun başı üstündən ayrılmazdı. Hətta
yeni ili də hospitalda onun yanında
keçirmişdi. Qoşqar 2020-ci ilin yanvarında
rəhmətə getdi. Zaur bu itkiylə
heç cür barışa bilmirdi. Neçə
müddət öz-özüylə danışır, həyatın
vəfasızlığından gileylənirdi...
Özü subay olsa da uşaqları lap çox sevirdi. Xocalıdan
şəhid olmuş 5 yaşlı qızın məzarını
tez-tez ziyarət edirdi. Kukla alıb
qoymuşdu məzarının üstünə. Növbəti dəfə məzarını ziyarət
edərkən kuklanı qoyduğu yerdə görməmişdi.
Yazı yazıb qoymuşdu ki, siz o cansız kuklanı da bu
qızcığaza çox görməyin, qaytarın yerinə...
Mühafizədə çalışırdı. Seyid Elman
adlı şəxs əklillər düzəldirdi. Zaur onunla dostlaşmışdı. Anım və ildönümlərində birlikdə
yüzlərlə şəhid məzarını ziyarət edərək
əklil qoyurdular. Həmin şəhidlərin
ailələrində olur, valideynlərinə, həyat
yoldaşlarına, övladlarına, bacı-qardaşlarına
təskinlik verir, mənəvi dayaq olurdular. Zaurun yas mərasiminə
Ağcabədidən gələn ana oğlum Hamlet ikinci dəfə
şəhid oldu elə bil,- dedi. Çünki Zaur onlara Hamleti əvəz edə
bilmişdi. Zauru qəlblərində
yaşadaraq ona yas tutan bu cür onlarla ailə var.
Sosial şəbəkədə belə bir video
paylaşmışdı. Elə indi də
anası o videoya gündə dəfələrlə baxaraq
oğlunu canlı seyr edir sanki. Zaurun dedikləri:
"Eyni anadan doğulanlara qardaş deyirlər, eyni ana
üçün ölümə gedənlərə qəhrəman
deyirlər. Allah rəhmət eləsin şəhidlərimizə,
var olsun qazilərimiz. Unutmayın ki, qazilər bizə şəhidlərimizin
əmanətidir".
İstəklisi də vardı. Sabunçuda
yaşayan qəbələli gözəlin ailəsinə
elçi gedib söz almışdılar. Nişan
tədarükləri görülürdü. Allah erməninin evini yıxsın. Savaş başladı və neçə-neçə
igidimiz dünyadan nakam getdi. Sevil ana hər dəfə gəlini
olacaq həmən qızla danışanda qız qeyri-ixtiyari
deyir: "Hər dəfə siz zəng edəndə mənə
elə gəlir ki, deyəcəksiniz: qızım, gör burda
yanımda kim var? Və Zaurun o gülər
üzünü görəcəyəm..."
Anasını dünyalarca sevirdi. Onun çox
işləməsinə, əziyyət çəkməsinə
dözə bilmirdi. Yaxşı bir işim
olsaydı səni bu əzablardan qurtarardım deyirdi. Evdə oturardın, xanımlar kimi yaşayardın.
Əsgərlikdə torpaq uçqununa
düşmüşdü. Anacan, Allah sənin
etdiyin yaxşılıqlara və dualara görə məni
ölümdən qurtardı, - deyirdi. Yaralı ikən
Hacıqabuldan olan Ramil adlı silahdaşına "məni
anama çatdır",- demişdi. Elə bilirdi anası onu həmən sağalda bilər.
Elə bil anadan olandan şəhidliyinə doğru yol
gedirdi. Ürəyinə damıbmış məkanı mələklərin
qoynu olacaq. 11-ci sinfi bitirərkən məzun dəftərçəsinə
bu sözləri yazmışdı: "Bir gün mənsiz
yığışarsız, mənim şəhidliklə təmizlənmiş
ruhum sizin yanınızda olar". Şəkil
albomunun arxasına isə şəhid qəhrəmanlar
Mübarizin, Fəridin və digərlərinin rəsmlərini
vurmuşdu...Bu bir instinkt idimi, öncədən görməydimi...kimsə
bilməz.
Şəhidliyi də bambaşqa, filmlərdəki kimi
olmuşdu. 7
oktyabr 2020-ci il. Füzulinin
azadlığı uğrunda gedən ölüm-dirim
savaşında qarın nahiyəsindən ağır mərmi
yarası alır. Daxili orqanları zədələndiyindən
çoxlu qan itirir. Onun
üşüdüyünü görən
döyüşçü yoldaşı Ramil üst geyimini
çıxarıb ona geydirir. Yaralılar
təhlükəsiz zonaya təxliyə olunur, Ramilgil isə irəliyə
doğru hücumlarını davam etdirirlər. Zaur yaralandıqdan bir saat sonra şəhadətə
qovuşur. Əynindəki üst geyimdə
Ramilin adı və soyadı yazıldığından onun nəşi
Hacıqabuldakı ailəsinə göndərilir və burada
torpağa tapşırılır. 3
gündən sonra Ramil cəbhədən atasına zəng
vurub hal-əhval tutarkən bütün həqiqətlər
üzə çıxır. Ramil deyir ki,
o şəhid lənkəranlı balası Zaur
İsmayılzadə olmalıdı. Çünki
mən geyimimi ona vermişdim. Beləcə
Zaur yenidən Lənkərandakı məzarlıqda ikinci dəfə
dəfn olunur.
Ramilin səkkiz
aylıq hamilə olan həyat yoldaşı tabutu qucaqlayıb
o qədər ağlamışdı ki, qopara bilmirlərmiş
onu. Zaurun 40-ı mərasiminə gələrkən onun
dedikləri: "Bəlkə də tabutu göz
yaşlarımla yuduğum üçündür, bilmirəm
nə hikmətdisə, Zaur tez-tez yuxuma gəlir. Mən ona yemək təklif edirəm. O isə
hər dəfəsində deyir ki, mən bundan da dadlı yeməklər
yemişəm, toxam". Cənnət mələyi şəhidlərimiz...
29 iyul
2022-ci ildə, Zaurun 27 yaşının tamamında
doğulduğu Lənkəranın İstisu qəsəbəsində
onun xatirəsinə tikilmiş bulağın
açılışı olacaq. Bir
ömürlük arzularını və istəklərini 25
illik həyatına sığışdıra bilən Zaur
şəhadətə qovuşsa da, xeyirxah əməllərini
bulaqdan gələn sərin suyla davam etdirəcək. Bu bulaqdan su içib sərinlənən hər kəs
Zaura və şəhid qardaşlarına dualar oxuyacaq,
onların xatirələrini sevgi və ehtiramla yad edəcəklər.
Əbədiyaşarlıq bu olsun gərək.
Şəhidlərin ölməzliyi bu deməkdir.
Şəhidlərimizin dəryalartək suları tükənməz,
müqəddəs ruhları səmalardan yer üzündəkiləri
seyr edər...
Belə bir ömrə yarımçıq demək
mümkünmü? Əsla. Şəhid ömürləri
hamısı bütövdü: niyyətləri kimi, əməlləri
kimi, igidlikləri kimi, qeyrətləri kimi...
Tatarıstanda yaşayan incə ruhlu şair dostumuz
İsaq Dağlı qəhrəman, igid şəhid balamız
Zaura həsr etdiyi lirik düşüncələrini bizə
göndərdi. Zehninə və əllərinə
sağlıq, qardaş.
Zaur
adlı bir şəhidin ürəyində Vətən
yatır
Ruhu sağdır bizlər üçün, bu məzarda
bədən yatır?
Nümunədir
döyüş yolu, əyilmədi Vətən oğlu,
Getdi
Hüseyn gedən yolu, burda qanlı kəfən yatır...
Əziziyəm
anı var,
Dərman
gətir canı var,
Ehtiyatla
dolan gəl,
Burda şəhid qanı var.
Əntiqə Qonaq
Əməkdar jurnalist
525-ci qəzet .- 2022.- 29 iyul.- S.13.