Vətənin Vüqarı
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı
Qüvvələr Günündə Kəlbəcər
rayonunda hərbi hissənin açılışında
çıxış edərək demişdir: “Bizim
şanlı müharibəmiz indi müxtəlif ölkələrin
ali məktəblərinin hərbi dərsliklərindədir və
bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin
relyefi olan ərazini, Şuşa
kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya
göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm
peşəkarlıq, həm
döyüş qabiliyyəti,
həm də Vətənə olan sevgi və məhəbbət
nöqteyi-nəzərindən böyük xalqıq”.
Bəli,
bu o ruh idi ki, istər
həmin dövrdə
xidmətdə olanlar,
istər ehtiyatdan xidmətə çağırılanlar,
istərsə də könüllü olaraq döyüşlərə gəlməyə
can atan Vətən övladlarını Vətən
müharibəsində iştirak
etməyə sövq etdi.
Vüqar Əhməd oğlu Ağayev 1973-cü ilin 4 martında Qubadlının
Xanlıq kəndində
dünyaya göz açmışdır. Qubadlının havasını udmuş, suyunu içmiş, uşaqlığının ən
gözəl xatirələrini
Xanlıq kəndində
yaşamışdır. Atası hərbçi olduğundan
yaşayış yerini
dəyişsələr də,
Qubadlı onun üçün daha əziz və doğma olmuşdur. Haradan biləydi ki, gün gələcək,
illərlə Qubadlının
həsrətini çəkəcəkdi...
Birinci Qarabağ
döyüşləri başlayanda
Vüqar Ağayev müddətli həqiqi hərbi xidmətdə idi. Həmin illərdə ölkədə
daxili çəkişmələr
baş alıb gedir, xaos, böhran
və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarırdı. Ordunu idarə
etmək üçüm
vahid komandanlıq yox idi. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt
etməyə davam edir, şəhər və kəndlərimiz işğala məruz qalır, mülki əhalimiz öz dədə-baba torpaqlarından
didərgin salınırdı.
Əsgər Vüqar Ağayev
Azərbaycanın Milli
qəhrəmanı Əliyar
Əliyevin komandiri olduğu taborda döyüşürdü. Döyüşlər məlum səbəblərdən
məğlubiyyətlə nəticələnsə
də, yeni formalaşmaqda olan milli orduda peşəkar
zabit kadrlarının
yetişməsi üçün
zəmin yaratdı.
Orduya bağlılığı
və vətənpərvərliyi
nəzərə alınaraq
ali hərbi
təhsil almağa göndərilənlərdən biri də Vüqar
olur. Ali hərbi
təhsilini müvəffəqiyyətlə
başa vuran Vüqar Ağayev zabit kimi xidmətinə
davam etmək üçün Naxçıvanda
yerləşən hərbi
hissələrdən birinə
göndərilir.
Qubadlıdan Naxçıvana
Uşaqlıq illəri şən keçsə də, gəncliyi ölkənin ağır illərinə
təsadüf etmiş,
düşmənlə üz-üzə
dayanaraq torpaqlarımızın
azadlığı uğrunda
döyüşmüşdü. Torpaq həsrəti, Qubadlı nisgili
və məğlubiyyətlə
barışmamazlıq hissi
onu ömürlük hərb peşəsinə
bağlamışdı. 1996-cı ildən
Naxçıvanda leytenant
kimi xidmətinə başlayan Vüqar Ağayev 20 il qüsursuz xidmət edərək mayor rütbəsinədək
yüksəlmiş, xidməti
dövründə bir
sıra medallara- Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
90, 95, 100 illik yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə”
görə 3-cü dərəcəli,
“Qüsursuz xidmətə
görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medallara
layiq görülmüşdü.
Gənc zabitlərin yetişməsinə,
eləcə də əsgərlər arasında
hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə
töhfələr verən
zabitimizin torpaq həsrəti, Qubadlı nisgili heç vaxt sönməmişdi.
Naxçıvanın müxtəlif bölgələrində
xidmət edən Vüqar Ağayev ömür-gün yoldaşını
da buradan seçmişdir. 2016-cı
ildə təqaüdə
çıxdıqdan sonra
Vüqar Ağayev övladlarının-Yeganə və
Pərvinin təhsili ilə əlaqədar Naxçıvanda yaşamağa
davam etmişdir.
Qubadlı qədər Naxçıvan
da onun üçün
əziz idi. Burada xoşbəxtliyini tapmış, Naxçıvanın hər
daşını, qayasını
sevmiş, müdafiəsində
iştirak etmişdir.
Naxçıvandan Qubadlıya
2020-ci il. Sentyabrın 27-də başlayan müharibə hər kəs kimi Vüqar Ağayevdə də böyük bir ümid yaradır. Xidməti dövründə
milli ordunun inkişafına şahidlik
edən peşəkar
zabit yaxşı bilirdi ki, bu,
artıq 90-cı ilin ordusu deyil. Böyük çətinliklə
qurulmuş milli ordu istənilən gücün qabağında
dayanmağa hazır və qadirdir. Bütün bu düşüncələr,
səbirsizliklə gözlədiyi
“İrəli” əmri
onu döyüşlərə
atılmağa daha da ruhlandırmışdı.
Artıq
heç bir qüvvə onu saxlaya bilməzdi. Nə ailə səadəti, nə təqaüdə çıxmağın sığortası.
Çünki Qubadlı
var idi... Qubadlı-üstündə ilk ayaq açıb
yeridiyi torpaq. Bu elə bir
hissdir ki, onu təsvir etməyə qələmin
gücü yetməz.
Heç
ölümün də
gücü yetməz.
O hissin adı Vətəndir.
Çağırır Vətən
Çağırır Anam
Mənfur
düşməndən
Qisas almağa.
Qisas vaxtı
çatmışdı. “Qubadlını
ovcumun içi kimi bilirəm, mən orda olmalıyam”,-deyən
Vüqar Ağayev ailəsi ilə sağollaşıb yola düşür. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı
Rayon Bölməsinə müraciət
edərək, Vətən
müharibəsinə qatılır.
Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi. Yüksəkliklərdə düşmən hərbi birləşmələri yerləşdirmiş,
Xanlıq qəsəbəsində
güclü istehkam qurmuşdu. Qubadlını azad etmək
üçün, ilk növbədə,
yüksəkliklər düşməndən
təmizlənməli idi.
Cəsur
döyüşçülərimiz sayəsində şəhərə
hakim olan yüksəkliklər
nəzarətə götürüldü,
ətrafda yerləşən
kəndlər, o cümlədən,
Xanlıq qəsəbəsi,
Padar, Sarıyataq, Mahmudlu kəndləri düşməndən azad
olundu.
Qubadlı istiqamətində gedən
döyüşlərə qatılan Vüqar deyilənə görə
doğma kəndi Xanlıq azad ediləndə ata-baba ocağına-evinə gedir. Gözündəki,
könlündəki illərin
həsrətini bitirmək
üçün...
Noyabrın 1-i Qubadlı rayonunun Çardaqlı kəndində
Vüqar Ağayev şəhadətə qovuşur. Qubadlının işğaldan azad edilməsini dövlət başçısı, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev tarixi hadisə adlandırıb,
qələbəmizi yaxınlaşdıran
amillərdən biri kimi dəyərləndirib.
Bu qələbənin qazanılmasında mayor Vüqar
Ağayevin də əməyi var. Doğma
el-obasının azadlığa
qovuşduğunu görməyi
və bu fəaliyyətdə əməyinin
olmasını qəhrəmana
birbaşa Vətən,
torpaq sevgisi, peşəsinə sadiqlik-zabit
şərəfi və
intiqam hissi nəsib edir. Uğruna həyatından keçdiyi ana torpağına qovuşur və ən ali məqama-şəhadətə
yüksəlir. 30 illik həsrətin Zəfər sevincini xalqına yaşadan qəhrəmanlardan biri olmaq səadəti ilə bitirir. I Qarabağ döyüşlərində
əsgər kimi yarımçıq qoyduğu
işi II Qarabağ döyüşündə zabit
kimi şərəflə
sonlandırır.
“Torpağına baş
əyərəm, ey Vətən!”
Azərbaycanın ərazi bütövlüyünün
bərpa edilməsində
xüsusi xidmətlərinə
və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin
məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa görə,
həmçinin, hərbi
qulluq vəzifəsini
yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə
görə
Azərbaycan Prezidenti
İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən Vüqar
Ağayev “Vətən
Müharibəsi Qəhrəmanı”
adına layiq görülüb, “Vətən
uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub. Bakı şəhərində
yerləşən Qubadlı
rayon Xanlıq kənd
ümumi orta məktəbinə Vüqar
Ağayevin adı verilib, büstü qoyulub.
Ölümü ilə ölümsüzləşən,
həyatı qəhrəmanlıq
dastanına çevrilən,
gənc nəslə örnək olan şəhid mayor Vüqar Ağayevin ailəsi dövlətimiz tərəfindən
qayğı ilə əhatə olunub. Ötən
il iyunun
26-da - Azərbaycan Respublikasının
Silahlı Qüvvələri
Günündə İkinci
Qarabağ müharibəsi
şəhidlərinin ailələrinə
yeni mənzillər təqdim olunub. Babək şəhərindəki yeni
yaşayış binasındakı
mənzillərdən biri
Vətən müharibəsi
Qəhrəmanı Vüqar
Ağayevin ailəsinə
təqdim edilib. Şəhidin
həyat yoldaşı Səbahət Ağayeva
onun barəsində qürurla
danışır.
Evin
divarlarından qəhrəmanın şəkilləri
asılıb. Gözüm Səbahət
xanımla Vüqarın bir xoşbəxt tablosuna sataşır. Həmin an
düşünürəm: “Bu xoşbəxtlik
tablosuna üstün gələn
Vətən sevgisi! Ey
Vətən, sən necə də böyük
və müqəddəssən, vazkeçilməzsən!
Düşmən tapdağında qalmayasan
deyə neçə-neçə igidlər canını fəda
etdi”.
Səbahət xanımla sağollaşıb ayrılıram. O xoşbəxtlik tablosu gözümün önündən getmir. Və bu an sanki xəyallarımın dərinliklərindən qulağıma Rəşid Behbudovun mahnısının sədaları gəlir:
Nəğmə dolu bir ürəyəm
Torpağına baş əyərəm, ey Vətən.
Meşələrin çətirlidir, gül-çiçəyin ətirlidir!
Ey vətən, ey vətən!
Dağlarına düşən şehdən
Çöllərinə əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey vətən...
Bir anamdan, bir də
səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən...
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
televiziyasının baş redaktoru
525-ci qəzet .- 2022.- 29 iyul.- S.12.