Gəncə üsyanı ədəbi-bədii
düşüncədə
XX
yüzildə işğala qarşı ilk və ən
böyük dirəniş faktı 1920-ci il
mayın sonlarında baş verən Gəncə
üsyanıdır. Bu üsyan bir neçə
cəhətdən əhəmiyyətlidir. Hər şeydən əvvəl, Gəncə
üsyanı 23 ay müstəqilliyini sürdürmüş
Azərbaycanı qorumaq üçün baş vermişdi.
Bu o demək idi ki, xalq istiqlalı və müstəqilliyi
dəstəkləyir və onu özünün gələcək
siyasi yolu kimi seçir. İkincisi, rus
qüvvələrinin daha çox olduğunu bilə-bilə
ölümə gedirdilər. Üçüncüsü,
Cavad xanın işğala qarşı mübarizə ənənəsini
davam etdirirdilər. Xalqı üsyana
qaldıran daha bir çox mənəvi, psixoloji amillər
vardır ki, bu faktorlar xalqın işğal faktı ilə
razılaşmadığının tarixi bir örnəyidir.
Gəncə üsyanının tarixi, faktoloji
yönünə toxunmadan onun bədii düşüncədəki
ifadə potensialına nəzər salaq. Məlumdur
ki, istənilən tarixi hadisə bu və ya digər şəkildə
bədii düşüncədə əks olunur. Məmməd
Səid Ordubadi, Mehdi Hüseyn, Mir Cəlal, Əli Vəliyev,
Süleyman Rəhimov, Hacıbaba Nəzərli, Tağı
Şahbazi Simürğ və başqalarının hekayə və
romanlarında ideoloji mövqedən də olsa, bu və ya digər
şəkildə dövrün hadisələrinə
toxunulmuşdu. Lakin Gəncə hadisələrinin
sovet dövrü ədəbiyyatında təsvirinə rast gəlmək
çətindir. 20-30-cu illər Azərbaycan
nəsri və poeziyasında Cümhuriyyət dövrü
hadisələri müxtəlif yöndən bədii təsvir
obyekti olmasına rəğmən, nədənsə Gəncə
üsyanına toxunulmayıb. Senzuralı mətbuat və
nəşriyyatların bu mövzunu qadağan etməsinin nədənləri
nə ola bilərdi? Əksinə,
rus qoşunlarının üsyanı yatırması hadisəsi
dönə-dönə təkrarlana və təbliğat vasitəsi
kimi istifadə edilə bilərdi. Lakin Gəncə
üsyanı haqqında heç nə deyilməyib, necə
deyərlər, bu hadisə sovet təbliğat
maşının əsas mövzusuna çevrilməyib.
Bunun yalnız iki səbəbi ola bilərdi;
birincisi, Gəncə üsyanının xalqda böyük bir
ruh yüksəkliyi yaratması, ikincisi, rus qüvvələrinin
böyük itki verməsi. Hadisənin hətta
təhrif olunmuş vəziyyətdə belə təbliğat
vasitəsinə çevrilməməsinin əsas səbəbi
isə üsyanı tez-tez xalqın yadına salmaq yox, onu
unutdurmaq düşüncəsi və siyasəti olmuşdur.
Gəncə üsyanını bədii
düşüncəyə gətirmənin
qarşısının alınması da məhz buna xidmət
edirdi.
Sovet dövrü ədəbiyyatında olmasa da,
mühacirət ədəbiyyatında Gəncə
üsyanı ilə bağlı bəzi təsvirlər
vardır. Bu təsvirlərin hamısı demək olar,
mühacirət ədəbiyyatında öz əksini tapıb.
Qurban Səidin (Məhəmməd Əsəd bəy)
"Əli və Nino" romanının sonlarında-29-cu fəslində
bu hadisələrə yer verilir. Bakıda
vəziyyət qarışıq olduğundan Əli xanın
atası İrana getməli olur. Əli xana
isə öz yurduna Gəncəyə getməyi məsləhət
görür. Çünki Gəncə ətrafında
Əli xanın bağları və üzümlüyün
ortasında malikanəsi var idi. Bir neçə
günlüyə Nino və qızı ilə oraya getməyi
qərarlaşdırırlar. Elə də olur; Əli
xan Gəncəyə gəldikdə şəhərin müsəlman və
erməni məhəllələrini bir çay
ayırdığını təsvir edir. Əli xan Ninoya
yüz il bundan əvvəl əcdadı
İbrahimin rus gülləsi ilə vurulub
öldürüldüyünü deməklə,
yazıçı gələcək günlərdə bu
cür hadisələrin təkrarlanacağının anonsunu
verir. Bir neçə gün keçir, qara
çərkəs libasda bir atlının ona
yaxınlaşdığını və bunun dostu İlyas bəy
olduğunu görür. İlyas bəyin
qanı qara olduğundan onun salamını belə almır,
sadəcə "Ruslar Bakıya giriblər" xəbərini
verir. İlyas bəy Bakıda baş verən hadisələri
belə təsvir edir: "- Gecə Yalamadan rus əsgərləri
ilə dolu qatarlar gəldilər. Onlar şəhəri
mühasirəyə aldılar və parlament təslim oldu.
Qaça bilməyən bütün nazirlər
həbs olundu, parlament də ləğv edildi. Rus fəhlələri öz həmvətənlərinin
tərəfinə keçdilər. Bakıda
bir nəfər də olsun əsgərimiz yox idi. Ordumuz isə Ermənistan ilə sərhəddə
itirdikləri mövqelərdə dayanmışdı. Mən könüllü partizan dəstəsi yaratmaq
istəyirəm".
Bu təsvirlər müəyyən qədər
dövrün reallığını əks etdirir;
doğrudur, bu təsvirlər sanki ilk günün deyil, bir
neçə ay sonranın təəssüratı kimi səslənir. Ancaq
yazıçı hadisələri olduğu kimi təsvir etmək
məcburiyyətində də deyil. Ən əsas
məsələ Gəncənin həmin günlərdə
hansı əhvali-ruhiyyədə olduğunu göstərməkdi.
Yazıçı romanda buna, demək olar, nail
olub. Nədən ki, romanda təsvir olunanlarla bəzi
mühacirlərin xatirələrində oxşarlıq
vardır. Gəncədə ermənilərin
həmin günlərdəki hərəkətinə aid bir
neçə ştrixlər də yer alır.
Yazıçı ermənlərin əks cəbhədə
mövqe tutduğunu, onları müsəlmanlardan ayıran körpüdə atəş
açmağa hazır əsgərlərin yanında
dayandığını bildirir. Bu təsvirdən o da aydın
olur ki, məşəllər hökumət binasının balkonunda
asılmış Azərbaycan bayrağına
işıq saçırdı.
"Əli və Nino" romanının 32-ci fəsli
bütünlüklə Gəncə hadisələrinə həsr
olunub və əsər bu fəsillə də sona
çatır.
Bu fəsildə Əli xanla İlyasın Gəncənin
böyük məscidinin divarı yanında oturmaları, əsgərlərin
yorğun halda həyətdə uzanıb dincəlmələri
təsvir olunur. Onlar gələcəkdə
hansı işləri görəcəklərini müzakirə
edirlər. Əli xanın "- Mən burada qalıram. Könüllü partizan dəstələri gəlirlər.
Biz döyüşəcəyik. Öz vətənimdən heç yana
qaçmayacağam", - qərarına İlyas bəy
"Sən dəlisən", - deməkdən başqa
çarəsi qalmır. Bu, göz görə-görə
ölümə getmək demək idi. İlyas
bəy istəyirdi ki, Əli xan ailəsini götürüb
buradan Avropaya getsin. O, düşünür ki, nəticə
məlumdur; Azərbaycan Cümhuriyyətinin cəmi bir
neçə gün ömrü qalıb, qüvvələr
nisbəti düşmənin xeyrinədir. Əli
xan Ninodan və körpə qızından ötrü buradan
getməlidir. Həm də ona görə
getməlidir ki, o, Vətənə lazımdır, gələcək
üçün çox xeyir verə bilər. İlyas bəy ona ya İrana, ya da Avropaya getməyi
məsləhət görür. Əli xan
qəti etiraz edir. İlyas ona
özünün burada qalıb əsgərləri
döyüşə aparacağını, onun isə xalqa
Avropada daha çox xeyir verəcəyi qənaətindədir.
Bu qərardan xəbəri olmayan Nino səhəri gün
Əli xan və qızı ilə Gəncəyi tərk etməyi
düşünürdü. Lakin Əli xanın qərarını
eşitdikdə dəhşətə gəlir. O, bunu
gözləyirdi: "- Bəs "oyuncaq?"-dedi, körpəmiz
var, sən bizimlə getmək istəmirsən?
- Gedə
bilmərəm, Nino.
- Sənin
ulu baban Gəncə körpüsündə şəhid
olmuşdu. Mən bunu tarix imtahanından bilirəm.
Nino qəflətən ölüm astanasında olan
yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi".
Əli xan ona söz verir ki, üç gündən
sonra Tiflisə gəlib onlarla birlikdə Parisə gedəcək
və orada yaşayacaqlar. Qatar yola düşdükdən sonra
Əli xan İlyasla birlikdə yenə də üsyan barədə
fikirləşirdilər. Erməni məhəllələrindən
arabir pulemyot səsləri eşidilirdi. Şəhərdə
böyük hazırlıq işləri
görülürdü. Kənd sakinləri
gizli saxladıqları pulemyotları üzə
çıxarmışdılar. Qırmızı
süvari dəstələri ölkəni bürümüşdü.
Elə bu vaxt şəhərdə qalın qaşlı, qartal
burunlu və gözləri çuxura düşmüş bir adam peyda olur: "Bu şahzadə Mənsur Mirzə
Qacar idi. Onun kim olduğunu və haradan gəldiyini
heç kim bilmirdi. O, Qacarlar sülaləsindən idi və
papağında gümüş İran şiri parıldayırdı.
Özünü böyük Ağa Məhəmmədin varisi
hesab edən bu adam rəhbərliyi əlinə
aldı. Rus batalyonları Gəncəyə tərəf
hərəkət edirdi. Şəhər
Bakıdan xilas olan qaçqınlarla dolu idi. Onlar nazirlərin güllələnməsindən,
parlament deputatlarının həbsə alınmasından,
daş bağlanıb Xəzər dənizinin girdabına
atılan meyitlərdən danışırdılar".
Qacarlar nəslindən olan şahzadənin Gəncədə
görünməsi oxucunu keçmişə aparıb
çıxarır və şəhərin müdafiəsinin
tarixi aspektlərinə işarə edilir. Yazıçı
göstərir ki, İlyas bəy şahzadənin yanında
dayanmışdı. Minarədən bayraq
dalğalanırdı, kimsə Turan dövləti barədə
mahnını oxumağa başladı. Bir nəfər isə
eşitdiklərini belə ifadə edir: "İranda Rza
adlı bir nəfər peyda olub. O, əsgərlərə
komandanlıq edir və düşməni qovur. Kamal
Ankarada oturub. Onun ətrafına bir ordu
yığılıb. Biz əbəs yerə
vuruşmuruq. İyirmi beş min əsgər
bizim köməyimizə tələsir". "Yox,-dedim,
iyirmi beş min nəfər yox, iki yüz əlli
milyon nəfər adam, bütün dünya müsəlmanları
bizim harayımıza gəlirlər. Amma
onların vaxtında gəlib buraya
çatıb-çatmayacaqlarını tək Allah bilir".
Buradan da görünür ki, üsyan günlərində
şəhərdə böyük şaiyələr
dolaşırdı. Bu şaiyələrdən biri İranda
Rza, Ankarada Kamal adlı adamların üzə
çıxması barədə idi. Yazıçı
İranda Rza dedikdə görünür ki, 1925-ci ildə
hakimiyyətə gəlmiş Rza Şah Pəhləvini
(1878-1944), Kamal dedikdə isə bu illərdə artıq
Türkiyədə ad çıxarmış Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü nəzərdə
tutmuşdu.
Yazıçı
Gəncə üsyanını təsvir edərkən bir
neçə dəfə erməni faktoruna toxunur və ermənilərin
Cavad xan zamanında olduğu kimi, 20-ci ildə də Azərbaycana
xəyanət etdiklərini yazır: "O tayda hücum
şeypuru çalındı. Haradasa o yanda erməni
evlərinin arxasında Budyonnu marşının səsi gəldi.
Başımı qaldırıb nəhəng
quru çayı gördüm. Ruslar
meydançanı keçir, aşağı əyilir,
nişan alır və atəş açırdılar".
Qurban Səid göstərir ki, Gəncənin
müdafiəçiləri son damla qanınadək
döyüşür və onun uğrunda həlak olurlar.
Əli xan Şirvanşir də ulu babası
İbrahim xan Şirvanşir kimi xalqın azadlığı
uğrunda canından keçməyi hər şeydən
üstün tutur. Roman bu sözlərlə bitir:
"Əli xan Şirvanşir altıya on beş dəqiqə
işləmiş Gəncə körpüsündə, pulemyot
arxasındakı mövqeyində həlak oldu. Onun
meyiti qurumuş çaya düşmüşdü. Bədənini səkkiz güllə deşmişdi.
Cibindən bu dəftəri tapdım. Allah imkan versə, dəftəri onun arvadına
çatdıracam. Biz səhər erkən ruslar sonuncu
hücuma keçməzdən bir az qabaq
onu məscidin həyətində dəfn elədik. Cümhuriyyətimizin ömrü Əli xan
Şirvanşirin ömrü kimi sona çatdı".
Beləliklə, Qurban Səidin "Əli və
Nino" romanında Gəncə hadisələrinə də yer
verilir. Yazıçı həmin günlərin gerçəkliklərini
təsvir etməyə çalışıb. Burada tarixi həqətlə yanaşı, bədii
gerçəkliyə də yer verilib, Gəncə
üsyanının bədii salnaməsi yaradılıb. Bu təsvirlər çox zaman tarixi həqiqətlə
üst-üstə düşür və səsləşir.
Gəncə hadisələri barədə mühacirlərin
xatirə və memuarlarında da bəzi məlumatlar
vardır. Bu məlumatların əksəriyyəti mühacirətdə
yazılmışdır. Gəncə hadisələrinin
şahidləri mühacirətdə bu olayları
yerli-yataqlı şəkildə təsvir etmişlər.
Şahidlərin xatirələrinə görə,
şəhərdə döyüşlərin getməsinə
rəğmən, insanlar 28 May günündə Cümhuriyyətin
ikinci ildönümünü qeyd etmək haqqında qərar
verirlər. Mayın 28-i səhər saat
8-də şəhərin nüfuzlu adamları,
şeyxülislam və üsyanın təşkilatçıları
dairə məhkəməsinin binasına toplaşaraq
mövcud vəziyyətlə bağlı öz fikirlərini
bildirdilər. Hamı sona qədər
mübarizə əzmini ifadə edir. Həmin
günü mühacirətdə olan Cahangir bəy Kazımbəyli
öz xatirələrində yazırdı: "Olduqca gözəl
bir gün idi. Sanki təbiət də sevinirdi,
üzüntülər içində olan xalqa mərhəmətini
göstərirdi. Əvəzində
düşmən sübh tezdən canfəşanlıq edirdi.
Hər tərəfdən top səsləri gəlirdi".
Cahangir bəyin xatirələrinə görə hamı sona qədər
mübarizəyə səsləyirdi: "Qoy bizə qalib gəlsinlər,
lakin qoy düşmən öz qələbəsinə
özünün yüzlərlə, minlərlə meyiti
üzərindən çatsın.
Qoy 28 May günü bizim tariximizə yalnız bizim
müstəqilliyimizin elan edildiyi gün kimi yox, həm də Vətən
naminə böyük qurbanlar günü kimi
yazılsın. Qoy 28 May
günündə düşmən ağır, amansız, ölüm-dirim
mübarizəsi ilə qarşılaşsın. 28 May günündə layiqli müqavimət bizim
iradəmizin böyüklüyünün simvolu, mənəvi
qələbəmizin simvolu olacaqdır".
Gəncə hadisələrinin başqa bir
iştirakçısı samuxlu qaçaq Məmmədqasım
isə bolşeviklərin şəhərə Üçtəpə
istiqamətindən daxil olduqlarını və üç
gün, üç gecə heç kimə fərq
qoymadan-uşaqları, qadınları, qocaları vəhşicəsinə
məhv etdiklərini yazır. Küçələrdə
o qədər meyitlərin olduğu və bu səbəbdən
də hərəkət etməyin mümkün
olmadığı deyilir. Leysan yağışlar da bir tərəfdən
vəziyyəti ağırlaşdırırdı: "Gəncə
çayı daşdığından şəhərə
daxil olmağa maneçilik törədirdi. Şəhərin
su hovuzları da təzə qanla dolmuşdu. Şəhərin ikinci hissəsi ilə düşmənlərin
irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və ismətlərini
qoruyan Gəncə qadınları əvvəlcə körpələrini,
sonra isə özlərini suya atıb məhv olurdular.
Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə
çayı keçməyə nail olduq. Lakin
başımıza yağan atəşin altında onları
tamam qurtarmaq mümkün olmadı. Bu faciə
idi, dözülməz bir faciə. Belə
hərəkətlərlə bolşeviklər Azərbaycana
hürriyyət, qardaşlıq, sosializm gətirirdilər.
Onlar Gəncəyə daxil olanda şəhər
bomboş idi".
Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin
fikrincə, işğaldan bir ay sonra artıq bütün Azərbaycan
istilaya məruz qaldığını dərk etdi. Buna görə
də ayrı-ayrı yerlərdə lokal üsyanlar baş
verir. Təhqirə məruz qalan xalq
üsyana qalxdı. M.Ə.Rəsulzadə yazır:
"Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı knyaz Sisyanova
parça-parça doğranıncaya qədər müqavimət
göstərən Cavad xanın şəhəri bu dəfə
də kəndisini göstərdi. Millətin
təhəmmül edəmədiyi təcavüzlərə
qarşı üsyankar ruhu ilə köpürdü.
Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan
əsgərləri üsyanın kökünü təşkil
etdilər. Üsyan bir həftəyə qədər
davam etdi. Ruslar burada divizyonlarını
qayb etdilər. Digər tərəfdən
Gəncə erməniləri qiyamiləri arxadan vurmağa
başlayınca şəhər süqut etmək məcburiyyətində
bulundu. Xətti-ricətləri
daşğın nəhrlə kəsilən əhali
müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar
qarət edildi. Hətk edilmədən irz və
namus buraxılmadı. Gəncə üsyanı ilə bərabər
Tərtər, Ağdam, Şuşa qəsəbə
və şəhərlərində bulunan Azərbaycan qitəati-əsgəriyyəsi
dəxi ətrafdakı əhalinin üsyanına birər mərkəz
və məbdə təşkil ediyordu.
Cümhuriyyət dönəmində İstanbulda səfir
işləyən Yusif Vəzir Çəmənzəminli Gəncə
hadisələrinə "Müsavatçıya cavab" məktubunda
münasibət bildirir. Y.V.Çəmənzəminlinin Gəncə
hadisələrinə münasibəti bir qədər fərqlidir.
Cümhuriyyət funksionerlərindən narazı qalan görkəmli
yazıçı yazırdı: "İstanbulda bulunan millətçilərin
əksəriyyətini təşkil edən o zaman gəncəlilər
idi. Bu siyasətlə iştiğal etməyən
və sülhpərvər adamların İstanbula iltica etmələrinin
səbəbi Gəncə hadisələri olmuşdu. Odur ki, mühacirlər ürəklərində
"Müsavat" rəhbərlərinə qarşı dərin
bir kin bəsləyirdilər. Gəncədə
tökülən qanların və yıxılan evlərin səbəbini
iki adamda görürdülər. Biri Xəlil
bəy Xasməmmədov, ikincisi Məşədi Əli Rəfiyev.
Mühacirlərin rəyincə Gəncədə
qarışıqlığa səbəb olan bu adamlar
"Tiflisdən gürcü qoşunu gətirməyə
gedirik" bəhanəsi ilə xalqı qan içində
buraxıb qaçmışlar imiş...
Bir zamanlar mən bitərəf qalmışdım. Çünki
Gəncədən mühacirlərlə bərabər gələn
kin çox dərin idi və onu yox etmək qabil deyildi. Zatən mənim nöqteyi-nəzərimcə Gəncə
üsyanını quranlar millətə qarşı
böyük xəta işləmişlər. Bakıda məclisi
məbusan əzası imzaları ilə hökuməti
Şuralara tərk etdikdən sonra Gəncə hadisəsinə
lüzum varmı idi?". Göründüyü
kimi, Y.Vəzirin bir siyasətçi kimi Gəncə hadisələrinə
münasibəti birmənalı deyil. İndiyədək
tarixşünaslığımızda rus istilasına
qarşı dirəniş olaraq böyük tarixi (və fəxr
olunası!) hadisə kimi qiymətləndirilən bu
üsyanı "millətə qarşı böyük xəta"
adlandırır və onun baş verməsini
"lüzum" görmürdü.
Ömrünün
sonuna qədər mühacir həyatı yaşayan Ceyhun
Hacıbəyli isə başqa cür fikirləşirdi:
"Gəncə üsyanı millətimizin şərəf və
namusunun yenidən kəsbi-etibar qazandığı bir
dastandır. Gəncədə may ayında tökülən
türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə
atılan ləkəni silib götürdü".
Romantik şair Məhəmməd Hadinin
ölümünü Gəncə üsyanı ilə
bağlayanlar da var. Son vaxtlarda M.Hadinin də Gəncə
üsyanında iştirak etməsi ilə bağlı
ehtimallar çoxalmışdır. Məlumdur ki, XX əsr
Azərbaycan romantizminin görkəmli nümayəndəsi Məhəmməd
Hadinin ölümü ilə bağlı müxtəlif
versiyalar vardır. Hətta XX əsrin 70-ci
illərinə qədər şairin nə vaxt, harada, hansı
şəraitdə vəfat etməsi barədə informasiya yox
idi. O zaman görkəmli ədəbiyyatşünas alim
Əziz Mirəhmədov bununla bağlı araşdırma
aparmış, onun qəbrini dəqiqləşdirmişdi. Bu dəqiqləşdirmə nəticəsində məlum
olmuşdu ki, şair 1920-ci ilin mayında vəfat etmişdir.
Əlbəttə, dəqiq tarix yoxdur. Lakin bu fakt şairin Gəncə üsyanında
iştirakının heç də istisna etmirdi. Yazıçı Sabir Rüstəmxanlı da
"Şair və Şər" romanında Hadinin həyatının
sonluğunu Gəncə hadisələrinə bağlayır.
Yazıçı Məhəmməd Hadinin taleyinə həsr
etdiyi romanın "Yolun sonu" fəslində
yazıçının Gəncə hadisələri
kontekstində təsvir edir: "Şair birdən-birə qeyb
oldu, yoxa çıxdı. "Yəqin
küçələrdəcə öldü, sahibsiz
görüb meyidini bir çuxura tullayıb üstünü
torpaqladılar" deyənlər də vardı. "Dənizə atılıb özünə qəsd
etdiyini" deyənlər də. Nə baş verdisə
verdi. Ancaq bir daha onu
Bakıda görən olmadı".
Yazıçı, Hadinin Gəncə qatarına mindiyini
görənlərin olduğu versiyası üzərində
dayanır. Bu versiya böyük şairin taleyinin şərəfli
sonluqla tamamlanmasına imkan verir. Bu cür
sonluq həm də şairin ömür boyu sürdüyü
həyatın məntiqi sonluğu kimi mənalanır. Belə ki, Hadi Gəncəyə bacısının
yanına gəlir. İki il əvvəl
bacısını burda qoyub getmişdi. O zaman Gəncəyə
gələn şair cümhuriyyətin Gəncədə yerləşdiyi
günlərdə M.Ə.Rəsulzadə ilə
görüşüb onu təbrik də etmişdi. Belə bir görüşün baş verməsi
şairin Cümhuriyyətə yaxınlığını
bir daha sübut edir. Təsadüfi deyil ki,
şairin Cümhuriyyət dövrü
yaradıcılığı milli ruhun ifadəsi
baxımından son dərəcə zəngin olur. Bəlkə
də M.Ə.Rəsulzadə və Cümhuriyyətlə bu
ruh və ideya yaxınlığı ona "Azərbaycan
hökuməti-nəvzadına", "Şühədayi-Hüriyyətimizin
ərvahına ithaf", "Zəfəri-nəhaiyəyə
doğru", "Məfkureyi-aliyəmiz", "Əsgərlərimizə-könüllülərimizə"
və s. şeirlərini yazmağa vadar etmiş və onu tərənnüm
etmişdir. Bu şeirlərin bir neçəsi "Azərbaycan"
qəzetində nəşr edilmişdi:
Payimali-düşmən olsunmu çəmənzari-vətən?!
Yurdumuz bu
gün sizdən çox ali hümmət
gözləyir.
Hifz
üçün əğyar əlindən dilbəri-hüriyyəti,
Müstəqil olmuş vətən əzmü mətanət
gözləyir.
Qoymayın
olsun xəzan gülzari-istiqlalımız,
Sizdən istiqlalımız parlaq təravət gözləyir.
Millətin
heysiyyətinə yüksəldin, ey qeyrətvəran,
Millətim sizdən böyük şanü-şərafət
gözləyir.
Gəncədə bacısı evində qalan Hadi bir
neçə gündən sonra qəflətən
bacısını itirəndə gəlməyinin yaxşı
olduğunu, yoxsa anası və bacısı
qarşısında xəcalətli olacağını
düşünür. Bacısı Sahibəni dəfn
üçün Şamaxıya aparmaq mümkün
olmadığı üçün Gəncədə dəfn
edirlər. Qafqazda və Azərbaycanda da
hadisələr hələ mürəkkəb olaraq
qalırdı. Region ətrafında baş
verən hadisələr türk ordusunun Azərbaycandan çəkilməsini
şərtləndirir. Rusiya
Dağıstana ordu yığmışdı. Lakin Gəncə Cümhuriyyətin
qurulmasının ikinci ildönümünə
hazırlaşırdı. Axı bu
böyük hadisə Gəncədə baş tutmuş, Gəncə
Azərbaycanın ilkin paytaxtı olmuşdu. Bacısı öldükdən sonra Hadinin yeznəsi
və uşaqları Gəncəni tərk etməli olur.
Onlar Sahibənin xəstəliyi
üçün Gəncəyə köçmüşdülər.
Hadiyə də onlarla getməyi təklif edirlər.
Hadi onları yola salaraq iki həftəyə gələcəyini
bildirir. Birdən-birə siyasi hadisələr
dəyişir; Bakıda parlamentdə rus ordusunun Bakıya gəlib-gəlməməsi
müzakirə olunur. Bakının
işğalından sonra rus ordusu Gəncəyə tərəf
yol alır. Dəmir yolu
bağlandığından Hadi Kürdəmirə yeznəsinin
yanına gedə bilmir. Ordunun Gəncəyə
tərəf hərəkətləndiyini biləndə şəhər
ayaqlanmağa başlayır. Hərbi məktəbin
kursantları, polislər, əli silah tutan hamı bu
işğala qarşı özünü mübarizəyə
hazırlayır. Bakının müavimətsiz
təslim olması onları narahat etmir və fikirlərində
qəti idilər. Bütün bunlar Cavad
xanın ruhunun hələ də Gəncəyə öz təsirini
göstərməsinin içarsi idi. Hadi də hamı
kimi rus ordusuna qarşı müqavimət hərəkatına
qoşulur: "Axtarıb müdafiə qərərgahını
tapdı. Silah alıb müdafiəçilərə
qoşulmasına etiraz etdilər. Aralarında onu
tanıyanlar vardı.Ancaq "mən dörd il
müharibədə olmuşam, şair olmasam hərbçi
olardım" deyən Hadinin israrı qarşısında
söz deyə bilmədilər".
Yazıçı Hadinin ölümünü Gəncənin
müdafiəsi ilə əlaqələndirir; bu, şairin
ölümünü simvollaşdırır. Çünki
şair bütün yaradıcılığı boyu
xalqının mənafeyini müdafiə etmiş, həyatda
özünü xalqa, cəmiyyətə həsr etmişdi.
Qələmi ilə döyüşdüyü
kimi, silah da götürüb vuruşması onun həyatının
son dərəcə məntiqi nəticəsi kimi səslənir.
Rus ordusuna qarşı mübarizənin
üçüncü günü Hadi ağır yaralanır
və onu xəstəxanaya gətirirlər.
Yazıçı Hadinin Gəncənin süqutundan əvvəl
ölümünü rəmziləşdirir:
"Gözünü yumdu. Gəncənin
yüz ildən sonra ikinci süqutunu görmədi. Görmək istəmədi". Yazıçı Hadinin ölümünü Gəncə
hadisələrinə bağlamaq və Gəncənin
süqutunu görməməsini ifadə etməklə
şairin ölümünü simvollaşdırır.
O, Gəncə uğrunda həlak olmaqla özünün vətəndaşlıq
missiyasını həyata keçirir.
Hər hansı bir tarixi hadisəyə hər zaman
çevik münasibət bildirən poeziya nədənsə Gəncə
üsyanına etinasız qalmışdır. Hər halda
poeziyamızın tarixi və bugünkü inkişaf yolu bunu
göstərir. Tutaq ki, sovet dövründə
ona münasibət bildirmək çətin olmuşdur, bəs
müstəqillik dövründə necə? Bu, ondan irəli gəlir ki, indinin özündə də
Gəncə üsyanını aktuallaşdıra bilməmişik.
Müstəqilliyin ilk illərində Nəriman
Həsənzadənin yazdığı "Gəncə
üsyanı" şeiri hələ ki, bu hadisəyə həsr
edilmiş ilk şeirlərdəndir. Şair
bu şeirini 1992-ci ilin noyabrında yazmışdır. Ümumiyyətlə, tarixi mövzuya şairin
xüsusi marağı olduğunu nəzərə
almış olsaq, şairin bu hadisəyə şeir həsr
etməsi qanunauyğundur. Şair Gəncə
üsyanının gizlədilməsinə rəğmən, hələ
də xalqın yaddaşında yaşadılmasını
"tarixin tarixçilərdən qisas alması" kimi dəyərləndirir
və obrazlı şəkildə burada ölənləri
"Öldük, içimizdə ölmədi Vətən,/Torpaqda və daşda Gəncə
üsyanı",-deyə bildirir. "Qızıl"
orduların Gəncəyə hücumu nəticəsində
xalqın qəhrəmanlığını təsvir edən
şair gəlinlərin "əldə silah"
vuruşmasını "millətə şöhrət"
olaraq görür. Burada özümüzdən olan "milli
xainləri" də yaddan çıxarmır:
Həmid
Sultanovun dar ağacından,
Moskva razıydı, xain razıydı.
Bir
gözəl özünü asdı saçından
Gəncənin dünyaya etirazıydı.
Torpağın
bəlkə də son səngərini,
namərdin əliylə dağıtdı namərd.
Gəncədə
sınadı mauzerini,
Əliheydər
Qarayev...
ağırdı bu dərd!
Şeyxi
hüzuruma çağırın görək,
Səsində,
sözündə bir az od olsun.
Özü bir fatihə oxusun gərək.
şəhid gedənlərin ruhu şad olsun.
Beləliklə, Gəncə üsyanının sovet
dövründə bədii düşüncədə kifayət
qədər təsvir edilmədiyinin şahidi oluruq. Sovet
dövründə buna ona görə imkan verilməmişdi
ki, bu üsyan xalqın yeganə qürur mənbəyi idi,
öz dövlətçiliyini, müstəqilliyini
qorumasının simvolu idi. Lakin ölkədə
buna imkan verilmədiyindən daha çox mühacirət ədəbiyyatında
mövzuya münasibət bildirilir. Müstəqillik
dövründə isə yazıçı və şairlərimiz
yenidən mövzuya münasibəti baş vermiş bu tarixi
hadisəyə heç də adekvat deyil.
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet .-2022.-
29 iyul.- S.10-11.