"Mən gəlmişəm sizə qonaq..."

 

2 avqust - maestro Niyazinin anım günüdür

 

İlıq bir yaz səhəri idi - günəşin şəfəqləri göy üzündəki buludları pərən-pərən salmışdı və hiss olunurdu ki, bir azdan bu cığal buludlardan əsər-əlamət qalmayacaq.

  Havanın canında qəribə bir qoxu vardı. Maestro ona tanış olan bu qoxunu təmiz hava ilə bir yerdə udduqca əhvalı yaxşılaşır, gözləri gülür, yan-yörəsindən keçən adamların televizor ekranlarından tanıdıqları bu alçaqboy, çəlimsiz kişinin elə onlardan biri kimi payi-piyada addımladığını görüb bir az təəccüblənsələr də, dərhal özlərini yığışdırıb ehtiramla verdikləri salamları ən azından başının tərpənişi, üzünün işığı, uşaq təbəssümü ilə cavabsız qoymurdu.

Metronun Bakı Soveti stansiyasını keçib filarmoniyanın giriş qapısına aparan yolun başına çatanda rahat nəfəs aldı - onun tək ciyərini bir az əziyyətə salan yoxuş başa çatmışdı və bundan sonrakı yolu maestro tələsmədən, ətrafdakı asudəlikdən ləzzət ala-ala başa vurdu...

Qəbul otağında əyləşmiş qız onu görən kimi ayağa qalxdı, salam vermək üçün ağzını açmaq istəyirdi ki, maestro onu qabaqladı:

- Necəsən, qızım! Yaxşısan!? - son sözü elə vurğu ilə dedi ki, sanki yaxşı olmağı bu sadə geyimli, utancaq qızın boynuna qoyurdu.

- Yaxşıyam, Niyazi müəllim, çox sağ olun.

Kabinetin qapısını açandan sonra içəri keçməmiş bir anlıq dayanıb üzünü qıza tərəf çevirdi:

- Yarım saat məşğul olacam. Soruşan olsa, belə də de. Qoy bir az gözləsinlər... - amma bir addım atandan sonra yenə ayaq saxladı:

- Hə, zəhmət olmasa, Həcərə zəng vur, de ki, gəlib çatmışam, narahat olmasın.

Səhər tezdən evdən filarmoniyayadək piyada gedəcəyini deyəndə Həcər bir az təəccüblənmiş, amma ərinin xasiyyətinə bələd olduğu üçün dinməmişdi. Maestro onun nigarançılıq hissi keçirdiyini duysa da, nəyə görəsə, o da susmuş, sevimli qadınını az da olsa intizarda qoymaq üçün yaranmış şansdan vaz keçməmişdi - onun belə şıltaqlıqları, naqolay jestləri də vardı.

Masanın üstünə səpələnmiş not kağızları gözünə dəyən kimi kefi lap duruldu. Yaxın günlərdə məşqinə başlayacağı böyük bir əsərin partiturası üzərində işləyirdi. Bu isə maestro üçün orkestrin qarşısında dayanıb onu idarə eləmək qədərində maraqlı və gözəl məşğuliyyət idi. Əslində hər yeni əsərin doğuluşu onun not kağızları üzərindəki işarələrlə təkbətək qalıb onlarla dialoqa girdiyi anlarda başlayırdı və maestro həmin əsəri bu kiçik, xudmani kabinetdə nəinki bütün ruhu, hətta bütün vücudu ilə duyandan, yaşayandan sonra "qədəmlərin mübarək" - deyib xeyir-duasını verirdi. Belə anlarda onun jestlərini seyr etməyin özü qeyri-adi ləzzət verən kiçik bir tamaşaya baxmaq kimi bir şey idi - hələ səsli ömrünə başlamamış melodiyalar ruhuna hopduqca gah barmaqlarını havada oynadır, gah hansısa frazanı dodaqaltı zümzümə edir, gah qaşlarını çatır, gah da pianonun arxasına keçib nəyisə dəqiqləşdirir, redaktə edirdi.

Elə bu xoşbəxt anları içində yenicə üzməyə başlamışdı ki, selektor guruldadı, özü də elə guruldadı ki, sanki gözəl melodiyalardan, səslərdən hörülmüş çələngin hansısa ən vacib bağı qırıldı və o səslər, melodiyalar pərən-pərən düşdü.

"Deyəsən, bu qızın yaddaşında problem var" - maestro hirsini qəbul otağında oturmuş qızın üstünə tökməyin münasib yolunu tapmaq barədə fikirləşə-fikirləşə başını qaldırıb divardan asılmış qədim saata baxdı və anladı ki, qızın heç bir günahı yoxdur - yarım saat arxada qalmışdı.

Düyməni basıb soruşdu:

- Nə olub?

- Niyazi müəllim, dünən sizin qəbulunuzda olan bəstəkardır. Deyir ki, maestro özü bilir.

"Gör mənim sözlərimlə necə möhtəkirlik edir! Bunlara üz vermək olmaz - o saat astar da istəyirlər. Bunun bicliyinə bax: "Maestro özü bilir". Yaxşı, qoy olsun! İndi nə bildiyimi sən də bilirsən".

- Qoy gəlsin...

Qapı döyüldü, amma cavab jesti gəlməmiş aralandı və dünənki həmin o sırtıq şəxsin başı kabinetə bədənindən əvvəl təşrif buyurdu.

- Olar, maestro?

       - Daha içəridəsən də...

Başın dodaqları guya gülürmüş kimi dartılıb əcaib görkəm aldı, ardınca süni və xaric bir səs - maestro bunu dərhal hiss elədi - otaqda pərən-pərən düşmüş həmin gözəl melodiyalara acıq verirmiş kimi divarlara dəyib qayıtdı:

- Hi... hi... hi...

"Allah ətini töksün".

- Eşidirəm, amma bir az konkret elə, işim çoxdur.

Özünü çağırılmış, gözlənilən qonaq kimi qələmə verən şəxs iri addımlarla masaya yaxınlaşıb oturdu, çantasından bir qalaq not kağızı çıxarıb masanın üstünə qoydu və əli ilə maestroya tərəf sürüşdürdü

- Bütün gecəni üzərində işləmişəm. Sizin irad tutduğunuz bütün qüsurları aradan qaldırdım.

Maestro biri üstdən, biri ortadan, biri də lap altdan 3 vərəq götürdü və sakitcə nəzərdən keçirməyə başladı - birinci vərəqə baxanda qaşları çatıldı, ikincini çevirəndə gözlərində sanki şimşək çaxdı, üçüncünü yarıya qədər nəzərdən keçirmişdi ki, dözə bilmədi, sağ əlini hirslə masaya necə çırpdısa, çox güman ki, qəbul otağındakı qız da dik atıldı.

Amma maestronu saxlamaq mümkün deyildi. O, hər üç vərəqi barmaqları arasında sıxıb yumağa döndərdi, sonra həmin o yumaq da əlində ayağa qalxıb otağın baş tərəfinə addımladı, Üzeyir bəyin divara vurulmuş iri portretinin altında dayanıb üzünü qonağa tutdu:

- Bu kişini tanıyısan?

Maestronun bu gözlənilməz gedişlərindən çaşıb qalan qonaq kəkələdi:

- Əlbəttə, Üzeyir bəydir də.

- Lap yaxşı. Bax, qulaqlarını aç, yaxşı eşit. Mən o kişinin məzarı başında söz vermişəm, and içmişəm ki, nə qədər sağam, nəfəsim gedib-gəlir, onun vəsiyyətinə əməl edəcəm, o kişinin ucaltdığı binanın özülünü laxlatmaq istəyənlərə aman verməyəcəm, sənətdə möhtəkirlik edənlərin nəinki bir əsəri, heç onların adları belə Bakıda səslənməyəcək. İndi dur, zibilini də götür get! - əvvəlcə əlindəki yumağı top kimi kişiyə tərəf atmaq istədi, amma "lənət şeytana" - deyib dayandı, yaxınlaşıb bu yeni "əsəri" müəllifinin qarşısına qoydu.

Rəngi ağarmış qonaq ayağa qalxıb masanın üstündəki vərəqləri dəstələyə-dəstələyə yenə də kəkələməyə başladı:

- Neynək! Mən bu işi belə qoymaram. Siz istedadları boğursunuz. Mərkəzi Komitəyə yazacam.

- Məsləhət görürəm ki, birbaşa Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə yazasan. Onda daha təsirli olar.

Qapı örtülüb qonaq yoxa çıxandan sonra maestro pəncərəyə tərəf gedib onu açdı, içəri dolan bahar mehini sərin su kimi içdi. Amma yadına düşəndə ki, tək ciyəri onun ən zəif yeridir, pəncərəni örtdü, bir papiros yandırıb yenə əmisinin şəklinə tərəf gəldi, nəzərlərini Üzeyir bəyin eynək arxasından baxan gözlərində saxlayıb dedi

- Əmi, nə qədər sağam, qoymayacam sənin gorunu çatlatsınlar. İstəyir lap Allaha şikayət etsinlər. Bu alaq otlarını biçmək azdır, gərək onları kökündən çıxarıb atasan ki, bir də baş qaldırmasınlar.

Sonra otağa qəribə bir sükut çokdü. Divardan asılmış saatın ritmik səsi isə sanki bu sükuta layla çalırdı: tik-tak... tik-tak...

Yenidən öz yerində əyləşdi. Not kağızlarını qarşısına çəkib bayaq pərən-pərən düşmüş melodiyaların könlünü yenicə almağa başlamışdı ki, kimsə qapını yavaşça tıqqıldatdı və maestro başını qaldırıb cavab verməyə macal tapmamış 2-ci qonağın başı artıq aralanmış qapının arasında peyda oldu.

Xeyli vaxtdan bəri hansısa umacağının quluna dönüb əvvəl filarmoniyanın, indi də onun kabinetinin başına fır-fır fırlanan bu adamı maestro dərhal tanıdı və indi qəbul otağındakı qızın gözlərindən yayınaraq onun gözəgörünməz ruh kimi hansı bir yollasa kabinetə dürtülməsinə təəccüblənmədi: "Bu qaloş sifət ki, bunda var, lap polad səddi də deşib keçər". Amma qonağın üz-gözündən yağan məmnunluq hissi nəzərindən qaçmadı: "Görəsən, indi hansı lo xəbəri gətirib?"

Qonaq təklif-filan gözləmədən keçib stullardan birində oturdu, dəsmalını çıxarıb tərini silə-silə:

- Xəbəriniz yoxdur ey, maestro - dedi, - Xəbəriniz yoxdur dünyanın işlərindən.

Maestro onu sancmaqdan özünü saxlaya bilmədi:

- Nə olub? Amerika yenə Yaponiyaya bomba atıb?

Qonaq bu sözlərdəki kinayəni, rişxəndi hiss eləmək halında deyildi:

- Əşi, atsaydı bundan yaxşı olardı. Bombanı Qara atır ey, özü də Yaponiyaya yox, birbaşa sizin bostanınıza.

Maestro qəfildən bütün vücudunda ağır yorğunluq, süstlük hiss elədi, ardınca qulaqlarına qəribə bir uğultu doldu və bu uğultu yavaş-yavaş onun gicgahlarına tərəf yol aldı. Sonra qonağın xüsusi bir canfəşanlıqla üyüdüb tökdüyü sözlər də o uğultuya qarışıb bütün sinirlərini cırmaqlamağa başladı.

- ...Guya siz demisiniz ki, Qaranı, Fikrəti mən bəstəkar eləmişəm, mən olmasaydım, kim idi onları tanıyan. Guya demisiniz ki, adlar çəkiləndə gərək mənim adım birinci olsun.., Guya...

Yox, daha dözmək mümkün deyildi - ya gərək tarıma çəkilmiş əsəblər daha böyük güclə dartılıb, hardansa zəif bir yerdən qırılaydı - onda bu kabinetdə nə həngamə baş verəcəyini bir Allah bilirdi - ya da bu səsi hansısa bir yolla dayandırmaq lazım idi.

Maestro bu dəfə coşub kükrəmədi, pult arxasında dayandığı anlarda olduğu kimi, qəfildən əlinin hərəkəti ilə "dayan" işarəsi verib qonağın sözünü kəsdi:

- Bura bax, yoldaş filankəs. Mən bostan əkmirəm və deməli, ştat cədvəlimdə bostanın gözətçisi ştatı da yoxdur ki, ora təyin olunub bostanımın keşiyini çəkəsən. Bu, birincisi. İkincisi, sən kimsən, nə yatıb, nə yuxu görmüsən ki, Qara Qarayev kimi bir şəxsiyyət haqqında düdülüyüb tökürsən? Bizim aramız sərindir, bundan sənə nə? Qara nə deyib, nə deməyib - o bilər, mən bilərəm. Yuyulmamış çömçə kimi nə düşmüsən ortaya? Get gözlə, nə vaxt Qara yüksələn mərtəbəyə çatarsan, onda gəlib qapını döyərsən. Bəlkə onda səni qəbul edəm. Amma unutma, onda da icazəsiz-filansız kabinetə soxulsan...

Qonaq üzündə qəribə bir təəccüb ifadəsi gözlərini bərəldərək bir müddət maestronun qəzəbdən alışıb-yanan gözlərinə baxdı... və qalxıb heç sağollaşmadan suyu süzülə-süzülə otağı tərk etdi.

Maestro qarşısındakı kağızları kənara itələdi. Artıq anlayırdı ki, bu çağırılmamış qonaqların özləri ilə gətirib ağzını açdıqları zəhər tuluqları az da olsa öz işini görüb və o, əvvəlcədən planlaşdırdığı kimi, könül xoşluğu ilə işləyə bilməyəcək. İçindəki pərakəndəliyi sahmana salmaq üçün nə isə bir meh əsməli və o meh maestronu öz qanadları üzərində saf, təmiz bir məkana - ruh evinin 40-cı otağına aparmalı idi.

Qəfildən yerindən sıçrayıb iti addımlarla qəbul otağına keçdi, ayağa qalxmaq istəyən qıza əli ilə "otur" işarəsi verib soruşdu:

- Sən heç Həcər xanımın bişirdiyi plovun dadını bilirsən?

Qız çaşıb qaldı, bilmədi nə desin. Handan-hana:

- Yox, Niyazi müəllim, bilmirəm - dedi.

- Bu axşam bilərsən!

Əlini uzadıb telefonun dəstəyini qaldıraraq, evinin nömrəsini yığdı, Həcərin səsini eşidən kimi dərhal:

- Həcər axşama öz adına layiq yaxşı bir plov bişir, sonra da Şövkətə zəng vur, de, axşam bizə gəlsin. De ki, Niyazi sənin "Xumar oldum"un, "Qaragilən" üçün darıxıb...

Özündən razı halda dəstəyi yerinə qoyandan sonra üzünü yenə qıza tutdu:

- Həyat yoldaşını da götür, mütləq gəl! - dedi. Özü də səhər olduğu kimi elə vurğu ilə dedi ki, qızın razılaşmaqdan başqa çarəsi qalmadı.

 

525-ci qəzet .- 2022.- 29 iyul.- S.8;15.