"Əhməd Cavad - türk ruhunun söz
bayrağı"
İSTİQLAL ŞAİRİMİZ HAQQINDA KİTAB
ANKARADA TƏQDİM OLUNUB
Ankaradakı Azərbaycan Evinin
Şuşa Konfrans salonunda "Əhməd Cavad - türk ruhunun söz bayrağı" adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
şəhidlərimizin əziz
xatirəsi ehtiramla yad edilib.
Sonra Azərbaycan
və Türkiyənin
Dövlət Himnləri
səsləndirilib.
Tanınmış alim Nərgiz Attarın aparıcılığı
ilə keçirilən
mərasimdə Türkiyə
Prezident Administrasiyasının
təhlükəsizlik və
xarici siyasət komissiyasının üzvü,
Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və
Həmrəylik Fondunun
(TADƏHF) rəhbəri Aygün
Attar, Azərbaycanın Türkiyədəki
səfiri Rəşad
Məmmədov, Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Qənirə Paşayeva,
Türk-Yapon Fondunun rəhbəri Nejat Bora Sayan, Ankara Universitetinin rektoru Necdət Ünivar, İğdır
Universitetinin rektoru Mehmet Hakkı Alma, Azərbaycanda fəaliyyət
göstərən "Unity Company" şirkətinin təsisçisi
Fikrət Əliyev və başqaları çıxış ediblər.
Ümummilli lider Heydər Əliyevin türk dünyasının birliyi,
tarixi şəxsiyyətlərimizin
tanınması, ortaq türk bədii ədəbiyyatının və
poeziya aləminin yaranması istiqamətində
atdığı addımlardan
bəhs edən çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyev bu məqsədyönlü siyasəti
uğurla davam etdirərək mühüm
strategiya müəyyən
edib. Böyük istiqlal şairi
Əhməd Cavadın
130 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin məlum Sərəncamı bu istiqamətdə atılan
mühüm addımlardandır.
Diqqətə çatdırılıb ki,
Əhməd Cavad ömrünü, canını,
bütün varlığını
türkçülük və
turançılıq ideyalarına
həsr edib. Düşmənləri ideya və təfəkküründən
daim təlaş keçirdikləri üçün
onun məzarının
olmasına belə imkan verməyiblər.
Bütün bunlara baxmayaraq,
Türkiyə və Azərbaycanın müstəqilliyi
yolunda yorulmaz fəaliyyət göstərən
istiqlal şairimizin əziz xatirəsi on milyonlarla insanın qəlbində yaşayır.
Əhməd Cavad vətənə,
torpağa, Azərbaycan-Türkiyə
qardaşlığına, bayraqlarımıza
ən çox şeir həsr edən poeziya sərrafı kimi əbədi həyat qazanıb.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman
Azərbaycan Ordusunun qazandığı rəşadətli
qələbədən geniş
söz açılıb.
Əminliklə ifadə
olunub ki, Qarabağ Zəfəri ömrünü Azərbaycan
və Türkiyənin
müstəqilliyi, azadlığı,
bütövlüyü yolunda
fəda edən Əhməd Cavad kimi böyük insanların şəxsiyyətinə
ən böyük ərməğandır.
Sonra təqdim
olunan kitabın əhəmiyyəti barədə
fikir və düşüncələr bölüşülüb. Professor Necati Dəmir "Dədə Qorqud Dastanı" əsərindən
nüsxələri səfir
Rəşad Məmmədova
təqdim edib. Milli Məclisin komitə sədri Qənirə Paşayeva və Faiq Ələkbərlinin
nəşrə hazırladıqları
"Əhməd Cavad
- türk ruhunun söz bayrağı" adlı kitabın təqdimatı Türkiyə-Azərbaycan
Dostluq, Əməkdaşlıq
və Həmrəylik
Fondu, Milli Məclisin Mədəniyyət
Komitəsinin, ölkəmizin
Türkiyədəki səfirliyinin,
Mədəniyyət Nazirliyinin
və Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyinin
(TİKA) birgə təşkilatçılığı
ilə keçirilib. Kitabda böyük istiqlal şairinin zəngin mənalı həyat və fəaliyyəti barədə türkdilli ictimaiyyətə müfəssəl
məlumat verilir.
Qənirə Paşayeva Azərbaycan
Evinə Xalq rəssamı Sakit Məmmədovun "Türk
dünyası qadınlar
tablosu" rəsmləri
silsiləsindən Azərbaycan
xanımı tablosunu hədiyyə edib.
Sonra mərasim
TADƏHF-in musiqi qrupunun
ifasında zəngin bədii hissə ilə davam etdirilib.
525-ci qəzet .- 2022.- 29 iyul.- S.9.