Azərbaycan qadını -
milli dəyərlərə və dövlətçiliyə
sədaqət simvolu
Azərbaycan qadınları hər zaman
ictimai-siyasi proseslərin fəal iştirakçısı
olublar. Onlar
arasından görkəmli dövlət, elm, mədəniyyət
və ictimai-siyasi xadimlər yetişib. Azərbaycan müstəqillik
qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha
da artıb və fəaliyyətləri genişlənib.
Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki
rolu ilə bağlı siyasətin səmərəli şəkildə
həyata keçirilməsinə, onların dövlət
quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə,
idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət
verirdi. Elə bu siyasətin nəticəsi olaraq
bu gün qadınlarımız təkcə Azərbaycanda
deyil, ölkəmizin hüdudlarından kənarda da
yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi
ləyaqətlə təmsil edirlər.
Ümummilli lider deyib ki, Azərbaycan
qadını öz ağılı, zəkası, müdrikliyi,
sədaqəti, qəhrəmanlığı, vəfası,
yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza
millətimizə daim ucalıq gətirir. Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən
uğur və qətiyyətlə davam etdirilməsi sayəsində
Azərbaycan qadınının cəmiyyətdə yeri və
nüfuzu daha da artdı. Qadın
hüquqlarının müdafiəsi, onlar üçün
yaradılan bütün imkanların daha da genişləndirilməsi
Prezident İlham Əliyevin dövlət siyasətində
müəyyən etdiyi prioritet istiqamətlərdən biridir.
Prezident İlham Əliyev tərəfindən aparılan
güclü dövlət-qadın siyasətinin məntiqi nəticəsidir
ki, bu gün qadınlar üçün uyğun şəraitin
yaradılması: məşğulluq, sağlamlıq, təhsil
və sosial siyasət sahəsində, gender bərabərliyinin
inkişaf etdirilməsi sahəsində mühüm nailiyyətlər
əldə edilib. Qadın siyasəti müstəqil
Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir
və bu sahədə bir çox strategiyalar, fəaliyyət
planları, qanunlar, dövlət proqramları qəbul olunub.
Milli Məclisin Ailə, Qadın və
Uşaq Məsələləri Komitəsinin sədri, professor
Hicran Hüseynova deyir ki, qadının cəmiyyətdə
böyük rolu var. Bugünkü cəmiyyət məhz
dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur.
Qadınlar nə qədər vətənpərvər,
iradəli, fədakar və fəaldırsa, gələcəyimiz
də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz ki, hər bir
dövlətin, xalqın inkişafı üçün hər
zaman hərəkətverici qüvvəyə ehtiyacı var və
qadınlar belə bir məsuliyyəti öz üzərinə
götürməyi həmişə bacarıblar.
Hicran Hüseynovanın dediyinə görə,
Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin
müəyyən edilməsinin və dövlət səviyyəsinə
qaldırılmasının məhz Ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev istər
sovet hakimiyyəti, istərsə də müstəqillik
dövründə milli qadın hərəkatının
formalaşması, genişlənərək
institutlaşması üçün böyük işlər
görüb. Ulu öndər
qadınların rəhbər vəzifələrdə irəli
çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir
yığıncaq, iclas, qurultay nəzərindən kənarda
qalmırdı. Müstəqilliyimizin ən
ağır zamanında belə "Azərbaycan
qadınlarının Milli Komitəsinin yaradılması
haqqında" Fərman imzalayıb. 1998-ci
ildə Azərbaycan Respublikasının Qadın Problemləri
üzrə Dövlət Komitəsi yaradıldı. Zaman keçdikcə, ölkədə ailə,
qadın və uşaq məsələləri kompleks
yanaşma tələb etməyə başladı. Bu zərurət yeni Komitənin yaranmasına səbəb
oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə
2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi yaradıldı:
"Xüsusi olaraq qeyd etmək istəyirəm ki, MDB ölkələri
içərisində yeganə bizim ölkəmizdə belə
bir dövlət qurumu var. Dövlətimizin qadınlarla
bağlı yürütdüyü siyasət bu sahədə
Azərbaycanı öncül dövlətlər
sırasına gətirib. Ölkəmizdə qadın problemləri
daim dövlət qayğısındadır və gender
proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və
iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək
bölgənin lider dövlətinə çevrilib, Azərbaycan
gender siyasətinin reallaşdırılması məsələsində
də yeniliklərə imza atıb. Həmçinin, hüquqi
bazanın təkmilləşdirilməsi və bərabər
hüquqların təmin edilməsi üçün
"Gender bərabərliyinin təminatları
haqqında", "Məişət
zorakılığının qarşısının
alınması haqqında" Azərbaycan Respublikası
qanunları qəbul olunub. Ailə, Cinayət, İnzibati Xətalar,
Mülki məcəllələrinə dəyişikliklər
və əlavələr edildi. Bu qanunların qəbul
edilməsi insanların təfəkküründə yeni
düşüncə tərzinin formalaşmasına təkan
verməyə başladı. Eyni zamanda, bir
çox stereotiplərin qırılmasına səbəb
olmuşdur. Bu gün ölkədə həyatın
bütün sahələrində qadınların sayı
artmaqdadır, sahibkarlıqda, qərarqəbuletmə və
idarəetmədə, hüquq-mühafizə orqanlarında,
diplomatiyada, elm və təhsildə. Qadınlar ölkə
əhalisinin ümumi sayının 50,1
faizini təşkil edir. Ölkənin sosial-iqtisadi həyatında
fəal iştirak edən Azərbaycan qadınlarının məşğul
əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizdir. Əhaliyə səhiyyə və
sosial xidmətlərin göstərilməsi sahəsində
çalışanların 77,6 faizi
qadındır".
Qadın cəmiyyətdə böyük
rolu olan müstəsna varlıqdır. Onlar nə qədər vətənpərvər,
iradəli, fədakar və aktivdilərsə gələcəyimiz
də bir o qədər inkişaf etmiş olar. Hər
bir dövlətin, xalqın inkişafı üçün həmişə
hərəkətverici qüvvəyə ehtiyac olub və
qadınlar belə bir məsuliyyətindən öhdəsindən
ləyaqətlə gəliblər.
Millət vəkili Fazil Mustafanın
sözlərinə əsasən, qadınlarımızın çoxu
göstərdikləri nəticə və intellektual səviyyəsinə
görə kişilərdən nəinki geri qalır, hətta
onlardan qat-qat üstündürlər: "Cəmiyyətdə
qadın-kişi diskriminasiyasına yol verilməməlidir. Hazırkı dövrdə qadınların
böyük əksəriyyəti rəhbər vəzifələrdə
uğurla fəaliyyət göstərir. Hesab
edirəm ki, qadınlarımız ictimai sahədə
özünü layiqincə göstərməyi bacarır.
Təbii ki, bu cür qadınların sayı
artanda onların uğurlarının sayı daha çox
olacaq".
Millət vəkili Aqiyə
Naxçıvanlı bildirir ki, qadınlarımız
xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi
və iqtisadiyyatımızın qurulmasında daim yüksək
peşəkarlıq və fədakarlıq nümayiş
etdirirlər: "Müstəqillik qazandıqdan və
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə yenidən
hakimiyyətə qayıdışından sonra
qadınların Azərbaycanın ictimai-mədəni həyatında
iştirakı əhəmiyyətli dərəcədə
artıb. Bu dövrdə dövlət qadın
siyasəti diqqət mərkəzində saxlanılıb,
qadınların hüquq və vəzifələrinin
qorunması istiqamətində ardıcıl tədbirlər həyata
keçirilib. Heydər Əliyevin müstəqil
Azərbaycana rəhbərliyi dövründə qadın
hüquqlarının müdafiəsi, gender bərabərliyi,
qadınların cəmiyyətin inkişafında, dövlət
idarəçiliyi sistemində lazımi səviyyədə təmsil
olunması və onların problemlərinin həlli istiqamətində
ardıcıl tədbirlər həyata keçirilib. Heydər Əliyevin istər sovet, istərsə də
müstəqillik illərində ölkəmizə rəhbərliyi
dövründə qadınların problemlərinin həllinə
hərtərəfli qayğı göstərməsi,
onların ölkənin siyasi, iqtisadi, sosial və mədəni
həyatında iştiraklarını təmin etməsi bu
gün Azərbaycan qadınının qazandığı
nailiyyətlərin əsas hərəkətverici qüvvəsi
olub. Ulu öndərin yolunu uğurla davam
etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə
bu gün də ölkəmizdə dövlət qadın siyasəti
sahəsində mühüm tədbirlər
görülür".
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradovanın dediyinə görə, bugünkü Azərbaycan
qadını haqda danışarkən ilk növbədə
Şərqə məxsus milli-mənəvi və əxlaqi dəyərlərlə
Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini
özündə birləşdirən müasir qadın obrazı
təsəvvürə və göz önünə gəlir:
"Artıq kütlə şüurunda özünə min
illərlə kök salmış, qadınların
hüquqlarından daha çox vəzifələri barədə
düşüncələrə yol açan yanaşmaları
özündə ehtiva edən stereotiplər sürətlə
aradan qalxmaqdadır. Müstəqilliyimizin bərpasının
bizə qazandırdığı əsas nailiyyətlərdən
biri qadınlarımızın ictimai fəallığının
və siyasi çəkisinin artması, dövlət və cəmiyyət
həyatına daha geniş nüfuz etməsi, hüquqi
baxımdan daha güclü mövqelər əldə etməsidir.
Öz potensialını reallaşdırmaq
baxımından mövcud olan tarixi təcrübə ilə
yanaşı, dövlət səviyyəsində yaradılan
şərait bir-birini tamamlayaraq fəal vətəndaş
mövqeyini ifadə etmək yolunda qadınların
imkanlarını böyük dərəcədə
artırıb. Ailədə və məişətdə
mövcud olan konservativ mövqelərin sivil cəmiyyət
quruculuğu prosesində əngəl olması kimi mənfi
tendensiyaların təsirli mexanizmlər vasitəsilə aradan
qaldırılmasına yönəlmiş mükəmməl
hüquqi baza və çevik idarəetmə sistemi
formalaşdırılıb. Qeyd edim ki, son
iki onillikdə Azərbaycanın bütün parametrlər
üzrə dinamik inkişafının əsas göstəricilərindən
biri də məhz qadın amilinin ailədə, cəmiyyətdə
və dövlət həyatında tarixən heç zaman
olmadığı halda əhəmiyyətinin və rolunun
artması olub".
Sevinc
QARAYEVA
525-ci qəzet.
- 2022.- 30 iyul.- S.10.