Böyük alimin zəngin ömür yolu

 

Mustafa bəy Topçubaşov-127

 

 

Çoxcəhətli fəaliyyəti ilə Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan görkəmli alim-cərrah, SSRİ Tibb Elmləri Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı, I-X-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı laureatı, professor Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də İrəvan (indiki Yerevan) şəhərində anadan olub. İbtidai və gimnaziya təhsilini başa vurduqdan sonra ali təhsil almaq üçün Kiyev Universitetinin Tibb fakültəsini bitirib 1919-cu ildə Bakıya qayıdıb.

 

Bu dövrdə, inqilabdan sonrakı Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, səhiyyə xidmətində də ciddi çətinliklər var idi, xüsusən milli həkim kadrlarına böyük ehtiyac duyulurdu. Bununla əlaqədar Mustafa bəy böyük səylə əhaliyə ixtisaslı cərrahi yardımın təşkili işinə başlayır, eyni zamanda, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində cərrahlıq fənnindən dərs deyir. O, ordinator işləməklə yanaşı, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının cərrahlıq xəstəxanasının müdiri vəzifəsində çalışır. Mustafa bəy tez-tez respublikanın ucqar rayonlarına gedir, yerlərdə cərrahi şöbələr təşkil edir, ambulatoriya və stasionara qədərki cərrahi yardımın təşkilinə rəhbərlik edir, əhaliyə ixtisaslı mütəxəssis köməyi göstərirdi.

 

1926-cı ildə M.Topçubaşov bir qrup həkimlə Almaniyaya elmi ezamiyyətə yollanır, orada məşhur alimlərin qabaqcıl iş təcrübələri və elmi yeniliklərlə yaxından tanış olur, bütün bunları Vətənə qayıdarkən səhiyyəyə müvəffəqiyyətlə tətbiq edir, fəal cərrahlarla birgə şəhər xəstəxanalarından birində cərrahi yardım göstərən ilk elmi-metodik mərkəz yaradır. Fəaliyyətinin ilk dövrlərindən elmi tədqiqatlara böyük maraq göstərən M.Topçubaşov 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə, M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb İnstitutunun fakültətiv cərrahlıq kafedrasına (indiki III cərrahi xəstəliklər) rəhbər seçilərək, ömrünün sonuna qədər (1981-ci il) həmin vəzifəni şərəflə yerinə yetirir. Gənc alim uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işləyib. Bu sahədə apardığı elmi axtarışlar Mustafa bəyə 1938-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodonu-inyeksion efir-yağ narkozunu daxil etməyə imkan verir. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların-dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s. aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Təklif edilən efir-yağ qarışıqlı inyeksiyalar həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı elmi-tibbi şurası Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi. Bu metodun kəşfi və tətbiqinə görə müəllif 1964-cü ildə A.Vişnevski adına mükafata layiq görüldü. İkinci Dünya müharibəsi illərində professor M.A.Topçubaşov Azərbaycan Xalq Səhiyyə Komissarlığı Evakohospital İdarəsinin baş cərrahı təyin edilir və bu işdə özünü bir daha bacarıqlı təşkilatçı, novator cərrah kimi göstərir. O, SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılma və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edir və bundan müharibə illərində hərbi-səhra cərrahlığı işinin təşkilində müvəffəqiyyətlə istifadə olunmağa başlanılır. Evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr professora bir sıra səmərəli təkliflər irəli sürmək imkanı verir. Hərbi-səhra cərrahlığının aktual problemlərindən olan insan bədəninə daxil olmuş yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan professorun konstruksiya etdiyi aparat portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyin etmə imkanına görə böyük müvəffəqiyyətlə tətbiq edilməyə başlandı. Professor yorulmaq bilmədən ağır cərrahi əməliyyatlar aparır, yüzlərlə döyüşçünü həyata qaytarır, digər tərəfdən, periferik sinir zədələnmələrinin cərrahi müalicəsində mum-parafin tubaji, ətraflarda əmələ gələn və müalicəyə tabe olmayan ifliclər zamanı tendomioplastika, kəllə sümüklərinin kranioplastikası və b. böyük əhəmiyyət kəsb edən orijinal təkliflərin müəllifi kimi respublikadan kənarda da böyük şöhrət qazanır. Müharibə dövründə ilk "Neyrocərrahiyyə" şöbəsi M.Topçubaşovun təşəbbüsü ilə hospitalların birinin nəzdində açılıb. Şöbənin açılmasında əsas məqsəd yaralı döyüşçülərə ixtisaslaşmış yardımın göstərilməsi olub. "Neyrocərrahiyyə" şöbəsində açıq və qapalı kəllə travmaları, xüsusən də, odlu silah yaralanmaları, periferik sinirlərin zədələnmələri ilə yaralılar hospitalizə edilirdi. Mustafa bəy odlu silah yaraları zamanı məlum müalicə metodları ilə yanaşı, Naftalan neftindən hazırlanmış preparatların ağrı hissinin yüngülləşməsində, iltihabi prosesin sorulmasında, irinli prosesin təmizlənməsində, kobud çapıqlaşmaların aradan götürülməsindəki təsirini öyrənib və bu üsulu müvəffəqiyyətlə yaraların müalicəsində tətbiq edib. Hələ 1938-ci ildə Mustafa Topçubaşov "Bədənə qanvurma praktikası" adlı məqaləsində yazırdı: "Qan özünəməxsusluq etalonudur. Qan qrupunun, formalı elementlərinin, serumunun oxşarlığına baxmayaraq, həyatda bir-birinin üstə düşən iki etalon yoxdur. Odur ki, bədənə qanvurmada son dərəcə ehtiyatlı olmaq lazımdır". Bununla əlaqədar o, splenektomiya əməliyyatı zamanı qarın boşluğundakı qanı müvafiq işləmədən sonra, təzədən bədənə vurmaq ideyasını irəli sürdü. Həmin metod yaxşı nəticələr verdi, mütəxəssislər tərəfindən təqdir olundu. Bu ideyanın əsasında nəinki qarın boşluğundan, sonralar plevra boşluğuna yığılan qanın yenidən bədənə vurulması haqqında da geniş tədqiqat işləri aparıldı.

 

Müharibədən sonra professor M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində respublikada cərrahi xidmətin yenidən təşkilinə bilavasitə rəhbərliyə başlayır. 1945-ci ildə o, respublikanın 15 nəfər görkəmli alimi ilə birgə, Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvi seçilir. 1947-1949-cu illərdə Azərbaycan Eksperimental İnstitutuna rəhbərlik edir. Elmi və praktik fəaliyyətində yüksək nailiyyətlərinə görə M.Topçubaşov 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir, 1960-cı ildə isə həqiqi üzvü seçilir.

 

M.Topçubaşov gərgin elmi və praktik fəaliyyəti ilə bərabər, geniş pedaqoji fəaliyyət göstərmiş, öz xalqına sədaqətlə xidmət edən yüksək ixtisaslı həkim kadrların hazırlanmasında yorulmadan çalışıb. Akademik M.Topçubaşov faktik materialları, elmi səviyyəsi və təsvirlərilə seçilən 5 cildlik "Xüsusi cərrahlıq" kitabının, 7 monoqrafiyanın, 200-dən artıq elmi işin müəllifidir. Onun rəhbərliyi ilə 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilib. M.Topçubaşovun tələbələri respublikada və ondan kənarda müxtəlif kafedralarda çalışırlar. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri - öd yolları xəstəliklərinin, xərçəng xəstəliyinin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. üzrə daim axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb. M.Topçubaşov portal hipertenziya zamanı baş verən profuz qida borusu-mədə qanaxmaları ilə mübarizə metodu hazırlayıb, qida borusu yanıqlarında rast gəlinən daralmaların müalicəsi ilə məşğul olub və bunun üçün ən yaxşı süni qida borusu vasitəsinin nazik bağırsaq olduğunu sübut edib; borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi (xüsusi metal ştiftləri sümük kanalına daxil etməklə sümük fraqmentlərinin 3 dayaq nöqtəsi hesabına davamlı fiksasiya edilməsi) üsulunu təklif edib. M.Topçubaşov dalaq, qaraciyər, böyrək, böyrəküstü vəzi kimi orqanlara abdomino-diafraqmal və bel-diafraqmal yollarının müəllifi kimi, urologiyada, travmatologiyada, neyrocərrahlıqda, abdominal və torakal cərrahlıqda yüksək səviyyəli operasiyaların icraçısı kimi keçmiş ittifaqın, eləcə də, xarici ölkə cərrahlarının arasında şöhrət qazanmışdı. Professor dəfələrlə aktual mövzularla beynəlxalq cərrahlıq konqreslərində çıxış edib, xarici ölkələrdə elmi-təcrübə mübadilələrində iştirak edib.

 

Cərrahların Lissabonda keçirilən XI konqresində professor M.Topçubaşov 20 nəfər Sovet tibb alimi ilə birlikdə Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib.

 

Akademik M.Topçubaşov həm də görkəmli siyasi xadim olub. O, 1951-56-cı və 1969-81-ci illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti, 1955-59-cu və 1967-71-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub, I-X çağırışlarda respublika Ali Sovetinə deputat seçilib, Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsinin sədri, Ümumittifaq Sülhü Müdafiə Komitəsinin üzvü, Sovet İttifaqı Asiya və Afrika ölkələri xalqları ilə həmrəylik Komitəsinin üzvü, "Böyük Tibb Ensiklopediyası"nın Baş redaksiya heyətinin üzvü olub, Sülhü Müdafiə Komitəsinin sədri kimi çoxsaylı beynəlxalq konqreslərdə iştirak edib. Görkəmli alim vətən qarşısında yüksək xidmətlərinə görə 4 dəfə "Lenin" ordeninə, Qırmızı Əmək Bayrağı və Qızıl Ulduz ordenlərinə, fəxri nişanlara layiq görülüb. O, həmçinin, BXR-in I dərəcəli Kiril və Mefodi adına medalı ilə təltif edilib.

 

1995-ci ildə akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 100 illiyi respublika miqyasında təntənə ilə qeyd olunub. Təntənəli yubiley mərasimi tədbirində geniş nitq söyləyən Prezident Heydər Əliyev Mustafa bəy haqqında səmimi xatirələrini söyləyib, onun müharibə dövründəki xidmətlərini, müharibədən əvvəl, xüsusən, Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində, milli kadrların olmadığı bir dövrdə cərrahiyyənin inkişafında göstərdiyi xidmətlərdən geniş bəhs edib. Yubiley tədbirlərinin davamı olaraq Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasında mərhum akademikin 51 il rəhbəri olduğu kafedradakı iş otağında "Xatirə muzeyi" açılıb. Bu muzeydə Mustafa bəyin mənalı həyat və məhsuldar yaradıcılığı öz əksini tapır.

 

Dünya şöhrətli alim 1981-ci il noyabr ayının 20-də ömrünün 86 yaşında vəfat edib. Azərbaycan xalqının sədaqətli oğlu, alovlu vətənpərvər, ictimai-siyasi xadim, gözəl insan, bacarıqlı pedaqoq, həssas və qayğıkeş həkim-cərrah akademik Mustafa bəy Ağabəy oğlu Topçubaşov dünya tibb elmi, tibb təhsili sistemləri tarixində, qədirbilən xalqımızın qəlbində, Azərbaycan Tibb Universiteti əməkdaşlarının, ölkəmizin bütün səhiyyə işçilərinin yaddaşında daim yaşayır və yaşayacaq.

 

 

 

Fariz CAMALOV Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor

 

 

Şəfa ƏLİYEV Azərbaycan Tibb Universitetinin dosenti, Akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.11.